“Muddəssir” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Ey yuxu libasına bürünmüş!
- Qalx və xəbərdar et!
- Rəbbini uca tut!
- Paltarını təmizlə!
- Pis şeylərdən uzaq dur!
- Daha artığına göz dikərək minnət qoyma!
- Rəbbin üçün səbir et!
- Sur üfürülərkən –
- həmin gün çətin bir gün olacaq.
- Kafirlərə asan olmayacaqdır.
- Məni Öz yaratdığımla tək burax,
- Mən ona bolluca var-dövlət bağışladım,
- hər zaman yanında olan övladlar (verdim)
- və onu hər cür imkanlarla təmin etdim.
- Yenə də onun üçün artırmağımı arzulayır.
- Əsla belə olmayacaq! Çünki o, ayələrimizi inadla inkar edir.
- Tezliklə onu həyat zirvəsinə qalxmağa məcbur edəcəyəm (sonra onu oradan aşağı yuvarlayacağam).
———————————————————————————
- Quranı imkan çatan qədər oxumaq: Bu ayədə də surənin başlanğıcında olduğu kimi, gecəni oyaq qalmaqdan danışılır. Sadəcə, bu ayənin fərqi ondadır ki, burada sözügedən ibadəti Peyğəmbərlə (s) yanaşı bir qrup möminin də – ya müstəhəb, ya da ehtimalən vacib hökm olaraq – yerinə yetirməsindən danışılır. İslamın ilk dövrləri üçün spesifik olan şərait onların İslamın təbliğinə və müdafiəsinə hazır olmaları üçün etiqad, əməl və əxlaq dərslərini ehtiva edən Quranı oxumalarını və gecələri namaz qılmalarını tələb edirdi. İmam Rza (ə) bir hədisində bu ayəni təfsir edərkən babası İmam Sadiqə (ə) istinadən belə buyurmuşdur: “Ondan qəlbə təvazökarlıq və batinə saflıq gətirəcək qədər oxuyun.” Ayədə ruzi qazanmaq məsələsi Allah yolunda cihadla bərabər işlədilmişdir. Bu da İslamın bu məsələyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Niyə də olmasın? Yoxsul, ac, başqalarına möhtac olan bir xalq müstəqil, başıuca və böyük ola bilməz. Buna görə də iqtisadi cihad düşmənə qarşı cihadın bir hissəsidir.[1] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Müsəlman şəhərlərindən birinə bir ərzaq məhsulu aparıb onu orada günün qiymətinə satan tacir Allah dərgahında şəhid dərəcəsindədir.” Sonra Peyğəmbər (s) bu ayəni oxumuşdur: “Bir qisminiz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur.”[2]
“Muddəssir” surəsinin ümumi məzmunu: Bu surədə kafirlər və Peyğəmbəri (s) inkar edənlər kəskin şəkildə pislənir, təhdid edilir və qınanırlar.[3]
- “Muddəssir”: Bax: “Muzzəmmil” surəsi, 1-ci ayə.
4-5. Paklıq və təmizlik göstərişi: “Paltarını təmizlə” ayəsi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Onlar arasında ikisi daha münasibdir: 1. “Paltarını təmizlə” deyilərkən əməllərin islah edilməsi nəzərdə tutulur. Çünki insanın əməlləri onun ruhunun və etiqadının libası, zahiri isə daxilinin göstəricisidir. Buna görə də Allah-taala sözü gedən ayədə ruh üçün libas olan əməllərin çirkinliklərdən təmiz saxlanmasını əmr edir. 2. “Paltarını təmizlə” deyilərkən paltarın namaz üçün təmizlənməsi nəzərdə tutulur. İkinci rəyə görə “Rəbbini uca tut” ayəsində namazın “təkbirətul-ehram”ına işarə edilmişdir. Ümumiyyətlə, ayə namaz üçün paltarın təmiz saxlanmasını göstəriş verir. Əslində, bu iki ayə Peyğəmbərin (s) seçildiyi ilk vaxtlar İslamda namazın vacib edilməsi ilə bağlı verilmiş göstərişi ifadə edir.[4] “Çirkinlikdən uzaq dur” ayəsindəki “ricz” (çirkinlik) sözünün məna müxtəlifliyi bu söz barəsində müxtəlif fikirlər irəli sürülməsinə səbəb olmuşdur. Bəzən onu büt, bəzən günah, bəzən çirkin əxlaq, bəzən bütün günahların başlanğıcı olan dünya sevgisi, bəzən şirk və günahın nəticəsi olan əzab, bəzən insana Allahı unutduran istənilən vasitə kimi izah etmişlər. Məlumdur ki, Peyğəmbər (s) hətta peyğəmbərliyə seçilməzdən əvvəl də bu əməllərdən uzaq olmuşdur. Dost və düşmənin təsdiq etdiyi tarix də bunu deməyə əsas verir. Sadəcə, burada diqqət mərkəzində olan əsas məsələ Allah yoluna çağırış və hər kəsə örnək olacaq bir nümunənin təqdimidir.[5]
- O, (Quranla mübarizə aparmaq üçün) fikirləşib qərara gəldi.
- Ölüm olsun ona! Necə qərar qəbul etdi?
- Yenə ölüm olsun ona! Gör necə qərar qəbul etdi?
- Sonra o, nəzər saldı.
- Üz-gözünü turşudub tələsik mətləbə keçdi.
- Sonra da arxasını çevirib təkəbbür göstərdi.
- Sonda dedi: “Bu (Quran), əvvəlkilərin sehrlərinə bənzəyən sehr-cadudan artıq bir şey deyil!
- Bu, adi insan kəlamıdır!”
- Tezliklə onu Səqərə (Cəhənnəmə) salacağam.
- Sən haradan biləsən ki, Səqər nədir?!
- O, (elə bir oddur ki,) nə saxlayar, nə də buraxar,
- bədənin dərisini tamamilə dəyişər.
- Onun üzərində on doqquz (gözətçi mələk) vardır.
- Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını müəyyən etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, kitab əhli yəqinlik hasil etsin, iman gətirənlərin imanı artsın, kitab əhli və möminlər (bu səmavi kitabın haqq olduğuna) şübhə etməsinlər, qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu təsvirlə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarından Onun Özündən başqa heç kəs xəbərdar deyil. Bu, insanlar üçün ancaq bir xəbərdarlıq və xatırlatmadır.
- Xeyr (onlar düşündükləri kimi deyil)! And olsun aya!
- And olsun arxa çevirib gedən gecəyə!
- And olsun ağarmaqda olan sübh çağına!
- O (Qiyamət gününün qorxulu hadisələri) çox mühüm məsələlərdəndir,
- bütün insanlar üçün xəbərdarlıq və qorxutmadır,
- sizlərdən (doğru yolda) irəli çıxmaq və ya (doğru yoldan) geri qalmaq istəyənlər üçün.
- Hər kəs öz əməllərinin girovundadır,
- (iman və təqvalarının göstəricisi olaraq əməl dəftərləri sağ əllərinə verilmiş) sağ tərəf sahiblərindən başqa.
- Onlar Cənnət bağlarındadırlar. Onlar soruşacaqlar –
- günahkarlardan:
- Sizi Cəhənnəmə salan nədir?
- Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
- Kasıbları da yedizdirməzdik.
- Batil yolda olanlarla oturub-durar, həmsöhbət olardıq
- və haqq-hesab gününü inkar edərdik –
- ölümümüz yetişənə qədər”.
————————————————————————————-
11-25. Mənfur plan: Bu ayələrin nazilolma səbəbi: Deyilənə görə Peyğəmbər (s) Kəbənin ətrafında “Hicri-İsmaıl” adlanan yerdə oturub Quran oxuyurmuş. Qüreyş müşrikləri qoca və Peyğəmbəri (s) məsxərəyə qoyanlardan olan Vəlid ibn Müğeyrənin yanına gedib deyirlər: “Ey Əbu Əbdüşşəms, Muhəmmədin bu söylədikləri nədir? Şeirdir, kahinlikdir (cinlərlə əlaqədir), ya xütbədir?” Vəlid deyir: “İcazə verin, gedib dinləyim”. Vəlid Peyğəmbərin (s) yanına gedir və o həzrətə (s) belə xitab edir: “Ey Mühəmməd, mənə şeirlərindən oxu!” Peyğəmbər (s) buyurur: “Onlar şeir deyil, Allahın mələklər və Öz peyğəmbərləri üçün seçdiyi sözlərdir”. Vəlid deyir: “Ondan mənə bir şey oxu”. Peyğəmbər (s) “Fussilət” surəsini oxuyub 13-cü ayəyə, yəni “Əgər onlar üz çevirsə, de: “Sizi Ad və Səmuda göndərilən ildırım kimi bil ildırımla qorxuduram” ayəsinə çatanda Vəlidin bədəninə titrətmə düşür, bədəninin bütün tükləri biz-biz olur, evinə gedir, daha qüreyşlilərin yanına qayıtmır. Müşriklər Əbu Cəhlin yanına gedib deyirlər: “Ey Əbülhikəm[6], Əbu Əbdüşşəms Mühəmmədin dininə meyl göstərir, görmürsən qayıtmadı?” Əbu Cəhl Vəlidin yanına gedib deyir: “Əmi, bizi məyus və rüsvay, düşməni isə şad etdin, Mühəmmədin dininə meyl göstərdin”. Vəlid cavab verir: “Mən onun dininə meyl göstərmədim. Ancaq elə ağır bir söz eşitdim ki, bədənimə titrətmə düşdü”. Əbu Cəhl soruşur: “Xütbədir?” Vəlid deyir: “Xütbə deyil. Xütabə bir-birinə qarışmış mürəkkəb sözlərdən ibarətdir, bunun sözləri isə qarışıq və mürəkkəb deyil, açıq-aydındır, bir-birinə bənzəmir”. Əbu Cəhl soruşur: “Şeirdir?” Vəlid deyir: “Yox, mən müxtəlif şeir formaları görmüşəm, ancaq bu, şeir deyil”. Əbu Cəhl soruşur: “Bəs nədir?” Vəlid deyir: “İcazə verin, bir az düşünüm”. Həmin günün səhəri Vəliddən soruşurlar: “Ey Əbu Əbdüşşəms, dediklərimiz haqqında nə qərara gəldin?” Vəlid cavab verir: “Deyin ki, o sehir-cadudur, insanların qəlbini ələ alır”. Allah-taala bundan sonra bu ayələri göndərir: “Məni Öz yaratdığımla tək burax…”[7]
30-31. Cəhənnəm məmuru: 30-cu ayədə Cəhənnəmin məmurlarının sayının 19 olduğu buyurulduqdan sonra bunu eşidən Əbu Cəhl istehza ilə üzünü Qüreyş müşriklərinə tutub deyir: “Ananız matəminizə otursun! Eşitmişəm, Mühəmməd Cəhənnəm gözətçilərinin sayının on doqquz nəfər olduğunu deyib. Sizlərdən on nəfərin onlardan birini məğlub etməyə gücü çatmazmı?” Qüreyşin güclü adamlarından biri deyir: “Mən sizi qorumaq üçün onların on yeddisinin öhdəsindən gələrəm. Siz də məni qorumaq üçün onların qalan ikisinə qarşı mübarizə aparın”. Allah-taala onların bu boş danışıqlarına cavab olaraq belə buyurur: “Bu say bizim tərəfimizdən müəyyən edilib, onlar öz işlərinin öhdəsindən gəlməyə qadirdirlər. Lut qövmünü bir neçə mələk məhv etdi. Biz onların sayını sizə bildirməklə sizi sınağa çəkib Allahın sözləri qarşısında necə reaksiya verəcəyinizi – itaət göstərib təvazökarlıq göstərəcəyinizi, yoxsa asi olub istehza edəcəyinizi üzə çıxarmaq istəyirik. Yəhudilər və xristianlar da əmin olsunlar ki, Quran haqdır. Çünki Cəhənnəm gözətçilərinin sayı onların da kitabında qeyd edilib. Kitab əhlinin cavabı ilə möminlərin inamı daha da artacaq, münafiqlər və kafirlər isə rişxəndlə və təhqiramiz şəkildə: “Bu nə məsəldir?” deyəcəklər”.[8]
38-39. Əməllərinin girovunda olmayan şəxslər: Bu ayələrdə bütün insanların etdikləri əməllərin girovunda olduğu buyurulmuşdur. Sanki insanların bütün varlıqları onların üzərlərinə düşən vəzifələrin girovundadır. Əgər onları yerinə yetirsələr, azad olacaqlar, əgər yerinə yetirməsələr, əsarət altında qalacaqlar. Sağ tərəf sahibləri bu əsarətdən azaddırlar. Onlar iman və saleh əməl sahibləridirlər, cüzi günahları yaxşı əməllərinin kölgəsində qalır. Onlar Cənnətə ya heç bir sorğu-sulasız daxil olacaqlar, ya da sorğu-sualdan çox asanlıqla keçəcəklər. İmam Baqir (ə) buyurmuşdur: “Həm biz, həm də şiələrimiz sağ tərəf əhliyik. Biz Əhli-beytlə düşmənçilik edən hər bir kəs əməllərinin əsarətində qalacaq.”[9]
- Buna görə də şəfaət edənlərin şəfaəti onlara fayda verməz.
- Nə üçün onlar xatırlatmadan üz döndərirlər?
- Sanki ürküdülmüş vəhşi eşşəklərdir ki,
- aslandan qaçırlar.
- Onların hər biri onlara ayrı-ayrılıqda (Allah tərəfindən) məktub gəlməsini gözləyir.
- Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Onlar axirətdən qorxmurlar.
- Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Bu (Quran) bir xatırlatmadır.
- İstəyən ondan nəsihət götürər.
- Allah istəmədikcə heç kəs nəsihət götürə bilməz. Qorxub çəkinməyə layiq olan da, bağışlamasına ümid edilən də Odur!
[1] Nümunə, c.25, səh.192
[2] Əl-Mizan, c.20, səh.85
[3] Əl-Mizan, c.20, səh.86
[4] Əl-Mizan, c.20, səh.88
[5] Nümunə, c.25, səh.213
[6] Əbu Cəhl adını ona Peyğəmbər (s) qoymuşdu.
[7] Əl-Mizan, c.20, səh.100
[8] Əl-Mizan, c.20, səh.94
[9] Nümunə, c.25, səh.250