“Hucurat” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın. Allahdan qorxun! Allah eşidəndir, biləndir.
- Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizin yanında olduğu kimi, onun da yanında uca səslə danışmayın (hay-küy salmayın). Yoxsa, özünüz də hiss etmədən əməlləriniz puç olar.
- Allahın elçisinin yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün xalis etmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir.
- Səni otaqların arxasından uca səslə səsləyənlərin əksəriyyəti anlamır.
—————————————————————————————–
- Peyğəmbərin (s) səhabələrinin səciyyəvi xüsusiyyətlərindən biri: Ayədə Peyğəmbərin (s) xüsusi səhabə və onun yoluna sadiq olanlar Tövrat və İncilə istinadən çox yüksək səviyyədə səciyyələndirilir. Burada onların ikisinə işarə edilmişdir: 1. “Sima” üz və ya bədənin başqa bir yerində olmasından asılı olmayaraq hər hansı əlamət və vəziyyətə deyilir. Baxmayaraq ki, bəzi təfsirçilər bu sözü səcdə nəticəsində alında yaranmış ləkə və ya torpağın səcdə yerində qoyduğu iz kimi izah etmişlər. Ayənin mənası daha genişdir, Allah adamlarının simasının tam təsvirini ehtiva edir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Gecələri oyaq qalmaq deyilərkən gecə vaxtı namaz qılmaq üçün oyanmaq nəzərdə tutulur”. Bunun da əlamətləri gündüz vaxtı həmin insanın üzündən məlum olur. Təbii ki, bu mənaların hamısı birlikdə də nəzərdə tutula bilər. 2. “Cücərtisini çıxaran əkin…” Bu bənzətmədə Peyğəmbərin (s) səhabələri və möminlərin beş əsas xüsusiyyəti qeyd edilmişdir: tumurcuqlanıb cücərmək, boy atmağa kömək etmək, möhkəmlənmək, gövdəsi üzərində durmaq, heyrətamiz şəkildə artmaq. Peyğəmbərin (s) səhabələri bir an olsun, hərəkətsiz dayanmayan yüksək xüsusiyyətlərə malik adamlardır. Sürəkli olaraq cücərir, cücərtiləri boy atır, məhsuldarlaşır. Onlar İslamı öz danışıq və əməlləri ilə yorulmadan dünyaya yayır, müsəlmanların sayını günbəgün artırırlar. Əsla usanmırlar, davamlı olaraq pak niyyətlə irəliyə doğru hərəkət edirlər. Haqq düşmənləri qarşısında Allahın qəzəb məzhəri, dostlar qarşısında isə Onun lütf və mərhəmət simvoludurlar.[1]
“Hucurat” surəsinin ümumi məzmunu: Bu surədə Peyğəmbərin özü və müsəlmanların qarşılıqlı münasibətləri ilə bağlı çox mühüm nüanslara toxunulmuşdur. Surədə mühüm əhəmiyyət daşıyan bir çox etik və əxlaqi məsələlər təqdim edildiyi üçün onu əxlaq və ədəb-ərkan surəsi də adlandırmaq olar.[2]
2-5. Peyğəmbərin (s) hüzurunda necə davranmalı? İncə ruhlu və azad təbiətli Peyğəmbər (s) əxlaqi keyfiyyətlərin çoxundan uzaq olan insanlarla əhatə olunmuşdu. Onlar misli olmayan bu şəxsiyyətlə adi insalarla danışdıqları kimi danışırdılar. Hicrətin “Amül-vüfud” (nümayəndələr ili) adlanan doqquzuncu ilində İslamı qəbul etmək üçün Mədinəyə ətraf qəbilələrdən dəstə-dəstə adamlar gəlirdi. Yeni gəlmiş adamlar vaxtlı-vaxtsız Peyğəmbərın (s) qapısında durub “ay Mühəmməd, çölə çıx!” – deyə yüksək səslə çağırırdılar. Bu davranış Peyğəmbərin (s) istirahətini pozmaqla yanaşı, Allahın elçisi olan bir şəxsiyyətə qarşı hörmətsizlik də yaradırdı. Allah-taala dördüncü ayədə bu cür insanları ağılsız və düşüncəsiz adlandırır, düzgün davranış formalarını isə beşinci ayədə bəyan edir. Peyğəmbər (s) təkcə bu cür davranış tərzlərindən deyil, səhrada yaşayan ərəblər və gəlmələrin də davranış tərzlərindən narahat idi. Peyğəmbərin (s) yaxın səhabələrinin bəzisi onun yanında danışıq qaydalarına da riayət etmirdilər.
Bəni-Təmim qəbiləsinin müşayiəti ilə Mədinəyə bir heyət gəlir. Əbu Bəkr və Osman onları qarşılamaq üçün ayrı-ayrı fərdləri təyin edirlər. Bu ixtilaf və fikir ayrılığı onların Peyğəmbərin (s) hüzurunda səs-küylü mübahisəsi və Peyğəmbərin (s) narahat olmasına gətirib çıxarır. Bu xoşagəlməz hərəkətlərin bir daha təkrar edilməsinin qarşısını almaq üçün “Hucurat” surəsinin ikinci və üçüncü ayələri nazil olur və bu çirkin əməlin xeyirli əməllərin puça çıxmasına səbəb olacağı buyurulur. Doğrudanmı Peyğəmbərin (s) hüzurunda bu cür hörmətsiz davranış yaxşı əməllərin puça çıxmasına səbəb olur? Səbəb budur ki, Peyğəmbərə (s) aşkarda ehtiram göstərilməsi ona daxilən hörmət bəslənilməsindən xəbər verir. Əslində, hərəkət və əməllərimiz etiqad və iman dərəclərindən qaynaqlanır, bu cür xoşagəlməz hərəkət və etinasızlıqlar Peyğəmbər (s) və dini müqəddəslərə qarşı daxili etinasızlıqdan irəli gəlir. Unutmamalıyıq ki, bu cür hörmətli davranışlar təkcə Peyğəmbərə (s) deyil, bütün İslam öndərlərinə, alimlərə, müəllimlərə, ata-analara, böyüklərə qarşı olmalıdır.[3]
- Sən onların yanına gedənədək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir.
- Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə zərər yetirər, sonra da etdiyinizin peşmançılığını çəkərsiniz.
- Bilin ki, Allahın elçisi aranızdadır. Əgər bir çox işlərdə o sizə tabe olsa, çətinliyə düşərsiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Bu xüsusiyyətlərə malik olanlar doğru yolda olanlardır.
- (Bu,) Allah tərəfindən bir lütf və nemətdir. Allah biləndir, müdrikdir.
- Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrinə qayıdanadək, vuruşun. Əgər qayıtsa (və sülhə zəmin yaransa), hər iki dəstə arasında ədalətlə sülh yaradın və ədalətli olun. Çünki Allah ədalətliləri sevir.
- Möminlər qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və təqvalı olun ki, Onun rəhməti sizə şamil olsun.
- Ey iman gətirənlər! Kişilərdən bir dəstəsi başqa bir dəstəni məsxərəyə qoymasın. Ola bilər ki, onlar bunlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (məsxərəyə qoymasınlar). Ola bilər ki, onlar bunlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın, bir-birinizdə eyib axtarmayın, bir-birinizi çirkin və xoşagəlməz ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra kimisə küfr məzmunlu adla adlandırmaq çox pisdir. Tövbə etməyənlər zalımdırlar.
————————————————————————————
- Fasiqlərin xəbərlərinə etina etməyin: Bu ayənin Vəlid ibn Üqbə haqqında nazil olduğu nəql edilmişdir. Peyğəmbər (s) onu zəkat toplamaq üçün Bəni-Müstələq qəbiləsinə göndərir. Qəbilə camaatı Peyğəmbər (s) nümayəndəsinin gəldiyini eşidib sevinc hissi ilə onu qarşılamağa çıxır. Cahiliyyət dövründə onlarla Vəlidin arasında düşmənçilik olduğundan, Vəlid camaatın onu öldürməyə gəldiyini güman edir. O, Peyğəmbərin (s) yanına qayıdır və onların zəkatı verməkdən boyun qaçırdıqlarını xəbər verir. Zəkatı ödəməkdən boyun qaçırmaq isə İslam hökumətinə qarşı bir növ qiyam hesab edilir. Vəlid bunları bildiyi üçün onların dindən çıxdıqlarını da iddia edir. Peyğəmbər (s) bərk qəzəblənir, həmin qəbiləyə qarşı müharibə etmək qərarına gəlir. Bu vaxt onun haqqında “Hucurat” surəsinin 6-cı ayəsi nazil olur və müsəlmanlara fasiq bir adam xəbər gətirdikdə onun araşdırılmasını göstəriş verir.[4]
- Rəhbərlik və itaət: Bu ayə göstərir ki, Vəlidin Bəni-Müstələq qəbiləsinin dindən çıxması ilə bağlı xəbərindən sonra bir qrup sadəlövh müsəlman Peyğəmbərdən (s) həmin tayfaya qarşı müharibə etməsini tələb edir. Allah-taala Quranda belə buyurur: Sizin xoşbəxtliyiniz ondadır ki, Peyğəmbər (s) aranızdadır, onunla vəhy aləmi arasında bağlılıq var, sizin aranızda hər hansı yanlış hərəkət baş versə, vəhy vasitəsilə o, sizi xəbərdar edir. O, rəhbərdir, onun sizə tabe olacağını və sizdən əmr alacağını gözləməyin. O, sizə qarşı hər kəsdən mehribandır. Fikirlərinizi zorla ona qəbul etdirməyə çalışmayın ki, bu, sizin ziyanınızadır. Ümumiyyətlə, cəmiyyətin inkişafı üçün Allah tərəfindən təyin edilmiş rəhbərin olması zəruridir. Bir şərtlə ki, ona itaət göstərilsin, daha ardıcılları onu öz fikirlərinə uyğun davranmağa məcbur etməsinlər, əmrlərini cani-dildən qəbul etsinlər, daha öz məhdud fikirlərini həyata keçirmək üçün ona təzyiq göstərməsinlər. Bu prinsip təkcə Allah tərəfindən təyin edilmiş rəhbərlər deyil, digər idarəçilik sistemləri üçün də zəruridir. Əlbəttə, bu prinsip rəhbərlərin despotizminə və məsləhətləşməni tərk etməsinə əsas vermir. Çünki müzakirənin məqsədi hər kəsin öz rəy və fikirlərini bildirməsi olsa da, son fikri Peyğəmbər (s) söyləməlidir. Başqa sözlə desək, müzakirə bir, öz fikir və inancını diktə etmək başqa bir şeydir. Bu ayə əslində, müzakirəni deyil, fikir diktəsini inkar edir.[5]
- Bir-birinizi çirkin və xoşagəlməz ləqəblərlə xatırlamayın: Başqalarına çirkin adlar qoymaq və bu vasitə ilə onları təhqir etmək, şəxsiyyətlərinə ləkə gətirmək, bu vasitə ilə onlardan intiqam almaq keçmiş və indiki dövrün əxlaqdan kənar adamlarına xas xüsusiyyətlərdəndir. Əgər bir adam keçmişdə pis bir iş tutubsa, sonra tövbə edib tamamilə təmizlənibsə, İslam onun keçmişdəki əməlini ifadə edən adla çağırılmasını, ona “sən filan günah əməlin sahibi idin deyilməsini”, ata və analarının səhvlərinə görə məzəmmət edilməsini, “sənin atan və ya anan filan əməlin sahibidir” deyilməsini, müsəlmanın təhqir edilməsinə səbəb olacaq ən kiçik eyhamın işlədilməsi qadağan edir.[6] Hədislərin birində deyilir ki, Xeybər döyüşündən sonra İslamı qəbul etmiş və Peyğəmbərin (s) zövcəsi olmuş Səfiyyə bint Həyy ibn Əxtəb bir gün ağlaya-ağlaya Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) nə baş verdiyini soruşduqda, o: “Aişə mənə rişxəndlə: “Yy yəhudi balası!” – dedi”, – deyə şikayətlənir. Peyğəmbər (s) ona deyir: “Nə üçün demədin ki, atam Harun, əmim Musa, həyat yoldaşımdir Mühəmməd?” Bu zaman sözügedən ayə nazil olur.[7]
- Ey iman gətirənlər! Zənn və gümanların çoxundan uzaq durun. Çünki zənn edilənlərin bir qismi günahdır. (Başqalarının şəxsi həyatı ilə bağlı) axtarış aparmayın, bir-birinizin qeybətini qırmayın. Sizlərdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Hamınız bundan iyrənirsiniz. Təqvalı olun! Allah tövbələri qəbul edəndir, rəhmlidir.
- Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır). Allah biləndir, xəbərdardır.
- Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz iman gətirməmisiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun elçisinə itaət göstərsəniz, O, sizin əməllərinizin mükafatından heç bir şey əskiltməz. Allah bağışlayandır, rəhmlidir!”
- Həqiqi möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Onlar doğru danışanlardır.
- De: “Siz Allahı imanınızdanmı xəbərdar edirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeydən agahdır.
- Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmağınızı mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, (bilin ki,) əslində, Allah sizi imana gətirməklə sizə minnət qoyur!”
- Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir, nə etdiklərinizi görür.
—————————————————————————————
- Qeybət ən böyük günahlardandır: İnsanın həyatdakı ən böyük sərmayəsi heysiyyət, abır və şəxsiyyətidir. İnsanın bu sərmayəsinə təhlükə yaradan şəxs sanki həmin adamın canını təhlükəyə atır. Bəzən şəxsiyyətin terror edilməsi şəxsin özünün terror edilməsindən daha ağır olur. Müsəlman qardaşın abrı onun bədəninin əti kimidir. “Ölü” ifadəsi qeybəti edilən adamın həmin yerdə olmaması, eynilə ölü kimi öz haqqını müdafiə edə bilməməsi ilə bağlıdır. Bu, insanın öz qardaşına edə biləcəyi ən böyük, namərdcəsinə haqsızlıqdır. Hədislərdə bu mövzu ilə bağlı çox şokedici ifadələr işlədilmişdir. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “İnsanın sələmdən qazandığı bir dirhəm otuz altı dəfə zina etməkdən ağırdır. Bir müsəlmanın abrını tökmək zinadan da pisdir.” Bu müqayisə əslində, zinanın Allaha aid olan bir haqq olması, sələm yemək və camaatın abrının aparılmasının isə insanlara aid haqq olması ilə bağlıdır. Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Qeybətin müsəlmanın dininə təsiri xoranın insan bədəninə təsirindən daha sürətlidir.” Bu bənzətmə göstərir ki, xora insanın bədəninin ətini çürütdüyü kimi, qeybət də insanın dinini puça çıxarır, çox tez bir zamanda imanını məhv edir.[8] İmam Səccadın (ə) bir hədisində belə deyilir: “Qeybətdən ciddi şəkildə qorunun. Çünki o, Cəhənnəm itlərinin yeməyidir.”[9]
Qeybət kiminsə bədənində və ya əxlaqında, davranışında və ya danışığında, hətta ona aid işlərdə – evi, paltarı, həyat yoldaşı, övladları və sairədə mövcud olan eybinin həmin adam olmadığı vaxtda açılmasıdır. Ancaq yaddan çıxarmaq olmaz ki, bu cəhətlərin həmin adamda olması başlıca şərtdir, əks təqdirdə, danışılan söz qeybət yox böhtan olacaq. Böhtanın günahı isə qeybətin də günahından böyük və ağırdır. Deməli, bəzi adamların sadəlövhlüklə gətirdiyi bahənələr qəbul edilmir. Məsələn, bəzən qeybət edən adam deyir: Bu, qeybət deyil ki, həqiqətdir. Halbuki həqiqət olmasaydı, artıq böhtan sayılacaqdı. Ya da biri belə deyir: Mən bu sözü onun yanında da deyərəm. Halbuki bu davranış insanın günahını azlatmır, əksinə, qarşı tərəfin inciməsinə və narahat olmasına səbəb olduğu üçün daha böyük günahdır.
Bəzi məqamlarda qeybətə icazə verilir. Həmin məqamlardan biri həyat yoldaşı, iş ortağı və bu kimi məsələlərdə araşdırma aparan şəxsə verilən məlumatdır. Əgər haqqında araşdırma aparılan adamda eyib varsa, araşdıran adamın tələyə düşməməsi üçün onu xəbərdar etmək, mütləq, lazmdır. Aşkarda günah edən adamlar isə istisnadır. Aşkarda günah edən adamın günahının danışılması qeybət sayılmır. Yaddan çıxarmaq olmaz ki, qeybət edilən məclisdə iştirak etmək və qeybətə qulaq asmaq da haramdır. Bəzi hədislərə görə heysiyyəti ləkələnən müsəlmanı müdafiə etmək vacibdir.[10]
- İnsanın ən böyük dəyəri: Bu ayə bütün zahiri və maddi imtiyazların üzərindən xətt çəkir, əsl dəyərin təqva və Allah qorxusu olduğunu bildirir. Allaha yaxınlaşmaq üçün təqvadan üstün imtiyaz yoxdur. Hədislərinin birində Allahın rəsulu (s) belə buyurmuşdur: “Allah sizin ailə vəziyyətinizə, əsil-nəsəbinizə, bədənlərinizə, mallarınıza deyil, qəlblərinizə baxır. Allah qəlbi sağlam olana lütf və məhəbbət göstərir. Siz hamınız Adəmin övladlarısınız. Sizin Allah yanında ən sevimliniz Allahdan ən çox qorxanınızdır.” Qəribədir ki, bu qədər göstəriş və təlimatlara baxmayaraq, hələ də müsəlmanlar arasında milliyyəti və dili ilə öyünən, hətta bunları dini vəhdətdən üstün tutan adamlar var. Allahın rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Siz hamınız Adəmin övladlarısınız, Adəm torpaqdan yaradılıb. İnsanlar ataları ilə öyünməkdən çəkinsinlər, əks təqdirdə, çirkaba bulaşmış həşəratdan da aşağı olacaqlar.”[11]
[1] Nümunə, c.22, səh.115
[2] Nümunə, c.22, səh.129
[3] Mənşuri-cavid,c.7, səh.397-399
[4] Nümunə, c.22, səh.152
[5] Nümunə, c.22, səh.158
[6] Nümunə, c.22, səh.180; Əl-Mizan, c.18, səh.326
[7] Nümunə, c.22, səh.180
[8] Nümunə, c.22, səh.184
[9] Təfsiri-mövzui, c.2, səh.235
[10] Nümunə, c.22, səh.192
[11] Nümunə, c.22, səh.197