Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur.[1] Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.[2] Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər.[3] Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.[4]

İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.[5] O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki,[6] künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.[7]

İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR

 

İmam Həsən Əskəri (əleyhissəlam) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:

1) Əl-Mötəzz Billah (252–255 h.q);

2) Əl-Mühtədi Billah (255–256 h.q);

3) Əl-Mötəmid (256–279 h.q).

Qiyama başladıqları ilk gündə Ələviləri himayə etmək və Bəni-Üməyyədən onların intiqamını almaq adı ilə ayağa qaxmış Bəni-Abbas, camaata verdiyi vədlərə əməl etməkdən imtina edərək Bəni-Üməyyə xəlifələri kimi, bəlkə onlardan da çox zülm etməyə, özbaşınalığa başlayırlar. İmam Həsən Əskəri əleyhissəlamın dövründə yaşamış Abbasi xəlifələrinin çirkin əməllərini göstərmək üçün onların hakimiyyətinə və bu müddət ərzində baş vermiş hadisələrə qısa nəzər salaq.

1. Əl-Mötəzz

 

Mötəzz Mütəvəkkilin oğlu olub xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra (252. h.q) xilafət başına keçərək öz əcdadlarının yolunu davam etdirmişdir.

Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alaraq xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər, ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir:

Bir gün Mötəzz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir: “Mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm.” Sonra isə öz fikrini belə açıqladı: “Nə qədər ki, türklər onu (Mötəzzi) himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o, hakimiyyətdə qalacaq, ancaq elə ki onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur.”[8]

Mötəzzin öldürülməsi

 

Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir məna daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mötəzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mötəzzi hakimiyyətdən çıxardıb bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki, onu öldürmək üçün ac-susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Mötəzz diri-diri torpağa basdırılır.[9]

2. Əl-Mühtədi

 

İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş ikinci, ümumilikdə isə on dördüncü Abbasi xəlifəsi olmuş Mühtədi hicrətin iki yüz əlli beşinci ilində qardaşı Mötəzzin ölümündən sonra hakimiyyətə gəlir. O da qardaşı kimi heç bir sərbəstliyə malik olmur və Abbasilər sarayındakı türklərin oyuncağına çevrilir. Mühtədi digər Abbasi xəlifələrilə müqayisədə ədalətli və orta səviyyəli bir şəxs olmuş, əxlaq, rəftar və davranış baxımından Bəni-Üməyyə xəlifələri arasında Ömər ibn Əbdüləzizdən heç də geri qalmırdı. O, bəzi vaxtlar deyirdi: “Əməvi xəlifələri arasında heç olmasa bir nəfər (Ömər ibn Əbdüləziz) ədalətli xəlifə olmuşdur. Bizim üçün eybdir ki, Abbasi xəlifələri arasında bir nəfər ona oxşamasın.” Buna görə də, o da Ömər ibn Əbdüləziz kimi mümkün qədər camaatın şikayətlərinə yetişir, yemək-içmək və geyimdə nisbətən ədaləti qoruyurdu. O, hakimiyyətə gəldikdən sonra saraydan əyləncə və şərab məclislərini yığışdırdı. Tarixçilər bu barədə kifayət qədər yazmış və onun bu hərəkətini təqdirəlayiq bilmişlər.[10] Belə nəzərə çarpır ki, Mühtədinin bu işdən məqsədi siyasi-ictimai gedişatı qorumaq olmuşdur. O, yaxşı başa düşürdü ki, cəmiyyət arasında ondan da layiqli və savadlı şəxslər var və belə olduğu halda, o, hökuməti onlara təhvil verməli, özü isə kənara çəkilməlidir. Bu hərəkətləri ilə o, özünə sosial baza toplamaq istəyirdi. Yoxsa tarixçilər demişkən günlərini oruc halında keçirib duz-çörək və sirkə ilə iftar edən şəxs öz nəfsini elə ram etməlidir ki, əsla hakimiyyət fikrində olmasın. Halbuki, Mühtədi də qardaşı Mötəzz kimi öldürüldüyü günə qədər hakimiyyətdə olmuşdur. Tarix onun kimi xəlifələri çox görüb və bu cür hərəkətlərin İlahi məqsəd daşıması ağıla batası deyil. Mühtədinin dünyatələb və zalımlığının ən aşkar sübutu budur ki, o, İmam Həsən Əskəri əleyhissəlamı həbs etdirir və o Həzrət onun hakimiyyətinin son gününə qədər zindanda qalır. Hətta Mühtədi İmamı öldürmək fikrinə də düşmüşdü.[11]

3. Əl-Mötəmid

 

İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş üçüncü Abbasi xəlifəsi Mötəmid olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) İmamət dövrünün dörd ilini onun hakimiyyəti vaxtında keçirmişdir. Mötəmid hicrətin iki yüz iyirmi doqquzuncu ilində anadan olmuş, iki yüz əlli altıncı ildə türklər vasitəsilə hakimiyyətə gəlmiş və iki yüz yetmiş doqquzuncu ildə vəfat etmişdir. Tarixçilər (Mötəmidin əmisi oğlu) Mühtədi[12] barədə təqdirəlayiq sözlər yazıb onu nisbətən tərifləmişlərsə, ondan fərqli olaraq Mötəmidin əxlaq pozğunluğuna dair kifayət qədər məlumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef-damağ, eyş-işrət vurğunu olmuş və əsla camaatın çətinliklərinə yetişməmişdir. Buna görə də, camaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə (Təlhəyə) ümid bəsləmişdi. Mötəmidin başı həddən artıq əyyaşlığa qarışdığından,[13] hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mötəmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar: “Zahirdə Mötəmidin xəlifə olmasına baxmayaraq, hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mötəmidin yalnız quru adı var idi.[14]

 

İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN DÖVRÜNDƏ SİYASİ-İCTİMAİ VƏZİYYƏT

 

Qeyd etdiyimiz kimi Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər İmam Cavad (əleyhissəlam), məxsusən İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış üç İmam bu təzyiqlərin şiddətindən cavan yaşlarında ikən şəhadət şərbətini içmişdir. İmam Cavad (əleyhissəlam) iyirmi beş, İmam Əliyyən-Nəqi (əleyhissəlam) qırx bir, İmam Həsən Əskəri (əleyhissəlam) isə iyirmi səkkiz yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstə gəldikdə cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri əleyhissəlama qarşı olunan təzyiqlər özündən qabaqkı iki İmama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki səbəbi var:

1) İmam Həsən Əskəri əleyhissəlamın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün camaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə, İslamda xəlifəlik məqamı Həzrət Əli əleyhissəlamın övladlarına məxsusdur. O dövrdə də bu ailənin parlaq nümayəndəsi məhz İmam Həsən Əskəri (əleyhissəlam) olmuşdur. Şiələrin böyük bir qüdrətə çatmasını Mötəmidin vəziri Übeydullahın bu məsələyə etiraf etməsi də təsdiq edir. Belə ki, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o Həzrətin qardaşı Cəfər Kəzzab Übeydullahın yanına gəlib deyir: “Əgər sən məni qardaşımın yerinə (İmam) təyin etsən, mən bu işə görə sənə ildə iyirmi min dinar pul verərəm.” Vəzir (Übeydullah) onun bu sözündən qəzəblənib deyir: “Axmaq, xəlifə sənin atanı (İmam Əliyyən-Nəqi (əleyhissəlamı)) və qardaşını İmam bilənlərin üstünə bu fikirlərindən dönmək üçün o qədər qılınc çəkdi, ancaq onları öz fikirlərindən döndərə bilmədi, nə qədər çalışsa da buna nail olmadı. Əgər sən də şiələrin fikrində İmamsansa, onda xəlifəyə-filana ehtiyac yoxdur, yox, əgər onların fikrincə İmam deyilsənsə, onda bizim səyimizin bir xeyri olmayacaq.”[15]

2) Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Məhdi (əleyhissəlam) İmam Həsən Əskəri əleyhissəlamın nəslindən olacaq. Buna görə də, onlar daima İmam Həsən Əskəri əleyhissəlamı təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. (Necə ki, Firon Musa əleyhissəlamı uşaqlığından ələ keçirmək üçün əbəs yerə səy edirdi.) Bu barədə İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti bölməsində ətraflı məlumat verəcəyik.

Yuxarıda qeyd etdiyimiz iki səbəbə görə on birinci İmama qarşı təzyiqlər həddən artıq çox idi və hər tərəfdən o Həzrət nəzarət altına alınmışdı. Abbasi xəlifəsi, İmam Həsən Əskəri əleyhissəlamın mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o Həzrəti həftənin birinci və dördüncü günləri saraya gəlməyə məcbur etmişdi.[16]

Xəlifə Mühtədi də İmam Həsən Əskəri əleyhissəlamı tutub həbs edir və Mötəzz kimi o da, İmamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.[17]

İMAM HƏSƏN ƏSKƏRİ ƏLEYHİSSƏLAMIN TƏHLÜKƏSİZLİK TƏBDİRLƏRİ

 

Dediklərimizdən əlavə, əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin İmama və eləcə də, o Həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar:

1) Əbu Haşim Davud ibn Qasim Cəfəri deyir:[18] “Biz bir neçə nəfər zindanda olarkən İmam Həsən Əskəri (əleyhissəlam) və qardaşı Cəfəri də zindana gətirirlər. İmam Həsən Əskəri əleyhissəlama hörmət əlaməti olaraq ona xidmət etmək məqsədilə, o Həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm (qeyri-ərəb) bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: “Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olcağınızı deyərdim.” Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o Həzrət buyurdu: “O, sizin danışdıqlarınız barədə xəlifə üçün məlumat toplayıb onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir.” Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı məlumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli məlumatlar yazmışdı.”[19]

Bu hadisədən belə başa düşülür ki, Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da, onların üstündə gizli nəzarətçi saxlayırmışlar.

2) İmam Həsən Əskəri əleyhissəlamın Əhməd ibn İshaq adlı bir səhabəsi deyir: İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gedib ondan bir şey yazmasını xahiş edərək dedim: “Sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım” (və düşmən sizin adınızdan məktub yaza bilməsin). O Həzrət buyurdu: “Mənim xəttim (bir məktubda) bəzi hissələrdə nazik qələmlə, bəzi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma (mənim məktubumdur)…”[20]

3) İmamın səhabələrindən biri deyir: “Biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, İmam Həsən Əskəri (əleyhissəlam) evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o Həzrətdən bizə bu məzmunda bir məktub yetişdi: “Heç biriniz mənə salam verməyin, heç biriniz də mənə tərəf yaxınlaşmayın. Çünki bu, sizin canınız üçün təhlükəyə səbəb olar.”[21]

4) Əbdüləziz Bəlxi deyir: “Bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına tərəf gedən İmam Həsən Əskəri əleyhissəlamı gördüm. Ürəyimdə dedim yaxşı olar ki, “Ey camaat, bu, Allahın hüccətidir, onu tanıyın!” – deyə qışqırım. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O Həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda, barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olum. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O, mənə buyurdu: “Ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan.” Həmin gün axşam İmamın hüzuruna getdim. O Həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin!”[22]

5) İmam Həsən Əskəri əleyhissəlamın dövründə Ələvilərdən biri işləmək məqsədilə Samirradan çıxıb Cəbəl (İranın Qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi) şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur: Haradan gəlmisən?

— Samirradan.

— Filan məhəllə və küçəni tanıyırsan?

— Bəli!

— İmam Həsən Əskəri əleyhissəlamdan xəbərin varmı?

— Xeyr!

— Bura nə üçün gəlmisən?

— İşləmək üçün.

— Mənim əlli dinar pulum var, onu götür, birlikdə Samirraya gedək. Məni orada İmam Həsən Əskəri əleyhissəlamın evinə apar.

Ələvi şəxs qəbul edib onu İmamın evinə aparır…[23]

Bu hadisədən məlum olur ki, hökumətin ciddi təqibi nəticəsində İmam Həsən Əskəri əleyhissəlamın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə, Hələvandan olan kişinin Ələvi şəxsə onu İmam Həsən Əskəri əleyhissəlamın evinə aparmasına görə bu məbləğdə pul verməsi, o dövrdə İmamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt əlli dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bəzi alimlər (tarixçilər) o vaxt bir dinarı bir dəvənin pulu (bir dəvəyə bərabər) hesab etmişlər.[24] Deməli, o vaxtın əlli dinarı dəyər baxımından indiki dövrdə əlli dəvənin qiymətinə bərabər olmuşdur.

İmam Həsən Əskəri əleyhissəlamın yeddicəhətli fəaliyyəti

 

Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;

2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət;

4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;

5)–Mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək;

6)–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək;

7)–Şiələri öz oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik.

1.Elmi fəaliyyətlər

Düzdür, İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.[25]Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq, bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız “rical” kitablarından ələ gətirmək olar.[26]

Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissəlamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar.

A) FİLOSOFUN SƏHVİ

 

İbn Şəhr Aşub yazır: “İraq sakini, İslam və ərəb filosoflarından biri hesab olunan İshaq Kendi “Quranın ziddiyyətləri” adlı bir kitab yazır.[27]O, uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazmışdı. Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlir. İmam onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur?” Şagird deyir: “Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik.” İmam buyurdu: “Bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi?” Şagird “Bəli!” – deyə cavab verir. İmam buyurur: “Buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Quranı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O, sənin cavabında deyəcək: Ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah-taala Quranda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutmuşdur, lakin siz isə Onun ifadəsini başqa mənaya yozursunuz.” Sonra İmam əlavə edərək buyurdu: “O, ağıllı adamdır, bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər.” Şagird müəlliminin yanına gəlib İmamın buyurduğu kimi etdi. Nəhayət, məsələni ortaya atmağın vaxtı gəlib çatdı. O, İmamın sualını bu cür irəli sürdü: “Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu, yaxud dinləyici başa düşməsin? Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi?” İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib dedi: “Sualını bir də de!” Şagird sualı təkrar etdi. Müəllim bir öz fikirləşib dedi: “Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür.” Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir: “Səni and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual haradan sənin fikrinə gəldi?” Şagird deyir: “Belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var?”

Müəllim: “Yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görüm bu sualı sənə kim deyib?”

Şagird: “Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri (əleyhissəlam) öyrədib.”

Müəllim: “Bax indi düz dedin.”

Sonra müəllim əlavə edib dedi: “Bu cür suallar ancaq onların ailəsinə yaraşıb. (Həqiqəti üzə çıxaran yalnız onlardır.)

Müəllim öz səhvini anlayıb həqiqəti başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə “Quranın ziddiyyətləri” barədə yazdıqlarını oda atıb yandırır.


[1] Üsuli-kafi, c.1, səh.503.

[2] Əl-İrşad, səh.335.

[3] Üsuli-kafi, c.1, səh.503.

[4] Əl-ənvarül-bəhiyyə, səh.151.

[5] İləlüş-şərayi, c.1, səh.230.

[6] Dəlailül-imamət, səh.223.

[7] Əl-İrşad, səh.345.

[8] İbn Təqtəqa, Əl-Fəxri, səh.243.

[9] İbn Təqtəqa, Əl-Fəxri, səh.243.

[10] İslamın siyasi tarixi, c.3, səh.377.

[11] Biharül-ənvar, c.50, səh.313.

[12] Mühtədi, Vasiq ibn Mötəsimin oğlu Mötədi isə Mütəvəkkilibn Mötəsimin oğlu idi.

[13] Tarixül-xüləfa, səh. 363–367.

[14] İbn Təqtəqa, Əl fəxri, səh.250.

[15] Kəşfül-ğümmə, c.3, səh.197.

[16] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.434; Dəlailül-imamə, səh.226.

[17] Kitabül-qeybət, səh.134.

[18] Əbu-Haşim, Cəfər Təyyarın nəslindən olub şiə məzhəbininparlaq nümayəndələrindən biri olması ilə yanaşı, həm də İmam Cavad (əleyhissəlam), İmam Əliyyən-Nəqi (əleyhissəlam)və İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur. (Qamusur-rical, c.4, səh. 255–258.)

[19] Əl-Fusulul-muhimmə, səh.304.

[20] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.433.

[21] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.433.

[22] İsbatul-vəsiyyə, səh.243.

[23] Kəşfül-ğümmə, səh.216.

[24] İmam Həsən Əskəri əleyhissəlamın həyatı, səh.181.

[25] Rical, səh.427.

[26] Rical elmi hədis deyənlərdən bəhs edir.

[27] Əslində bu kitabı onun oğlu yazmışdır.