“Həşr” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.
- Kitab əhlindən kafir olanları (müsəlmanlarla) ilk qarşılaşmada evlərindən çıxardan Odur. Siz onların çıxacaqlarını güman etmirdiniz. Onlar isə elə güman edirdilər ki, qalaları onları Allahın əzabından qoruyacaqdır. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu və dəhşət saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!
- Əgər Allah onlara vətənlərini tərk etmək hökmünü yazmış olmasaydı, onlara elə bu dünyada əzab verərdi. Axirətdə onlar üçün od əzabı hazırlanmışdır.
————————————————————————————
- Möminlər Allah və Peyğəmbərinin düşmənləri ilə dostluq etmirlər: Quranın ən aydın ayələrindən olan bu ayədə möminlərə bildirilir ki, Allaha sevgi ilə Allah düşməninə qarşı olan sevgi bir qəlbə sığışmaz, bu ikisindən birini seçmək lazımdır. Əgər həqiqi mömindirlərsə, Allahın düşməni ilə dostluq etməkdən çəkinsinlər, əks təqdirdə mömin olduqlarını iddia etməsinlər. Ata, övlad, qardaş və qohumları sevmək çox yaxşıdır, insani hisslərin yaşaması deməkdir. Ancaq bu sevgi Allaha olan sevgi ilə qarşı-qarşıya gəldikdə dəyərini itirir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah insana onun özünün, ata-anası, və övladlarının canından, evindən, malından və bütün insanlardan qiymətli olmadıqca, insan Allaha olan imanını əsla xalis edə bilməz.” Buna görə də Allah firqəsinin xətti Allah, Peyğəmbər (s), onun vəsilərini sevmək, onlardan qeyrisindən əl üzməkdir. Şeytan firqəsini səciyyələndirərkən Allah-taala belə buyurur: onların ən bariz əlaməti münafiqlik, haqq ilə düşmənçilik, Allahı xatırlamağı tərk etmək, yalan və hiylədir.[1]
“Həşr” surəsinin ümumi məzmunu: Surənin əvəvlində müsəlmanlarla bir qrup yəhudinin mübarizəsindən danışılır. Surənin son ayələrində bütün müsəlmanlara öyüd-nəsihətlər verilir, Quranla bağlı çox obrazlı bir təsvir verilir, onun ruh və canların təmizlənməsindəki rolundan danışılır. Surənin son üç ayəsində Allahın mühüm sifətləri sadalanır.[2]
- Mədinədə Bəni-Nəzir yəhudilərinin hiylələrinin sonu: Mədinədə üç qrup yəhudi yaşayırdı: Bəni-Nəzir, Bəni-Qüreyzə, Bəni-Qeynüqa. Deyilənlərə görə onlar ümumiyyətlə, hicazlı olmamışlar. Sadəcə, öz dini kitablarından Mədinədə bir peyğəmbərin zühur edəcəyini öyrəndikləri üçün buraya köçüb həmin böyük günü gözləyirdilər. Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra onlarla təcavüzkarlıq etməmələri haqqında müqavilə bağlayır. Lakin onlar hər fürsətdə bu müqaviləni pozmağa cəhd edirdilər. O cümlədən “Ühüd” döyüşündən sonra yəhudilərin başçısı Kəb ibn Əşrəf qırx nəfər süvari yəhudi ilə birlikdə Məkkəyə yollanır. Məkkədə Qüreyş tayfası ilə görüşüb Peyğəmbərə (s) qarşı döyüşmək haqqında saziş bağlayır. Allah vəhy vasitəsilə Peyğəmbəri (s) bu məsələdən xəbərdar edir.
Yəhudilərin xəyanətlərindən biri də bu idi ki, bir gün Peyğəmbər (s) bir neçə nəfər səhabəsi ilə birlikdə Mədinə yaxınlığında yaşayan Bəni-Nəzir qəbiləsinin yanına yardım və ya borc istəməyə gedir. Ola bilsin ki, Peyğəmbər (s) və səhabələri bu vasitə ilə onların vəziyyətini yaxından öyrənmək və müsəlmanların üzərinə qəfildən hücum etməyəcəklərindən əmin olmaq istəyirdilər. Yəhudilərin qalasından kənarda qalan Peyğəmbər (s) Kəb ibn Əşrəflə danışıq aparır. Bu vaxt yəhudilər arasına hiylə toxumu səpilir və belə qərara gəlirlər ki, bir nəfər damın üstünə çıxıb Peyğəmbərin (s) başına böyük bir daş tullasın, bununla da onların canını bu kişinin əlindən xilas etsin. Yəhudilərdən biri bu vəzifəni öz üzərinə götürür və damın üstünə çıxır. Allah rəsulu (s) vəhy vasitəsilə bu sui-qəsddən xəbərdar olur, səhabələrinə heç bir söz demədən söhbəti yarımçıq qoyub Mədinəyə qayıdır. Səhabələr elə güman edirlər ki, Peyğəmbər (s) geri qayıdacaq, ancaq sonradan Peyğəmbərin (s) Mədinədə olduğunu öyrənib onlar da Mədinəyə dönürlər. Yəhudilərin əhd sındıran olduqları Peyğəmbərə (s) tam sübuta yetir, buna görə də müsəlmanlara müharibəyə hazır olmağı əmr edir.
Deyilənə görə Bəni-Nəzir şairlərindən birinin Peyğəmbər (s) haqqında layiq olmayan sözlər işlətməsi də yəhudilərin müqaviləni pozma səbəblərindən hesab edilir. Peyğəmbər (s) onlara öncədən tutarlı zərbə endirmək üçün Kəb ibn Əşrəflə tanışlığı olan Məhəmməd ibn Müsliməyə göstəriş verir ki, nəyin bahasına olursa-olsun Kəbi qətlə yetirsin. O da bu əmri yerinə yetirir. Kəb ibn Əşrəfin ölümü yəhudiləri sarsıdır. Bunun ardınca Peyğəmbər (s) müsəlmanlara bu əhdpozan tayfa ilə müharibə etmək əmri verir. Yəhudilər müsəlmanların hərəkətə keçdiyini eşidib qalalarına çəkilir və qapılarını möhkəm bağlayırlar. Peyğəmbər (s) qalanın yaxınlığında olan xurma ağaclarını çıxarmağı və ya yandırmağı əmr edir. Ancaq yəhudilər Peyğəmbərə (s): “Ey Mühəmməd! Özün həmişə bu cür hərəkətləri qadağan edirdin!” – deyə etiraz edirlər. Bu surənin beşinci ayəsi nazil olur və bunun Allahın xüsusi əmri olduğu bəyan edilir. Mühasirə bir neçə gün davam edir, Peyğəmbər (s) onlara Mədinəni tərk etməyi göstəriş verir. Onlar da təklifi qəbul edib mal-dövlətlərindən bir qədərini götürüb oranı tərk edirlər, qalan mülkləri müsəlmanların əlinə keçir.[3]
- Bu, onların Allah və Onun elçisi ilə düşmənçilik etmələrinə görədir. Kim Allahla düşmənçilik etsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir.
- Hər hansı qiymətli xurma ağacını kəsməyiniz, yaxud hansınasa toxunmamağınız Allahın əmri ilədir. Bu, fasiqləri xar və rüsvay etməsi üçün idi.
- Allahın Öz elçisinə onlardan (yəhudilərdən alıb) qaytardıqlarına doğru siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz elçilərini istədiyi şəxslər üzərində hakim edir. Allah hər şeyə qadirdir.
- Allahın Öz peyğəmbərinə bu kəndlərin əhalisindən qaytardıqları Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, yoxsullara və yolda qalmış müsafirlərə məxsus edilmişdir ki, aranızdakı varlılar arasında əldən-ələ dolaşmasın. Peyğəmbər sizə nəyi gətiribsə, onu götürün, nəyi də qadağan edibsə, ondan çəkinin. Allahdan qorxun ki, Allahın cəzası şiddətlidir.
- Bu mallar evlərindən, yurdlarından qovulmuş və mallarından məhrum olunmuş, Allahın mərhəmətini və razılığını qazanmağa can atan, Allaha və Onun elçisinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Doğru olanlar da məhz onlardır.
- (Bu mallar habelə) burada (Mədinədə) və iman diyarında mühacirlərdən əvvəl yurd salmış, onlara doğru hicrət edənləri sevən, mühacirlərə verilənlərə ehtiyac hissi duymayan, hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutanlara məxsusdur. Nəfsinin hərisliyindən, xəsisliyindən qorunanlar nicat tapanlardır.
————————————————————————————
- Döyüşsüz əldə edilən qənimətlər: Bu ayələrdə Bəni-Nəzir tayfasından əldə edilmiş qənimətlər, eyni zamanda heç bir zəhmət və əziyyət çəkilmədən İslam cəmiyyətinə aid olan, İslam fiqhində “fey”adlanan qənimətlərə şamil olan ümumi bir qanun təqdim edilir. Əvvəlki ayədə bütün qənimətlərin Allah rəsuluna aid edilməsi əslində, o demək deyil ki, Peyğəmbər (s) onları şəxsən özünə xərcləməlidir. Sadəcə, Peyğəmbər (s) İslam hökumətinin rəhbəri, ehtiyaclıların hüquqlarının müdafiəçisi və qoruyucusu vəzifəsini daşıdığı üçün həmin qənimətlərin əsas hissəsini onlara xərcləyir. Sözügedən ayədə “fey” qənimətlərinin istifadəsi üçün nəzərdə tutulmuş altı yerin adı çəkilir: 1. Allahın səhmi. Məlumdur ki, Allah hər bir şeyin malikidir və heç nəyə ehtiyacı yoxdur. Bu, əslində, bir növ formal xarakter daşıyır. Allah-taala burada ona görə Öz adını qeyd edib ki, digər payı olan qruplar bunu özlərinə təhqir hesab etməsinlər, öz səhmlərinin Allahın səhmi ilə eyni sırada qərarlaşdığını düşünərək cəmiyyət içində bunun onların şəxsiyyətinə zərrə qədər də xələl gətirmədiyini anlasınlar. 2. Peyğəmbərin (s) payı. Bu pay vasitəsilə Peyğəmbər (s) öz şəxsi ehtiyaclarını, vəzifə təminatlarını, müsəlmanların gözləntilərini təmin edir. 3. Müsəlmanların ümumi mallarından hesab edilən zəkatdan məhrum edilmiş Peyğəmbərin (s) qohumları – Haşim övladlarından olan qohumlarının payı. 4. Yetimlərin payı. 5. Yoxsulların payı. 6. Yolda qalan müsafirlərin payı. Bir məsələni də xüsusilə qeyd etməliyik ki, bu hüquq Peyğəmbərdən (s) sonra imamlara, onlardan sonra bütün lazımi şərtləri özündə ehtiva edən müctehidlərə keçmişdir. Çünki İslam hökmlərinin icrası əsla dayandırılmamalıdır. İslam hökumətinin əsas sütunlarından biri İslam iqtisadiyyatıdır. İslam iqtisadiyyitının tərkib hissəsinə daxil olan məsələlərdən biri də məhz bu məsələdir.[4]
- Başqalarını özündən üstün tutmaq: Bir nəfər Peyğəmbərin (s) yanına gəlib ac olduğunu deyir. Peyğəmbər (s) evindən ona yemək gətirilməsini göstəriş verir. Ancaq Peyğəmbərin (s) evində yemək olmur. Peyğəmbər (s) “kim bu gecə bu kişini evində qonaq edər?” – deyə soruşur. Bir nəfər bu işə hazır olduğunu deyib həmin adamı evinə qonaq aparır. Ancaq həmin adamın evində yalnız uşaqlarına çatacaq qədər az miqdarda yemək olur. Həmin kişi bu yeməyin qonağa verilməsini göstəriş verir. Həyat yoldaşına çırağı söndürməsini, necə olursa-olsun uşaqları yatırtmasını söyləyir. Sonra kişi və qadın süfrəyə əyləşib yemək yemədən ağızlarını tərpədirlər. Qonaq onların da yemək yediklərini güman edib yetərincə yeyib doyur, ev sahibləri isə ac yatırlar. Səhər Peyğəmbərin (s) yanına gəldikdə Peyğəmbər (s) onlara baxıb təbəssüm edir, bu ayəni oxuyub onların fədakarlığını təqdir edir. Əhli-beyt hədislərində qeyd edilir ki, həmin ev sahibi Əli (ə), uşaqlar onun uşaqları, uşaqları ac yatırdan isə xanım Fatimeyi-Zəhra (ə) olmuşdur.[5]
- Qurtuluş nəfsi xəsislik və hərislikdən saxlamaqdadır: “Şühhə” adət halı almış hərisliklə müşayiət edilən xəsisliyə deyilir. İmam Sadiq (ə) səhabələrindən birinə belə buyurmuşdur: “Bilirsən şühhə nədir?” O isə “xəsislikdir”, – deyə cavab verir. İmam (ə) buyurur: “Şühhə xəsislikdən daha şiddətlidir. Xəsis əlində olana xəsislik edir. Ancaq şəhih həm camaatın əlində olana, həm də öz əlində olana xəsislik edir. Camaatın əlində olanı halal və ya haram yolla əldə etməyi arzu edir, Allahın verdiyi ruziyə qane olmur.” Başqa bir hədisdə belə deyilir: “Allah yolunun tozu ilə Cəhənnəmin tüstüsü bir insanın daxilində bir araya gələ bilmədiyi kimi, şühhə və iman bir qəlbə sığışmaz.” Xülasə, xəsislik və hərisliyi tərk etmək insanı xilasa nail edir. Ancaq bu xüsusiyyətə aludə olmaq xoşbəxtlik evini viran qoyur.[6]
- Onlardan (mühacir və ənsardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Qəlbimizdə iman gətirənlərə qarşı kin-küdurətə və həsədə yer vermə. Ey Rəbbimiz! Sən şəfqətlisən, rəhmlisən!”
- Münafiqlərin kitab əhlindən kafir olan qardaşlarına: “Əgər sizi vətəninizdən qovsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və heç kəsin sizin haqqınızda olan sözlərinə tabe olmayacağıq. Əgər sizinlə döyüşsələr, sizə kömək edəcəyik!” – dediyini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
- Əgər onları (yurdlarından) qovsalar, (münafiqlər) onlarla birlikdə çıxıb getməyəcəklər, (müsəlmanlar) onlara qarşı vuruşsalar, onlara köməklik göstərməyəcəklər. Əgər yardım göstərsələr belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
- Onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar nadan insanlardır.
- Onlar qrup halında sizə qarşı ancaq möhkəm qalalarda və ya divar arxasından vuruşarlar. Bir-birinə qarşı döyüşləri çox kəskindir. (Sizə qarşı isə çox zəifdirlər). Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu, ona görədir ki, onlar düşünməyən insanlardır.
- Onlar özlərindən bir az əvvəl əməllərinin acısını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər.
- Onların (münafiqlərin) əməli insana: “Kafir ol! (Sənin problemlərini həll edərəm)” – deyən, kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyən Şeytanın əməlinə bənzəyir.
——————————————————————————–
11-14. Yəhudi hiylələrində münafiqlərin rolu: Bəzi təfsirçilərin bu ayələrin nazilolma səbəbi ilə bağlı qeyd etdiklərinin xülasəsi belədir: Bir qrup münafiq, o cümlədən Abdullah ibn Übeyy bir nəfər vasitəsilə gizlicə Bəni-Nəzir yəhudilərinə belə bir xəbər göndərir: “Öz yerlərinizdə möhkəm dayanın, evlərinizdən çıxmayın, qalalarınızı möhkəmləndirin. Bizim özümüz və digər tayfalardan ibarət iki min nəfərlik silahdaşımız var. Son nəfəsimizə qədər sizinləyik. Bəni-Qüreyzə və sizin Qətfan qəbiləsindən olan digər əməkdaşlarınız sizinlə birdir.” Bu xəbər Bəni-Nəzir tayfasını Peyğəmbərlə (s) düşmənçilik etməyə qıcıqlandırır. Ancaq Bəni-Nəzir tayfasının böyüklərindən olan Salam tayfanın planlarına rəhbərlik edən Həyy ibn Əxtəbin sözlərinə inanmamağı tövsiyə edir və bildirir ki, o, yəhudiləri Mühəmədlə (s) döyüşə qıcıqlandırıb özləri evlərində oturacaq və yəhudiləri çətin vəziyyətdə qoyacaqlar. Həyy ibn Əxtəb deyir: Bizim bildiyimiz bir şey var – Mühəmmədlə düşmənçilik və ona qarşı döyüşmək. Salam isə deyir: And olsun Allaha! Mən onların bizi bu torpaqlardan çıxaracaqlarını, malımızın, mülkümüzün və şərəfimizin küləyə sovrulacağını, uşaqlarımızın əsir götürüləcəyini, döyüşçülərimizin qətlə yetiriləcəyini görürəm.” Sözügedən bu ayələrdə həmin hadisənin aqibətinin necə olmasından danışılır.[7]
- Şeytanın çürümüş kəndiri ilə quyuya sallanmayın: Ayədə “insan” deyilərkən kimin nəzərdə tutulması ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. Bəziləri hesab edir ki, burada Şeytanın təsiri altına düşən, onun yalan vədlərinə aldanan, küfr yolunu tutan, sonda Şeytanın tək qoyduğu, nifrət etdiyi bütün insanlar nəzərdə tutulur. Bəzilərinə görə burada Bədr döyüşündə Şeytanın yalan vədlərinə aldanan, sonda, məğlubiyyətin acısını dadan Əbu Cəhl və onun ardıcılları kimi xüsusi insanlar nəzərdə tutulmuşdur (Bax: Ənfal-48). Bəzi təfsirçilər və hədis biliciləri bu ayələri təfsir edərkən İsrail oğullarından olan Bərsisa adlı bir abidin əhvalatını qeyd etmişlər. Həmin əhvalat hər kəsə böyük bir ibrət dərsidir. Bu dərs insanlara Şeytan və münafiqlərin çürük ipi ilə quyuya sallanmamağı, sallanıb məhv olmamağı öyrədir. Həmin əhvalatın xülasəsi belədir: İsrail oğulları arasında uzun zaman ibadət etmiş, yanına aparılmış ruhi xəstələri etdiyi dualarla sağaldacaq qədər Allaha yaxın olmuş Bərsisa adlı bir abid yaşayırmış. Bir gün qardaşları hörmətli ailədən olan gənc bir xanımı onun yanına gətirirlər. Şəfa tapması üçün xanımın bir müddət orada qalması tövsiyə edilir. Şeytan bundan sonra vəsəvəsələrə başlayır. O qədər səy göstərir ki, axırda abid günah iş görür. Çox çəkmir ki, həmin xanımın hamilə olduğu ortaya çıxır. Bir günah daha böyük günahların mənbəyi olduğu üçün abid həmin xanımı öldürüb bir yerdə basdırır. Qardaşlar abidin belə bir dəhşətli cinayət törətdiyindən xəbər tuturlar. Xəbər bütün şəhərə yayılır və sonra şəhərin əmirinin də qulağına çatır. O, bir dəstə götürüb abidin yanına yollanır və cinayətin baş verməsi sübuta yetdiyi üçün onu ibadət etdiyi ocaqdan çıxarırlar. Abid cinayətini etiraf etdikdən sonra əmir onun dar ağacından asılmasını əmr edir. Abid dar ağacının altına gətirildikdən sonra Şeytan onun gözünə görünüb deyir: Səni bu hala salan mən olmuşam. Əgər dediklərimi etsən, səni xilas edərəm. Abid: “Nə etməliyəm”, – deyə soruşduqda Şeytan deyir: “Mənə bircə səcdə kifayətdir”. Abid gözucu, ya da əli ilə Şeytana səcdə etdiyini göstərir və beləcə can verən anda dünyadan kafir olaraq köçür.
Şeytan və onun yolunu gedən münafiqlərin vəsvəsələrinə uyanların aqibəti budur.[8]
- Onların hər ikisinin aqibəti Cəhənnəm odu içində əbədi qalmaqdır. Zalımların cəzası budur.
- Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün öncədən nə göndərdiyinə baxsın. Allahdan qorxun! Allah nə etdiklərinizdən xəbərdardır.
- Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
- Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlar və xilas olanlardır.
- Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr.
- O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O, rəhman, rəhimdir.
- O, Özündən başqa heç bir məbud olmayan, hökmran, həqiqi malik, hər bir eyib və nöqsandan uzaq, pak, heç kəsə zülm etməyən, əmin-amanlıq bəxş edən, hər şeyi nəzarətdə saxlayan, Öz iradəsi ilə hər bir işi islah edən, məğlubedilməz, qüdrət və əzəmət sahibidir. Allah onların Ona şərik qoşduqlarından ucadır.
- O, xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir.
———————————————————————————–
- Öncədən göndərilməli olan: İnsan Qiyamət gününün sabahı üçün öncədən hansı ehtiyatı göndərdiyinə fikir veməlidir. Qiyamət səhnəsində insanın əsl sərmayəsi öncədən göndərdiyi ehtiyatdır. Çünki insan öldükdən sonra kimsə onun dərdini çəkmir. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “Allah yolunda xərcləyin, hətta bir mən (3 kq) xurma miqdarında, ya ondan az, bir ovuc, ya ondan az, bir xurma dənəsi qədər, ya bir xurma dənəsinin yarısı qədər olsa belə. Əgər bir adam onu da tapmasa, pak sözlərlə qəlbləri sevindirsin. Çünki Qiyamətdə Allah dərgahında durduğunuz zaman Allah sizə buyuracaq: Sənin üçün filan-filan şeyləri etmədimmi? Sənə qulaq və göz vermədimmi? Sənə mal və övlad vermədimmi? Bəndə deyəcək: Bəli. Allah-taala buyuracaq: Elə isə bax gör özün üçün nə göndərmisən? O da önünə, arxasına, sağına və soluna baxar, sifətini oddan qorumaq üçün qarşısına tutmağa heç nə tapmaz.”[9] Ayədə diqqət çəkən məqamlardan biri iki dəfə təqvalı olmağa çağırış edilməsidir. Bəzi təfsirçilər bu təkrarın səbəbini belə izah etmişlər: Birinci təqva günahlardan çəkinməyə, vacibləri yerinə yetirməyə işarədir, ikinci təqva, əməllərdə ixlaslı və səmimi olmağa, riyadan qorunmağa işarədir. Deməli, insan günahlardan çəkinməli, axirəti üçün nə göndərdiyinə diqqət yetirməlidir. Ancaq həm də ona diqqət yetirməlidir ki, göndərdiyi yalnız Allah üçün olmalı, riyakarlıqdan uzaq olmalıdır.[10]
- Əgər Quran dağlara nazil olsaydı, parça-parça olardı: Təfsirçilərin çoxu bu ayənin bir bənzətmə olduğunu qəbul edərək belə qeyd etmişlər: Əslində, burada Allah demək istəyir ki, bütün möhkəmliklərinə və sarsılmazlıqlarına baxmayaraq, əgər dağların ağıl və hissləri olsaydı, bu ayələr də insana yox, onlara nazil olsaydı, tir-tir əsib parça-parça olardılar. Ancaq bir qrup insanın qəlbi o qədər daşlaşıb ki, heç bir dəyişikliyə məruz qalmır.
Bəzi təfsirçilər ayəni həqiqi mənada götürərək belə qeyd etmişlər: Bu dünyada olan bütün varlıqların, o cümlədən dağların özlərinə xas olan idrakı, şüuru vardır. Əgər bu ayələr onlara nazil olsaydı, həqiqətən, parça-parça olardılar (Bax: Bəqərə-74). Hər halda Quranın qəlblərə və düşüncələrə təsiri inkaredilməz bir həqiqətdir, İslam tarixində bu mənanı təsdiq edən faktlar çoxdur. Ən möhkəm qəlblər belə, yumşalaraq İslama təslim olmuşlar. Təkcə inadkar, varlıqlarında haqq yolunu tapmaq üçün heç bir yer olmayan insanlar bu qanundan istisnadır.[11]
22-24. Son ayələrin böyüklüyü: Surənin son ayələrində Allahın mühüm ad və atributlarından bəhs edir. Ayələr çox əzəmətli, ilhamverici və tərbiyəvi əhəmiyyətlidir. Allah rəsulu (s) belə buyurmuşdur: “Hər kim “əgər Biz bu Quranı dağa nazil etsəydik…” ayəsindən surənin sonuna qədər oxusa və həmin gecə ölsə, şəhid olaraq ölmüşdür.” Səhabələrdən bir Peyğəmbərdən (s) Allahın əzəmətli adlarının hansılar olduğunu soruşduqda o, belə cavab vermişdir: “Həşr” surəsinin son hissəsini oxu, çox oxu”. Səhabə yenə də sualını təkrar etdikdə, Peyğəmbər (s) də cavabını təkrar etmişdir. Hədislərin birində belə deyilir: “Bu ayələr ölümdən başqa bütün dərdlərin dərmanıdır.”[12] Əlbəttə, burada qeyd edilən mükafatlar qeyd olunan ayələri diqqətlə və düşünərək oxuyan insanlara aiddir.
[1] Nümunə, c.23, səh.468
[2] Nümunə, c.23, səh.479
[3] Nümunə, c.23, səh.484
[4] Nümunə, c.23, səh.501
[5] Məcməül-bəyan, c.9, səh.430
[6] Nümunə, c.23, səh.520
[7] Nümunə, c.23, səh.526
[8] Nümunə, c.23, səh.537-544
[9] Nümunə, c.23, səh.545
[10] Əl-Mizan, c.19, səh.226
[11] Nümunə, c.23, səh.545
[12] Nümunə, c.23 ,səh.558