Həzrət İmam Muhəmməd Təqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Rza (ə) və anası fəzilətli xanım Səbikə idi. İmam Rza (ə) onu Xizran adlandırmışdı. İmam (ə) onun haqqında ancaq gözəl sözlər deyərdi. (Həvzəh)

İmam Rza (ə) 203-cü hici qəməri ilinin səfər ayının sonunda şəhid olur. Tus şəhərində şəhadətə çatdırılır. Elə həmin gündən imamətliyi İmam Cavad (ə) öhdəsinə götürür.

 

İmam Rzanın (ə) müxlis dostlarından olan Səfvan ibni Yəhya nəql edir ki, Mədinədə Həzrətin (ə) xidmətinə getdim və dedim ki, bizim İmamımız kimdir? İmam Rza (ə) da cavabında qarşısında dayanan İmam Cavada (ə) işarə edərək buyurdu ki, odur. Mən də cavabında dedim: “Sənə qurban olum, onun ki, üçdən çox yaşı yoxdur?”. İmam Rza (ə) buyurdu: “Yaşın az olmasının eybi yoxdur. Çünki Həzrət İsa (ə) da üç yaşdan az olan zaman peyğəmbər olmuşdu”.

 

İmam Cavadın (ə) üç yaşı olan zaman Harun ər-Rəşidin (lən) oğlu Muhəmməd Əmin, qardaşı tərəfindən öldürülür. O vaxtdan Məmunun hakimiyyəti başlanır. Məmun öləndən sonra isə hakimiyyətə Mötəsəm Abbasi gəlir. İmam (ə) qısa həyatında üç xəlifənin hakimiyyətinə şahid olmuşdur.

 

Bir gün İmam Cavad (ə) Peyğəmbərin (s) məscidinə daxil olur. Həzrətin (ə) əmisi Əli ibni Cəfər onu görür və əbasız və ayaqqabısız ona tərəf hərəkət edir. İmama (ə) çatıb, əlindən öpür və İmama (ə) təzim edir. İmam Cavad (ə) ona buyurur: “Əmican, əyləş. Allah sənə Öz rəhmətini şamil etsin”. Əmisi deyir: “Siz ayaqda olan zaman mən necə əyləşim ki?”. İmam (ə) gedəndən sonra Əli ibni Cəfər tədris yerinə qayıdır. Şagirdləri narazılıq edir ki, sən əmisən və yaşın da çoxdur. O zaman bu (cavan) qarşısında niyə belə təzim edirsən? Əli ibni Cəfər ağarmış saqqalını əlini alır və deyir: “Sakit olun. Əgər Allah bu ağ saqqalını imamətə layiq bilməyibsə və bu yeniyetməni imamətə layiq bilibsə və ona bu qədər əzəmət veribdirsə, mən necə onun məqamını və fəzilətini görməməzliyə vura bilərəm ki?! Sizin dediklərinizdən Allaha pənah aparıram. Deməliyəm ki, mən – Onun bəndəsiyəm!”.

 

İmamət – Allahın ümmətə hədiyyəsidir. Onun yardımı ilə insanlar sirat yolunda qərar tutar. Bəni-Abbas hökumətinin qara buludlarına baxmayaraq, İmam Cavad (ə) qısa ömrü boyu ümmət gəmisini gözəl idarə edə bilirdi. Möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi. Qısa ömrünə baxmayaraq, İmam (ə) gözəl əxlaqı, rəftarı və dini maarifi ilə qəlbləri fəth etmişdi.

 

Bir gün bir nəfər İmam Cavadın (ə) yanında deyir ki, mən Həzrət Muhəmmədi (s) və İmam Əlini (ə) o qədər sevirəm ki, əgər bədənimi tikə-tikə etsələr onların sevgisindən əl çəkmərəm. İmam Cavad (ə) buyurur: “Bu halda Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) səninlə eyni cür rəftar edəcəklər. Onlar da Qiyamət günü sənin üçün o şeyi tələb edərlər ki, sənin sevgin onun qarşısında dəyərsiz qalar. Yəni, nəticəsi – Qiyamət günü nicat tapmaqdır”.

 

İmam Cavad (ə) buyurur: “Əgər yerin və göyün qapıları kiminsə üzünə bağlanarsa və o, təqvaya riayət edərsə, Allah onun işinə genişlik verər”.

“İnsanın kamalı – ağıllı olmasındadır”.

 

“Müsəlmanın Qiyamət günü əməl dəftərinin sərlövhəsi – onun xoşəxlaqlı olmasıdır”.

“O kəs ki, pis işi yaxşı hesab edər, həmin işin (cəzasında) şərik olar”.

 

“Zalım və zalıma yardım edən və o kəs ki, onun etdiyindən razı olar – hamısı onun günahında şərik olarlar”.

“Özünü dünya xarlığına və axirət əzabına səbəb olan işlərdən saxla”.

 

“O kəs ki, mömin qardaşına gizlində nəsihət verər – onu bəzəmiş olar, ancaq o kəs ki, aşkar şəkildə və başqalarının yanında ona nəsihət verər (ictimai) simasını çirkin etmiş olar”.

“Məbada aşkarda Allahın dostu olasan, gizlində Onun düşməni”.

/Deyerler.org/