“Muhəmməd” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Kafirlərin və (insanları) Allahın yolundan sapdıranların əməllərini (Allah) puça çıxarır.
  2. İman gətirib yaxşı işlər görənlərin, Rəbləri tərəfindən Mühəmmədə nazil edilən və tamamilə haqq-həqiqət olana inananların isə (Allah) günahlarından keçir və işlərini islah edir.
  3. Bu, ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəblərindən gələn həqiqətə tabe olmuşlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir.
  4. Döyüş meydanında (cinayətkar) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, düşməni yetərli qədər qırıb zəiflətdikdən sonra əsirləri möhkəm bağlayın. Sonra ya (azad etməklə) onlara minnət qoyun, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (bu vəziyyət davam etdirilsin). (Tədbir bax) budur! Əgər Allah istəsəydi, Özü onları cəzalandırardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
  5. Tezliklə onları doğru yola yönəldib vəziyyətlərini yaxşılaşdıracaq
  6. və onları haqqında danışdığı Cənnətə daxil edəcəkdir.
  7. Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə köməklik göstərər və addımlarınızı möhkəmlədər.
  8. Kafirlərə ölüm olsun! Əməlləri puça çıxsın!
  9. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.
  10. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Allah onları həlak edib. Kafirlərə də buna bənzər əzablar olacaq.
  11. Bu, ona görədir ki, Allah möminlərin rəhbəri və himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.

—————————————————————————————

“Muhəmməd” surəsinin ümumi məzmunu: Bu surədə kafirlərin mənfur xüsusiyyətləri ilə möminlərin gözəl xüsusiyyətləri və yaxşı davranışları müqayisə edilir, kafirlərin acı, möminlərin isə xoşbəxt aqibəti haqqında məlumat verilir. Bununla yanaşı cihadın bəzi qaydaları da bəyan edilir.[1]

  1. İslamda quldarlıq: Bu ayəyə görə müharibədə əsir götürülmüş adamları öldürmək olmaz. Müsəlmanların rəhbəri müəyyən şərtlər daxilində onların bəzisini heç bir əvəz ödənilmədən, bəzisini isə müəyyən əvəz müqabilində azad edə bilər. Bu əvəz əslində düşmənin ödəməli olduğu bir kompensasiyadır. İslamda bunlardan başqa üçüncü bir hökm də var ki, həmin hökmə əsasən döyüşdə götürülmüş əsirlər qula çevrilir. Əlbəttə, bu, məcburi hökm deyil, yalnız İslam rəhbəri xüsusi şərtlər daxilində lazım bildiyi təqdirdə bu qayda tətbiq edilir. Bəlkə də məhz elə buna görədir ki, Quranda bu mövzu açıq şəkildə qeyd edilməmiş və bu haqda yalnız hədislərdə məlumat verilmişdir. Quldarlıq İslam peyğəmbərinin (s) zamanında mövcud olmuşdur. Bəziləri bunu İslama nöqsan tutaraq bildirirlər ki, İslam özündə bu qədər yüksək insani dəyərləri ehtiva etdiyi halda, nə üçün quldarlığı ləğv etmədi? Qəti və ümumi hökm verərək qulların qeyd-şərtsiz azadlıqlarını elan etmədi? Yaddan çıxarmamalıyıq ki, şəxsin və ya cəmiyyətin dərinliklərinə qədər kök atmış hər hansı yanlış bir ənənəni kökündən qoparıb ləğv etmək üçün tədrici proqram lazımdır. Əks təqdirdə, həmin ənənənin gözlənilmədən ləğv edilməsi mənfi nəticələr verir. O dövrdə quldarlıq cəmiyyətlərin əsas ənənəsi hesab edilirdi, insanların əksər hissəsini qullar təşkil edirdi. Əgər İslam ümumi şəkildə bütün qulların azad olduğunu elan etsəydi, gözlənilmədən böyük bir işsizlər ordusu yaranacaqdı, nəticədə onların öz həyatları təhlükəyə düşəcəkdi, cəmiyyət darmadağın olacaqdı, məhrumiyyət təzyiqləri hər tərəfi bürüyəcəkdi, hər tərəfdə qarşıdurmalar yaranacaq, qan töküləcəkdi. Buna görə də onlar tədricən azad edilərək cəmiyyətə hazır şəkildə qoşulmalı idilər. Bununla da həm onların özləri, həm də cəmiyyət məhv olma təhlükəsindən xilas olmalı idi. İslam quldarlığın mənbəyini bağlamış, yalnız müharibədə götürülən əsirlərin qul edilməsinə icazə vermişdi. Bu da məcburi xarakter daşımırdı. Bunun da səbəbi həmin vaxt həbsxanaların olmaması ilə izah edilir. Yəni vəziyyətləri aydınlaşana qədər əsirləri saxlamaq üçün yerlər yox idi. Yeganə çıxış yolu onları ailələr arasında bölüşdürb qul kimi saxlamaq idi. Təbii ki, bu şərait əvəzləndiyi təqdirdə müsəlmanların rəhbərinin əsirlərin qul edilməsinə hökm verməyə heç bir ehtiyac olmazdı. Müəyyən şərtlər altında onları ya fidyə ilə, ya da fidyəsiz azad etdirərdi. Ümumiyyətlə, İslam qulların azad edilməsi ilə bağlı çox böyük bir proqram tənzimləmişdir. Əgər müsəlmanlar həmin proqrama əməl etsəydilər, çox qısa zaman ərzində bütün qullar azad edilib İslam cəmiyyətinə qoşulardılar. Bu proqramın bəzi əsas prisipləri bunlardır: 1. Zəkatın sərf olunduğu yerlərdən biri qul azad etməkdir. 2. Qullar öz sahibləri ilə bağladıqları müqaviləyə əsasən öz məvacibləri qarşılığında azad edilə bilərdilər. 3. Qul azad etmək İslamda ən mühüm ibadətlərdən və ən xeyirli əməllərdən hesab edilir. İslam öndərləri bu işdə hər kəsdən öndə getmiş, qul azad etmək üçün kiçik bir bəhanə gəzmişlər. 4. İslamda bir çox qayda pozuntularının cəzası qul azad edilmə təyin edilmişdir. Orta əsrlərdə qullar öz azadlıqlarına İslamın hesablanmış proqramı əsasında nail olmuşlar. İslam onların hüquqlarını bərpa etmək üçün böyük addımlar atmış, onlara yüksək ehtiram göstərmişdir. Belə ki, Peyğəmbər (s) belə buyurmuşdur: “İnsan əlinin altında olan qardaşına öz yediyindən verməli, öz geyindiyindən geydirməli, onu gücü çatdığından artığı ilə yükləməməlidir.”[2]
  2. Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kafirlər isə dünyanın ötəri ləzzətindən istifadə edər, heyvan kimi yeyib-içərlər. Sonda onların yeri oddur!
  3. Səni qovub çıxaran şəhərindən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və onlara bir kömək edən də olmadı.
  4. Öz Rəbbi tərəfindən (vəhy edilmiş) aydın dəlilə istinad edən şəxs əməllərinin çirkinliyi gözünə gözəl göstərilən və nəfslərinə uyan şəxs kimi ola bilərmi?!
  5. Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada qoxumayan saf və xalis sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən (pak) şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbləri tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində həmişəlik qalan və içlərini parça-parça edən qaynar su içirdiləcək şəxslər kimi ola bilərlərmi?
  6. Onların arasında səni dinləyənlər də var. Ancaq sənin yanından çıxdıqda elm verilmiş şəxslərə istehza ilə deyərlər: “İndi (bu kişi) nə dedi?” Bunlar o adamlardır ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar.
  7. Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onlara təqva ruhu bağışlayar.
  8. Məgər onlar (kafirlər) yalnız Qiyamətin qəfildən gəlməsini (və onların məhz bundan sonra iman gətirməsini) gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Ancaq gəlib yetişdiyi zaman xatırlamalarının (və imanlarının) onlara heç bir faydası olmayacaq?
  9. Bil ki, Allahdan başqa heç bir məbud yoxdur. Həm özünün, həm də mömin kişilərlə mömin qadınların günahlarının bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, qərarlaşdığınız məskəni də bilir.

—————————————————————————————

  1. Cənnətdəki dörd çay: Ayələrdən Cənnətdə hər birinin özünəməxsus dad və faydası olan müxtəlif çay və bulaqların mövcud olduğu məlum olur. Nəzər nöqtəsi olan ayədə onların dördünün adı çəkilmişdir. Bu dörd növün adı çəkilərkən “çaylar” ifadəsinin işlədilməsi onların hər birinin bir deyil, çox olduğundan xəbər verir. Əslində Cənnət nemətlərinin dünya həyatına xas ifadələrlə təsvir edilməsi qeyri-mümkündür. Sözlər onları tam və dolğun şəkildə ifadə etməyə acizdir, yalnız cüzi bir bənzətmə yaratmağa kifayət edir.[3] Bəlkə də elə ayənin orijinalında “Cənnət məsəli…” ifadəsinin işlədilməsinin səbəbi məhz budur. Yəni həqiqi Cənnət sözlərlə ifadə edilməkdən çox-çox yüksəkdə dayanır. Sadəcə onunla bağlı təsəvvür yaratmaq üçün bənzətmədən istifadə edilmişdir. “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurulmuşdur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün göz oxşayacaq nələrin gizlədildiyini heç kəs bilmir.”[4] Bu ayədə dörd Cənnət çayından axan dörd içkiyə işarə edilmişdir: susuzluğu yatırtmaq üçün su, qidalanmaq üçün süd, şadlıq, sevinc və yüksək əhval-ruhiyyə üçün pak şərab, güc və ləzzət üçün bal. Əlbəttə bu içkilər dünyadakı bənzərlərindən tamamilə fərqlənir. Dünyadakı sular bir müddət keçdikdən sonra qoxularını və dadlarını dəyişir, dünyadakı süd bir müddətdən sonra xarab olur, dünyadakı şərablar acı dadır, məstlik gətirir, dünyadakı ballar çox vaxt xalis olmayanla qarışır, amma Cənnət içkilərində bu qüsurların heç biri yoxdur. Cənnət elə bir yerdir ki, orada ən kiçik xoşagəlməzlik belə yoxdur.[5]
  2. Qiyamətin əlamətləri: “Əşrat” mənası əlamət olan “şərt” sözünün cəmidir. Şərt bir hadisənin baş verməsinin başqa bir fenomenin mövcudluğundan asılı olmasına deyilir. Belə ki, həmin fenomenin varlığı artıq növbəti hadisənin baş verəcəyindən xəbər verir. Deməli, Qiyamət əlamətləri Qiyamətin baş verməsi üçün zəruri olan hadisələrdir. Bəlkə də “əlamətlər” deyilərkən insanın yaranması, insan növünün əməlisaleh, günahkar, təqvalı və cinayətkarlara bölünməsi kimi həqiqətlərdir. Çünki bu təsnifatın Allahın qəti mühakiməsinə ehtiyacı vardır. Allah həmin mühakiməsində onları bir-birindən fərqləndirir, hər birinə layiq olduğu qarşılığı verir. İnsanların ölməsi Qiyamət əlamətlərindən ola bilər. Çünki Qiyamət əlamətlərindən biri hər kəsin ölümü dadmasıdır. Hamı ölməsə, Qiyamət qopmaz.[6] Bəziləri hesab edir ki, “artıq onun əlamətləri gəlmişdir” cümləsində bütün əlamətlərin Peyğəmbər (s) dövründə nazil olması nəzərdə tutulmamışdır. Cümlədə onların Qiyamətin yaxınlaşdığından xəbər verən bəzisinin aşkar olması, qalan hissəsinin isə gələcəkdə aşkar olacağı nəzərdə tutulmuşdur. Bu mülahizəyə əsasən bəziləri hesab edir ki, sözügedən ayədə “Qiyamətin şərtləri” deyilərkən Peyğəmbərin (s) öz qiyamı nəzərdə tutulur. Bunu Peyğəmbərin (s) öz hədisi də təsdiq edir: “Mən və Qiyamət bu ikisi kimi qaldırılmışıq”. Peyğəmbər (s) bu cümləni dedikdən sonra orta barmaqla şəhadət barmağını göstərmişdir. Bəziləri Peyğəmbər (s) zamanında baş vermiş “Ayın bölünməsi” və sair kimi hadisələri bu əlamətlərdən saymışlar. Bir çox hədislərdə bəzi günahların yayılması da Qiyamət əlamətlərindən biri kimi təqdim edilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Elmin aradan qalxıb, cəhalətin aşkar olması, şərabın içilməsi və zinanın artması Qiyamətin əlamətlərindəndir.” Hətta İmam Mehdinin (ə) qiyamı kimi mühüm hadisələr də Qiyamətin əlamətlərindən hesab edilir.[7]
  3. Möminlər: “Nə üçün (cihada dair) bir surə nazil olmur?!” – deyirlər. Ancaq döyüşdən bəhs edən açıq-aydın bir surə nazil olan kimi qəlbində xəstəlik olan münafiqlərin sənə ölüm ayağında olan adam kimi baxdığını görərsən. Ölüm onlar üçün daha yaxşıdır.
  4. (Lakin) itaət və xoş söz onlar üçün daha xeyirlidir. Cihad əmri qətiləşdiyi zaman Allaha sadiq qalsaydılar, onlar üçün daha yaxşı olardı.
  5. Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə yalnız fitnə-fəsad törədəcəyiniz və qohumluq əlaqələrini kəsəcəyiniz gözləniləcək.
  6. Onlar Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını kar və gözlərini kor etdiyi adamlardır.
  7. Məgər onlar Quran haqqında düşünmürlər? Yoxsa qəlbləri qıfıllıdır?
  8. Hidayət yolu aydınlaşdıqdan sonra haqqa arxa çevirən şəxslərin çirkin əməllərini Şeytan onlara gözəl göstərib özlərini də uzun-uzadı arzularla aldatdı.
  9. Bu, ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!” – dedilər. Halbuki Allah onların sirlərini bilir.
  10. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq?
  11. Bu, ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini puça çıxartdı.
  12. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?

————————————————————————————–

  1. Cihad adından qorxmaq: Bu ayədə mömin və münafiqlərin cihad əmri qarşısındakı mövqeləri təsvir edilmişdir. Öncə belə buyurulur: Möminlər: “Nə üçün (cihada dair) bir surə nazil olmur?!” – deyirlər. Onlar cihad əmri verilən, möminlərin qəddar, qaniçən və məntiqsiz düşmənlərə qarşı necə davranacaqlarını müəyyən edən, ayələri qəlblərə hidayət nuru səpən, öz işığı ilə ruha və cana parlaqlıq bəxş edən surənin gəlməsini istəyirlər. Ancaq münafiqlər müharibə adını eşidən kimi bütün vücudlarını qorxu və iztirab bürüyür, az qalır ürəkləri ağızlarına gəlsin. Beyinləri donur, gözlərinin qarası can verən anda hərəkətsiz və diqqətlə baxan, kiprikləri qırpmadan açıq qalmış adamın gözlərinin qarası kimi bərələ qalır. Bu, qorxaq münafiqlərin vəziyyətini ifadə edən çox gözəl bir cümlədir. Niyə də belə olmasın? Birinci qrup möhkəm imana sahib olduğu üçün həm Allahın lütfünə, diqqətinə və yardımına ümid bəsləyir, həm də Onun yolunda ölməkdən çəkinmirlər. Onlar üçün cihad meydanı sevgiliyə qarşı sevginin izhar edildiyi, şərəf və üstünlük, istedadların çiçəkləndiyi, müqavimət və qələbə meydanıdır. Belə bir meydanda qorxuya yer yoxdur. Ancaq münafiqlər üçün cihad meydanı ölüm və yoxluq, bədbəxtlik, məğlubiyyət, dünya ləzzətlərindən ayrılıq, qorxulu və naməlum gələcəyi olan qaranlıq və zülmətlər meydanıdır.[8]
  2. Qohumluq əlaqələrinin kəsilməsi: Hədislərinin birində İmam Səccadın (ə) oğlu İmam Baqirə (ə) belə buyurduğunu görürük: “Qohumluq əlaqələrini kəsmiş adamla dostluq etmə. Çünki mən Allahın kitabının üç yerində ona lənət söyləndiyinin şahidi olmuşam. Allah-taala: “Əgər üz çevirsəniz…” – deyə buyurur.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Üç dəstə Cənnətə daxil olmayacaq: “Şərabxor, cadugər və qohumluq əlaqələrini kəsən şəxs.”[9]
  3. Quran düşüncə və əməl kitabıdır: Quranın bir çox ayəsində bu səmavi kitabın təkcə oxumaq üçün olan bir kitab olmadığı, əsas məqsədinin xatırlama, düşünmək, qorxutmaq, insanları qaranlıqlardan işığa çıxarmaq, şəfa, rəhmət və düz yola yönəltmək olduğu qeyd edilmişdir. Buna görə də Quran müsəlmanların həyat devizinə çevrilməli, onlar bu kitabı özlərinə rəhbər və nümunə seçməli, göstərişlərinə bircə-bircə əməl etməli, həyatlarının bütün istiqamətlərini onunla uyğunlaşdırmalıdırlar. Ayədə açıq şəkildə buyurulur ki, bu xəstə qəlbli münafiqlər Quranın ayələri haqqında dərindən düşünmədikləri üçün qara günə qaldılar. Yaddan çıxarmaq olmaz ki, Qurandan istifadə etməsi üçün insanın bir növ özünü islah etməsinə ehtiyacı var. Çünki qəlblərdə nəfsani istəklər, təkəbbür və qürur, inadkarlıq və təəssübkeşlik qıfılı olarsa, haqqın nuru oraya daxil ola bilməyəcək. Möminlərin əmiri İmam Əli (ə) təqvalıların xüsusiyyətlərindən bəhs edən bir xütbəsində belə buyurmuşdur: “Gecə vaxtı ibadət etmək üçün qalxırlar, Quranı hissə-hissə, aramla, düşünə-düşünə oxuyurlar, oxuyarkən qəmlənir, dərdlərinin dərmanını onda axtarırlar, müjdə verilən bir ayəyə yetişdikdə sanki qarşılarında imiş kimi tamahsılanırlar, ruhları görmək həvəsi ilə qanadlanır, əzab qorxusu verilən ayəyə yetişdikdə qəlb qulaqlarını ona dikirlər, Cəhənnəmin fəryad və haray səsinin qulaqlarında dolaşdığını güman edirlər.”[10]
  4. Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Baxmayaraq ki, sən onları danışıq tərzlərindən tanıya bilərsən. Allah sizin əməllərinizi bilir.
  5. Biz aranızdakı həqiqi mücahidlərin və səbir edənlərin ayırd edilib üzə çıxarılması üçün sizin hamınızı, mütləq, sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.
  6. Kafir olanlar, (insanları) Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. (Allah) tezliklə onların bütün əməllərini puça çıxaracaqdır.
  7. Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!
  8. Kafirləri, (insanları) Allah yolundan sapdıranları, sonra da kafir kimi ölənləri Allah heç vaxt bağışlamayacaqdır.
  9. Siz də (cihadda) zəiflik göstərməyin və üstün olduğunuz halda, (düşmənləri rüsvayedici) sülhə çağırmayın! Allah sizinlədir. O, sizin əməllərinizi əskiltməz.
  10. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib təqvalı olsanız, O, mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.
  11. Əgər (Allah) sizdən bunu istəsə və hətta israr etsə, siz isə xəsislik göstərsəniz, kin-küdurətinizi üzə çıxardar.
  12. Budur, siz Allah yolunda xərcləməyə dəvət edilirsiniz. Bəziləriniz xəsislik edir. Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah ehtiyacsızdır, siz isə möhtacsınız. Əgər boyun qaçırsanız, yerinizə sizə bənzəməyən başqa insanlar gətirər.

———————————————————————————–

  1. Münafiqləri danışıq tərzlərindən tanımaq olar: İnsanın nəyisə ürəyində uzun müddət gizli saxlaması, hətta eyham, işarə və səs tonu ilə də aşkara çıxarmaması qeyri-mümkündür. Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Heç bir şəxs heç nəyi ürəyində gizli saxlamır, onu ən azı düşünmədən dediyi sözlərində və ya üz ifadələrində aşkar edir.” Quranın başqa ayələrində də münafiqlərin danışıq tərzini göstərən tikanları sözləri və ya şübhəli hərəkətlərindən söhbət açılmışdır. Bəzi təfsirçilər bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) münafiqləri əlamətlərindən tanıdığını qeyd etmişlər. Peyğəmbərə (s) münafiqlərdən hər hansı biri öldükdən sonra ona namaz qılmaması, qəbrinin yanında dua etməməsi və günahlarının bağışlanmasını istəməməsi ilə bağlı verilmiş göstəriş bu iddianı təsdiq edən faktlardan biridir (Tövbə-84). Münafiqlərin əsl simalarını büruzə verdikləri yerlərdən biri cihad idi; döyüşdən əvvəl, köməklərin toplaşdığı vaxt, meydana getmək üçün hazırlıq, döyüş meydanı, düşmənin kəskin hücumları, döyüşdən sonrakı vaxt, qənimətlərin bölündüyü vaxt. Quranın çox ayələrində, xüsusilə “Tövbə” və “Əhzab” surələrində bu cəhətlərə işarə edilmişdir. İş o yerə çatmışdı ki, hətta adi müsəlmanlar da qeyd olunan məqamlarda onları tanıya bilirdilər. Münafiqlərin aşkar əlamətlərindən biri İmam Əliyə (ə) qarşı düşmənçilik idi. Əbu Səid Xudriyə istinad edilən bir hədisdə deyilir: “Danışıq tərzi” deyilərkən onların Əli ibn Əbutalibə qarşı nifrəti idi. Peyğəmbər (s) dövrünün münafiqlərini onların Əli ibn Əbutalibə qarşı olan nifrətləri ilə tanıyırdıq.” Əlbəttə, kişilər arasında ilk iman gətirmiş ilk möminə və canını İslam üçün ilk sipər edən bir şəxsə qarşı düşmənçilik münafiqlərin aşkar əlamətlərindən biri idi. Bu gün də münafiqləri danışıq tərzlərindən, mühüm sosial məsələlərdə, xüsusilə böhranlı vəziyyətlərdə və müharibələrdə əks mövqedə dayanmaları ilə tanımaq çox asandır. Danışıqlarına və davranışlarına azacıq diqqət yetirməklə onları tanımaq olar. Çox yaxşı olar ki, müsəlmanlar ayıq olsunlar, bu ayədən ilham alıb təhlükəli və kinli düşmənləri tanıyıb ifşa etsinlər.[11]
  2. Allaha itaətsizlik göstərmənin nəticəsi: Bu cümlədə bütün müsəlmanlara elan edilir ki, onları pak dininin keşikçiləri etmiş Allah-taalanın bu böyük nemətinin qədrini bilsinlər. Bu yük heç vaxt yerdə qalmır, əgər siz öz mövqeyinizin nə qədər böyük olduğunu dərk etmirsinizsə, bu böyük işə səhlənkar yanaşırsınızsa, Allah başqa bir xalqı sizin yerinizə, sizdən fədakar, malını və canını Allah yolundan verməyə sizdən daha hazırlıqlı olan bir xalqı seçib böyük missiyanı onlara həvalə edəcək. Təfsirçilər yazırlar ki, bu ayə nazil olduqdan sonra bir qrup səhabə Peyğəmbərə (s) dedi: “Bu ayədə nəzərdə tutulan insanlar kimlərdir?” Bu vaxt Salman Peyğəmbərin (s) yanında əyləşmişdi. Peyğəmbər (s) ənənəsinə uyğun olaraq əlini onun qıçının üstünə, başqa bir hədisə görə isə çiyninə vuraraq buyurur: “Bu kişi və onun qövmü nəzərdə tutulur? Canım əlində olana and olsun ki, əgər iman Sürəyyə ulduzundan asılı olsa da, Farsdan olan bir qrup kişi onu əldə edəcək.” Hədislərinin birində (ə) İmam Sadiq (ə) belə buyurmuşdur: “And olsun Allaha ki, Allah bu vədinə əməl etdi, onlardan daha yaxşı olan qeyri-ərəbi onların yerinə gətirdi.” Əgər İslam tarixi və İslam elmlərinə təəssübsüz diqqət yetirsək, qeyri-ərəb xalqların, xüsusilə iranlıların cihad və düşmənlə mübarizə meydanlarında qoşunun 1/3 təşkil etdiyinin və İslam elmlərinin yayılmasında müstəsna rol oynadıqlarının şahidi olarıq. Bütün bunları nəzərə alsaq, hədisin mənasını daha yaxşı başa düşərik.[12]

 

[1] Əl-Mizan, c.18, səh.225

[2] Nümunə, c.21, səh.412

[3] Nümunə, c.21, səh.442

[4] Əl-Mizan, c.18, səh.236

[5] Pəyame-Quran, c.6, səh.244

[6] Əl-Mizan, c.18, səh.240

[7] Nümunə, c.21, səh.449

[8] Nümunə, c.21, səh.461

[9] Nümunə, c.21, səh.466

[10] Nümunə, c.21, səh.467-469

[11] Nümunə, c.21, səh.479

[12] Nümunə, c21, səh.497