“Qaf” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Qaf. Şərafətli Qurana and olsun!
- Onlar öz aralarından qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, çox qəribə bir şeydir.
- Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən həyata qayıdacağıq)? Bu, əlçatmaz bir qayıdışdır!”
- Ancaq Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyin qorunub saxlandığı bir kitab vardır.
- Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. Buna görə də dağınıq işləri arasında çaşqın vəziyyətdədirlər.
- Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlər? Orada heç bir yarıq da yoxdur.
- Biz yeri genişləndirdik, oraya böyük və möhkəm dağlar saldıq, zövq-səfa bəxş edən gözəl bitkilərin hər növündən yetişdirdik.
- (Bunu) tövbə edən hər bir bəndənin gözünün açılması və xatırlaması üçün (etdik).
- Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.
- Eləcə də sıx meyvələri olan hündür xurma ağacları (bitirdik.)
- Bütün bunlar bəndələrə ruzi bəxş etmək üçündür! Yağış vasitəsilə ölü bir məmləkəti diriltdik. Ölülərin dirilməsi də belədir.
- Onlardan əvvəl Nuhun qövmü, Rəss əhli, Səmudun qövmü (peyğəmbərlərini) yalançı saydı.
- Habelə Ad, Firon və Lutun qövmü,
- Əykə əhli və Tübbə qövmü – bunların hamısı Allahın göndərdiyi elçiləri yalançı saydı və onların haqqında olan əzab vədi gerçəkləşdi.
- Məgər Biz ilk yaradılışa acizlikmi çəkdik? Xeyr! Onlar yenə də yeni yaradılış barəsində şübhə içindədirlər.
———————————————————————————-
“Qaf” surəsinin ümumi məzmunu: Bu surənin əsas məzmununu məada aid məsələlər təşkil edir. Demək olar ki, bütün ayələr bu mövzu ətrafında dövr edir, digər mövzular isə periferik və qeyri-əsas səciyə daşıyır. Məada aid məsələlərdə aşağıdakı cəhətlərə daha çox diqqət ayrılmışdır: 1. Kafirlərin məadı (cismani məadı) inkar etməsi və bu məsələyə təəccüblə yanaşması; 2. Diqqətləri yaranış sisteminə, xüsusilə yağışın yağması ilə ölü yerlərin yenidən dirilməsi məsələsinin üzərinə çəkməklə məadın əsaslandırılması; 3. Diqqətləri insanın yardılışına çəkməklə məadın əsaslandırılması; 4. Əməl və danışıqların hesablaşma günü üçün qeyd edilməsinə işarə edilməsi; 5. Ölüm və bu dünyadan o dünyaya köçmə halları; 6. Qiyamət gününə aid bəzi məsələlər, Cənnət və Cəhənnəmin bəzi xüsusiyyətləri; 7. Başqa bir dünya üçün başlanğıc olan bu dünyanın sonunda baş verəcək hadisələrə işarə. Bu mövzularla yanaşı hədlərini aşmış bəzi xalqların vəziyyəti, acı taleyi, Allah və İslam peyğəmbərinə diqqət yetirilməsi, surənin əvvəli və sonunda Quranın əzəmət və böyüklüyü kimi məsələlərə işarə edilmişdir.[1]
- Məadı inkar edənlərin iki iradına cavab: Bu ayədə məadı inkar edənlərin iki iradına cavab verilmişdir: Birinci irad budur ki, insan öldükdən sonra onun sümükləri çürüyür, əti torpağa çevrilir, bütün zərrələri də qaz və buxar halında havaya yayılır. Belə olan halda onları yenidən bir yerə kim toplaya bilər, ümumiyyətlə, onları kim ayırd edə bilər? Sualın cavabı çox aydındır. Elmi bütün əşyaları əhatə edən Allah bütün bu zərrələrdən xəbərdardır, lazım gəldiyi zaman hamısını toplayır. Dəmirçi ətrafa səpələnmiş dəmir qırıntılarını tüstü yığını arasında bir maqnit parçası vasitəsilə bir yerə topladığı kimi, Allah üçün də insanın zərrələrini bir yerə toplamaq çox asandır. İkinci irad budur ki, insanın əməllərinin hesab-kitabını məad və Qiyamət gününə qədər kim qoruyub saxlayır? Cavab budur ki, onların hamısı “lövhi-məhfuz”da qorunub saxlanır.[2] Bütün əşyalar, təsirlər və vəziyyətlər bu kitabda qorunub saxlanır, o, heç bir dəyişikliyə məruz qalmır. Dünyada nə olub, nə olur və nə olacaqsa, hamısı həmin kitabda qeyd edilib.[3]
- Heç bir yarıq və kəsiyi olmayan göy: Bu cümlə ya göyün nöqsansız, qüsursuz və eyibsiz olduğunu, ya da Yer kürəsini əhatə edən göyün heç bir kəsintisinin olmadığını ifadə edir. “Ənbiya” surəsinin 32-ci ayəsində göy “qorunan tavan” adlandırılmışdır. O, davamlı olaraq kosmosdan sürətlə Yer kürəsinə doğru yağan daşların qarşısını kəsir, Yerə çatmazdan əvvəl onları yandırıb kül edir, bundan başqa kosmosdan gələn zərərli şüaların qarşısını alır. Əgər bunlar olmasa, göy təkcə ulduzların səpələndiyi və planetlərin üzdüyü boş məkandan başqa bir şey olmaz.[4]
- Biz insanı yaratdıq və onun nəfsinin vəsvəsələrini də bilirik. Biz ona şah damarından da yaxınıq.
- İnsanı sağ və soldan müşayiət edən iki mələk onun əməllərini qeydə alır.
- Dediyi elə bir söz yoxdur ki, həmin an nəzarətçi və hazır dayanmış mələk (onu qeydə alıb) vəzifəsini yerinə yetirməsin.
- Nəhayət, ölüm məstliyi həqiqəti (gözlər önünə) gətirəcəkdir. (Ona deyiləcək:) Bu, sənin uzaq qaçdığın şeydir.
- Sur üfürüləcəkdir. Həmin gün qorxulu vədin gerçəkləşdiyi gündür.
- Hər kəs məhşərə yol göstərən və şahidlə birlikdə gələcəkdir.
- (Ona deyiləcək:) Sən bu səhnədən xəbərsiz idin. Biz pərdəni sənin gözlərinin önündən qaldırdıq. Bu gün gözlərin çox iti görür!”
- Onunla birlikdə olan mələk deyəcəkdir: “Bu, onun məndə olan əməl dəftəridir!”
- (Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadkar, təkəbbürlü kafiri,
- xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,
- başqa bir məbudu Allaha tay tutanı! Atın onu şiddətli əzabın içinə!”
- (Şeytanlardan olan) yoldaşı deyəcəkdir: “Ey Rəbbimiz! Onu itaətsizlik göstərməyə mən məcbur etmədim, əksinə, o özü dərin azğınlıq içində idi!”
- (Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
- Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
- O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir.
- Cənnəti müttəqilərə yaxınlaşdıracaqlar, onlardan uzaqda olmayacaqdır.
- Budur sizə vəd edilən! O, Allaha doğru qayıdan, Onun əhd, əmr və hökmlərini qoruyan,
- mərhəmətli Allahdan Onu görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür.
- (Onlara deyilər:) Cənnətə sağ-salamat daxil olun! Bu gün əbədiyyət günüdür.
- Orada onlar üçün istədikləri hər şey var. Üstəlik hüzurumuzda bundan da artığı vardır.
———————————————————————————–
- Şah damardan yaxındır: Bizim fiziki həyatımız qanı müntəzəm olaraq ürəyə ötürən və oradan xaric edərək bütün bədən üzvlərinə paylayan (venoz və arterial) damarlardan asılıdır. Əgər bu fəaliyyət bir anlıq dayansa, insan dərhal ölər. Allah-taala da bizə şah damarımızdan yaxındır. Bu ayə Allah-taalanın “Ənfal” surəsinin 24-cü ayəsində “bilin ki, Allah insanla onun qəlbi arasında pərdə olur”, – deyə buyurduğu cümləyə bənzəyir. Allah bundan da yaxın və üstündür. Maddi aləmdə bundan daha açıq bənzətmə tapmaq olmur. Allahın elminin bu cür əhatəsi və bizim Onun qüdrəti ilə əhatə olunmağımız üzərimizə düşən vəzifəyə aydınlıq gətirir. Bizim danışıqlarımız, hərəkətlərimiz, düşüncələrimiz, niyyətlərimiz, hətta qəlbimizdəki vəsvəsələrimiz də Ona gizli deyil. Bu həqiqətə diqqət insanı ayıldır, onu Allahın ədalət məhkəməsindəki ağır məsuliyyəti ilə tanış edir, laqeyid insanı öhdəliyi olan bir varlığa çevirir.[5]
17-18. Sizin ən kiçik sözlərinizi də yazırlar: 16-cı ayədə Allahın elminin aşkar və gizlini, insanın daxilini və xaricini əhatə etdiyi buyurulur. Nəzər nöqtəsi olan ayələrdə isə, bununla yanaşı insana sağdan və soldan nəzarət edərək əməllərini qoruyan, hər zaman onunla olan, bir an belə ondan ayrılmayan iki mələyin də olduğu qeyd edilir. Bu, dəlil tamlığını təmin etmək və əməllərə görə cavab veriləcəyinin daha çox diqqət mərkəzində saxlanılmasının zəruri olduğunu çatdırmaq üçündür.[6] İmam Sadiq (ə) buyurmuşdur: “Allah mələklərə ibadət etməyi əmr edib və bəndələrinə şahidlik etməyi tapşırıb ki, bəndələri onların müşayiəti ilə Allaha itaətdə daha diqqətli olsunlar, Ona üsyan etməkdən daha çox çəkinsinlər. O qədər bəndə olub ki, hər hansı günahı etməyə niyyətlənmiş, ancaq bu iki mələyi xatırlayıb həmin günahdan çəkinərək demişdir: Rəbbim məni görür, əməlləri qoruyan mələklər də şahidlik edirlər.”[7] Peyğəmbərə (s) istinad edilən hədislərdə sağ tərəfin mələyinin yaxşı əməlləri, sol tərəfin mələyinin pis əməlləri yazdığı, ikinci mələyin birinci mələyə tabe olduğu qeyd edilmişdir. İnsan hər hansı yaxşı əməli etdikdə sağ tərəfdəki mələk on dəfə artıq yazır, insan günaha yol verdikdə və sol tərəfdəki mələk onu yazmaq istədikdə sağ tərəfdəki mələk ona tələsməməyi əmr edir. Günah əməli yazmağa təyin edilmiş mələk yeddi saat bu əməli yazmayıb gözləyir. Əgər insan peşman olub tövbə edərsə, heç nə yazılmır, əgər tövbə etmirsə, yalnız bir günah yazılır. Hədislərdə qeyd edilir ki, mömin insan dünyasını dəyişdikdən sonra onlar deyirlər: Ey Rəbbimiz, bəndənin ruhunu bədənindən aldıqdan sonra bizim işimiz nə olacaq? Allah-taala buyurur: “Mənim göyüm mələklərimlə, yerim isə yaratdıqlarımla doludur. Siz bəndəmin qəbrinə girin, orada təsbih (subhanəllah), təkbir (Allahu əkbər) və təhlil (la ilahə illəllah) deyin və savabını Qiyamətə qədər bəndəmin yaxşı əməllər dəftərinə yazın.”[8]
- Ölüm məstliyi: Ölüm məstliyi ölüm anı yetişdikdən sonra qeyri-adi həyəcan formasında meydana gələn məstlikdir. Bu məstlik beyinə nüfuz edərək insanda güclü həyəcan və narahatlıq yaradır. İmam Əli (ə) ölüm anları və onun məstliyini çox canlı şəkildə təsvir edərək belə buyurur: “Ölüm məstliyi bir tərəfdən, fürsətlərin əldən verilməsinin həsrəti digər tərəfdən. Əlləri və ayaqları süstləşir, rəngləri dəyişir. Ölüm bədənlərinə nüfuz etdikdə dilləri fəaliyyətdən düşür. Ailə və yaxınlarının arasında uzanmış vəziyyətdə gözləri görür, qulaqları eşidir, ağlı yerindədir, şüuru və dərki işləyir. Ömrünü hansı yolda zay etməsi, günlərini necə keçirməsi haqqında düşünür, topladığı sərvəti xatırlayır, onu toplamaq üçün halal və harama göz yummuşdu, halal və haramı, şübhəli mal olduğu aşkar olan yerdən sərvət toplamışdı, indi onların yükü boynundadır, bilir ki, ayrılıq vaxtı yetişib, ondan sonra sərvəti miras yeyənlərə qalacaq, onlar ondan faydalanacaqlar, ancaq zülmü onun boynunda qalacaq, miras başqalarına nəsib olduğu halda, o sərvətin girovundadır.”[9]
- Biz onlardan əvvəl özlərindən daha qüvvətli, şəhərlər (və ölkələr) fəth edən neçə-neçə nəsilləri məhv etdik. Məgər (əzabdan) qaçıb qurtarmaq olarmı?”
- Bunda ağlı olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün xatırlatma və ibrət vardır.
- Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir əziyyət və çətinlik olmadı.
- Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbinə həmd və tərif de!
- Gecənin bir hissəsində və səcdələrdən sonra Onun şəninə təriflər de!
- Və dinlə (ey Peyğəmbər)! O gün carçı yaxın bir yerdən çağıracaqdır.
- O gün onlar bu səsi həqiqətən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.
- Dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.
- O gün yer onlardan ötrü sürətlə yarılacaq, onlar (qəbirlərdən) çıxacaqlar. Bu cür toplamaq Bizim üçün asandır.
- Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim əzabımdan qorxanlara Quran vasitəsilə xatırlat!
[1] Nümunə, c.22, səh.222
[2] Nümunə, c.22, səh.230
[3] Əl-Mizan, c.18, səh.343
[4] Nümunə, c.22, səh.334
[5] Nümunə, c.22, səh.244
[6] Nümunə, c.22, səh.247
[7] Pəyame-Quran, c.6, səh.109
[8] Məcməül-bəyan, c.9, səh.240
[9] Nümunə, c.22, səh.255