“Mulk” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Varlıq aləminin hökmranlığı əlində olan (şəxs) bərəkətli və tükənməzdir. O, hər şeyə qadirdir.
  2. Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməzdir, bağışlayandır.
  3. Yeddi göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan Odur. Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən. Yenə diqqət yetir, heç onda bir çat görürsənmi?
  4. Sonra təkrar bax. Nəhayət, gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcəkdir.
  5. Biz aşağı (yaxın) olan göyü parlayan çıraqlarla bəzədik və onları şeytanlara atılan atəşlər etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
  6. Rəblərinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir!
  7. Onlar oraya atılanda onun qaynayan halda çıxardığı dəhşətli səsi eşidəcəklər.
  8. Qəzəbindən az qala parçalanacaq. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə qorxudan (bir peyğəmbər) gəlməmişdi?”
  9. Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik.
  10. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq Cəhənnəm sakinlərinin arasında olmazdıq!”
  11. Onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm sakinləri Allahın rəhmətindən uzaq olsunlar!
  12. Öz Rəblərindən (Onu) görmədən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.

———————————————————————————–

“Mülk” surəsinin ümumi məzmunu: Bu surə üç hissədən ibarətdir: 1. Yaradılışın başlanğıcı, Allahın sifətləri və yaranışın heyrətamiz sistemindən bəhs edən ayələr. 2. Məad və Cəhənnəm əzabından bəhs edən ayələr. 3. Kafir və zalımların dünya və axirətin müxtəlif əzabları ilə təhdid edilməsi.[1]

  1. Ölüm və həyat sınaq vasitəsidir: Ölüm yox olmaq və puça çıxmaq olsaydı, onun haqqında yaradılmaq ifadəsi işlənməzdi. Çünki yaratmaq ifadəsi mövcudluğu, varlığı olan hadisələr haqqında işlədilir. Ölüm əslində, bir dünyadan başqa bir dünyaya keçiddir, bu cəhətdən də şübhəsiz ki, yaradılmış bir hadisədir. Ayədə “ölüm” sözünün “həyat” sözündən əvvəl işlədilməsi ona diqqət yetirilməsinin insanların yaxşı əməl etməsinə daha böyük təsir göstərməsi ilə bağlıdır. İlahi sınaq isə bir növ tərbiyə səciyyəsi daşıyır. Belə ki, ilahi sınaq insanları püxtələşmək, paklanmaq və Allah dərgahına yaxınlaşmaq ləyaqəti əldə etmək üçün əməl meydanına daxil olmağa sövq edir. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, burada əməlin çoxluğu deyil, məhz yaxşı olması sınağın məqsədi kimi göstərilmişdir. Bu da ona görədir ki, İslam kəmiyyətə deyil, keyfiyyətə əhəmiyyət verir. Əməl nə qədər az olsa da, onun Allah üçün xalis olması önəmli şərtdir. Peyğəmbər (s) belə buyurmuşdur: “Məqsəd müstəhəb əməlləri az yerinə yetirsə belə sizin hansınızın ağlının daha kamil olmasını, Allahdan daha çox qorxmasını və Allahın əmr və qadağalarından daha çox xəbərdar olmasını yoxlamaqdır.” Təbii ki, kamil ağıl əməli təmizləyir, niyyəti xalis edir, mükafatı artırır.[2]

3-4. Varlıq aləmi qüsursuzdur: Bu ayədən iki nəticə əldə etmək olar: Quran haqq yolunun bütün yolçularından istəyir ki, imkanları çatdığı qədər varlıq aləminin sirləri və bu dünyanın qəribəlikləri haqqında dərindən düşünüb diqqətlə araşdırma aparsınlar. O qədər sirlər var ki, ilk baxışda diqqət cəlb etmir, onları görə bilmək üçün dəfələrlə baxmaq, baxışı itiləşdirmək lazımdır. Digər tərəfdən, insan bu nizam-intizama nə qədər diqqətlə nəzər salsa, onun nizam-intizamını, bir-birindən asılılığını daha yaxşı dərk edər. Bu zəncirvari sistem onu yaradanın və onu idarə edən elmli və qüdrətli idarəedicinin varlığının bir sübutudr.[3] Bu ayənin mənası çox genişdir və o, Allahın yaratdıqlarının istənilən qüsur, nöqsan, nizamsızlıq, ziddiyyət, əyrilik, zəiflikdən uzaq olduğunu göstərir.[4]

  1. Eşidən qulaq və ayıq düşüncə sahibləri Cəhənnəmdə olmazlar: Bu ayədə Allah Cəhənnəm sakinlərinin dəhşətli aqibətindən danışarkən onların bədbəxtliklərinin əsas səbəbini də qeyd edərək buyurur: Allah insanlara həm eşidən qulaq, ağıl və düşüncə verib, həm də açıq dəlillərlə peyğəmbərlər göndərib. Əgər bu ikisi birləşdirilsə insan səadətə qovuşar. Ancaq insan ona verilən qulaq vasitəsilə dinləməsə, gözləri ilə baxmasa, ağlı ilə düşünməsə, Allahın peyğəmbərlərinin və kitablarının heç bir təsiri olmaz. İmam Əli (ə) belə buyurmuşdur: “Cəbrail Adəmə (ə) nazil olub buyurdu: “Mən sənə bu üç nemətdən birini seçmək hüququ verirəm. Birini seçib digər ikisini tərk edəcəksən.” Adəm (ə) onların nələr olduğunu soruşduqda Cəbrail buyurdu: “Ağıl, həya və din.” Adəm dedi “Mən ağılı seçirəm”. Cəbrail həya və dinə: “Onu tərk edin”, – deyə göstəriş verdi. Onlar isə: “Bizə hər yerdə ağılla birlikdə olmaq, ondan ayrılmamaq əmri verilmişdir”, – deyə cavab verdilər. Cəbrail dedi: “İndi ki, belədir, əmrə əməl edin”. Sonra səmaya qalxdı.” Bu, ağıl və düşüncə və onun həya və din ilə münasibətinin çox incə təsviridir. Əgər ağıl dindən ayrı düşsə, havaya sovrular, təhrifə uğrayar. İnsanın günah etməsinə mane olan həya hissi də ağıl və düşüncənin nəticə və səmərələrindəndir.[5]
  2. Sözünüzü gizli saxlasanız da, onu aşkara çıxarsanız da,  (fərqi yoxdur,) O, kökslərdə olanı bilir.
  3. Yaradan agah və xəbərdar olduğu halda, ola bilərmi ki, (gizlində və aşkarda olanları) bilməsin?
  4. Yeri sizə ram edən Odur. Onun səthində gəzin və ruzilərindən yeyin. Hamının qayıdışı Onadır.
  5. Səmanın hakiminin əzabından, yerə ayrılıb sizi udmaq və titrəməsinə davam etmək əmri verməyəcəyindən əminsinizmi?
  6. Yoxsa səmanın Allahının çınqıl daşlarla dolu qasırğanı üzərinizə göndərməyəcəyinə əminsiniz? Siz tezliklə mənim təhdidlərimin hansı nəticələr verdiyini biləcəksiniz.
  7. Onlardan əvvəlkilər də bunları yalan hesab etmişdilər. (Gör) Mənim əzabım necə oldu!
  8. Məgər onlar başları üzərində qanadlarını gah açan, gah da yığan quşlara baxmırlar? Onları səmada yalnız rəhman olan Allah saxlayır. Çünki O, hər şeyi görür.
  9. Yoxsa qoşununuz olan adam sizə Allah qarşısında yardım edə biləcək? Kafirlər ancaq aldanmaqdadırlar!
  10. Ya da O, ruzisini kəssə, sizə kim ruzi verəcək? Lakin onlar təkəbbür göstərməkdə və həqiqətdən qaçmaqda israr edirlər.
  11. Üzü üstə düşüb sürünən adam hidayətə daha yaxındır, yoxsa düz yolda dimdik addımlayan şəxs?
  12. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Ancaq az şükür edirsiniz!”
  13. De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”
  14. Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu Qiyamət vədi nə vaxt olacaq?”
  15. De: “Bunu yalnız Allah bilir. Mən isə yalnız aşkar qorxudanam!”

—————————————————————————————–

  1. 15. Yer insana ram edilmişdir: “Zəlul” (ram edilmiş) sözü yer haqqında işlədilmiş ən əhatəli ifadədir. Çünki böyük sürətlə hərəkət edən bu “iti minik” elə sakit görünür ki, sanki heç tərpənmir. Yerin dörd hərəkət formasına malik olduğu qeyd edilir. Bu hərəkətlərdən üçü onun öz oxu ətrafına fırlanması, günəşin ətrafına fırlanması və günəş sistemi ilə birlikdə qalaktika daxilində hərəkətinə aiddir. Bu hərəkətlərində həddən artıq yüksək sürətə malik olmasına baxmayaraq, yer elə rahat və mülayimdir ki, əgər onun hərəkət etməsi ilə bağlı qəti dəlillər olmasaydı, bu fakta heç kəs inanmazdı. Digər tərəfdən, Yer nə həyat üçün əlverişsiz olacaq dərəcədə sərtdir, nə də üzərində olanları batıracaq qədər yumşaq. O, həyat üçün tam əlverişli şəraitə malikdir. Fərz edin, əgər yer üzü tamamilə hər şeyi dərinliyə dartan bataqlıq, insanın dizə qədər batdığı yumşaq qum, ya iti və sərt daşlardan ibarət olsaydı, onun sakit və rahatlıq mənbəyi olmadığı o zaman bilinərdi. Digər tərəfdən onun Günəşlə olan məsafəsi istinin onu yandıracağı qədər yaxın, hər bir şeyin donacağı qədər uzaq deyil. Yer kürəsində hava təzyiqi insanın bütün rahatlığını təmin edəcək dərəcədədir. Yerin cazibəsi insanın sümüklərini sındıracaq qədər yüksək, səmaya tullayacaq qədər aşağı deyil. Xülasə, o, bütün cəhətlərdən insana ram edilmişdir. Çox maraqlıdır ki, Allah yerin ram edilən olduğunu qeyd etdikdən sonra insana onun “çiyin”ləri üzərində yeriməyi əmr edir. Yer o qədər sakit və rahatdır ki, insan onun “çiyin”ləri üzərində gəzə və tarazlığını saxlaya bilir.[6]
  2. Quşlar qəribə varlıqlardır: Bu ayədə Allahın başqa bir nişanəsinə, yəni quşlar və onların heyrətamiz uçuşuna işarə edilir. Bu ağır cisimlər cazibə qanununun əksinə olaraq yerdən qalxır, göydə asanlıqla uçur, saatlarla, bəzən həftələrlə, aylarla öz hərəkətlərinə davam edir, gah aram-aram, gah da sürətlə yollarına davam edirlər. Bəziləri uçarkən qanadlarını açır, bəziləri isə sürəkli qanad çalır. Dördüncü qrup isə bir müddət qanad çalır, sürət yığmaq üçün isə qanadlarını tamamilə yığır və hava “okean”ında irəli şığıyır. Quşların hamısı uçsa da, onların hər birinin özünəməxsus proqramı var.[7]
  3. Tövhid yolunun ayaq üstə dimdik gəzən yolçuları: Bu ayədə kafir və möminlərin vəziyyəti maraqlı bir misalla təsvir edilmişdir. İmansız, inadkar və təkəbbürlü zalımlar hamar olmayan, əyri-üyrü, enişli-yoxuşlu yerdə üzü üstə yerə düşmüş, əlləri və ya sinəsi ilə hərəkət edən, yolu doğru-düzgün görmədən və özünü idarə edə bilmədən, maneələrdən xəbərsiz, çox ləng irəliləyən, gah gedib, gah da duraraq sürünən adama bənzədilmişdir. Mömin isə hamar, təmiz və düz yolda sürətlə, qətiyyətlə, tam məlumatlı şəkildə irəliləyən adama bənzədilmişdir. İmansız insanlar xudbin, eqoist və inadkar olduqları, yalnız öz maddi və keçici mənfəətlərini düşündükləri və nəfsi istəklər yolu ilə getdikləri üçün daşlıqda sinəsi üstə əl-qol atıb sürünən adama bənzəyirlər. İmanları sayəsində nəfslərinin istəklər buxovundan azad olan şəxslər dərin baxışa malikdirlər və onların yolları düz və hamardır.[8] Bəzi hədislərdə İmam Əlinin (ə) imam olduğunu inkar edənlər birinci qrupun mənsublarından hesab edilmişdir.[9]
  4. Kafirlər onu (Allahın vədini) yaxından gördükdə üzləri qaralacaq, çirkin görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz bax budur!” – deyiləcəkdir.
  5. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, kafirlərə ağrılı-acılı əzabdan kim sığınacaq verəcək?”
  6. De: “O, rəhman olan Allahdır! Biz Ona iman gətirmiş, Ona təvəkkül etmişik. Tezliklə kimin aşkar azğınlıq içində olduğunu biləcəksiniz.”
  7. De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çəkilsə, kim sizə axar və dadlı su gətirə bilər?”

[1] Nümunə, c.24, səh.311

[2] Nümunə, c.24, səh.316

[3] Nümunə, c.24, səh.321

[4] Pəyame-Quran, c.3, səh.173

[5] Nümunə, c.24, səh.328

[6] Nümunə, c.24, səh.337

[7] Nümunə, c.24, səh.343

[8] Nümunə, c.24, səh.349

[9] Əl-Mizan, c.19, səh.378