Bu sual qarşısında deyə bilərik ki, o zamanlar Əmirəl-möminin (ə) iki yol ayrıcında qalmışdı. Ya gərək həqiqi dostlarının yardımı ilə qiyam edəydi, ya da bütün bu olanlara səbir edərdi. Bacardığı qədər müsəlmanların çətinliklərini həll etməyə çalışardı.
İlahi rəhbərlər heç bir zaman qüdrəti hədəf hesab etməyib. Onların hədəfləri daha ali olmuşdur. İmam Əli (ə) də həmin zamanın siyasi və ictimai vəziyyətini qiymətləndirdikdən sonra bu nəticəyə gəlib çatır ki, əgər Həzrət Fatiməyə (s.ə) edilən zülm qarşısında reaksiya versə, Həzrət Peyğəmbərin (s) uzun illər boyu çəkdiyi zəhmətləri bada vermiş olar və şəhidlərin pak qanı hədər gedər. Ona görə də yaranmış bu vəziyyətlə barışmağa məcbur olur.
Əgər bu halda İmam (ə) əlini qılıncına atsaydı və qiyama qalxsaydı, müsəlmanların arasında daxili müharibə yaranacaqdı. Daha qorxulu hadisələr baş verə bilərdi. O cümlədən:
1. İmam Əli (ə) Peyğəmbərlə (s) əhd bağlamış bir çox əziz insanlarını itirmiş olardı.
2. İslam ümmətində təfriqə yaranardı.
3. İnsanların bir hissəsi Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdi və Həzrətin (s) rehlətindən sonra mürtəd olmuşdu. Əgər İmam (ə) qiyama qalxsaydı, İslam cəmiyyəti daha yeni təhlükələrlə üzləşərdi.
4. Romalılar müsəlmanlar üçün mühüm təhlükə hesab olunurdu və əgər İmam (ə) qiyam etsəydi, İslam cəmiyyəti zəiflədiyi üçün bu ölkə mütləq hücum edəcəkdi.
İmam (ə) bir çox şeylərə görə səbir etməli olur ki, bu saydıqlarımız onların yalnız bəzi təhlükələrindən idi. İmam (ə) bu qəmini “Nəhcul-bəlağə”də belə bəyan edir: “Bu fikirdə idim ki, tək halqa ayağa qalxam, yoxsa bu yaranmış zülmətli mühitə səbir edəm? O mühit ki, qocaları əldən salmış, cavanları qocaltmış və imanlı insanları ömürlərinin sonuna qədər əziyyətə vadar edir. Nəhayət gördüm ki, səbr etmək ağıla daha yaxındır, ona görə də səbr etdim. Ancaq o kəsə bənzədim ki, gözləri tikanla dolmuş, sümük boğazının yolunu tutmuşdur. Öz gözlərimlə gördüm ki, mirasımı necə qarət edirlər”.
Bəli, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İmam Əlinin (ə) bütün bu zülmə göz yummasının tək səbəbi var idi və o da dinin sağlam qalması idi.
İmamın (ə) buyurmuşdu: “Dinin sağlam qalmağı bizim üçün hər şeydən daha yaxşıdır”.
İmam (ə) bu yolda bütün imtahanlardan keçməyə hazır idi.(erfan/deyerler)