“Mücadilə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əri ilə bağlı sənə müraciət və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Allah eşidəndir, görəndir.
  2. Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcə­­ləri onların anaları deyillər. Anaları yalnız onları dünyaya gətirmiş qadınlardır. Onlar yaramaz və yanlış söz danışırlar. Allah əfv edəndir, bağışlayandır.
  3. Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu, sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.
  4. (Buna) imkanı olmayan şəxs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna da gücü çatmayan şəxs altmış yoxsulu yedirtməlidir. Bu, sizin Allaha və Onun elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Ona qarşı çıxanları isə ağrılı-acılı bir əzab gözləyir.
  5. Allah və Onun elçisi ilə düşmənçilik edənlər özlərindən əvvəlkilər xar və rüsvay olduqları kimi xar və rüsvay olacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri xar və rüsvayedici bir əzab gözləyir.
  6. O gün Allah onların hamısını dirildəcək və etdikləri əməllərdən – Allahın hesabını qoruduğu, onların özlərinin unutduqları əməllərdən xəbərdar edəcək. Allah hər şeyə şahiddir.

————————————————————————————–

“Mücadilə” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə üç hissəyə bölmək olar: 1. “Zihar” (kişilərin öz qadınlarını analarına bənzədərək onları özlərinə haram etməsi) və onun hökmləri. 2. Məclisə aid olan ədəb qaydaları, o cümlədən pıçıltı ilə danışmaq, məclisə yenicə daxil olmuş adama yer vermək haqqında göstərişlər. 3. Münafiqlər və zahirdə İslamdan dəm vuran, ancaq düşmənlərlə əlaqəsi olanlar haqqında ətraflı məlumat, həqiqi müsəlmanların Şeytan və münafiqlər dəəstəsinə girməməsinə çağırış, onların Allah dəstəsinə girməsinə çağırılması.[1]

  1. Surənin ilk ayələrinin nazilolma səbəbi: Təfsirçilərin çoxunun ilk ayələrin nazilolma səbəbləri ilə bağlı qeyd etdiklərinin ümumi məzmunu: Ənsardan olan bir qadın ərinin qəzəbinə tuş gəlir və ər də tündxasiyyət bir adam olduğu üçün həyat yoldaşından ayrılmaq qərarına gəlir. Buna görə də öz həyat yoldaşına belə deyir: “Sən mənim üçün anam kimisən!” Bu boşanma forması Cahiliyyət dövrünə aid idi. Bu cür boşanma zamanı qadının nə öz həyat yoldaşı ilə ailəliyi mümkün idi, nə də başqa bir adamla ailə qura bilərdi. Qeyd olunan vəziyyət ərli bir qadının başına gələn ən pis hadisə hesab edilirdi. Çox keçmir ki, ər peşman olur, ancaq “zihar” (qadının anaya bənzədilməsi ilə haram edilməsi) Cahiliyyət dövründə qayıdışı mümkün olmayan boşanma forması olduğu üçün kişi həyat yoldaşına belə deyir: Hesab edirəm ki, mənə həmişəlik haramsan. Qadın deyir: Belə danışma, Allah rəsulunun (s) yanına get və bu məsələni ondan soruş. Kişi: “Mən utanıram”, – dedikdə qadın deyir ki, elə isə qoy mən gedim. Kişi deyir ki, eybi yoxdur, get. Qadın Peyğəmbərin (s) yanına gedir və əhvalatı ona danışır. Peyğəmbər (s) buyurur: Sən ona haram olmusan və mənim bu barədə heç bir göstərişim yoxdur. Qadın üzünü Allah dərgahına tutub deyir: Ey Rəbbim, çarəsizliyimdən, ehtiyacdan və vəziyyətimin pisliyindən sənə şikayət edirəm. Peyğəmbərinə (s) bir əmr göndər və bu problemi həll et. Bu vaxt bu surənin ilk ayələri nazil olur. Peyğəmbər (s) həmin ayələri o qadının həyat yoldaşına oxuyur və zihar boşanmasının yaratdığı problemin həlli yolunu göstərir. Zihar böyük günahlardandır, hər kəs öz həyat yoldaşını “sən mənə anam kimisən” deyib boşasa, qadın şəriət hakiminə müraciət edib rəsmi boşanma vasitəsilə həyat yoldaşından boşana və ya ərini əvvəlki evliliyinə məcbur elətdirə bilər. Ancaq əvvəlki evlilik həyatına qayıtmazdan əvvəl ər cərimə ödəməlidir. Ziharın cəriməsi imkan olduğu təqdirdə bir qul azad etməkdir, imkan olmadığı təqdirdə iki ay ardıcıl oruc tutmaqdır, buna da imkan olmadıqda altmış ehtiyaclını doyurmaqdır. İslamın zihar boşanmasına qarşı bu cür qətiyyətli münasibəti onu göstərir ki, İslam özbaşnalıq edən kişilərin öz zalım və qəddar ənənlərindən istifadə edərək qadınların hüquqlarını pozmasına icazə vermir, əksinə insanlar arasında nə qədər kök atmış olsa belə, bu cür xurafat və yanlış ənənələrinin yer üzündən silinməsini aradan qaldırmaq istəyir.[2]
  2. Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Nə zaman üç nəfər xəlvəti söhbət edirsə, dördüncüləri Allahdır, nə zaman dörd nəfər xəlvəti söhbət edirsə, beşinciləri Allahdır, nə zaman beş nəfər xəlvəti söhbət edirsə, altıncıları Allahdır. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Çünki Allah hər şeyi bilir.
  3. Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik etmək və Peyğəm­­bərə qarşı çıxmaq üçün öz aralarında xəlvəti danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis aqibətdir!
  4. Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!
  5. Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan Şeytan tərəfindəndir. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Elə isə möminlər Allaha təvəkkül etsinlər.
  6. Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş şəxslərin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.

————————————————————————————-

  1. Allah hər bir xəlvəti yerdədir: Allah cisim deyil, cismə xas olan xüsusiyyətlərin heç biri Onda yoxdur, buna görə də Onun üçün zaman və məkan təsəvvür etmək olmaz. Eyni zamanda Allahın hər hansı yerdə olduğunu təsəvvür etmək Onu məhdudlaşdırmaqdır. Başqa sözlə desək, O, hər şeyi əhatə edir, ancaq məkanı yoxdur. Bundan başqa Onun mələkləri də hər yerdədir və bütün əməlləri qeydə alırlar. İmam Əli (ə) bu ayənin təfsiri haqqında belə buyurmuşdur: “Yəni Allahın etibarlı varlıqları onlara verdiyimiz qüdrətlə bütün yaradılmışlar üzərində hakimdirlər, əgər bir şey etsələr, sanki Allah etmişdir.” Əlbəttə, bu, məsələnin bir tərəfidir. Ancaq digər tərəfi Allahın Özünün hər şeyi əhatə etməsidir. Belə ki, xristian alimlərindən biri İmam Əlidən (ə): “Allah haradadır?”, – deyə soruşduqda İmam (ə) buyurur: “O, buradadır və oradadır, yuxarıda və aşağıdadır, bizi əhatə edir, hər zaman bizimlədir. Allah “nə zaman üç nəfər xəlvəti söhbət edirsə, dördüncüləri Allahdır…”, – deyə buyururkən də bunu çatdırmaq istəmişdir.”[3]
  2. Allahın və Allahdan qeyrisinin salamı: İmam Baqirin (ə) hədislərinin birində belə qeyd edilir: “Bir gün bir qrup yəhudi Peyğəmbərin (s) yanına gəlib “əssəlamu ələykə” demək əvəzinə “əssamu ələykə, ey Əbülqasim” deyir. Bunun da mənası “sənə ölüm olsun” və ya “məzəmmət və yorğunluğa düçar olasan” deməkdir. Peyğəmbər (s) onlara “eynisi sizə olsun”, – deyə cavab verir. Aişə qeyd edir ki, bu məqam mənim diqqətimi cəlb etdiyi üçün dedim: “Sizə ölüm olsun. Allahın lənət və qəzəbi üzərinizə olsun.” Peyğəmbər (s) mənə dedi: “Sakit ol, kobudluq və pis danışmaqdan çəkin”. Dedim: Məgər eşitmirsən, “sənə ölüm olsun” deyirlər? Buyurdu: “Bəs sən mənim onlara “eynisi sizə olsun” dediyimi eşitmədin?” Bu zaman Allah-taala bu ayəni göndərir: “Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır.[4]
  3. Elmli möminlərin dərəcələrinin yüksəldilməsi: Bir gün Peyğəmbər (s) cümə günlərinin birində “süffə”də (Məscidin qarşısında olan böyük səkidə) əyləşir, ətrafında da adam çox olduğu üçün yer darısqallıq edir. Peyğəmbər (s) adətən, Bədr mücahidlərinə çox böyük hörmət bəsləyərmiş. Elə bu vaxt həmin adamlardan bir qrupu daxil olur. Ancaq camaat artıq Peyğəmbərin (s) ətrafını doldurmuşdu. Onlar Peyğəmbərin (s) yanına gəldikdə ona salam verir, Peyğəmbər (s) də cavab verir. Sonra oradakılara salam verirlər. Onlar da cavab verirlər. Beləcə, ayaq üstə qalırlar. Ancaq onlara yer verən olmur. Bu vəziyyət Peyğəmbərə (s) çox ağır gəlir, üzünü ətrafında oturanlardan bir neçəsinə tutur, gələnlərə yer vermələri üçün onları yerlərindən qaldırır. Bu, iman və cihadda digərlərindən öndə olanlara hörmət edilməsini göstərirdi. Ancaq oradakıların bəzisi Peyğəmbərin (s) bu davranışından narazı qalır. Allah-taala sözügedən ayəni nazil edir, məclisdə oturmaq qaydaları ilə bağlı onlara bir neçə tövsiyə verir, bu göstərişlərin iman, elm və ayıqlıdan xəbər verdiyini göstərir. Bundan başqa, Peyğəmbərin (s) təzə gələnlərə yer vermələri üçün bəzi adamlara durmalarını göstəriş verməsi müqəddəs məqsədə, iman və elmdə öndə olanlara hörmət səciyyəsi daşıyır. Digər tərəfdən, nəzər nöqtəsi olan ayədən belə başa düşülür ki, insanın dərəcəsini iki cəhət yüksəldir: iman və elm. İmam Əli (ə) buyurmuşdur: “Elm və təhsil axtarışında olarkən əcəli yetişmiş şəxslə Peyğəmbər (s) arasında bir dərəcə fasilə var”. Peyğəmbər (s) belə buyurmuşdur: “Qiyamətdə üç qrup şəfaətçi olacaq: peyğəmbərlər, alimlər və şəhidlər”.[5]

 

  1. Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət etmək istədiyiniz zaman öncə sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Əgər imkanınız olmasa, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.
  2. Yoxsullaşacağınızdanmı qorxub gizli söhbətinizdən əvvəl sədəqə verməkdən çəkindiniz? İndi ki bunu etmədiniz və Allah da tövbənizi qəbul etdisə, onda namaz qılıb zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.
  3. Sən Allahın qəzəbinə tuş gəlmiş adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
  4. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Çünki onlar pis əməllər törədiblər.
  5. Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.
  6. Nə malları, nə də övladları onları Allahın əzabından qorumayacaq. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar.
  7. Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə edə biləcəklərini güman edəcəklər. Bilin ki, onlar əsl yalançılardır.
  8. Şeytan onları üstələmiş və Allahı xatırlamağı onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi ziyana uğramışdır.
  9. Allah və Onun elçisi ilə düşmənçilik edənlər ən zəlil kimsələr arasında olacaqlar.
  10. Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim, hökmən, qalib gələcəyik!” Allah qüvvətlidir, məğlubedilməzdir.

——————————————————————————–

  1. Xəlvəti danışıq: Bu ayənin nazilolma səbəbindən bəhs edən hədis və tarixi mənbələrdən belə məlum olur ki, bir qrup varlı adam Peyğəmbərin (s) yanına gəlib onunla xəlvəti söhbətlər edirdi. Bu hərəkət Peyğəmbərin (s) qiymətli vaxtını tutmaqla yanaşı, zəiflərin narahatlığına və varlıların imtiyaz qazanmasına səbəb olurdu. Allah-taala bu surənin 12-ci ayəsini nazil edir və onlara xəlvətə çəkilməzdən əvvəl ehtiyaclılara sədəqə vermələrini göstəriş verir. Vəziyyəti belə görən varlılar xəlvətə çəkilməkdən imtina edirlər. Bu zaman növbəti ayə nazil olur və Allah həmin ayədə onları məzəmmət edir, birinci ayənin hökmünü götürür və hər kəsə yalnız xeyir işlərdə xəlvəti danışmağa, Allaha itaət etmək üçün xəlvətə çəkilməyə icazə verir. Bəs bu hökmün və onun tez bir zamanda dəyişməsinin səbəbi nə olmuşdur? Bəzi təfsirçilər bu suala cavab verərkən belə qeyd etmişlər: Burada məqsəd öz sevgilərini Peyğəmbərə (s) xəlvətdə izhar edən iddialı insanları sınamaq olmuşdur. Allah-taala bu vasitə ilə sevgi və mərhəmət etirafının müftə olduğu zamana aid olduğunu aşkara çıxarır. Halbuki az miqdarda maldan keçməklə şərtləndiyində iddiaçılar susurlar. Əlbəttə, Allahın bu böyük imtahanından yalnız möminlərin əmiri İmam Əli (ə) keçmişdir. İmam Əli (ə) hədislərinin birində belə buyurur: “Quranda bir ayə nazil olub ki, nə məndən əvvəl kimsə ona əməl edib, nə də məndən sonra kimsə ona əməl edəcək. Mənim bir dinarım var idi, onu on dirhəmə dəyişmişdim. Allahın rəsulu (s) ilə hər dəfə xəlvətə çəkilmək istədikdə bir dirhəm sədəqə verirdim.” Abdullah ibn Ömər ibn Xəttaba istinad edilən bir rəvayətdə belə deyilir: “Əlinin üç fəziləti var idi. Əgər onlardan biri məndə olsaydı, mənim üçün qırmızı tüklü dəvələrdən daha yaxşı olardı. Onun Fatimə ilə evliliyi, Xeybər günü bayrağın ona verilməsi və “Nəcva” ayəsi(nə əməl etmək).” Bu ayə müsəlmanlara göstərdi ki, zərurət olmadığı təqdirdə Peyğəmbər (s) və digər İslam rəhbərlərini xəlvətə çəkməklə onların qiymətli vaxtını tutmasınlar, bununla da müsəlmanların narahatlığına səbəb olmasınlar. Buna görə də birinci hökm müvəqqəti xarakter daşımış, ayənin məqsədi hasil olduqdan sonra dəyişmişdir. Çünki birinci hökm bir sıra problemlərin meydana çıxmasına səbəb olurdu; hər hansı zəruri bir məsələ ortaya çıxdıqda və həmin məsələni Peyğəmbərə (s) xəlvətdə söyləmək zərurəti yarandıqda sədəqə hökmü insanların qarşısını kəsirdi, bununla da bir çox fürsətlər əldən çıxır, İslam cəmiyyətinə ziyan dəyirdi. Peyğəmbərlə (s) xəlvətdə danışmaq hökmünün nə qədər sürməsi və nə zaman dəyişməsi ilə bağlı müxtəlif fikirlər bildirilmişdir. Bəziləri bu müddətin bir saat, bəziləri bir gecə, bəziləri isə on gün sürdüyünü qeyd etmişlər. Ehtimal ki, üçüncü fikir daha düzgündür. Çünki bu müddət bir saat və ya bir gecə olsaydı, qanundan boyun qaçıranlar bəhanə edib deyəcəkdilər ki, bizim Peyğəmbərlə (s) xəlvətdə görüşüb danışmağımıza səbəb olacaq bir hadisə baş vermədi. Ancaq on gün müddəti elə bir müddətdir ki, həqiqətləri üzə çıxarır, onların məzəmmət edilməsinə haqq qazandırır. Sədəqənin miqdarına gəldikdə isə, bu barədə nə ayədə, nə də hədislərdə bir şey qeyd edilməmişdir. Ancaq İmam Əlinin (ə) hədisindən hətta bir dirhəmin belə, kifayət etdiyi başa düşülür.[6]
  2. Şeytanın hökmranlığı münafiqlərin taleyinin sonudur: Bu ayədə münafiqlərin taleyinin sonunun necə olduğuna işarə edilmişdir. Yalançı münafiqlər, var-dövlətləri ilə qürrələnənlərin sonu Şeytanın hökmranlığı altına keçmək, onun vəsvəsələrinə tabe olmaq və Allahı tamamilə unutmaqdır. Onların sonu təkcə haqq yoldan azmaq deyil, Şeytanın xidmətçiləri, köməkçiləri, yardımçıları, qoşunu və dəstəsi tərkibində başqalarını da haqq yoldan çıxarmaqdır. İmam Hüseyn (ə) Kərbəlada qaranlıq gecə və coşqun sel kimi axışıb gələn Kufə ordusu qarşısında belə buyurmuşdur: “Əcəb pis bəndələrsiniz, Allaha itaət etdiyinizi, Peyğəmbərə (s) iman gətirdiyinizi deyirsiniz, ancaq indi Peyğəmbərin (s) balasını öldürməyə gəlmisiniz, Şeytan sizi hökmranlığı altına alıb, Allahı sizə unutdurub.” Sonra buyurmuşdur: “Məhv olun, arzularınız məhv olsun! Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq.”[7]

 

  1. Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah imanı onların qəlb səhifəsinə yazmış və Öz tərəfindən bir ruhla onlara güc bəxş etmişdir. Onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, qalib gələnlər və nicat tapanlar məhz Allahın firqəsidir.

[1] Nümunə, c.23, səh.403

[2] Nümunə, c.23, səh.406

[3] Nümunə, c.23, səh.426

[4] Üsuli-kafi, c.2, səh.642

[5] Nümunə, c.23, səh.437

[6] Nümunə, c.23, səh.447

[7] Nümunə, c.23, səh.461