“İnsan” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- İnsanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın?!
- İnsanı qarışdırılmış nütfədən yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və görən etdik.
- Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
- Kafirlər üçün zəncirlər, buxovlar və yandırıcı şölələri olan od hazırlamışıq.
- Sözsüz ki, möminlər xoş ətirli (şərab dolu) badələrdən nuş edəcəklər –
——————————————————————————————–
- Allaha baxmaq: Bu ayədə Cənnət sakinlərinə ediləcək ən böyük mənəvi hədiyyədən bəhs edilir. Həmin hədiyyə qəlb gözü və batini müşahidə ilə Allahın camalına baxmaqdır. Bu baxış onları Allahın misilsiz zatına, mütləq kamillik və gözəlliyə cəzb edəcək, onlara bir an bütün dünya və dünyadakılardan da üstün olan təsəvvürəgəlməz mənəvi zövq bəxş edəcək. Bir qrup məlumatsız insan burada hissə aid müşahidədən, Qiyamətdə Allahın zahiri hiss orqanı olan gözlə görüləcəyindən danışıldığını iddia etmişdir. Halbuki bu cür görmə Allahın cism olmasını tələb edir. Çünki məkan və keyfiyyət cismə xas olan xüsusiyyətlərdir. Allah isə bu xüsusiyyətlərdən ucadır. Quran ayələrində də bu məsələyə dəfələrlə toxunulmuşdur (Ənam-103). Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Cənnət sakinləri Cənnətə daxil olduqları zaman Allah buyuracaq: “Sizin üçün artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Bizim üzümüzü ağardıb Cənnətə daxil etmədinmi? Oddan xilas etmədinmi?” Bu zaman pərdələr çəkiləcək. Həmin vaxt onlar üçün Rəblərinə baxmaqdan gözəl bir şey olmayacaq.”[1]
“İnsan” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. İnsanın yaradılışı, yolun ona göstərilməsi və yol seçimində onun azad buraxılması. 2. Möminlərin bəzi mükafatlarının qeyd edilməsi. Əhli-beytə aid olan xüsusi nazilolma səbəbi və sözügedən mükafatın onlara layiq görülməsinin dəlilləri. 3. Quranın əhəmiyyəti, onun hökmlərinin icra yolları, habelə özünü islah etməyin enişli-yoxuşlu yolu. 4. İnsanın ixtiyar sahibi olması ilə yanaşı Allahın iradəsinin hökmranlığına işarə.[2]
5-22. Peyğəmbər Əhli-beytinin (s) üstünlüyünü təsdiq edən böyük fakt: İbn Abbas belə nəql edir: İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) xəstələnmişdi. Peyğəmbər (s) bir dəstə səhabəsi ilə onlara dəyməyə gəlmişdi. Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: “Ey Əbülhəsən, yaxşı olardı ki, övladlarının şəfa tapması üçün nəzir edəsən”. Həzrət Əli (ə), həzrət Fatimə (ə) və Fizzə (onların xidmətçisi) nəzir edirlər ki, əgər onlar şəfa tapsalar, üç gün oruc tutacaqlar. Bəzi hədislərə görə İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) də oruc tutmağı nəzir edir. Çox çəkmir ki, onların hər ikisi sağalır. Həmin vaxt onların maddi vəziyyətləri də yaxşı olmur.
Həzrət Əli (ə) 3 kq arpa borc alır, həzrət Fatimə (ə) onun üçdə birindən çörək bişirir. İftar vaxtı qapıya bir dilənçi gəlib deyir: “Salam olsun sizə, ey Mühəmmədin ailəsi! Müsəlman yoxsullarındanam, mənə yemək verin, Allah da sizə Cənnət yeməklərindən lütf etsin”. Onlar hamısı öz payını həmin yoxsula verib yalnız su ilə keçinir. İkinci gün də oruc tuturlar, iftara yemək (arpa çörəyi) hazırladıqları vaxt qapıya bir yetim gəlir. Həmin gün də öz paylarından keçirlər, yenə də su ilə kifayətlənirlər. Növbəti gün yenə oruc tuturlar. Bu dəfə qürub vaxtı bir əsir gəlir. Bu dəfə də paylarını verirlər. Səhər açılandan sonra həzrət Əli (ə) İmam Həsənlə, İmam Hüseynin (əleyhiməs-salam) əlindən tutub Peyğəmbərin (s) yanına gedir. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurur: Sizin bu vəziyyətiniz mənə çox ağır gəldi. Sonra ayağa qalxıb onlarla birlikdə yola düşür. Həzrət Fatimənin (ə) evinə daxil olanda onun aclıqdan qarnı belinə yapışmış və gözləri batmış halda mehrabda dayanıb namaz qıldığını görürlər. Peyğəmbər (s) çox narahat olur. Bu vaxt Cəbrail enib buyurur: “Ey Muhəmməd, bu surəni qəbul et ki, Allah belə bir ailəyə sahib olduğuna görə səni təbrik edir”. Cəbrail bunu söyləyib “İnsan” surəsini nazil edir. Bəziləri həmin vaxt “İnsan” surəsinin 5-22-ci ayələrinin nazil olduğunu qeyd etmişlər.[3] Sünni məzhəbinin ən böyük təfsirçilərindən olan Alusi də bu surənin Əhli-beyt (ə) haqqında nazil olduğunu qeyd etmiş və ayələrin altından belə yazmışdır: “Bu surədə Cənnət xidmətçilərindən danışıldığı halda, Zəhrayi-Bətula (s) hörmət əlaməti olaraq qaragözlü hurilərdən danışılmır.”[4]
- Allahın xas bəndələrinin içdiyi və istədiyi yerdən axıtdığı çeşmədən.
- Onlar vəd etdikləri nəziri verər və əzabı hər yeri sarmış gündən qorxarlar.
- Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər
- (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!
- Əslində, biz ağır və zəhmli gündə Rəbbimizdən qorxuruq!”
- (Bu etiqad və əməllərinə görə) Allah onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər.
- Səbr etdiklərinə görə onlara Cənnəti və ipəkdən olan Cənnət libasları bağışlayar.
- Orada taxtlar üzərində dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər.
- Cənnət ağaclarının kölgələri onlar üçün aşağı enəcək, meyvələrini də dərmək asan olacaq.
- Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
- Gümüşdən olan elə büllur qədəhlər ki, onları münasib ölçüdə hazırlamışlar.
- Orada onlara zəncəfil qatılmış pak şərabla dolu badələr içirdiləcək.
- (Həmin badələr) Cənnətdə Səlsəbil adlı bulaqdan (doldurulacaq).
- Onların ətrafında həmişə gənc olan xidmətçi gənclər dolanacaq. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
- Oraya baxsan, nemət və əzəmətli səltənət görərsən.
- Onların əyinlərində taftadan və atlazdan yaşıl paltarlar olacaq. Qolları gümüş bilərziklərlə bəzədiləcək. Rəbləri onlara pak şərab içirdəcəkdir.
- (Onlara deyiləcəkdir): “Bu sizin hədiyyənizdir, səyiniz təşəkkürə layiqdir”.
- Həqiqətən, Biz Quranı sənə nazil etdik.
- Buna görə də Rəbbinin hökmünün (təbliği və icrasında) səbirli və dözümlü ol və onlardan heç bir günahkara və ya kafirə itaət etmə!
- Hər səhər-axşam Rəbbinin adını xatırla!
————————————————————————————–
- Xas bəndələrə aid olan bulaq: Allahın xas bəndələrinin ixtiyarında olan pak şərab bulağı onlar istədiyi verdən baş qaldırıb axır. İmam Baqir (ə) həmin bulaq haqqında belə buyurmuşdur: “O bulaq İslam peyğəmbərinin (s) evindədir, oradan digər peyğəmbərlər və möminlərin evinə axır.” Dünyada elm və mərhəmət bulağı Peyğəmbərin (s) evindən Allah bəndələrinin evinə doğru cərəyan etdiyi kimi, axirətdə də onun böyük bir təcəssümü olacaq, pak şərab çeşməsi vəhy evindən qaynayıb möminlərin evlərinə doğru axacaq.[5]
- Başqalarına yemək verməyin savabı: Acları doydurmaq yaxşı insanların ən üstün cəhətlərindəndir. Quranda bu cəhətə çox böyük önəm verilmişdir. Əgər müasir dünyaya nəzər salsaq, yayılan xəbərlərə görə hər il dünyada milyonlarla adam aclıqdan ölür. Halbuki dünyanın başqa yerlərində zibilliklərə külli miqdarda yemək tökülür. Bu da İslam qanunlarının çox yüksək dəyərlərə sahib olduğunu, dünyanın isə ondan nə qədər uzaq düşdüyünü açıq şəkildə göstərir. Hədislərdə də bu məsələyə xüsusi önəm verilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə qarnı doyunca yemək verən şəxsi axirətdə hansı mükafatın gözlədiyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs, hətta Allahın yaxın mələkləri və peyğəmbərlər də bilməz.” Hədislərdə açıq şəkildə qeyd edilir ki, mömin və müsəlman olmasa belə, ac adamları doydurmaq ən yaxşı əməllərdəndir. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Allah dərgahında əməllərin ən yaxşısı yanan ciyərləri sərinlətmək, ac qarınları doydurmaqdır. Canım əlində olana and olsun, müsəlman qardaşı gecəni ac yatdığı halda, tox yatan bəndə mənə iman gətirməmişdir.”[6]
- Orada nə günəş, nə də soyuq görəcəklər: Bu cümlə Cənnət havasının çox xoş olduğunu bədii çalarlarla ifadə edir. “Zəmhərir” şiddətli soyuğa deyilir. İbn Abbasa istinad edilən bir hədisdə belə deyilir: “Cənnət sakinləri qəfildən Cənnəti işıqlandıran günəş işığına bənzər bir işıq görəcək və Cənnət məmuruna deyəcəklər: “Bu nə işıqdır belə? Axı Allah buyurub ki, orada nə günəş, nə də soyuq görəcəklər.” O isə belə deyəcək: “Bu, günəş və ay işığı deyil, Əli (ə) və Fatimə (ə) gülüb, Cənnət onların dişlərinin nurundan işıqlanıb.”[7]
- Pak şərab: Cənnətdə əməlisalehlərə verilən nemətlərdən söz açılarkən dadlı və ləzzətli içkilərdən də danışılır. Ancaq onlarla bu ayədə qeyd edilən içki arasında çox böyük fərq olduğunu görürük. Onlarda içkini verən saqi əbədiyaşar gənclər, burada isə Allahdır. İnsanı tərbiyə edib yüksək kamillik mərhələlərinə nail edərək, son mərəhləyə yüksəldən Allah lütfkarlığının ən yüksək həddini nümayiş etdirir, Öz qüdrət əli ilə əməlisaleh bəndəsini pak şərabla sirab edir. Ümumiyyətlə, “təhur” ərəbcə həm pak olana, həm də pak edənə deyilir. Deməli, bu içki insanın cismini və ruhunu istənilən bulaşıqdan təmizləyir, ona sözlə ifadə edilməsi qeyri-mümkün olan ruh, nur və sevinc bəxş edir. İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə deyilir: “Onları Allahdan başqa hər şeydən təmizləyər”. Qəflət pərdələrini yox edər, örtükləri aradan qaldırar, insanı Allah yaxınlığında daimi hüzura layiq edər.[8]
- Gecə vaxtı Ona səcdə et və gecə uzun müddət Onun şəninə təriflər de!
- Bunlar ötəri dünyanı sevib ağır günü tərk edirlər.
- Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları başqaları ilə əvəz edərik.
- Bu, bir xatırlatmadır. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
- Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Allah biləndir, müdrikdir!
- O, istədiyini (layiq gördüyünü) Öz rəhmətinə daxil edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
[1] Nümunə, c.25, səh.302
[2] Nümunə, c.25, səh.327
[3] Nümunə, c.25, səh.343
[4] Əl-Mizan, c.20, səh.143
[5] Nümunə, c.25, səh.350
[6] Nümunə, c.25, səh.357
[7] Nümunə, c.25, səh.363
[8] Nümunə, c.25, səh.371