Yeddinci Abbasi xəlifəsi Məmun (813-833) hakimiyyətinin lap əvvəllərində güclü qiyamlarla qarşılaşdı. Kufədə Əbus-Səraya və İbn Təbatəba, Mədinədə Məhəmməd Dibac, Cəzirədə Nəsr ibn Şibs tərəfindən qaldırılmış qiyamların miqyası xəlifəni dəhşətə gətirirdi. Xüsusilə, xalq arasında böyük hörmətə malik olan Bəni-Haşim seyyidlərinin qatıldığı Əbus-Səraya qiyamı xilafət üçün çox təhlükəli idi.
Belə bir şəraitdə səkkizinci imam Rzanın (ə) nüfuzundan yararlanmaq Məmuna öz işlərini yoluna qoymaq və Əhli-beyt tərəfdarlarını sakitləşdirmək üçün fürsət verəcəkdi. Hicri 200-cü ildə (miladi 815-816) Məmun İmam Rzanı (ə) Mədinədən öz yanına – Xorasana gətizdirməyi əmr etdi.
İmam Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərinə gətiriləndən sonra Məmun öz məqsədini ona açıb söylədi. Sən demə, Məmun xilafəti o həzrətə təhvil vermək və özü hakimiyyətdən uzaqlaşmaq niyyətində imiş. İmam xəlifənin qeyri-səmimi olduğunu və məkrli plan arxasında gizləndiyini duydu, buna görə də xəlifəliyi qəbul etməkdən qəti surətdə boyun qaçırdı. Axırda Məmun heç olmazsa, vəliəhdliyi qəbul etməsini o həzrətin qarşısına tələb kimi qoydu.
Məmun İmam Rzanı (ə) istər xəlifə, istərsə vəliəhd kimi hakimiyyət başına gətirməkdə bir neçə məqsəd güdürdü. Əvvəla, İmam Rzanı (ə) yüksək dövlət məqamına əyləşdirməklə, xilafət ərazisində baş qaldırmış Əhli-beyt təmayüllü üsyanları zərərsizləşdirmək mümkün olacaqdı. Məmun bu addımı atmaqla üsyançıları sakitləşdirmək və guya Əhli-beytin haqqının qəsb olunmadığı mənzərəsini yaratmaq istəyirdi.
İkincisi, Məmun düşünürdü ki, İmam Rza (ə) siyasi hakimiyyətə gətirildikdən sonra istər-istəməz ölkədə baş verən ədalətsizliklərə cavabdehlik daşıyacaq, hakim rejimin nəinki sıravi nümayəndəsi, hətta başçısı olaraq ümumxalq nifrətini qazanacaqdı. O həzrətə hakimiyyət hərisi, dünya malına aldanmış bir şəxs kimi baxacaqdılar.
Üçüncüsü, İmam Rza (ə) Mərvə gətirilərək, yüksək dövlət məqamına təyin edilməklə daim Məmunun nəzarəti altında qalacaq, hər növ sərbəst fəaliyyət imkanından məhrum olacaqdı.
Öz məramına nail olmaq üçün Məmun heç nədən çəkinmirdi. Xoşluqla İmamı vəliəhdliyə razı sala bilməyən xəlifə o həzrəti ölümlə təhdid etdi. İmam Rza (ə) məcburiyyət qarşısında qalıb, son dərəcə ikrahla və müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etməyə razılıq verdi. İmamın şərtləri bundan ibarət idi ki, vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iştirak etməyəcək, dövlət vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir islahata qarışmayacaq. Məmun bu şərtlərlə razılaşmalı oldu.
Hicri 201-ci ilin ramazan ayında (miladi 817, mart) Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə bütün saray əyanları, xilafətin adlı-sanlı şəxsləri, alimlər və qoşun başçıları o həzrəti vəliəhd kimi tanıdıqlarını elan etdilər. İmama beyət edən ilk şəxs Məmunun oğlu Abbas oldu. Xəlifə xilafətin bütün şəhərlərində yeni vəliəhdin adına beyət alınmasına və sikkələrin üzərində o həzrətin adının yazılmasına fərman verdi.
İmamla bağlılığını daha da möhkəmlətmək üçün Məmun öz qızı Ümmi-Həbibəni o həzrətə ərə verdi. Bu qohumluq əlaqəsini yaratmaqda xəlifənin məqsədi bu idi ki, qızı ilə İmam Rzanın (ə) övladı doğulsun və Məmun özündən sonra hakimiyyəti ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən imamət sülaləsinə mənsub olacağı üçün hər iki tərəf onun hakimiyyəti ilə razılaşacaqdı.
Lakin Məmunun arzuları ürəyində qaldı. İmam Rza (ə) ilə Ümmi-Həbibənin izdivacından heç bir övlad dünyaya gəlmədi. Məmunun bütün israrlarına rəğmən İmam Rza (ə) əvvəldə bağladığı şərtə sadiq qalaraq hökumət işlərinə qarışmır və bütün hərəkətləri ilə zalım hakimiyyətdə yalnız tamaşaçı qismində təmsil olunduğunu nümayiş etdirirdi. Məmunun gözlədiyinin əksinə olaraq İmam Rzanın (ə) nüfuzu nəinki azalmır, hətta durmadan artırdı.
Məmun İmamın hörmət və məhəbbətini ürəklərdən silmək üçün o həzrəti müxtəlif çətin elmi mübahisələrə çağırmağa və alimlərlə üzləşdirməyə başladı. Sarayda tez-tez təşkil olunan məclislərə istər müsəlman alimləri, istərsə də yəhudi, məsihi, atəşpərəst, dəhri (materialist) əqidəli elm adamları dəvət olunur və İmam Rza (ə) ilə onlar arasında sual-cavab aparılırdı. Bu yolla Məmun İmam Rzanın (ə) elmi suallar qarşısında aciz qalacağını və məğlub olub gözdən düşəcəyini güman edirdi. Lakin bu tədbirlər də bir nəticə vermədi. Həzrət Rza (ə) hər dəstənin nümayəndələri ilə onların öz əqidə və metodları əsasında mübahisə edərək səhvlərini açır və haqq əqidənin düzgünlüyünü sübuta yetirirdi. Sarayda qurulan bütün elmi müzakirə məclisləri İmamın mütləq qələbəsi ilə başa çatırdı.
Nəhayət, səkkizinci imam Həzrət Rza (ə) hicrətin 203-cü ilində, səfər ayının son günündə (miladi 818, sentyabr) Xorasanın Tus şəhərində Məmunun göndərdiyi zəhərli üzümü yeyərək şəhid oldu və həmin şəhərdə (hal-hazırda Məşhəd şəhəridir) torpağa tapşırıldı.
Islam.az