6-cı xütbə
(Təlhə və Zübeyr bey’ətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlardandır:
And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam.
7-ci xütbə
İmam Əli əleyhis-salamın (ona qarşı çıxanların məzəmmət edilməsi haqda olan) xütbələrindəndir.
Onlar öz işlərində şeytana etimad etdilər. Şeytan da (başqalarını azdırmaq üçün) onları öz şərikinə və tələsinə çevirdi. Sonra onların köksündə yumurta qoyaraq cücə çıxardı və tədricən (özünə itaət etdirənə qədər) onlarla təmasda oldu. Onların gözləri ilə görür, dilləri ilə danışırdı. (Söz və əməllərində ona tabe olurdular) sonra onları azğınlıq atına mindirərək mənasız sözləri nəzərlərində bəzəkli göstərdi. Onların işləri şeytanın öz qüdrətində şərik edib onun dili ilə öz səhv və batil sözlərini dediyi bir kimsənin işi kimi idi.
8-ci xütbə
İmam Əli əleyhis-salamın müvafiq vaxtda Zübeyri nəzərdə tutaraq buyurduğu kəlamlarındandır.[1] (Həzrət buyurdu:)
Zübeyr güman edir ki, Əliyə bey’ət edərək ürəyində əleyhinə olub. Öz bey’ətində qalıb və iddia edir ki, batinində onun əksini gizlətmişdir. Buna görə də (dediklərinin doğruluğu məlum olsun deyə) dəlil və sübut gətirməlidir. Əgər heç bir dəlili olmasa onun bey’əti öz qüvvəsində qalır və müti olmalı, itaət etməlidir.
9-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Burada Təlhə, Zubeyr və onların Cəməl döyüşündəki yoldaşları pislənilir, qınanır.)
İldırım kimi güruldayaraq qorxutdular və şimşək tək çaxaraq yerlərindən qopdular. (Boş sözlərlə, səs-küylə fitnə-fəsad törətdilər və müharibəyə şərait yaratdılar.) Bu coşqu və gurultuya baxmayaraq, döyüş vaxtı aciz və qorxaq idilər. Biz iş görənə qədər səs salıb qorxutmuruq. (Sözlərimiz əməllərimizlə əlaqəlidir) yağmayana qədər sel axıtmırıq.[2]
[1] Zübeyr əhdini pozaraq Həzrətlə müharibə etmək qərarına gəldiyindən Həzrət ona buyurdu: «Sən mənə bey’ət etmisən. Mənə tabe olmağın vacibdir». Cavabında dedi: «Bey’ət zamanı tövriyyə etdim. Yəni, dildə deyib ürəyimdə onun əksini niyyət etdim».
[2] Yağış yağmamış selinin gəlməsi mümkün olmadığı kimi, əməli olmasa söz danışan adamın qalib gəlməsi də mümkün deyil.