Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 23-cü məktubda qohumlarla ünsiyyətin və qohumlarla gediş-gəliş etməyin əhəmiyyətini vurğulayaraq buyurur:
وهُمْ أَعْظَمُ النَّاسِ حَيْطَةً مِنْ وَرَائِه وأَلَمُّهُمْ لِشَعَثِه
وأَعْطَفُهُمْ عَلَيْه عِنْدَ نَازِلَةٍ إِذَا نَزَلَتْ بِه
“İnsanın qohumları onu müdafiə və himayə etmək üçün ən böyük dəstədirlər ki, onun iztirab və narahatçılıqlarını ondan uzaqlaşdırırlar, həm də insan müsibət və qəm-qüssəyə məruz qalanda ona təsəlli vermək cəhətindən insanların ən qayğıkeşi və ürək yandıranıdırlar.
Əmirəlmöminin Əli əleyhissalam bu kəlamında qohumların insan üçün nə dərəcədə faydalı olduqlarını bizlərə çatdırır. Çox dəqiq və incə şəkildə qohumların insana lazımlığının əhəmiyyətini və qohumlarla əlaqə və bağlılığın qorunub saxlanılmasının vacibliyini vurğulayır.
Qohumlarla, eləcə də dostlarla əlaqəni, ünsiyyəti və get-gəli pozmaq isə yuxarıdakı faydaların tamamilə əksini, tərsini insana nəsib edir.
İnsan çətinlik və müsibətlərə məruz qalarkən o çətinliklərin ondan uzaqlaşmasını istəməsindən daha çox ona təsəlli və ürək-dirək verən insanları öz yanında görmək istəyir.
Allah Taala insanın qohumlarını ona bir nemət olaraq bəxş etmişdir. Qohumluq hissləri Allah Taalanın insanlara bəxş etdiyi misilsiz bir hədiyyədir.
Qohumlarla, eləcə də dostlarla əlaqə saxlamaq, onlarla ünsiyyətdə və mehriban bağlılıqda olmaq özü bir hünərdir, eyni zamanda böyük bacarıq və fərasət tələb edir.
Hesablamalara əsasən qohumlarla ünsiyyət və əlaqəsi olmayan insanların əksəriyyəti bacarıqsız və fərasətsiz insanlardırlar. Amma onlar öz bacarıqsızlıqlarını camaatdan gizlətmək məqsədilə müxtəlif yollara əl atırlar, kimisi qohumlarını günah əhli olmaqda, kimisi qohumlarını yalançı, dünyapərəst, onun ailəsini istəməmək, get-gəl olsa nəsə umacağımızı düşünəcək və sair bəhanələrlə qohumlarla ünsiyyətdə olmamaqda özlərinə haqq qazandırırlar.
İnsanın başına müsibət gələn zaman onun qohumlarının, yaxınlarının ona təsəlli verməsi və onu müdafiə etməsi həmin çətinliklərin acısını azaltmaqla yanaşı tezliklə şadlıq və sevincin insanın sorağına gəlməsinə səbəb olur.
İnsanlarla, xüsusilə də qohumlarla ünsiyyət və əlaqəsi çox olan şəxslər daha çox şad və sevincli olurlar.
Amma insanlardan uzaq olan, həmçinin qohumlarla əlaqə və rabitəsi olmayan insanlar adətən qəmli, kədərli, soyuq, fikirli, kinli, bədbin olurlar.
Odur ki, Əmirəlmöminin Əli əleyhissalam 23-cü xütbədə qohumların insana faydalarının əsas iki hissəsini bəyan edir.
1- Hər bir insanın cəmiyyət içində müdafiə və himayəçiyə ehtiyacı vardır. Qohumlar insanın İlahi tərəfindən hədiyyə olan müdafiəçiləridirlər.
2- Hər bir insan həyatda istər istəməz çətinliklər, müsibətlər və bəlalar ilə rastlaşır. Qohumlar insana təsəlli vermək və onun acılarını müalicə etmək cəhətindən ən yaxşı köməkçidirlər.
Sonda onu da qeyd edək ki, imperialist qüdrətlər insanlar arasında qohumluq əlaqələrini qırmaq üçün böyük təbliğat kampaniyası ilə məşğuldurlar, onların planlarına əsasən insanlar arasında qohumluq əlaqələri soyumalı və insanlar bir-birinə yadlaşmalıdır.
Təəssüf ki, bu təbliğatların mənfi təsirləri bir çox möminlərdən yan keçməmişdir, hazırda qohum-əqrəbası ilə yaxşı olmayanların cərgəsində möminlər də az deyil.
Elə isə, insanlarla əlaqənin kəsilməsinin əsas səbəbi olan Təkəbbürlük, Özünü bəyənmək və Özünəvurğun olmaq kimi pis xarakterlərə son qoyaq, qohum-əqrəba ilə ünsiyyət quraq.