İmam Rzanın (ə) həyat tərzi:
insanların hüquqlarının riayət edilməsi
Müsəlmanların 8-ci məsum rəhbəri və Allah-Taala tərəfindən təyin edilmiş imamı Həzrət Əli ibn Musa Rzanın (ə) evində xidmətçi işləyən Yasir və Nadir hər ikisi belə nəql edirlər:
«ياسِرٌ الخادِمُ ونادِرٌ جَميعًا قالا :قالَ لَنا أبُو الحَسَنِ الرضاء عليه السلام: إن قُمتُ عَلى رُؤوسِكُم وأنتُم تَأكُلونَ فَلا تَقوموا حَتّى تَفرُغوا. ولَرُبَّما دَعا بَعضَنا فَيُقالُ لَهُ: هُم يَأكُلونَ ، فَيَقولُ : دَعهُم حَتّى يَفرُغوا»

“Mövlamız Həzrət İmam Rza (ə) bizə tapşırıq vermişdi ki, siz yemək yeyərkən və süfrədə olanda mən (bir iş üçün) sizin yanınıza gəlsəm, yeməyinizi tamamlamadan heç vaxt ayağa qalxmayın.
Çox vaxtlar elə olurdu ki, mövlamız İmam Rza (ə) bizdən birini çağırarkən deyirdik yemək yeyir.
Buyurardı: Narahat etməyin, icazə verin yeməyini tamamlasın. (Şeyx Kuleyni, “əl-Kafi”, c.6, s.298, hədis:10).
P.S: Bu gün biz bu əxlaqı bir neçə yerdə qorumalıyıq. Çünki baxmayaraq ki, dildə inkişaf, tərəqqidən danışırıq, orta əsirlərə ağız büzürük, amma texnoloji inkişafın içində olmağımıza və tam elektronlaşmış bir gələcəyə (!?) doğru getməyimizə baxmayaraq insanların iqtisadi vəziyyəti hər gün ağırlaşır. Orta təbəqə və ondan aşağısı üçün gündəlik dolanışıq əldə etmək çətinləşir. Bunun da nəticəsində bir çoxları birbaşa və ya şirkətlər vasitəsi ilə evlərdə işləməyə gedirlər. Həmçinin dükanda, böyük şirkətlərdə və ya istənilən bir işdə kimlərsə kimlərinsə əlinin altında işləyir. Diqqət etmək lazımdır ki, özünün və ailəsinin xərclərini təmin etmək üçün sənin əlinin altında işləyən hər bir cəhətdən səninlə bərabər hüquqa malikdir. Sənin ondan heç bir üstünlüyün yoxdur. O öz əməyi ilə pulunu qazanır və sən də pulun ilə işini gördürürsən. Sırf bu ki, sən iş gördürürsən və pul verirsən və maddi baxımdan o sənə daha ehtiyaclıdır deyə, onun insani və hüquqi haqlarını tapdalaya bilməzsən. Sənin onun pulunu kəsməyə, günün bütün çoxunu sənin üçün işləməyə, onun gün ərzində rahat yemək yeməsi, ailəsi ilə danışması və ibadət etməsi kimi hüquqlarını əlindən almağa haqqın yoxdur. Və həmçinin işçi üçün rahat iş şəraiti yaratmalısan, onları canları və sağlamlıqlarını və mallarını təhlükəyə salacaq bir şəraitdə işlətməməlisən.
Qeyd edim ki, bəzi ehtiyaclı insanlar ehtiyacları üzündən hər bir işdə işləməyə razılıq verirlər. Yenə də işəgötürənin həm hüquqi və həm də insani vəzifəsidir ki, insanların ehtiyacından sui-istifadə etməsin və onlara az pul müqabilində çox iş saatı və çox iş yükləməsin.
Bundan əlavə bu hədis ailədəki davranışlarımıza da aiddir. Kişilər çox vaxt xanımları ilə tam bir kəniz kimi rəftar edirlər. Bəzən ailə hamısı süfrə başında oturur, süfrədə nəsə çatışmırsa, evin kişisi və bəzən də özünü evdə atasının “zam”ı hesab edən “oğul” çığırır ki, durun gətirin filan. Bu zaman ya xanım (ana) durmalıdır, ya da qız uşağı. Halbuki hamı eyni hüquqa malikdir. Hamı qarşısında xörəyini yeyirsə, kimsənin haqqı yoxdur digərini yeməyindən saxlayıb ona iş buyursun. Hər kəs zəhmət çəkib durub özünə lazım olan şeyi götürməlidir…. hər kəs özü öz işi üçün ayağa durmağı bacarmalıdır… amma…
Və əlbəttə! Bizim milli və dini ailə dəyərlərimiz var. Əgər süfrədə ata və anamız əyləşibsə, nəsə lazımdırsa, övladın əxlaqi vəzifəsi cəld tərpənib həmin lazım olan şeyi valideyn üçün gətirməsidir. Ər işdən gəlib, yorğundur, süfrəyə lazım olan şeyləri xanım hazır edir və ortada nəsə çatışmırsa, xanımın əli həmişə mətbəxə yaxın olur və lazım olan şeyi təmin edir və sair… Bunlar hamısı bizim milli və dini kimliyimizdən doğan dəyərlərdir, gözəldir və qorunmalıdır. Amma sevgi və izzətlə, zor və zillətlə deyil!
Teligram:@mirmehemmed_beshir