İmam Kazimin (ə) zülmkar hakimlə mübarizələrində önəm verdiyi ən əsas məsələ hakim rejimlə əməkdaşlıq etməməsi idi.

İmam Kazimin (ə) zülmkar hakimlə mübarizələrində önəm verdiyi ən əsas məsələ hakim rejimlə əməkdaşlıq etməməsi idi. Təbii ki, bu məsələ hakim rejimin qeyri-qanuni olduğunu da göstərir. Xalqın bir hakimiyyəti qeyri-qanuni bilməsi məsələsi həmin hakimiyyət üçün olduqca təhlükəlidir. Çünki xalq bir hakimiyyətin qanuni olduğuna inanmazsa, hər an onu aradan qaldırmaq üçün bir fəaliyyət təşkil edilərək camaat da ona qatıla bilər.
Tarixdə qeyd edildiyi ki, buna Səfvan ibn Məhran Cəmmalın əhvalatını nümunə olaraq göstərə bilərik. Səfvan imam Kazimin (ə) şiələrindən biri olaraq İmamın (ə) hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.” Səfvan soruşur: “Ey Rəsulullahın (s) övladı! O bir iş nədir?” İmam buyurur: “Dəvələrini Haruna kirayə verməyin.” Səfvan deyir: “Mən dəvələrimi ona gəzintiyə çıxmaq, bihudə işlərlə məşğul olmaq, ova getmək və bu kimi işlər üçün verməmişəm, əksinə Məkkə səfərinə getmək üçün vermişəm. O özü birbaşa bu işi görmür və başqaları gəlib dəvələri məndən onun üçün kirayə götürür.” İmam (ə) buyurur: “Dəvələrini onlara kirayə verməyin səncə düz işdir?” Səfvan deyir: “Bəli.” İmam buyurur: “Kirayə müddətinin bitməsinə və dəvələrini sənə geri qaytarana qədər Harun və onunla birgə olanların yaşamasını istəyirsənmi?” Safvan deyir: “Bəli, istəyirəm!” İmam buyurur: “Onların yaşamasını istəyən hər kəs onlardandır. Onlardan olan hər kəs də cəhənnəmə girəcəkdir.”
Bu hadisədən sonra Səfvan dəvələrini satır. Harun bunun səbəbini Səfvandan soruşduqda, belə deyir: “Mən artıq qocalmışam və xidmətçilər də bu işi yaxşı bacarmırlar.” Harun deyir: “Dəvələri kimin əmrilə satdığını bilirəm, bu işi səndən Musa ibn Cəfər (imam Kazim) (ə) istəmişdir.” Səfvan deyir: “Mənim Musa ibn Cəfərlə (ə) nə əlaqəm var.” Harun deyir: “Bu sözləri bir kənara qoy, and olsun Allaha, əgər sədaqətli olmasaydın, səni öldürərdim.” (“Rical”, Kəşşi, s.441.)
İmam Kazimin (ə) Abbasilər xilafətinə qarşı apardığı mübarizələrin başqa bir növü o həzrətin Əli ibn Yəqtini Abbasilərin sarayında saxlaması və onun vasitəsilə şiələrin problemlərini həll etməyə çalışması idi. Əli ibn Yəqtin imam Kazimin (ə) Abbasilərin sarayında nüfuz sahibi olan səhabələrindən biri idi. Onun Mehdi Abbasi və Harunər-Rəşidin zamanında daha çox nüfuzu vardı və ondan şiələrin xeyrinə istifadə edirdi.
Bir gün Əli ibn Yəqtin imam Kazimin (ə) hüzuruna gəlib xilafət sarayından çıxmaq üçün icazə istədikdə, İmam ona icazə verməyərək belə buyurdu: “Bu işi görmə! Biz sənin orada olmağına alışmışıq, sənin orada çalışmağın qardaşlarının (şiələrin) izzətinə səbəb olur. Sənin orada çalışmağınla Allah Öz dostlarını məğlubiyyətdən qurtarır və müxaliflərin onlara qarşı qurduqları hiylələri aradan qaldırır. Ey Əli! Sənin günahlarının kəffarəsi qardaşlarına yaxşılıq etməkdir.” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.48, s.136.)
Başqa bir rəvayətdə imam Kazimin (ə) onun cavabında belə buyurduğu qeyd edilmişdir: “Bu işini davam etdirməkdən başqa çarən yoxdur. Allahdan qorx!” (“Qurbul-əsnad”, s. 126.)
Başqa bir rəvayətdə nəql olunur ki, imam Kazim (ə) İraqa gətirilən zaman, Əli ibn Yəqtin o həzrəti bu vəziyyətdə gördüyü üçün təəssüflənir. İmam ona buyurur: “Ey Əli! Zalımların dostları arasında Allahın da dostları vardır. Allah onların vasitəsilə dostlarına gələcək bəlaları dəf edər və sən onlardan birisən!”
Başqa bir rəvayət isə belədir: “Hər zülmkar hakimin yanında Allahın bir dostu vardır və Allah onun vasitəsilə dostlarından bəlaları dəf edər.” (“Rical”, Kəşşi, s.435.)
Əli ibn Yəqtin haqqında bir çox dedi-qodular və ittihamlar ortaya atıldı, amma Əli ibn Yəqtin təqiyyə edərək imam Kazimin (ə) tövsiyələrinə əməl etməklə təhlükədən nicat tapdı. Əli ibn Yəqtin hakim dairələri düşündürən bəzi məzhəbi problemlərin həllində imam Kazimin (ə) fikirlərindən faydalanmağa çalışırdı.
İmam Kazimin (ə), özlərini Abbasi xəlifələrin xidmətində qoyan satılmış saray alimlərilə apardığı mübarizə də o həzrətin apardığı mübarizələrin başqa bir nümunəsidir. İmamın kəlamlarında onlarla mübarizə apardığı müşahidə olunur. Belələrinin hakim dairələrin xidmətində olması ümumxalq baxımından həmin hakimiyyətin qanuni olduğunu göstərirdi və təbii olaraq onun qəbuluna səbəb olurdu. Elə bu səbəbdən, belə alimlər hökumət tərəfindən dəstəklənir və daha çox sevilirdilər.
İmam Kazim (ə) Rəsulullahdan (s) belə bir rəvayət nəql edir: “Fəqihlər özlərini dünyaya satmadıqları vaxta qədər peyğəmbərlərin əmanətdarlarıdır.” (“Təfsiri-Əyyaşi”, c. 1, s. 185.)
İmamdan: “Özlərini necə dünyaya satarlar?” – deyə soruşduqda, İmam buyurdu: “(Zalım) hakimlərə itaət etməklə (özlərini dünyaya satmış olarlar). Bu zaman öz dininiz üçün onlardan qorxun.”
İmam Kazim (ə) şəhadətə yetirildikdə, Harunər-Rəşid o həzrətin öz əcəli ilə öldüyünü xalqa inandırmaq üçün bu kimi alimlərdən alət olaraq istifadə etdi və beləcə, xalqı yatırtmağa çalışdı.
Rza Şükürlü Maide.az