Məsələyə dilçilik baxımından yanaşsaq, nəzərə almalıyıq ki, ərəb dilində “mövla” sözünün bir neçə mənası vardır. Mərhum Əllamə Əmini “əl-Ğədir” kitabında “mövla” sözünün 27 mənasını qeyd edir. Bunların içində “rəbb (bəsləyən, tərbiyə edən), əmi, əmioğlu, oğul, bacıoğlu, kölə, malik, tabe, şərik, qonşu, yoldaş, kürəkən, qohum, üstün, sevən, yardımçı, çörəkverən” və s. mənalar vardır. Beləliklə, “dost, sevən” mənası bu sözün mənalarından yalnız biridir.

Qurani-kərimin özündə “mövla” sözü fərqli mənalarda işlənmişdir. Ayələrin birində Allah-təala cəhənnəmdən söz açaraq, onun kafirlərə layiqli və uyğun bir məkan olduğunu ifadə etmək üçün “mövla” sözündən yararlanır: “Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!” (Hədid, 15). Böyük İslam alimləri İbn Abbas, Kəlbi, Fərra, Əxfəş, Sələb, Buxari, İbn Qüteybə, Təbəri, Ənbari, Vahidi, İbn Cövzi, Təftazani, Əli Quşçi, Sənani, Şəblənci və başqaları öz kitablarında bu ayəni təfsir edərkən, məhz “yaraşan, uyğun olan (övla)” məfhumunu doğru saymışlar.

Qurani-kərimin daha bir neçə ayəsində də “mövla” kəlməsi işlədilir ki, onların hamısında bu kəlmə Allaha aid edilərək, “ixtiyar sahibi, ağa” mənalarını verir. Məsələn: “Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə, 286). Digər ayədə Allah tövsiyə edir: “De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Hədid, 51). Ayələrin bir neçəsində də “mövla” kəlməsi birbaşa Allaha aid edilir: “Allah sizin mövlanızdır. O (hər şeyi) biləndir, hikmət sahibidir!” (Təhrim, 2). “Onun mövlası Allahdır” (Təhrim, 4). “Xeyr, Allah sizin mövlanızdır. O, yardım edənlərin ən yaxşısıdır” (Ali-İmran, 150). “Bilin ki, Allah sizin mövlanızdır. O ən gözəl mövla, ən yaxşı imdada çatandır!” (Ənfal, 40). “Allaha sığının. O sizin mövlanızdır” (Həcc, 78). Göründüyü kimi, ayələrin hamısında Allahın insanlar üzərində ixtiyar sahibi olmaq sifəti qabardılır.
Daha başqa bir ayədə isə Allah-təala ağa ilə kölədən danışarkən, ağa barəsində “mövla” kəlməsini işlədir: “O öz ağasına bir yükdür” (Nəhl, 76).

Əlbəttə, hədisdəki “mövla” sözünün “ixtiyar sahibi, ağa, başçı” mənası verdiyini ifadə edən başqa dəlillər vardır ki, mövzu barədə kitablarda (o cümlədən, “əl-Ğədir” kitabında) bunlara ətraflı izah verilmişdir.

 

NATİQ RƏHİMOV