“Nəcm” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- And olsun batmaqda olan ulduza!
- Sizin yoldaşınız nə azmış, nə də hədəfi itirmişdir.
- O, əsla nəfsinin istəyi ilə danışmır.
- Danışdığı yalnız ona nazil edilən bir vəhydir.
- Bunu ona çox qüvvətli olan öyrətdi –
- qeyri-adi bacarığı olan şəxs (Cəbrail). O, qüdrət və hökmranlığını göstərdi.
- O, ən uca üfüqdə idi.
- Sonra yaxınlaşıb daha yaxın oldu.
- O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
- Burada Allah Öz bəndəsinə vəhy olunmalı olanı vəhy etdi.
- (Peyğəmbərin pak) qəlbi gördüyünü yalan saymadı.
- Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
- Onu bir daha gördü –
- Sidrətül-müntəhada (Müntəhadakı Sidr ağacının yanında).
- Məva bağı da oradadır.
- Həmin vaxt Sidrətül-müntəhanı bir şey (göz qamaşdıran nur) bürümüşdü.
- (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı (gözləri onu aldatmadı, gördüyü həqiqət idi).
- O, Rəbbinin ən böyük dəlil və nişanələrindən bəzisini gördü.
- Siz mənə deyin görüm, Lat və Uzza,
- habelə üçüncüləri olan Mənat (Allahın qızlarıdır)?
- Məgər oğlanlar sizin, qızlar Onundur?
- Elə isə, bu, ədalətsiz bölgüdür!
- Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız əsası olmayan zənlərinə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəblərindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
- Yoxsa insan arzuladığı hər şeyə çatacaq?
- Axirət də, dünya da Allahındır.
- Göylərdə o qədər mələk var ki, onların şəfaətinin heç bir faydası yoxdur. Yalnız Allah istədiyi və razı qaldığı şəxs üçün icazə verdikdən sonra bu, mümkündür.
———————————————————————————
“Nəcm” surəsinin ümumi məzmunu: Bu surənin əsas məqsədi üç məqsədi xatırlamaqdır: Allahın yeganə idarəedici olması, məad və peyğəmbərlik. Surə peyğəmbərlik mövzusu ilə başlayır, Peyğəmbərə (s) Allah tərəfindən vəhy edildiyi təsdiq edilir, onun hansı formada olması qeyd edilir. Sonra Allahın təkliyindən danışılır, xəyali olaraq Allaha ortaq edilən şəriklər və bütlər ciddi şəkildə inkar edilir, ardınca bütün yaradılış və onların idarə edilməsi, o cümlədən diriltmək, öldürmək, güldürmək, ağlatmaq, zənginləşdirib yoxsulllaşdırmaq, məhv etmək, əzaba düçar etmək, dəvət etmək, qoxutmaq və sairənin yalnız Allaha aid edildiyi bəyan edilir. Surə məad mövzusu, səcdə və ibadətə əmr edilməsi ilə sona yetir.[1]
7-18. Merac, dostla yaxından görüş: Bu və əvvəlki ayələr Peyğəmbərə (s) vəhy edildiyini təsdiq edir, onun formasını izah edir. Əhli-beyt (ə) imamlarından nəql edilmiş çoxlu sayda hədisdə bu ayələrin əsas məqsədinin bütün vəhylər deyil, merac gecəsi Allahın Peyğəmbərə (s) göndərdiyi yaxın vəhy haqqında məlumat vermək olduğu bildirilmişdir. Ayələrin zahiri məzmunu da bu faktı təsdiq edir. Təfsirçilər bu ayələrdəki cümlə və sözlər haqqında bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif fikirlər irəli sürmüşlər. Allah-taala 7-ci ayədə “O, ən uca üfüqdə idi”, – deyə buyurur. Üfüq yer mənası bildirir. Uca üfüq deyiləndə göy nəzərdə tutulur. Əslində, ayənin çatdırmaq istədiyi məzmun belədir: Peyğəmbər (s) merac gecəsi göyün ən yüksək yerində olmuş, sonra daha çox yaxınlaşmışdır… Allah-taala vəhy edilməli olanı Öz bəndəsinə vəhy etmişdi. Peyğəmbərin pak qəlbi gördüyü hadisədə yanılmamışdı, Peyğəmbərin (s) gördükləri həqiqət idi. Əlbəttə, burada Peyğəmbərin (s) qəlb gözü ilə nə gördüyü açıq şəkildə deyilməmişdir. Ancaq 18-ci ayədə onun bu ruhani səfərdə Allahın bir sıra böyük nişanələrini gördüyü qeyd edilmişdir. Burada Allah-taala ilə görüş nəzərdə tutula bilər. Təbii ki, görmə fiziki göz deyil, qəlb gözünə aiddir, “görüş” deyilərkən isə fiziki deyil, ruhani görüş nəzərdə tutulur. Allahı fiziki deyil, yalnız ruhani gözlə görmək olar. İmam Rzadan (ə) “Peyğəmbər (s) Allahı gördümü?” – deyə soruşulduqda buyurmuşdur: “Bəli, Onu qəlbi ilə gördü. Məgər Allahın “(Peyğəmbərin pak) qəlbi gördüyünü yalan saymadı”, – deyə buyurduğunu eşitməmisən? Peyğəmbər (s) Allahı gözü ilə deyil, qəlbi ilə gördü.” 13-cü ayədə Peyğəmbərin (s) Allahla olan başqa bir görüşünə – merac vaxtı Peyğəmbərin (s) Sidrətül-müntəhanın yanında olan başqa bir görüşünə işarə edilmişdir. “Sidr” ağac, “Müntəha” isə yer adıdır. Burada göylərin ən son nöqtəsi nəzərdə tutulmuşdur. Çünki “Məva bağı”nın (möminlərin məskunlaşdığı Cənnət bağının) onun yanında, Cənnətin göydə olduğunu buyurur. Quranda bu ayədən başqa heç bir yerdə bu ağacdan söhbət açılmamışdır. Sanki Allah burada rəmzlərlə danışır. Hədislərdə Sidrin yeddinci göydəki bir ağacın adı olduğu qeyd edilmişdir. İnsanların əməlləri həmin ağaca doğru yüksəlir.[2] Peyğəmbər (s) belə buyurmuşdur: “Onun yarpaqlarnın hər birinin üzərində Allaha tərif deyən bir mələk gördüm.” Başqa bir hədisində isə belə buyurur: “Mən Sidrətül-müntəhaya çatdım, onun hər bir yarpağının kölgəsində bir ümmətin əyləşdiyini gördüm.” Buradan da yerdəki ağaclara bənzər bir ağacın nəzərdə tutulmadığı məlum olur. Onunla Allah dərgahında böyük bir kölgə salana və hər yarpağı üzərində bir mələyin tərif deməsinə, keçmiş ümmətlərin əməlisalehlərinin onun kölgəsində əyləşməsinə işarə edilmişdir.[3] 16-cı ayədə belə buyurulur: “Sidrətül-müntəhanı bir şey bürümüşdü”. Allah bu ayənin izahını verməmişdir. Ancaq hədislərdə bildirilir ki, Allahla Peyğəmbər (s) arasındakı pərdə götürüldüyü və o, Allahı qəlb gözü ilə gördüyü an Sidr ağacını bir nur bürümüşdür.[4] Hər halda biz meracın əsl həqiqətindən xəbərsizik. Bu hadisə haqqında olan izahlar bir növ bənzətmədir. Söz bu həqiqəti ifadə etməyə aciz olduğu üçün bu cür böyük həqiqətlərə belə işarə edilmişdir.
- Axirətə inanmayanlar, mələkləri (Allahın) qadın(ları) adlandırırlar.
- Ancaq buna dair heç bir bilgiləri yoxdur. Sadəcə, əsası olmayan zənnə qapılırlar. Halbuki zənn əsla həqiqət ola bilməz.
- İndi ki belədir, sən də Bizi xatırlamağı rədd edib yalnız dünya həyatını istəyənlərdən üz çevir!
- Bu, onların biliyinin ən son həddidir. Sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
- Pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə yaxşı əməllərinə görə mükafatlandırması üçün göylərdə və yerdə nə varsa, Allaha məxsusdur.
- Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin məğfirəti genişdir. O, sizi torpaqdan yaratdığı vaxtdan və analarınızın bətnində rüşeym halında olduğunuz vaxt hər kəsdən yaxşı tanıyırdı. Elə isə özünüzü öyməyin! O, təqvalıları daha yaxşı tanıyır.
- Gördünmü (İslamdan) üz çevirəni,
- (malından) az verib çox verməkdən imtina edəni?
- Məgər o, qeybi bilir, (başqalarının onun günahlarını öz öhdəsinə götürəcəyini) görür?
- Yoxsa Musanın səhifələrində olanlardan xəbərdar olmayıb?
- Və vəzifəsini tam yerinə yetirən İbrahimin (səhifələrində olanlardan xəbərdar olmayıb)?
- Heç bir günahkar başqasının günah yükünü daşımaz.
- İnsana yalnız çalışıb səy göstərdiyi aiddir.
- Onun səy göstərdiyi tezliklə görünəcək.
- Sonra ona yetərli qədər mükafat veriləcəkdir!
- Bütün işlərin son nöqtəsi sənin Rəbbindir.
- Güldürən də, ağladan da Odur!
- Öldürən də, dirildən də Odur!
———————————————————————————-
- “Ləməm” sözünün mənası: “Ləməm” günaha yaxınlaşmağa deyilir. “Ləməm” kiçik günahlar mənasında da işlədilir. Ayənin məzmunundan da məlum olur ki, “ləməm” insanın yol verdiyi, ancaq sonradan fərqinə varıb tərk etdiyi günaha deyilir. İmam Sadiq (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “İnsanın etdiyi, sonra bir müddət uzaqlaşıb yenidən etdiyi günahdır (həmşiəlik adətinə çevrilmir)”. O həzrət başqa bir hədisində belə buyurmuşdur: “Ləməm insanın öncə edib, sonra bağışlanılmasını dilədiyi günahdır.” Ümumiyyətlə, əməlisaleh insanların xətaya yol verməsi mümkün haldır, ancaq bu xəta onların təbiətinə ziddir. Onların ruhları və qəlbləri hər zaman təmizdir, bulaşma təsadüfi xarakter daşıyır. Onlar xətaya yol verən kimi peşman olub Allahdan bağışlanma diləyirlər.[5]
- Özünüzü öyməyin: Bu çirkin əməl insanın özünü tanımamasından irəli gəlir. Əgər insan özünü yaxşı tanısa, Allahın böyüklüyü qarşısında özünün kiçik olduğunu görsə, üzərində olan ağır məsuliyyətlər müqabilində əməllərinin kiçik olduğunu bilsə, Allahın ona bəxş etdiyi saysız-hesabsız nemətləri gözləri önünə gətirsə, heç zaman özünü öyməz, lovğalanmaz. Qürrələnmək, qəflət, özünü üstün tutmaq və nadan düşüncələr də bu çirkin əmələ təhrik edən amillərdəndir. İnsanın özünü öyməsi özünü kamil hesab etməsindən irəli gəldiyi üçün geriləməsinə səbəb olur. Çünki kamilliyin göstəricisi insanın qüsurlu olduğunu etiraf etməsi, naqis və zəif olduğunu qəbul etməsi ilə bəlli our. Buna görə də övliyalar Allahın təyin etdiyi vəzifələr qarşısında hər zaman təqsirli olduqlarını etiraf etmiş, insanları özünü öyməkdən, etdikləri əməlləri üstün tutmaqdan çəkinməyə çağırmışlar. İmam Baqir (ə) belə buyurmuşdur: “Heç biriniz namazının, orucunun, zəkat, həcc və ümrə ayinlərinin çoxluğu ilə öyünməsin. Çünki Allah təqvalıları daha yaxşı tanıyır.”[6] İmam Əli (ə) təqvalıların xüsusiyyətləri haqqında belə buyurmuşdur: “Öz kiçik əməllərindən narazıdırlar, etdikləri çox ibadəti az sayırlar, Bunlar özlərini daim ittiham edirlər, əməllərinə görə qorxu hissi keçirirlər. Onları təmiz olduqlarına görə təriflədikdə qorxuya düşərək deyirlər: Mən özüm-özümü yaxşı tanıyıram, Rəbbim məni özümdən yaxşı tanıyır. Ey Rəbbim, məni haqqımda söyləninənlərə görə cəzalandırma, məni haqqımda düşündüklərindən daha yaxşı et, onların xəbərsiz olduqları günahlarımı bağışla!”[7]
- İnsan üçün yalnız etdiyi əməl nəticəsi verir: Əllamə Təbatəbai bu ayəni izah edərkən “insan üçün” ifadəsi ilə bağlı çox mühüm bir nüansa toxunmuşdur. Burada “lam” ön qoşması həqiqi sahibliyi, malikliyi bildirir. Yəni insan təkcə etdiyi yaxşı və ya pis əməlin sahibidir. Bu əməllər əbədi olaraq onunla bir yerdə olur. Ancaq insanın sahib və malik olduğunu düşündükləri – mal, vəzifə, övlad və sair, hamısı bu dünyada insanla birlikdə olan xəyali varlıqlardır, insan bu dünyanı tərk edərkən onları bu dünyada qoyub gedir. Ancaq ayə və hədislərə əsasən o dünyada günahı olan möminlərə şəfaət ediləcəyi məsələsinə gəlincə, bu məsələ ilə təzad təşkil etmir. Səbəbi isə onların bu dünyada Allaha və Onun ayələrinə inanıb yaxşı əməllər etməsidir. Onlara şəfaət olunmasına məhz həmin iman və əməlləri səbəb olur. Əgər imanları olmasaydı, onlara əsla şəfaət olunmazdı. Beləliklə, mömin öldükdən sonra digər möminlərin bağışlanma istəyindən və göndərdikləri hədiyyə savablardan faydalanırlar. Habelə bu dünyada yaxşı və ya pis bir ənənə qoymuş insan öldükdən sonra həmin ənənəyə əməl edən insanların günah və savabına ortaq olurlar. Çünki həmin adam həmin ənənəni qoymaq üçün səy göstərmişdir.[8]
- O, biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı –
- xaric olan bir nütfədən.
- Başqa bir aləm də yaratmaq Ona aiddir.
- Ehtiyacsız edib, qalıcı sərmayə bəxş edən Odur.
- Şi’ra ulduzunun da Rəbbi Odur.
- O, əvvəlki Ad qövmünü məhv etdi,
- Səmud qövmünü də. Onlardan heç kəsi sağ buraxmadı.
- Onlardan qabaq Nuh qövmünü də. Çünki onlar daha zalım, daha azğın kimsələr idi.
- Həmçinin alt-üst olmuş şəhərləri (Lutun qövmünü) də O viran qoydu.
- Sonra onları ağır əzaba qərq etdi.
- Sən öz Rəbbinin hansı nemətinə şübhə edirsən?
- Bu, əvvəlki qorxudanlardan olan bir qorxudandır (peyğəmbərdir).
- Yaxınlaşmalı olan yaxınlaşıb (Qiyamət günü yetişir).
- Allahdan başqa heç kəs onun çətinliklərini aradan qaldıra bilməz.
- Siz bu sözə təəccüblənirsiniz,
- gülürsünüz, heç ağlamırsınız,
- qəflət və ehtiras içində ömür sürürsünüz?
- İndi ki belədir, hamınız Allaha səcdə qılın və Ona ibadət edin!
[1] Əl-Mizan, c.19, səh.26
[2] Əl-Mizan, c.19, səh.26
[3] Nümunə, c.22, səh.497
[4] Əl-Mizan, c.19, səh.32
[5] Nümunə, c.22, səh.537
[6] Nümunə, c.22, səh.542
[7] Nəhcül-bəlağə, 184-cü xütbə
[8] Əl-Mizan, c.19, səh.47