İmam Baqir (əleyhissəlam) Şamda
İmam Baqir əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir.
İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mə’nəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır.
İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cə’fər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət mə’murları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı Şama (Dəməşqə) göndərsin.
İmam Baqir (əleyhissəlam) məcbur olub əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü.
Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissəlamla mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin.
Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqir əleyhissəlamı da ora də’vət etmək qərarına gəldi. O bu yolla İmam əleyhissəlamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (əleyhissəlam) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (əleyhissəlam) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissəlama tutub dedi: “Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqir əleyhissəlamı məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqir əleyhissəlama versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: “Afərin sənə, ey Cə’fərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissəlama tutub soruşdu: “Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: “Cə’fər (İmam Sadiq (əleyhissəlam)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi [Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a] tamamladım”[1] ayəsində buyurulmuş kamil din və tamamlanmış ne’mət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”[2]
[1] “Maidә” surәsi, ayә 3.
[2] Dәlailül-imamәt, sәh.105.