İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Əbül Mühəmməd, tanınmış ləqəbləri isə “Zəki” və “Əskəri” idi.Atası həzrət Hadi (ə), anasının adı isə Süsən idi. 22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Məhdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Əskərinin (ə) zamanında Həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa olsun, camaatı İmamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal hazırda qeybdə olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Əskərinin (ə) oğlu olacaqdı. Elə buna görə də İmamı nəzarət altıda saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ƏXLAQI XÜSUSİYYƏTLƏRİ
İmam Həsən Əskəri (ə) çox vüqarlı və əzəmətli bir şəxsiyyət idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Mötəzzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdu.
İmam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Əhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladı. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. İmamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlanıldı.
Peyğəmbər (ə) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Əhməd ibn Xaqan adlı bir şəxs belə demişdir: “Mən Samirrada Bəni-Haşim xanədanında nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Əskəridən başqasını görməmişəm.
Əgər xəlifəlik Abbasilərin əlindən çıxsa, Həsən Əskəridən başqa, heç kim xəlifə olmağa layiq deyildir.“ Daha sonra demişdir: “Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanının düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Əskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və İmamı müəllim qarşısında duran bir şagird kimi dinləyirdi.“
Əbu Yusif İmamın səxavət və əli açıqlılığı barədə belə deyir: “Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan yardım alım. Lakin onlar o qədər məğrur idi ki, sözümə qulaq asmırdı. Bir gün imam Həsən Əskərinin (ə) hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: “Get, ailəni ağır vəziyyətdən qurtar!”
Bir dəfə Həzrət iki yüz min dinar Əli ibn Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətinin üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Ən çirkin və qəddar məmurları zindana keşikçi təyin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər.
Lakin onlar İmamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdi. Bir gün zindan müdiri bu işlərinə görə onlara etiraz etdikdə belə cavab verdilər: “O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?”
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və etinasız bir adam olmasına baxmayaraq, İmamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, İmam (ə) haqqında belə deyir: “Həsən Əskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir şəxs idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşanda bütün pulunu ona veərdi.“
Bir dəfə xəlifənin əmrilə imam Həsən Əskərini (ə) yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçasın. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yığışıb özlərini onun ayaqlarına sürtürdü. Bu səhnəni görən xəlifə onu azad buraxaraq Həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün İmamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: “Mən bu kişidə yalnız həzrət İsada mövcud olan nişanələri görmüşəm.”
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ELMİ
İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdi. Abbasi xəlifəsinin sarayına mənsub Məhəmməd ibn Məsud Şirazi İmamla beyət edən ilk saray alimi olmuşdur. Bu şöhrətli alim Mötəzzin sarayında çalışırdı.
Qaynaqlarda yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Əbu Nəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını yandırmışdı.
Xristian alimlər İmamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdu ki, onu Məsih adlandırırdı. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərlə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoyurdu.
RAHİBLƏRİN İFŞA OLUNMASI
İllərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mötəmid camaata əmr etdi ki, dua etmək üçün çölə getsinlər.
Camaat üç gün dalbadal çölə gedib namaz qılıb dua etdi, lakin yağış yağmadı. Sabahsı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdən narahat olan Abbasi xəlifəsi Mötəmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Əskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. İmam (ə) məsələni öyrənən kimi belə buyurdu: “Onlardan sabah da yağış yağdırmaq üçün çölə getmələrini istə!” Sabahı gün İmam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədi. Çox keçmədi göydə bir bulud görsənərək yağmağa başladı. İmam əmr etdi ki, əllərini qaldıran bir xristianın barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb İmamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə “İndi dua et, yağış yağsın!” – dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini İmamdan soruşduqda İmam belə buyurdu: “Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər, Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.“ Xalqın qarşısında imtahan etdikdən sonra, İmamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi.
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) TƏRBİYƏ ÜSULU
İmam Sadiqin (ə) nəslindən olan Əbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Əbülhəsən Qum şəhərində imam Həsən Əskərinin (ə) nümayəndəsi olan Əhməd İshaq Əşərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin İmamın nümayəndəsi onu gördüyü pis işlərinə görə qəbul etmədi.
Əbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.
Həmin ildə Əhməd ibn İshaq Əşəri Məkkəyə getdi, qayıdan baş Əşərini İmam (ə) da qəbul etmədi.
Çox yalvar-yaxardan sonra İmamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: “Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim.”
Əşəri dedi: “Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərdən uzaqlaşdırmaq üçün bu işi gödüm.”
Həzrət (ə) buyurdu: “Sənin gördüyün iş doğru deyildi. İslamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.”
Əşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Əbülhəsən də var idi. Əşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Əbülhəsən onun bu işindən heyrətlənib dedi: “Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et!” Əşəri əhvalatı olduğu kimi ona danışdı. Əbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak şəxsiyyətlərdən oldu.
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) QEYB ALƏMİ İLƏ ƏLAQƏSİ
Bir çox kitablarda İmamın möcüzəli işlərindən rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:
1. Cəfər Cürcani deyir: “Həccə getmişdim və imam Həsən Əskərinin (ə) hüzuruna getdim. Dostlarının verdiyi pullar mənim yanımda idi. İmamdan pulları kimə verəcəymi soruşmaq istəyirdim. Hüzuruna getdikdə, mən heç bir söz demədən Həzrət (ə) özü belə buyurdu:
“Yanındakı pulları xidmətçi Mübarəkə ver!” Mən pulları ona təhvil verib İmama “Gürgandakı dostlarınız sizə salam söylədi.” – dedim. İmam (ə) belə buyurdu: “Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy! O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan İbrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adın Əhməd qoysun! O da bizim dostlarımızdan olacaq.” Mən İmamla xudahafizləşib getdim və sonralar elə İmamın buyurduğu kimi də oldu.
2. Sünni alimlərindən Şəblənci, Əbu Haşimdən belə nəql edir: “Mən İmamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda Əli (ə) nəslindən olduğunu deyən bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O gedəndən sonra İmam (ə) belə buyurdu: “Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda məlumat hazırlayıb xəlifəyə çatdırmaq üçün paltarında gizlətmişdir.”
Biz onu gətirib üstünü axdardıq və İmamın buyurduğu kimi bizim haqqımızda yazılmış məlumatı tapdıq ki, əgər xəlifənin əlinə çatsaydı, hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən etibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.”
3. İbrahim adlı bir şəxs belə deyir: “Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir səfərə gedib lakin ondan heç bir xəbər-ətər yoxdur. Qardaşımla birlikdə Mədinədən İraqa yola düşdük. Mən imam Həsən Əskərinin (ə) yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamət elmi ilə atamı tapmaq üçün yalnız o həzrət mənə kömək edə bilərdi. Uzaq yoldan gəlib bir müddət o həzrətin qapısının ağzında oturdum. Oraya gəldiyimi İmama xəbər vermək üçün bir nəfərin evdən çıxmasını gözləyirdim. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və Həzrətin xidmətçisi bayıra çıxıb “Mədinədən İmamı görmək üçün gələn İbrahim adlı müsafir sizin hansınızdır?” – deyə soruşdu?
Mən sevinə-sevinə yerimdən qalxıb “Buyurun, İbrahim mənəm!“ – dedim. O, mənə baxıb əlindəki kisəni verib dedi: “İmam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədir. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan!” Mən təəccüblənərək kisəni aldım və öz-özümə “ Hələ İmamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim niyyətimdən xəbərdar olsun!” – düşündüm. Xidmətçiyə “Məni Həzrətin hüzuruna apar ki, atamın harada olduğunu desin” – demək istəyirdim ki, birdən İmamın “Yoluna davam et!” – deyə buyurduğu söz yadıma düşdü. Başqa tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atam üçün danışdım və ikimiz də başa düşdük ki, İmam bizim gizlin sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, İmamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.
4. İsmayıl adlı bir şəxs isə belə deyir: “İmam Həsən Əskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, Həzrət oradan keçəndə ondan kömək istəyim. Mən öncədən 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyim.
Düşüncəyə dalmışdım, birdən imam Həsən Əskəri (ə) yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsib öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim Həzrəti narahat etdi. Lakin xidmətçisinə “Yanında nə qədər pul varsa bu kişiyə ver!” – deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra Həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: “Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın nemətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi nemətdən istifadə et! Sən 200 yüz qızıl sikkəni dar gündə işinə yarısın deyə gizlətmisən. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmayacaqsan.”
İsmayıl belə davam edir: “İmam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və İmamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, İmamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli saleh olub pis işlərdən çəkinim.
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ÖZ SƏHABƏLƏRİNDƏN BİRİNƏ YAZDIĞI MƏKTUB
Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Əli ibn Babəveyh Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: “Allaha həmd və sənadan sonra, sənə bizim əshabımızdan deyə tövsiyə edirəm: pərhizkar ol, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohum-əqrəbanı həmişə yoxla, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərində diqqətli ol! Mənim əmrlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə dəvət etmək sənin borcundur!”
İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ŞƏHADƏTİ
İmam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əsgərlərinin nəzarət altında saxlanıldı. Buna görə də Əskəri ləqəbi ilə məşhur oldu. Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mötəmidin əmri ilə həbs olundu. İmamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin məmurları hər gün İmamın vəziyyəti barədə xəlifəyə məlumat verirdi. Nəhayət o həzrət (ə) 260-cı hicri ili rəbiül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasının yanında dəfn olundu.
Həzrətin şəhadətindən sonra azğın və xəlifənin adamlarından sayılan qardaşı Cəfər Kəzzab mübarək cəsədə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan İmamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının cənazəsinə namaz qıldı. İmam Həsən Əskərinin oğlu olan on ikinci imamın (ə) “qısa müddətli qeyb” dövrü elə bu vaxtdan başladı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdi. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun “uzun müddətli qeyb” dövrü başladı və o həzrətin inqilab və zühur edəcəyi günə kimi gizli qalacaqdır.