Bismillahir-Rəhmanir-Rəhim
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Qurani-Kərimə əsasən, İsa Məsih, özündən sonra Əhməd adli bir peyğəmbərin gəlişini, öz ümmətinə müjdə vermişdir. Quranda bu məsələ Səf surəsinin 6- ci ayəsində bu cür açıqlanmışdır: “Və İsa ibn Məryəmin bu cür buyurduğunu (xatırla): Ey İsrail övladları! Mən Allahın sizin üçün göndərdiyi elçiyəm, əlimdəki Tövratı təsdiq edirəm, və məndən sonra adı Əhməd olan bir elçının gəlişini sizə müjdə verirəm. O(Əhməd), dəlillərlə onların yanına gəldikdə isə onlar: “bu açıq-aşkar sehrdir” dedilər.”
Hər hansı bir şəxsin peyğəmbərliyini təsdiq edən dəlillərdən biri də əvvəlki peyğəmbərin, onun gəlişini xəbər verməsi, onun üçün sadaladığı xüsusiyyətlərin, həmin şəxsdə, tam əksini tapmasıdır. Musa peyğəmbərin İsa Məsihin, İsa Məsihin isə Əhmədin(s) gəlişini xəbər verməsi və deyilən xüsusiyyətlərin öz əksini dəqiqliyi ilə tapması, bu məsələni bir daha sübut edir.
Bizim məqsədimiz, Qurani-Kərimin verdiyi bu xəbəri indiki İncillərdə araşdirmaqdır. Amma əvvəlcə, yuxarıdakı ayəni oxuyarkən, oxucuda yarana biləcək bir sualı cavablandırmaq məcburiyyətindəyik. O, da bundan ibarətdir ki, peyğəmbərimizin adı Muhəmməddir(s), İsa Məsihin müjdə verdiyi peyğəmbərin adı isə Əhməddir. Bunu necə izah etmək olar?
Cavab çox bəsitdir, hz.Muhəmmədin tarixi ilə tanış olan hər kəs bilir ki, Əhməd hz.Muhəmmədin digər məşhur adıdır. Muhəmməd adını onun babası Əbdulmüttəlib, Əhməd adını isə, anası Amənə xanım ona vermışdir. O Həzrət uşaq ikən, camaat, hər iki adı ilə onu çağırırdılar. Bu faktı Hələbinin “sirə” kitabından oxuya bilərsiniz.
Mövzu ilə əlaqədar digər iki dəlili sizə təgdim edirik:
1.Hz.Muhəmmədin hamisi, qəyyumu, 49 il pərvanə kimi ətrafında dolanan, onu qorumaq üçün mal və canından keçən əmisi Əbutalib, onun barəsində dediyi şerlərdə, onu, həm Muhəmməd, həm də Əhməd adı ilə yad etmişdir. Onun söylədiyi şerlər indi “Divani-Əbutalib” adı ilə bir kitab kimi əlimizdədir. Oradan bəzi beytləri sizə təqdim edirik:
ان یکن ما اتی به احمد الیوم سنائ و کان فی الحشر دینا
“ƏHMƏDİN gətirdikləri bu gün nur və işıqdır, sabah Qiyamətdə isə mükafat olacaqdır.”(səh.2519)
لقد اکرم الله النبی محمدا فاکرم خلق الله فی الناس احمد
“Artıq Allah MUHƏMMƏD peyğəmbəri əziz və hörmətli etmişdir, bu üzdən insanlarin ən hörmətlisi ƏHMƏDDİR.”(İbn Əsakirin tarixi, c.1, s.275)
Həmçinin peyğəmbərin şairi Həssan ibn Sabit də öz şerlərində hz. Muhəmmədi Əhməd adı ilə xatırlamışdır:
فمن کان او من یکون کاحمد نظام لحق او نکال لملحد
“Kim keçmişdə və gələcəkdə ƏHMƏD kimi ola bilər? O, həqiqət yolunu aşkar etdi və inadkarlardan intiqam aldı.”(Divanu Həssan ibn Sabit, Muhəmmər İzzət Nusrətullah, çap Beyrut, səh.59)
2.Deyilənlərdən əlavə, bunu da dəlil olaraq qeyd etmək lazımdır ki, Səf surəsinin ayəsi nazil olarkən, Nəcran məntəqəsi ərəbistan yarımadasında xristianların mərkəzi idi, burada və ətraf məntəqələrdə bir çox xristian keşişləri və yəhudi alimləri yaşayırdılar. Onlardan heç birisi, etiraz edib “İncilin müjdə verdiyi peyğəmbərin adı Əhməddir, İslam peyğəmbərinin adı isə Muhəmməddir” deməmişdir. əgər onlar tərəfindən belə bir etiraz olunsaydı, heç şübhəsis tarix onu bizə nəql edərdi. Bunu da nəzərə almaq lazımdır ki, əgər, peyğəmbərimizin digər məşhur adı Əhməd olmasaydi, bu islam düşmənləri olan müşriklərin əlində və həmçinin, hz. Muhəmmədlə danışmaq üçün, sonralar, Mədinə şəhərinə gəlmiş Nəcran xristianlarınin əlində böyük bir bəhanə olardı.
Ümumiyyətlə, bir fərdin iki ad daşıması, indiki dövrdə olduğu kimi, keçmişdə də adi hal olmuşdur. Hətta, biz, böyük peyğəmbərlərin iki ad daşımasınin şahidi oluruq: Yəqub-İsrail, Məsih-İsa, Yuşəə-Zulkifl, Yunus-Zunnun və s.
Səf surəsindən əlavə, Qurani-Kərim, digər surələrdə də açıq-aşkar bəyan edir ki, əgər Tövrat və İncilin ardıcılları öz kitablarını (Tövratı və İncili) oxusalar, Hz. Muhəmmədin adını, xüsusiyyətlərini orada görəcəklər. Bu məsələ, Əraf surəsinin 157 ci ayəsində öz əksini tapmışdir. Bu və oxşar ayələr nazil olanda, yəhudi və xristian alimləri, Qurani-Kərimin bu iddiaları qarşısında, sadəcə susurdular. Heç kəs etiraz səsini ucaltmırdı. Bunun özü, o dönəmdə, bir çox yəhudi və xristinın, İslam dinini qəbul etməsinə səbəb olmuşdur.
İndiki İncillər və İsa Məsihin müjdəsi
Şübhə yoxdur ki, İsa Məsihin müjdəsi, onun öz İncilində olmuşdur. Əgər indiki İncillərdə belə bir müjdənin olmamasını fərz etsək, yenə də bu, həmin müjdənin, İsa Məsihin öz İncilində olmaması anlamına gəlməz. Indiki İncillərin mətnləri sübut edir ki, hər bir həvari (hz.İsanın köməkçisi) və qeyri-həvari bir İncil yazmış, hər kəs düşüncəsi qədər, hz. İsanın kəlamlarını, əməl və rəftarını, əmrlərini toplamış, bununla kifayətlənməyib, öz müşahidələrini, eşitdiklərini və təxminlərini onlara qarışdiraraq “İncil” adı ilə yaymışdir. İsa Məsihin İncilinin birdən çox olmamasına baxmayaraq, müxtəlif və çoxlu, fərqli İncillər, ondan sonra yazılmış və hər bir yazar iddia etmişdir ki, onun yazdığı “İncil”, İsa Məsihin bəşərin xilası üçün gətirdiyi İncildir.
Ingiltərənin Dövlət Ensiklopediyası, 25 incilin adını çəkərək, qeyd edir ki, bu incillər ilk əsrlərdə xristianlar arasında çox geniş yayılmışdı. Hər bir xristian ruhanisi, bu incillərdə müəyyən dəyişikliklər etmiş və bəzi incillərdən istifadə etməyi haram etmişlər.(cild 2, çap 13, səh.179-180)
Xristian ruhani idarəsi, bu incillərdən dördünün rəsmiyyətini tanımış, qalanı isə etibarsız hesab etmişdir. Rəsmi dörd incil aşağıdakılardır:
1.Mattanın İncili: o, hz.Məsihin şagirdlərindən biridir, öz İncilini digər İncillərdən daha tez nəşr etmişdir. Bu İncilin nə vaxt yazildığı dəqiq bilinməsə də, bəziləri, 38, bəziləri isə 50, 60 cı illərdə yazıldığını iddia etmişlər.(Qamuse Ketabe Moqəddəs, Beyrut 1928 m.)
2.Marksın İncili: İncili şərh edən alimlərin(müfəssirlərin) nəzərinə görə o, həvari olmamışdır, öz İncilini, həvarilərdən olan Petrosun köməyi ilə yazmışdır.
3.Lukanın İncili: məşhur nəzərə əsasən o, öz İncilini, həvarilərdən olan Pulesin köməyi ilə yazmışdır. Luka həmişə səfərlərdə Pulesin yol yoldaşı idi. Incili təxminən 63 cü ildə yazmışdır.(Həmin mənbə)
4.Yuhənnanın(İohan) İncili: qədim yazarlar, bu İncili ən axırıncı yazılmış İncil bilirlər. əksər tənqidçilər, onun birinci əsrin sonlarında, bəziləri isə, ikinci əsrin əvvəllərində yazıldığına inanır. Onun müəllifinin, rəsul(elçı) Yuhənna deyil, şeyx Yuhənna olduğunu bildirmişlər.(Həmin)
Qeyd olunmalıdır ki, bu dörd İncillərdə də, çoxlu bir-birinə əks və ziddiyyətli məsələlər mövcuddur.
Bu xristian dünyasının rəsmi İncillərinin vəziyyətidir…!
Buradan da etibardan salınmış incillərin vəziyyəti aydın olur.
Göründüyü kimi, bu İncillərdən heç birisi, hz.Məsihin orjinal İncili deyil, hətta, bu dörd kitabın, öz müəlliflərinə aid olması qəti deyildir. Mattadan başqa heç bir müəllif, öz kitabının mətnini, hz.Məsihdən almamışdır. Həqiqətdə, Marksın İncili, Petrosun açıqlamalarının xülasəsi, Lukanın İncili isə, Pulesin fikirləridir. Bundan əlavə, Yuhənnanın İncilinin müəllifinin kimliyi də bəlli deyildir.
Bu vəziyyətlə, Səf surəsində deyilən müjdənin, indiki İncillərdə qorunub saxlanmasına inanmaq çətinləşir. Amma Qurani-Kərim və İslam peyğəmbərinin nurunun, bütün əsrlərdə, qaranlıqları işıqlandırıb, aləmə saçması, Allah Təalanın iradə və istəyi olduğu üçün, İsadan sonra adı Əhməd olan peyğəmbərin gəlişi müjdəsi, Yuhənnanın İncilində açıq-aşkar qorunub saxlanmışdır. Incilin şərhçiləri, bu müjdəyə aid ayələri başqa istiqamətdə yozmağa çalışsalar da, həmin ayələrin mətnlərinə azacıq diqqət yetirməklə həqiqət gün kimi aydın olur.
Yuhənnanın İncilindəki müjdə
Bu müjdə dörd İncilin içərisindən təkcə Yuhənnanın İncilində 14, 15 və 16 cı fəsillərdə qeyd olunmuşdur, Suryani dilində (Suriya xalqının dili olmuşdur) yazılmış İncillərdə(Qeyd edək ki, bəzilərinin nəzərinə görə, İncillər arasında həqiqətə ən çox yaxın olan, Suryani dilində yazılmış İncillərdir) isə hz. Məsihin müjdə verdiyi peyğəmbərin adı “Farqlit” olaraq ifadə olunmuşdu. Yuhənnanın İncili, əvvəlcədən, yunan dilində yazıldığı üçün, bəzi alimlərin fikrinə görə bu kəlmə yunan mənşəlidir. (Buna işarə olunacaqdır.)
Mühüm qeyd: 1. İsa Məsih ibri(yəhudi) dilində danışırdı, çünki, o, onların içində böyüyüb, boya-başa çatmışdı. Incillərin müəllifləri arasında, təkcə, Matta öz İncilini, ibri dilində yazmışdır. Qalan üç İncil isə, yunan dilində yazılmışdır. Buna əsasən, İsa Məsihin müjdəsində işlətdiyi həmin adın əsli, aradan getmişdir. Çünki, bu müjdə təkcə Yuhənnanın İncilində gəlmiş, o da yunan dilində yazmışdır.
2.”Farqlit” kəlməsi, Suriya xalqının danışmış olduğu suryani dilindədir və bu dildə yazılmış İncillərdə bu kəlmə işlənmişdir. Islam alimlərinin və İncilin şərhçilərinin yekdil nəzəri, bundan ibarətdir ki, bu söz, yunan dilindən alınmışdir. Amma bu sözün yunan dilində hansı kökdən alındığı barədə, nəzərləri toqquşmuşdur. Islam alimlərinin nəzərinə görə, bu söz yunanca “priklitus” kökündən alınmış, mənası Muhəmməd və Əhməddir.(qeyd edək ki, bu adların hər ikisi, ərəb dilində “həmd” kökündən olub mənası ” bəyənilmiş, tərifə layiq” deməkdir.) İncilin şərhçilərinin nəzərinə görə isə bu sözün yunanca kökü “parklitus”dur, bu da “təsəlli verən” mənasındadır. Buna əsasən, həqiqəti gərək ayələrin mətnlərində axtarasan.
3.Bu ehtimalı da verə bilərik ki, hz. Məsih müjdə verdiyi peyğəmbərin adını çəkib, məsələn: deyib ki, Əhməddir. Amma dördüncü İncilin müəllifi Yuhənna, həmin adı, öz zövqünə uyğun, yunancaya tərcümə etmişdir. Halbu ki, adlar tərcümə olunmamalıdır.
4.Ayətullah Cəfər Subhani “Əhməd movude İncil” kitabında yazır: Fars dilinə tərcümə olunmuş İncillərdə “Farqlita” təsəlli verən kimi verilmişdir, İncilin şərhçiləri onu “Ruhul-qudus” (Cəbrail, ya da, Allahın qeybi yardımı) kimi izah etmişlər. Biz möhkəm dəlillərlə sübut edərik ki, heç vaxt “Farqlitanı” “ruhul-qudus” kimi şərh etmək olmaz.
5.Farqlitanı “ruhul-qudus” kimi şərh edənlər bu cür deyirlər: İsa çarmıxa çəkildikdən 50 gün sonra “ruhul-qudus”, bir evdə toplaşmış həvarilərə nazil oldu. Gözlənilmədən şiddətli küləyin səsinə oxşar, səmadan bir səs gəldi, və onlar hamısı “ruhul-qudusla” doldular və müxtəlif dillərdə danışmağa başladılar, elə bil ki, onların ruhuna bu qüdrət verilmişdi.(Ə`male Həvaryin, 1-5 ci fəsillər)
İncil Farqlitanın gəlişini müjdə verir
Təhqiqatçıların nəzərinə görə İsa Məsihin berdiyi bu müjdə, Yuhənnanın İncilində, 14, 15 və 16 vi fəsillərdə gəlmişdir. Isa Məsih, özündən sonra, Farqlit adli bir şəxsin gəlişini, xəbər vermişdir və çoxlu faktlar vardır ki, bu şəxsin, islam Peyğəmbəri olduğunu bildirir. Indi biz İncilin bu barədəki ayələrini gözdən keçirək:
“Əgər məni sevirsinizsə, mənim şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin. O, əbədi olaraq sizinlə qalacaqdır. O, haq və doğru bir Ruhdur ki, dünya onu qəbul etmək iqtidarında olmaz, çünki, o (dünya), görmür və tanımır. Amma siz, onu tanıyırsınız, çünki, sizin yanınızda qalacaq və sixdə olacaqdır.(Yuhənnanın İncili, 14 cü fəsil, 15-17 ci cümlələr, London 1837 m)
Mən bu sözləri aranızda ikən sizə söylədim, lakin, Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.(14, cümlə 25-26)
Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.(14, 29 cu cümlə)
Ata tərəfindən sizin üçün göndərəcəyim Farqlit, doğru bir ruhdur ki, Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir). (15, cümlə 26)
Sizə doğrunu soyləyirəm, (Mən getməliyəm), getməyim sizin üçün faydalıdır, əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…(16, cüm, 7-15)”
Farqlitadan məqsəd nədir?
Burada aydin faktlar, onu gostərir ki, Farqlitadan məqsəd, İsa Məsihdən sonra gələcək peyğəmbərdir, Ruhul-qudus yox:
1.Bəzi xristian qaynaqlarında qeyd olunur ki, İslamdan əvvəl incil alimlərinin inancında, Farqlita, gözlənilən peyğəmbər idi. Hətta bəziləri bundan sui-istifadə edərək özünü, gözlənilən Farqlita kimi təqdim etmiş və yalandan peyğəmbərlik iddiası etmişdir. Məsələn, ikinci əsrdə yaşamış və kiçik Asiyada yalandan peyğəmbərlik iddiası etmiş Mentis bu cür demişdir: mən, İsa Məsihin, gəlişindən xəbər verdiyi Farqlitayam. Nəticədə isə, bir qrup insan onun ardıcılı olmuşdur.(Ənisul-Ə`lam, c.2, səh.179)
2.İslam tarixindən də, tamamilə aydın olan bir fakt bundan ibarətdir ki, İslam Peyğəmbərinin seçildiyi dövrlərdə, xristian dünyasının siyasi və ruhani liderləri, İncilin vəd etdiyi peyğəmbərin intizarında olublar. Bu səbəbdən, Peyğəmbərin məktubu, Həbəşistan (Efiopiya)kralına təqdim olunanda, o, məktubu oxuyandan sonra, belə dedi: mən şəhadət verirəm ki, Muhamməd, kitab-əhlinin gözlədiyi həmin peyğəmbərdir. Musa peyğəmbər, İsanın peyğəmbərliyini xəbər verdiyi kimi, İsa da sonuncu peyğəmbərin gəlişini müjdə vermiş, onu əlamət və nişanələrini söyləmişdir.(Ət-Təbəgatul- Kubra, 1/179). Hz.Muhəmmədin(s) məktubu Şam qeysərinə təqdim olunanda, o, məktubu oxuduqdan və İslam Peyğəmbəri barədə təhqiqat apardıqdan sonra, o həzrətə bu cür cavab yazdı: məktubunuzu oxudum, dəvətinizdən agah oldum. Mən bilirdim bir peyğəmbər gələcək, amma güman edirdim ki, bu peyğəmbər Şamdan çıxacaqdır…(al-Kamil, 2/44)
Bu tarixi mətnlərdən bəlli olur ki, onlar, bir peyğəmbərin intizarında olublar və bu intizarın kökü, şübhəsiz ki, İncildən qaynaqlanırdı.
İncilin mətnindən əldə olunan nəticələr
1.Əgər fikir verdiniz isə, hz.Məsih öz sözlərini bu cür başlayır: “Əgər məni sevirsinizsə, şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin.
Həzrət burada öz məhəbbətini ona görə həvarilərinə xatırladır ki, öz ümmətindən bir qrupunun, bu xəbəri qəbul etməməsi ehtimalını verirdi. Ona görə, qəbul etmək üçün şərait hazırlayırdı. əgər Farqlitdən məqsəd, İncilin şərhçilərinin təsəvvür etdiyi kimi, Ruhul-qudus olsaydı, bu cür şərait hazırlamağa ehtiyac olmazdı. Çünki, Ruhul-qudus nazil olanda, qəlblərə və ruhlara elə təsir edirdi ki, şübhəyə yer qalmırdı. Amma məqsəd peyğəmbər olsa, bu cür şərait hazırlamağa böyük ehtiyac vardır. Çünki, bir peyğəmbır yalnız, həqiqətləri təbliğ və izah etmək yolu ilə qəlblərə təsir edə bilir. Bu zaman, yalnız insaflılar onu təsdiq edir, qalnları isə ona tabe olmur.
Hətta, İsa Məsih, bu xatırlama ilə kifayətlənməyib, digər yerdə təkid edərək buyurdu: “Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.” Halbuki, Ruhul-qudusa iman gətirmək, heç bir tövsiyəyə ehtiyac yoxdur (Onsuz da, o, qəlblərə nazil olub, özünə təslim edir).
2.İsa (ə) buyurdu: “və mən Atadan istəyərəm ki, başqasını sizə versin.” Əgər, məqsəd başqa bir peyğəmbəri yaxud şəriəti verməkdirsə, bu zaman, heç bir irad tutula bilməz. Amma, əgər, məqsəd Ruhul-qudusu vermək olarsa, bu zaman, ayədə işlənən ” başqa” sözünə görə irad tutulacaq və mənaya xələl gələcəkdir. Çünki, Ruhul-qudus birdir və başqa birisi yoxdur.
3.İsa (ə) buyurdu: “Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.”
İncilin şərhçilərinə əsasən, Ruhul-qudus, əlli gündən sonra, Həvarilərə nazil olmüşdu.(36) Görəsən, bu seçilmiş insanlar, bu qısa müddət ərzində, İsanın dediklərini unutmuşdularmı ki, Ruhul-qudus onların yadına saldı və onlara yenidən hər şeyi öyrətdi?
“Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir).
Görəsən, İsanın şagirdlərinin, Ruhul-qudusun, onun barəsində şəhadət verməsinə ehtiyacımı var idi!? Amma əgər, məqsəd, vəd verilmiş peyğəmbər olarsa, bu və bundan əvvəlki ayələrin mənası, düz olacaq və daha çox məntiqli olacaqdır. Çünki, İsanın ümməti, uzun zamanın keçməsi və keşişlərin İncili dəyişdirməsi səbəbindən, onun çoxlu qanunları unudulmuş, aradan getmiş, bir qrup insanlar isə, onu tamamilə unutmuşdular. Həzrət Muhəmməd (s), onların hamısını daha da mükəmməl şəkildə xatırlatdı, İsanın(ə) peyğəmbərliyinə şəhadət verib buyurdu: İsa da, mənim kimi peyğəmbər idi. Hz. Muuhəmməd (s), İsanın anası Məryəm xanım barəsində deyilən nalayiq iftiraları inkar edib, onu paklığa çıxartdı. Həmçinin, hz. İsa üçün iddia olunan allahlıq məqamını da inkar edərək, onu paklığa çıxartdı və buyurdu ki, İsa peyğəmbərin atasız dünyaya gəlməsi, uca Allahın qüdrətini göstərən bir möcüzə idi, bundan əvvəl də O, Adəmi atasız və anasız (torpaqdan) yaratmışdır.
4.” əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…”
Burada İsa peyğəmbər Farqlitin gəlişini, özünün getməsilə şərtləndirmişdir. əgər Farqlitdən məqsəd Ruhul-qudus olsa, onun İsaya nazil olması və hətta həvarilərin özünə belə, nazil olmasında İsa peyğəmbərin getməsi şərti olmamışdır. Çünki, İsa Məsih, həyatda olarkən də, Ruhul-qudus həvarilərə nazil olurdu. Xristianların idiologiyasına görə, İsa Məsih, həvariləri, təbliğ üçün, ətrafa göndərəndə, Ruhul-qudus onlara nazil oldu.(38). Amma əgər məqsədin, dünya miqyasli şəriət sahibi bir peyğəmbərin olduğunu qəbul etsək, bu zaman, onun gəlişinin, Məsihin gedişinə bağlı olduğu, aydın bir məsələ olacaqdır.
əlbəttə faktlar bunlarla bitmir, başqa dəlilləri də göstərmək olar.
Sonda, Fransa Böyük Dövlət Ensiklopediysının (cild-23, səh.4174), hz.Muhəmməd barəsində yazdıqlarından son dərəcə maraqlı bir parçanı, sizə təqdim edirik: “Muhəmməd, İslam dininin banisi, Allahın elçısı və peyğəmbərlərin sonuncusudur. Muhəmməd sözü, “çox təriflənmiş, bəyənilmiş” deməkdir və bu söz “şan, şərəf, tərif” mənsını verən “həmd” kökündən alınmışdır. Çox təəccüblü təsadüfə əsasən, onun digər bir adı da, elə “həmd” kökündən alınmış, muhəmməd sözünün sinonimi olan Əhməddir ki, böyük ehtimala görə, Ərəbistanın xristianları, bu adı, “Farqliti” müəyyən etmək üçün işlətmişlər. Əhməd sözü, “çox təriflənmiş, bəyənilmiş, cah-cəlallı” deməkdir. Bu söz yunanca “paraklitus” sözünün tərcüməsidir ki, səhvən, “prikliyus” sözünü, onun yerinə qoyublar. Buna əsasən, müsəlman dini yazıçıları, dəfələrlə xatırladıblar ki, bu sözdən məqsəd, islam Peyğəmbərinin gəlişini müjdələməkdir. Qurani-Məcid də, aşkar şəkildə, Səf surəsinin maraqlı bir ayəsində, bu mövzuya işarə edir.”
Allahım, hz. Muhəmmədi (s) tanımaq üçün bizə yardım et! Amin!
Müəllif: Hacı Samir Ağayev