Möminə əziyyət vermək – dinimizin nəzərinə görə, böyük günahdır. Möminin qəlbini sındırmaq olmaz. Çünki Allah mömini o qədər sevir ki, onun haqqını Kəbənin haqqından daha üstün tutur. O zaman ki, qəlb sınar, onun bərpa olması asan olmaz.
Ona görə də hər bir insan dilinə nəzarət etməli və heç kəsin qəlbini sındırmamalıdır. Çünki həmin qəlbi düzəltmək çətin bir işdir. Hər kim möminin qəlbini sındırar – tövbə etməsi kifayət etməz. Gərək həmin insandan halallıq alsın.
Hədislərin birində oxuyuruq ki, Allah Təala buyurur: “Qəlbi sınmış insan Allah dərgahında xüsusi məqama malikdir və Allahın diqqətində qərar tutur. Ürəyi sınan insanın nifrin və dua etməsi tez həyata keçər”.
İnsan qəlibini sındıra bilən rəzil sifətlərdən biri də kinayəli sözlər və insanları dili ilə sancmaqdır. Həm dinimiz, həm də ürf bu əməli bəyənmir, əksinə onu məzəmmət edir.
Əgər insan yersiz yerə elə söz deyər ki, başqasının qəlbinin sınmasına səbəb olar – o, kəbirə günah edər və bu əməlin cəzası ağır olar. Həmçinin bu əməli ilə həmin şəxsə zülm etmiş olar. Dinimiz buyurur ki, heç kəsə zülm etməyin. Əgər kimsə zülm yolu ilə başqalarının haqqını tapdalayarsa, məzlumun ahından amanda qalmaz.
İmam Səccad (ə) buyurur: “Atam ömrünün son anlarından damarlarından qan axa-axa məni qucaqladı və buyurdu: “Sənə atamın ölən zaman mənə buyurduqlarını vəsiyyət edirəm. Əziz oğlum! Allahdan başqa yavəri olmayana zülm etməkdən çəkin!””. (Hədənə/Deyerler.org/)
Bu hədis bizlərə xəbərdarlıq edir ki, insanlara zülm etmək böyük günahdır. Ona görə də hər bir insan dilinə nəzarət etməlidir.