Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür.
Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.
İMAMIN XƏSTƏLİYİ İLAHİ BİR MƏSLƏHƏT İDİ
Bir qrup müsəlman imam Səccadı (ə) həmişə xəstə kimi yad edir və bununla da, camaatın düşüncəsində o həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində, heç də belə olmamışdır. Çünki o həzrət yalnız Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən, otuz beş il digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz, o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, imam Səccad (ə) bu vasitə ilə “cihad” vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq imamət xətti davam etmişdir. Əgər imam Səccad (ə) xəstələnməsəydi, cihadda mütləq iştirak etməliydi. Bu təqdirdə, atasının başqa oğul və dostları kimi şəhid olar və beləcə, imamət nuru birdəfəlik sönmüş olardı.
Sibt ibn Cuzi yazır: “Əli ibn Hüseyn (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.” (“Təzkirətul-xəvvas”, səh.324.)
Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) Aşura günü atası ilə olan zaman iyirmi üç, yaxud iyirmi dörd yaşı var idi. O, həmin gün xəstə olduğundan döyüşdə iştirak edə bilməmişdir.” (Ət-təbəqatul-kubra, c.5, səh.221.)
Bəli, dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik ilahi bir məsləhət idi.
İMAM SƏCCAD (Ə) – KƏRBƏLA İNQİLABININ CARÇISI
İmam Səccad (ə) “Aşura” faciəsindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla “Aşura” inqilabının və imam Hüseynin (ə) şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın düşüncəsini oyatmaqla məşğul olmuşdur.
Müaviyənin dövründən etibarən Əməvilər sülaləsinin Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını nəzərə almaqla, şübhəsiz, əgər Əhli-beyt əsirləri Əməvilər hakimiyyətinin iç üzünü açaraq camaatın düşüncəsini oyatmasaydılar, İslam düşmənləri və hakim dairələr imam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar, onun simasını dəyişdirərdilər. Ancaq imam Səccadın (ə), eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat imam Hüseynin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.