“Qələm” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Nun. And olsun qələmə və yazdıqlarına!
  2. Məhz Rəbbinin neməti sayəsində sən dəli deyilsən.
  3. Sənin üçün böyük və tükənməz mükafat hazırlanmışdır.
  4. Sən böyük və yüksək əxlaq sahibisən!
  5. Tezliklə sən də görəcəksən, onlar da –
  6. hansınızın dəli olduğunu.
  7. Rəbbin Onun yolundan azanları və haqq yolda olanları hər kəsdən yaxşı bilir.
  8. Elə isə yalan sayanlara itaət göstərmə.
  9. Onlar sənin güzəştə getməyini, qarşılığında özlərinin də güzəştə getmələrini istəyirlər.
  10. İtaət etmə tez-tez and içənə, alçağa,
  11. eyib axtarana, söz gəzdirənə,
  12. xeyrə mane olana, həddi aşana, günahkara,
  13. kin saxlayana, çox yeyənə, kobud və bədnama!
  14. Məbada çoxlu var-dövlət və oğul-uşaq sahibi olduğu üçün (ona itaət göstərəsən).
  15. Ayələrimiz ona oxunduğu zaman: “Bunlar keçmişdəkilərin uydurduğu əfsanələrdir!” deyər.

————————————————————————————

  1. Axar suyu sizin ixtiyarınıza kim verir? Birilik ki, torpaq iki əsas təbəqədən ibarətdir: suyu özünə hopduran yumşaq təbəqə və sərt təbəqə. Su sərt təbəqənin altında toplanır. Bütün bulaqlar, quyular, kəhrizlər, bu iki təbəqə sayəsində meydana gəlir. Əgər yer üzü dərinliklərinə qədər tamamilə yumşaq və sukeçirən olsaydı, su tamamilə hopub yerə sovrular və onu əldə etmək qeyri-mümkün olardı. Əgər yer üzü tamamilə sərt olsaydı, su ya yerin üzərində durar və yer üzü başdan-başa bataqlığa çevrilərdi, ya da axıb dənizlərə tökülər və nəticədə bütün yeraltı su ehtiyatları əldən çıxardı. Bu, Allahın bütün mövcudata bəxş etdiyi rəhmətinin kiçik bir nümunəsidir. İnsanın ölümü və həyatı bu nemətdən çox-çox asılıdır. Əhli-beytin (ə) hədislərində bu ayədə İmam Mehdinin (ə) zühuruna və onun bütün dünyanı ədalətlə dolduracağına işarə edildiyi qeyd edilmişdir. İmam Baqir (ə) hədislərinin birincə sözü gedən ayənin təfsiri ilə bağlı belə buyurmuşdur: “Bu ayə Allahın ədaləti ilə qiyam edəcək bir imam haqqında nazil olub. O, deyəcək: “Əgər sizin imamınız qeybə çəkilsə, siz onun yerini bilməzsiniz, sizə göydən və yerdən məlumat verən, halal və haramı izah edən imamı kim göndərər?” O həzrət (ə) daha sonra buyurmuşdur: “And olsun Allaha! Bu ayənin yozumu hələ nazil olmayıb, nəhayət gələcək.” Bu məzmunda hədislər çoxdur. Əlbəttə, onların hamısının tətbiq nümunəsi olduğunu unutmamalıyıq. Başqa sözlə desək, bu ayənin zahiri məzmunu mövcudatın həyat mənbəyi olan axar suya, batini isə insan cəmiyyətinin həyat mənbəyi olan imama, onun elminə və cahanşümul ədalətinə aiddir.[1]

“Qaləm” surəsinin ümumi məzmunu: Bu surədə Allah-taala Peyğəmbərə (s) onu dəli adlandıran müşriklərin təhqirinə cavab olaraq təsəlli verir, onu böyük əxlaq sahibi olması və aqibətinin xeyirli olacağı ilə müjdələyir. Həmçinin təkidlə Peyğəmbəri (s) müşriklərlə razılığa gəlməkdən və onlara tabe olmaqdan çıkindirir və o həzrətə (s) missiyasının çətinliklərinə dözmək və Allahın fərmanını gözləmək göstərişi verir.[2]

  1. Peyğəmbər yüksək əxlaq sahibidir: Peyğəmbərlik missiyasını yerinə yetirərkən Peyğəmbərin (s) uğur qazanmasına səbəb olan ən mühüm amillərdən biri onun əxlaqı olmuşdur. Peyğəmbərin (s) malik olduğu yüksək əxlaqi keyfiyyətlər və ali insani dəyərlər o həzrətin (s) dostlarını heyran edir, hətta ən qatı düşmənlərini də təsir altına salır, ona təslim olmağa məcbur edirdi. Əgər bunu Peyğəmbərin (s) əxlaq möcüzəsi adlandırsaq, yanılmarıq. Peyğəmbərin (s) gözəl əxlaqı, mehribanlığı, fədakarlığı, təqvası haqqında çox əhvalat və xatirələr nəql edilmişdir. İmam Hüseyn (ə) hədislərinin birində belə buyurur: “Bir gün atam Əmirəl-möminindən (ə) Peyğəmbərin (s) xüsusiyyətləri və əxlaqı haqqında soruşdum, o da mənə geniş cavab verdi. İmamın cavabının bir hissəsində belə deyilir: “Peyğəmbər yoldaşlarına qarşı daim gülərüz, təbəssümlü və mülayim olub, əsla kobud, daşürəkli, sərt, acıdıl, eyib axtaran və yaltaq olmayıb. Heç kəsi naümid etməzdi və onun qapısına gedən heç kəs oradan məyus geri dönməzdi. Özünü üç xislətdən xilas etmişdi: söz savaşına çıxmaz, çox danışmaz, ona aid olmayan işə müdaxilə etməzdi. Üç davranışı özünə yaxın buraxmazdı: insanları məzəmmət etməz, danlamaz, camaatın gizli eyib və xətalarının üstünü açmazdı, yalnız Allahdan savab yazılacağına ümidi olduğu mövzulardan danışardı… Qərib və nadan adam kobud danışıb nə isə istəsəydi, dözümlülük göstərib yoldaşlarına buyurardı: “Kimin bir ehtiyacı olduğunu görsəniz, verin”. Heç kəsin sözünü kəsməzdi, sözünün sona yetməsini gözləyərdi.”[3]

 

  1. Biz tezliklə onun burnuna rüsvayçılıq damğası vuracağıq.
  2. Biz “bağ sahiblərini” sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) and içmişdilər ki, səhər tezdən meyvələri (ehtiyaclı insanların xəbəri olmadan) yığacaqlar
  3. və heç bir istisna da etməmişdilər.
  4. Onlar yuxuda ikən Rəbbinin əzabı onların bağını bürüdü.
  5. O yamyaşıl bağ zülmət gecə kimi (qapqara) oldu.
  6. Səhər bir-birini çağırdılar:
  7. “Əgər meyvələri yığacaqsınızsa, bağınıza erkən gedin!”
  8. Onlar yollandılar, (yol boyu da) bir-birinə (belə) pıçıldayırdılar:
  9. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
  10. Onlar səhər tezdən qərara gəlmişdilər ki, var gücləri ilə yoxsullara mane olsunlar.
  11. Onu (bağı) görəndə isə dedilər: “Həqiqətən biz azmışıq!
  12. (Bəli, hər şey əlimizdən çıxıb.) Əslində, bizik məhrumlar!”
  13. Onların ən ağıllısı dedi: “Məgər mən sizə demədimmi, nə üçün Allaha təriflər söyləmirsiniz?”
  14. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
  15. Sonra dönüb bir-birini qınamağa başladılar
  16. (və) dedilər: “Vay halımıza! Biz həddi aşmışıq!
  17. Ümidvarıq ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Çünki biz Rəbbimizi sevirik”.
  18. (Dünyadakı) əzab belədir. Axirət əzabı isə ondan da böyükdür! Kaş biləydilər!
  19. Müttəqilər üçün Rəblərinin dərgahında nemət dolu Cənnət bağları var.
  20. Biz heç möminləri günahkarlara tay tutarıqmı?!
  21. Sizə nə olub, necə hökm verirsiniz?!
  22. Yoxsa sizin elə bir kitabınız vardır ki, ondan oxuyursunuz?!
  23. Seçdiyiniz hər bir şeyin sizin olduğu(nu ondanmı oxuyursunuz)?!
  24. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, hökm etdiyiniz hər şey sizin olacaqdır?!
  25. Onlardan soruş gör, hansı buna zəmanət verir?!
  26. Yoxsa onların Allaha şərik qoşduqları məbudları vardır (və onlar üçün şəfaətçi olacaq)?! Əgər doğru danışırlarsa, onda məbudlarını gətirsinlər.
  27. Bir gün (dəhşətdən) baldırlar çılpaqlaşacaq və onlar səcdəyə çağırılacaqlar, lakin bacarmayacaqlar (səcdə etməyə qüdrətləri çatmayacaq).

——————————————————————————————

17-33. İnhisarçılıq hissi varlıların ən böyük bəlasıdır: İnsanın istər-istəməz dünya malına sevgisi olur. Yaşayış dünya malı ilə təmin olunduğu üçün ona qarşı normal rəğbət məzəmmət edilmir. Mühüm məsələlərdən biri insanın öz malından ehtiyacı olan insanlara pay ayırması və Allahın vacib hüquqlarını ödəməkdən əlavə müstəhəb sədəqələr də verməsidir. Quran (Ənam-141) və hədislərdə bağ və əkin sahiblərinin məhsul yığımı zamanı ehtiyaclılara da pay ayırması xüsusi vurğulanmışdır. Var-dövlətə sevgi ifrat həddə olduqda inhisarçılıq hissi güclənir, insan həmin hissdən həzz almağa başlayır. Bu, müasir cəmiyyətlərdə də çox rəst gəlinən böyük bəlalardandır. Hətta onu təhlükəli xəstəlik növü də hesab etmək olar. Bu ayədə işlədilən “bağ sahibləri”nin simasında əl-ələ verib kasıbların məhrum edilməsi üçün plan cızan, onlar görmədən məhsul götürməyə və ondan geniş şəkildə istifadə etmək istəyən varlıların inhisarçılıq ruhiyyəsi aydın şəkildə təsvir edilmişdir. Çox vaxt məhrum edilmiş kasıbların ah-naləsi yandırıcı ildırıma çevrilib inhisarçı varlıların həyat xırmanına od vurur, çox vaxt bu ildırımlar inqilablar formasında təzahür edir, varlılar inanmadıqlarını öz gözləri ilə əyani şəkildə görürlər, fəryadları göyə ucalır, keçmiş günah və səhvlərindən peşiman olmaqdan, tövbə etməkdən dəm vurmağa başlayırlar. Bu ayədə həm də belə məlum olur ki, günahla ruzinin kəsilməsi arasında yaxın əlaqə var. İmam Baqir (ə) belə buyurmuşdur: “Bəzən insan günah edir, nəticədə, ruzisi kəsilir.” Bu cümlədən sonra İmam  (ə) bu surənin 17-19-cu ayələrini oxumuşdur.[4] İbn Abbasa deyirlər: “Bəziləri səhvən belə düşünürlər ki, insanın etdiyi günah onun ruzidən məhrum olmasına səbəb olur”. İbn Abbas deyir: “And olsun özündən başqa tanrı olmayan Allaha! Bu məsələ Quranda parlaq günəşdən də aydın təsvir edilib. Allah “Qaləm” surəsində ondan bəhs edir.” Sonra o, bağ sahiblərinin əhvalatını nəql edir.[5]

  1. Səcdəyə dəvət ediləcəkləri, ancaq bunu bacarmayacaqları gün: Bir qrup təfsirçi “Baldırlar çılpaqlaşacaq” cümləsi ilə vəhşət, qorxu, dəhşət hissinə eyham vurulduğunu qeyd etmişdir. Adətən, ərəblər çətin bir işlə qarşılaşdıqda ətəklərini bellərinə bağlayır, nəticədə, baldırları açıq qalır. Ayədə sonra buyurulur ki, həmin gün insanlar Allah qarşısında səcdə edib təvazökarlıq göstərməyə dəvət edildikdə möminlər səcdə edəcək, münafiqlər isə varlıqlarını bürümüş dəhşət və qorxudan səcdə etməyi unudacaq, Allah qarşısında səcdə edə bilməyəcəklər. Burada ortaya belə bir sual çıxır: Əgər Qiyamət günü vəzifə və mükəlləfiyyət yeri deyilsə, bəs nə üçün hər kəs səcdə etməyə çağırılacaq? İmam Rza (ə) belə buyurmuşdur: “Qiyamətdə Allahın nuru üzərindən bir pərdə götürüləcək, möminlər onun əzəmətindən səcdəyə qapanacaq, münafiqlər isə belləri quruduğu üçün səcdə edə bilməyəcəklər.” Başqa sözlə desək, həmin gün Allahın əzəməti aşkar olacaq və bu əzəmət möminləri səcdə etməyə çağıracaq, onlar da səcdəyə qapanacaqlar, ancaq münafiqlər həmin səadətdən məhrum olacaqlar.[6]

 

  1. Bu, (xəcalətin çoxluğundan) gözləri yerə dikilmiş və vücudlarını zillət və xarlıq bürümüş halda baş verəcək. Halbuki onlar daha əvvəl sağ-salamat olduqları halda, səcdə etməyə dəvət olunurdular. (Lakin bu gün artıq onların səcdə etmək qüdrətləri yoxdur.)
  2. İndi bu sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba doğru aparacağıq.
  3. Mən onlara (qayıtmaq üçün) möhlət verirəm. Çünki Mənim tədbirlərim çox güclü və dəqiqdir.
  4. Yoxsa sən onlardan ödəməyə çətinlik çəkdikləri bir haqq istəyirsən?!
  5. Yoxsa qeybin sirləri onların əlindədir və onlar da onu yazırlar?!
  6. İndi ki, belədir, sən öz Rəbbinin fərmanını gözlə və balıq sahibi (Yunis) kimi olma! O zaman o, son dərəcə qəm-qüssə içində Rəbbini çağırmışdı.
  7. Əgər Rəbbinin mərhəməti dadına yetməsəydi, o, (balığın qarnından) qınanmış halda çölə atılacaqdı.
  8. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
  9. Kafirlər Quranı eşitdikləri zaman öz baxışları ilə az qalır səni məhv etsinlər. Onlar deyirlər: “O, dəlidir!”
  10. Halbuki bu (Quran), aləmlər üçün ayıldıcı vasitədən başqa bir şey deyildir.

 

[1] Nümunə, c.24, səh.358

[2] Əl-Mizan, c.19, səh.383

[3] Nümunə, c.24, səh.377

[4] Nümunə, c.29, səh.404

[5] Əl-Mizan, c.19, səh.393

[6] Nümunə, c.24, səh.413