“Qəmər” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Qiyamət yaxınlaşdı və Ay bölündü.
  2. Onlar bir möcüzə və əlamət gördükdə üz döndərib: “Bu davamı olan bir sehrdir” deyirlər.
  3. Onlar (Allahın ayələrini) yalan hesab etdilər və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir işin qərarlaşdığı bir yer var.
  4. Onlara pisliklərdən çəkindirən kifayət qədər xəbərlər (peyğəmbərlər və daha əvvəlki qövmlər) gəlmişdir.
  5. Bu, Allahın böyük bir hikmətidir. Lakin təhdidlər (inadkar insanlara) fayda vermir.
  6. Buna görə onlardan üz çevir. Carçının onları qorxulu hadisəyə çağıracağı günü xatırlat!

—————————————————————————————

  1. Şi’ra ulduzu: Şi’ra Yəmən şi’rası adı ilə tanınan ən parlaq ulduzlardan birinin adıdır. Bu ulduz cənub tərəfdə çıxdığından, eyni zamanda Yəmən də Ərəbistan yarımadasından cənubda yerləşdiyi üçün Yəmən şi’rası adlandırılmışdır. Bu ulduz adətən səhərlər əkizlər bürcünün yanında görünür və çox diqqət çəkən parlaqlığı olur. Çox parlaq olduğu üçün ona ulduzlar şahı da deyilir. Bu ulduzun çox qəribəlikləri var. Quranda Allahın Şi’ra ulduzunun Rəbbi kimi təqdim edilməsi Xüzaə və sair qəbilələrin həmin ulduzu müqəddəs hesab edib ona sitayiş etməsi, onu yer üzündəki bütün mövcudatın mənbəyi hesab etmələri ilə bağlıdır. Onlar yaradılmışı yaradanın, idarə ediləni idarə edənin yerinə qoymuşdular. Çox maraqlıdır ki, surənin əvvəlində batan ulduza and içilir, burada isə Şi’ranın Rəbbindən danışılır. Əgər bu ikisini yanaşı qoysaq, Şi’ranın nə üçün məbud ola bilməyəcəyi aydın olar. Onun da məbud ola bilməyəcəyi qürub etməsi və yaradılış qanunlarına tabe olması ilə bağlıdır.[1]

“Qəmər” surəsinin ümumi məzmunu: Bu surə beş hissədən ibarətdir: 1. Qiyamətin yaxın olması, Ayın iki yerə bölünməsi və Allahın möcüzələrini inkar edənlərin israrı; 2. İlk inadkar qövm olan Nuh (ə) qövmü, onların tufan və seldə məhv olması ilə bağlı kiçik bir xatırlatma; 3. Ad qövmünün əhvalatı və onların ağır əzaba düçar edilməsi; 4. Səmud qövmünün əhvalatı və onların öz peyğəmbərləri Salehə (ə) qarşı çıxması; 5. Lut (ə) qövmü ilə bağlı xatırlatma və onların acı sonu; 6. Firon və tərəfdarları haqqında xatırlatma və onlara göndərilən əzab; 7. Bu qövmlərin Məkkə müşrikləri və Peyğəmbərin (s) müxalifləri ilə müqayisəsi, bu hərəkətlərini davam etdirəcəkləri təqdirdə onları çox acı aqibətin gözləyəcəyindən xəbər verilməsi, günahkarlara Qiyamətdə veriləcək əzablar və təqvalılara veriləcək mükafatların bir qisminə işarə.[2]

  1. Ayın iki yerə bölünməsi: Bəzilərinin iddiasına görə, hətta təvatür (uydurula bilmə ehtimalı sıfıra bərabər olan hədislər çoxluğu) həddə olan hədislər çoxluğuna əsasən müşriklər Peyğəmbərin (s) yanına gəlib deyirlər: “Əgər doğru deyirsənsə və sən həqiqətən də Allahın peyğəmbərisənsə, ayı bizim üçün iki yerə böl”. Peyğəmbər (s) buyurur: “Əgər bunu etsəm, iman gətirərsiniz?” Onlar deyirlər: “Əlbəttə”. Həmin gecə ayın on dördüncü gecəsi idi. Peyğəmbər (s) Allahdan onların istədiyini yerinə yetirməsini istəyir. Sonra barmağı ilə aya işarə edir və qəfildən ay iki yerə bölünür. Peyğəmbər (s) müşrikləri tək-tək çağırıb buyurur: Baxın![3] Ayın bölünməsi hadisəsinin Peyğəmbərin (s) hicrətindən qabaq Məkkədə baş verməsi müfəssir və ravilərə görə mübahisə mövzusu deyil. Bəzi hədislərdən belə məlum olur ki, bu hadisə Peyğəmbərin (s) hicrətinə yaxın vaxtda, onun Məkkədə olduğu son dövrlərdə baş vermişdir. Bu da Mədinədən Peyğəmbərin (s) yanına gəlib onunla Əqəbədə beyət edənlərin xahişinə əsasən baş vermişdir. Bu hadisənin tələb edilməsinin səbəblərindən bəhs edən bəzi hədislərə görə müşriklər Peyğəmbərə (s) deyirlər ki, sehr və cadu yerdəki hadisələrə təsir göstərir, biz Mühəmmədin (s) sehr deyil, möcüzə göstərdiyinə əmin olmaq üçün onun göylə bağlı bir qeyri-adilik göstərməsini istəyirik. Hətta bir qrup inadkar təəssübkeş bu böyük möcüzəni gördükdən sonra deyir ki, Şam və Yəmən karvanları gəlib bu hadisəni gördüklərini deməsələr, biz onun möcüzə olduğunu qəbul etməyəcəyik. Adıçəkilən karvanlar da hadisəni təsdiq etdikdən sonra onlar yenə də iman gətirmirlər. Əlbəttə, bu böyük möcüzə digər möcüzələr kimi, zəif tarixi mənbələr və hədislərdə Ayın bir parçasının yerə enməsi kimi xurafat və təhriflərə məruz qalmışdır. Buna görə də möcüzənin əsl məzmununun it-bata düşməməsi üçün xurafatları orijinaldan diqqətlə ayırmaq lazımdır.[4]
  2. Onlar qorxunun şiddətindən gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
  3. Boyunlarını carçıya tərəf uzadaraq: “Bu gün ağır və acı bir gündür!” – deyəcəklər.
  4. Onlardan əvvəl Nuh qövmü (öz peyğəmbərlərini) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı adlandırıb: “O, dəlidir!” – dedilər və (peyğəmbərlik missiyasını davam etdirməməsi üçün müxtəlif vasitələrlə) onun qarşısı alındı.
  5. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənim intiqamımı onlardan al!” – dedi.
  6. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
  7. Yeri yarıb çoxlu bulaqlar qaynatdıq. Bu iki su təyin edilmiş ölçüdə bir-birinə qarışdı (və böyük bir dəniz yaratdı).
  8. Biz onu lövhələr və mismarlardan hazırlanmış bir miniyə mindirdik.
  9. (Həmin gəmi) nəzarətimiz altında hərəkət edirdi. Bu, (kafirlər tərəfindən) inkar edilmiş şəxslərə bir mükafat idi.
  10. Biz bu hadisəni ümmətlərə bir əlamət olaraq saxladıq. Heç ibrət alan bir nəfər varmı?
  11. Mənim əzabım və qorxutmağım necə oldu!
  12. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Heç xatırlayan bir adam varmı?
  13. Ad qövmü də (öz peyğəmbərlərini) yalançı saydı. (Görün) Mənim əzabım və qorxutmağım necə oldu!
  14. Biz qurtarmaq bilməyən nəhs bir gündə onların üstünə çox soyuq və qorxulu bir külək göndərdik.
  15. O, insanları kökündən qoparılmış xurma gövdələri kimi yerdən qoparırdı.
  16. (Görün) Mənim əzabım və qorxutmağım necə oldu!
  17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Heç xatırlayan bir adam varmı?
  18. Səmud qövmü də Allahın təhdidlərini yalan saydı.
  19. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
  20. Aramızdan vəhy təkcə onamı nazil oldu? Xeyr, o, çox özündənrazı yalançıdır,”
  21. Sabah onlar kimin özündənrazı yalançı olduğunu biləcəklər.
  22. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən onların sonunu gözlə və səbirli ol!

————————————————————————————

  1. Lövhələr və mismarlardan ibarət bir minik: Quranın bu ifadəsi çox maraqlı və dərin mənalıdır. Çünki Allah sanki demək istəyir ki, bütün dünyanı basmış, qarşısına çıxan hər şeyi öz kamına alıb batıran böyük selin içində Nuhun (ə) və dostlarının xilasını bir ovuc mismar və taxtaya tapşırdıq, onlar da öz vəzifələrini yaxşı yerinə yetirdilər. Bu, əslində, böyük bir qüdrət nümayişidir.[5]
  2. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq: Dildə və qəlbdə Allahla ünsiyyət yaratmaq üçün Quran ən asan, ən yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil, ismarışlarının qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” surəsinin 5-ci ayəsində belə buyurulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik.” Quran çox ağır və dərin məzmunlu kitabdır, ancaq insanın fitrətinə tanış olduğu və onunla səsləşdiyi üçün onu anlamaq və ondan istifadə etmək hər kəsə asandır. Ağır və dərin mənalı olmaqla yanaşı asan, rəvan və hər kəs üçün başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir. Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq demək deyil. Asanlıq və ağırlıq bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların bir araya gəlməsi heç də təəccüblü deyil.[6] Qəlb Quranla ünsiyyətə hazır olduğu hər vaxt onun tərəfindən cəzb olunur. İslam tarixində Quranın hazır qəlblərə göstərdiyi heyrətamiz təsirlə bağlı nümunələr bu faktı təsdiq edir. Ancaq bir toxumun həyat nütfəsi ölübsə, ona heç nə etmək olmaz. Əgər onu ən münbit yerdə əksəniz, dibinə Kövsər suyu töksəniz və ən yaxşı bağbanların nəzarəti altında bəslənsə belə heç vaxt göyərməyəcək, gül-çiçək açmayacaq.[7]
  3. Mübarək və nəhs: Adətən insanlar bəzi günlərin mübarək, bəzilərinin isə nəhs olduğunu düşünürlər. Baxmayaraq ki, həmin günlərin dəqiq hansı günlər olduğu da mübahisəlidir. Görəsən İslamın bu inanca münasibəti necədir. Bu suala cavab vermək üçün bir neçə nüansa diqqət yetirmək lazımdır: Birincisi, bu inanc heç də ağıl və şüura zidd deyil. Baxmayaraq ki, bu mövzunu sübut və ya inkar etmək üçün heç bir rasional arqumentimiz yoxdur. Sadəcə, bunun mümkün olduğunu, ancaq əqli cəhətdən sübuta yetirilə bilmədiyini deyə bilərik. Buna görə də bu barədə əlimizdə geniş üfüqlərə işıq saçan vəhy əsaslı dini dəlil olarsa, onu qəbul etmək bəlkə də bir zərurət hesab edilməlidir. İkincisi, Quranda günlərin mübarək və nəhs olmasına işarələr edilmişdir. Hədislərdə də bu, çox rast gəlinən məsələdir. Hədislərdə qeyd edilir ki, Adəm (ə) ayın birinci günündə yarandığı üçün həmin gün mübarəkdir. Bu cür hədislərdən bəzi günlərin sirli təsirlərə malik olduğu, ancaq bizim onlardan xəbərdar olmadığımız aydın olur. Üçüncüsü, diqqətlərin nəhs və mübarək günlərə yönəldilməsi adətən, insana ibrətamiz tarixi hadisələri xatırlatmaqla yanaşı Allaha üz tutmasına da səbəb olur. Buna görə də hədislərdə qeyd edilir ki, nəhs adlandırılmış günlərdə iş dalınca getməzdən əvvəl sədəqə verin, dua oxuyun, Allahdan yardım diləyin, bəzi Quran əylərini oxuyun, Allaha təvəkkül edin ki, işiniz uğurlu olsun.[8] İmam Sadiq (ə) belə buyurmuşdur: “(Səfər niyyəti, ruzi qazanmaq və sair məqsədlə) evdən çıxmağa hazırlaşanda sədəqə ver.”[9] Yuxarıda qeyd edilənlərə də əsaslanıb ifrata varmaq, şayiə və xurafatlara uymaq olmaz. Əgər hər hansı mötəbər hədisdə bir şey öz təsdiqini tapıbsa, onu qəbul etmək lazımdır, əks təqdirdə, Allaha təvəkkül etməklə həmin sözə etinasızlıq göstərib həyata ciddi-cəhdlə davam etmək lazımdır.[10]

 

 

 

  1. 28. Onlara xəbər ver ki, su onların arasında bölünməlidir (bir gün dəvə, bir gün isə onların növbəsidir). Hər biri öz növbəsində gəlsin!”
  2. Onlar yoldaşlarından birini çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
  3. (Görün) Mənim əzabım və xəbərdarlıqlarım necə oldu!
  4. Biz onlara yalnız səs göndərdik və onlar mal-qara sahibinin ağılda topladığı quru ot-ələf kimi oldular.
  5. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Yada salan bir adam varmı?
  6. Lut qövmü də xəbərdarlıqları yalan saydı.
  7. Biz onların üstünə çınqılları havaya sovuran tufan göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik.
  8. Bu, Bizim tərəfimizdən bir nemət idi. Biz şükür edən şəxsi belə mükafatlandırırıq.
  9. (Lut) onları Bizim əzabımızla qoxutdu, onlar isə höcətləşməyə və şübhə yaratmağa davam etdilər.
  10. Onlar Lutdan qonaqlarını onlara verməsini tələb etdilər. Ancaq Biz onları kor etdik (və dedik): “Əzabımı və təhdidlərimi dadın!”
  11. Nəhayət, sübh tezdən onlara davamlı bir əzab gəldi.
  12. Elə isə əzabımı və təhdidlərimi dadın!
  13. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Yada salan bir adam varmı?
  14. Xəbərdarlıqlar Firon nəslinə də gəldi.
  15. Onlar nişanələrimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizlə yaxalayıb cəzalandırdıq.
  16. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa səmavi kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
  17. Yoxsa onlar: “Biz müttəfiq, güclü və qalib bir dəstəyik!” – deyirlər?
  18. Tezliklə hamısı məğlub olacaq və dönüb qaçacaqdır.
  19. Qiyamət onlara vəd verilib. Qiyamət əzabı daha qorxulu və daha acıdır.
  20. Günahkarlar azğınlıq və od şölələri içindədirlər.
  21. Cəhənnəm oduna sürüklənəcəkləri gün (onlara deyiləcək): “Cəhənnəmin odunu dadın!”
  22. Əlbəttə, Biz hər şeyi qədərincə yaratdıq.

————————————————————————————-

  1. Biz onları kor etdik: İmam Sadiq (ə) buyurmuşdur: “Lutun qövmü onunla mübahisə edir, güc göstərirdi. Hətta iş o yerə çatdı ki, evə soxuldular. Cəbrail Lutdan onları buraxmasını istəyir. Onlar içəri girən kimi Cəbrailin işarəsi ilə kor olurlar.”[11] Deyilənə görə, hətta gözləri yerli-dibli yox olur. Deyilənə görə, Allah onların əzabını ona görə sübh vaxtına qədər təxirə salır ki, bu hadisə bir gün əvvəl baş verdiyi üçün, Allah onlara bir gecə də artıq düşünmək fürsəti verir, Allahın kor etdiyi insanlar üzərindəki əzab nümunəsinə baxsınlar, bəlkə ayılıb tövbə etsinlər. Ancaq hədislərdə qeyd edilənlərə görə, hətta kor olanları özləri belə, ibrət almır, əlləri ilə divarlardan tuta-tuta evlərinə gəlib sabah Lutun ailəsini son nəfərinə qədər qətlə yetirəcəklərinə and içirlər.[12]
  2. Səqər: Bəziləri hesab edir ki, “Səqər” Cəhənnəmin tam deyil, qeyri-adı yandırıcı xüsusiyyətə malik xüsusi bir hissəsinin adıdır. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Cəhənnəmdə Səqər adlı bir dərə var. Ora təkəbbürlü adamların yeridir. O dərə hər dəfə nəfəs aldıqda Cəhənnəmi yandırır.”[13]
  3. Dünyanın hər bir şeyi hesab-kitab üzrədir: Bu ayə varlıq aləminə hakim olan bir həqiqət üzərindən pərdə çəkir. Həmin həqiqət bütün kainatın dəqiq nizam-intizamıdır. Bəşəriyyətin elmi artdıqca insan bu nizam-intizamdan daha çox xəbərdar olur. Kosmonavtlar dəqiq elmi hesablamalarla Ayda düşmək istədikləri nöqtəyə dəqiqliklə uçuş edə bilirlər. Baxmayaraq ki, onlar Yer kürəsindən hərəkət etdikləri vaxtda Ay öz oxu ətrafına, habelə raket yerdən qalxarkən Yer həm öz oxu ətrafına, həm də Günəşin ətrafına çox böyük sürətlə fırlanır. Ancaq bütün bu hərəkətlər dəqiq tənzimləndiyi üçün kosmonavtlar dəqiq hesablamalarla uğurlu uçuş yerinə yetirə bilir və istədikləri məkana eniş edə bilirlər. Astroloqlar dəqiq hesablamalar sayəsində on illər öncədən gün və ay tutulması ilə bağlı dəqiq proqnoz verirlər. Bütün bunlar kainatda dəqiq ölçülərin olmasından xəbər verir. Kiçik varlıqlar arasında xırda qarışqalar öz mürəkkəb bədənləri, damarları və sinir sistemi ilə insanı heyran edir. Ancaq mikroblar, viruslar və amöblər kimi kiroskopik varlıqları müşahidə etdikdə bu ölçü incəliyinin nə qədər yüksəldiyinin şahidi oluruq. Belə ki, həmin mikroskopik canlılarda bəzən bir millimetrin mində birinin, hətta daha kiçik ölçünün hesablandılğı insanda heyrət doğurmaya bilmir. Bundan başqa, atomları araşdırdıqda bundan da kiçik miqyaslarla qarşılaşırıq. Atomlarda artıq ölçülər ağlasığmaz dərəcədədir. Bu miqyaslar təkcə kəmiyyətlərə aid deyil, mürəkkəb keyfiyyətlər də bu miqyaslarda dəqiqliklə nəzərə alınmışdır. İnsanın ruhu, meylləri, istəkləri, instinktləri üzərində hakim olan sistem və nizam-intizam onun fərdi və ictimai həyatı üçün dəqiqliklə nizamlanmışdır. Əgər bu sistemdə kiçik bir dəyişiklik baş versə, insanın fərdi və ictimai həyatı bir-birinə dəyər. Təbiət aləmində elə varlıqlar var ki, bir-birinin əyləci hesab edilirlər. Ov quşları kiçik quşların ətini yeyir. Onların sayının həddi aşmaması, nəticədə, bütün məhsulları məhv etməməsi üçün iri quşlar onların qarşısını alır. Onlar yalnız xüsusi şərtlər altında sağ qalırlar. Əgər onlar uzun ömür yaşayıb çoxlu bala versəydilər, bütün kiçik quşların nəsli kəsilərdi. Bu qayda bitki və heyvanat aləmi, flora və fauna üçün dəyişməzdir. Onların üzərindəaparılan araşdırmalar insanı “əlbəttə, Biz hər şeyi qədərincə yaratdıq” ayəsi ilə daha yaxından tanış edir.[14]
  4. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
  5. Biz keçmişdə sizə bənzər şəxsləri məhv etmişik. Heç ibrət alan varmı?
  6. Onların etdiyi hər şey əməl kitablarında yazılmışdır.
  7. Hər bir kiçik və böyük (əməl) yazılmışdır.
  8. Şübhəsiz ki, müttəqilərin Cənnət bağlarında və çayların kənarında yerləri var –
  9. qüdrətli hökmdar olan Allahın hüzurunda, doğru haqq məkanda.

[1] Nümunə, c.22, səh.562

[2] Nümunə, c.23, səh.5

[3] Nümunə, c.23, səh.8-9

[4] Nümunə, c.23, səh.18

[5] Nümunə, c.23, səh.33

[6] Təfsiri-mövzui, c.1, səh.355

[7] Nümunə, c.23, səh.36

[8] Nümunə, c.23, səh.41

[9] Kafi, c.4, səh.283

[10] Nümunə, c.23, səh.44

[11] Əl-Mizan, c.19, səh.85

[12] Nümunə, c.23, səh.64

[13] Nümunə, c.23, səh.76

[14] Nümunə, c.23 ,səh.81