Birinci hissə
.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: “İmam Hüseynın (ə) məktəbi elə bir məktəbdir ki,
لا يدرس
heç kim bu məktəbi oxuyub qurtara bilməz.”
Qurani Kərim Əraf surəsinin 51-ci ayəsində buyurur:
الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَهْوًا وَ لَعِبًا وَ غَرَّتْهُمُ الْحَيَوةُ الدُّنْيَا فَالْيَوْمَ نَنسَئهُمْ كَمَا نَسُواْ لِقَاءَ يَوْمِهِمْ هَاذَا وَ مَا كَانُواْ بِايَاتِنَا يجَحَدُونَ
“O kəslər ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə onlar bu günki görüşlərini (Qiyaməti) yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi Biz də bu gün onları yaddan çıxaracağıq.”
Yəni insanlar əsas dörd qurupa bölünür, onlardan ikisi dindarlara , iki isə dinsizlərə aiddir. Bu ayədə haqqında danışılan kəslər dinlərini oyun-oyuncaq bilən, dinə öz dünyaları üçün mənfəət məqsədilə baxan dırnaqarası dindarlardır. Kərbəlada imam Hüseyn əleyhissalam ilə müharibə edən qoşundakı “dindarlar” belə dindarlar idilər. Dünya həyatı onları qürurlandırıb aldatdı; İnsanlar bəzən ibadətləri ilə, ziyarətə getməkləri ilə, ehsan süfrəsi açmaqları ilə, dilləri ilə müəyyən sayda zikrləri təkrarlamaq ilə, bəzi zahiri gözəl olan əməlləri və sair ilə qürurlanıb Allaha və onun dininə qarşı üsyan etmiş olurlar.
Qürur odur ki, insan hər hansı bir vəsilə ilə aldana və bunun nəticəsində özünü kamil, şərəfli sayır və bundan sonra ucalmaq üçün vasitə və tərəqqi yolları axtarmağı özünə lazım bilmir.
Hicrətin 60-cı ili rəcəb ayının 15-i Müaviyə öldükdən sonra onun oğlu Yezid tələsik Mədinə şəhərinin valisi Vəlid ibn Ütbəyə məktub yazdı. Vəlid məktubu oxudu, o məktubda Yezid yazmışdı ki, bu üç nəfərdən təcili olaraq beyət al və onlara aman vermə. Əgər beyət etməzlərsə onları məcbur et.
Həmin üç nəfər İmam Hüseyn əleyhissalam, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyr idi.
Tarix kitablarında Müaviyənin Yezidə nəsihətlərində dörd nəfərə görə narahat olduğunu bildirmişdir. Onların dördüncüsü Əbdürrəhman ibn Əbubəkr idi (birinci xəlifə Əbubəkrin oğlu, Aişənin qardaşı).
Əbdürrəhman ibn Əbubəkri qarabaqara izləyən Müaviyə özü onu tapıb öldürdü, lakin qalan üçünü öldürə bilmədi.
Müaviyənin ölüm xəbərini eşitdikdən sonra Vəlid gecə ikən Mərvanı çağıtdırdı. Vəliddən əvvəl Mədinənin hakimi Mərvan ibni Həkəm idi. Mərvan vəzifədən çıxdığına görə acıq elədi və heç bir işdə Vəlidə qoşulmayacağını bildirmişdi və onunla heç danışmırdı da.
Mərvan təəccüb etdi ki, görəsən gecənin bu vaxtı onu niyə çağıtdırır və fikiləşdi ki burda nəsə bir iş var. Vəlidin yanına gəldi, Vəlid Müaviyənin öldüyünü və Yeziddən gələn məktubu ona göstərərək dedi: “Məktubda üç nəfərdən beyət almağı və beyət etmədikləri halda boyunlarını vurmağı əmr edib. Bu vəziyyətdə mən nə edim?”
Mərvan dedi: “Camaat bilməmiş, hay-küy düşməmiş çağıtdır, beyət al onlardan.”
Abdullah ibn Ömər (ikinci xəlifənin oğlu) Mədinədə yox idi, Məkkəyə Ümrə həccinə getmişdi. Abdullah ibn Zübeyrə xəbər göndərdilər, Abdullah məsciddə imam Hüseyn əleyhissalamı gördü və ondan gecənin bu vaxtı niyə onu çağırdığını soruşduqda imam Hüseyn əleyhissalam buyurdu: “Güman edirəm ki, Müaviyə ölüb…” Abdullah ibn Zübeyr qorxdu, tez gizləndi və Vəlidin yanına getmədi. Gecə ikən gizlincə və kəsə yolla Məkkəyə qaçdı.
Amma imam Hüseyn əleyhissalam çağırıldıqda İmam (ə) bir neçə Bəni-Haşim cavanları ilə görüşə gəldi. İmam Hüseyn əleyhissalam içəri daxil oldu və onunla gələnlər isə bayırda dayanıb gözlədilər. Vəlid dedi: -ey Hüseyn! Bil ki, Müaviyə ölüb, indi Yezid xəlifədir və sən gərək ona beyət edəsən.
İmam Hüseyn əleyhissalam buyurdu: Mən gərək fikirləşəm.
Vəlid dedi: Yaxşı get fikirləş. Bu vaxt Mərvan üzünü Vəlidə tutub dedi: -Hara buraxırsan bunu, bu getsə sən bir daha bunu tuta bilməyəcəksən, məcbur etmək lazımdır beyətə. Bu sözləri eşidən imam
Hüseyn əleyhissalam uca səslə buyurdu: “Sən məni hədələyirsən?”
Bu zaman imam Hüseyn əleyhissalam bir neçə çümlə ilə varlıq aləminin həqiqətlərini, həyatda iki əsas yolun olduğunu və bu iki yolun heç vaxt bir-birinə təslim olmayacağını aşkarlayaraq Vəlidə xitabən buyurur:
“Ey əmir, Biz Peyğəmbərlik Əhli-Beytiyik, Risalət mədəniyik (Allahın haqq dinini yayan bizik), mələklərin gedib-gəlmə yeri bizim evimiz(qəlbimiz)dir, Allah varlıq aləmini bizimlə başlayıb və bizimlə də qurtaracaq. (Allahın yaratdığı ilk varlıq həzrət Muhəmmədin(s) nuru sonuncu isə qeybdə olan İmamın zühurudur) Ancaq Yezid isə fasiq (günahdan çəkinməyən) birisidir, şərab içəndir, günahsız insanları öldürür, hər kəs onun günahlarını görür və heç bir günahdan çəkinmir.”
İmam Hüseyn əleyhissalam iki yolun ikisini də açıqladıqdan sonra buyurur: “Mənim kimisi, onun kimisinə beyət etməz.”
Beləliklə imam Hüseyn əleyhissalam oradakı çıxışına xitam verir, Vəlidin yanından çıxarkən son sözlərini belə buyurur: “Lakin biz də gün keçiririk, siz də gün keçirirsiz (yəni zaman keçir) və biz də gözləyirik, siz də gözləyirsiz (yəni gözləyirik görək nə baş verəcək) və sonda zaman göstərəcək ki, hansımız beyətə və xilafətə daha layiqdir.”
Deməli, dünyada iki yol vardır, İlahi yol və bir də şeytani yol. İlahi yol və xəlifəlik Peyğəmbərlərin və onların vəsilərinin əlindədir. Şeytani yol isə dindən sui istifadə edənlərin və İlahi xilafəti qəsb edənlərin əlindədir.
Ardı var…