İmam Həsən Əskərinin şiələr üçün vəsiyyət etdiyi həyat nizamnaməsi
İmam Həsən Əskəri (ə) ömrünün son günlərində şiələrə vəsiyyət edərək, onlara İslami həyat tərzi yaşamaq üçün nizamanmə bəyan etmişdir.
İmam Həsən Əskərinin (ə) öz şiələrinə vəsiyyət etdiyi bu həyat nizamnaməsində müsəlman həyatının fərdi və ictimai baxımdan necə olması açıqlanıb. Şiələr ailədə, qonşuluqda, cəmiyyətdə və məzhəblərarası münasibətdə necə rəftar etmələri bəyan edilib.
İmam Həsən Əskəri (ə) şiələrə vəsiyyətində buyurur:
«أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ. إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ لَناحَقٌّ فى كِتابِ اللّهِ وَ قَرابَةٌ مِنْ رَسُولِ اللّهِ وَ تَطْهيرٌ مِنَ اللّهِ لا يَدَّعيهِ أَحَدٌ غَيْرُنا إِلاّ كَذّابٌ. أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ (ص) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُوا ما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ».
1). “Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun”.
Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hücurat/13).
Quran-Kərim buyurur: “Allah yanında ən sevimli məqam təqvalı olmaqdır”. (Ali-İmran,76; Tövbə, 4 və 7).
Quran-Kərim ayələrinə görə “təqva” həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201).
Qurani-Kərim “təqva”lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb:
Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9).
Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab,1).
Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır – (Bəqərə, 119; Mütəffifin, 1).
Məsumlardan (ə) nəql olunan hədislərdə “təqva” əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur.
İmam Əli (ə) buyurur: “Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq”.
İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: “Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan”.
2). “Haramlardan çəkinin (vərə`niz olsun)”.
İmam Sadiq (ə) buyurur: “Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir”.
3). “Allah yolunda çalışın”.
İmam Sadiq (ə) buyurur: “Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü isə (dünyası və axirəti üçün) çox çalışandır”.
İmam Sadiq (ə) başqa hədisdə buyurur: “Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma”.
4). “Sədaqətli olun, Doğru danışın və Xəyanət etməyin”.
Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın.
Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58).
5). “Çox rüku və səcdə edin, rükü və səcdədə çox qalın. Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim”.
6). “Qonşularınızla (din, məzhəb və millətindən asılı olmayaraq) yaxşı davranın”.
İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur:
قبری أمان لاهل الجانبین
“Mənim qəbrim hər iki tərəf (şiə və sünni) üçün pənahgahdır, təhlükəsizlik yeridir”.
İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur: “Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək.
Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin.
Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın.
Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə!
Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır.
Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var.
Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm”.
Əllamə Məclisi, “Biharul-Ənvar”, c.75, s.372, bab.29.
@mirmehemmed_beshir