Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
31

Luqman Surəsi

34 Ayə 21-ci Cüz Məkkədə nazil olub
سُورَةُ لقمان Ayətəllah Mişkini Tərcüməsi

Luqman Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Luqman Surəsi, Ayə 1

الٓمٓ ﴿1﴾

Mişkini Tərcüməsi: Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Eyni zamanda bir möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd (s)) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
2 Luqman Surəsi, Ayə 2

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ ﴿2﴾

Mişkini Tərcüməsi: Bu (surənin) ayələr(i) hikmətamiz kitabın ayələridir (Quranın, yaxud Lövhi-Məhfuzun ayələridir. O, elmlərə, şəriət hökmlərinə və müstəqil əqli məfhumlara şamildir).
3 Luqman Surəsi, Ayə 3

هُدًۭى وَرَحْمَةًۭ لِّلْمُحْسِنِينَ ﴿3﴾

Mişkini Tərcüməsi: O yaxşı əməl sahibləri üçün düz yol göstərən və rəhmətdir.
4 Luqman Surəsi, Ayə 4

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ ﴿4﴾

Mişkini Tərcüməsi: O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır.
5 Luqman Surəsi, Ayə 5

أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿5﴾

Mişkini Tərcüməsi: Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır.
6 Luqman Surəsi, Ayə 6

وَمِنَ ٱلنَّاسِ مَن يَشْتَرِى لَهْوَ ٱلْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.
7 Luqman Surəsi, Ayə 7

وَإِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِىٓ أُذُنَيْهِ وَقْرًۭا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ﴿7﴾

Mişkini Tərcüməsi: Bizim ayələrimiz (kitabımızın ayələri) ona oxunduğu zaman təkəbbürlə üz çevirir, elə bil onu eşitmir, elə bil hər iki qulağında ağırlıq vardır! Belə isə (ya Peyğəmbər!) sən də ona ağrılı bir əzabla müjdə ver!
8 Luqman Surəsi, Ayə 8

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتُ ٱلنَّعِيمِ ﴿8﴾

Mişkini Tərcüməsi: Əlbəttə iman gətirib yaxşı işlər görənlər üçün bol nemətli Cənnətlər və bağlar vardır.
9 Luqman Surəsi, Ayə 9

خَٰلِدِينَ فِيهَا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿9﴾

Mişkini Tərcüməsi: (Onlar) Orada həmişəlik qalacaqlar; (bu) Allahın haqq və sabit vədidir. (O,) yenilməz qüdrət və (dünyada dini qanunlar çıxarmaq və axirətdə cəzanı tətbiq etməkdə) hikmət sahibidir.
10 Luqman Surəsi, Ayə 10

خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍۢ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ﴿10﴾

Mişkini Tərcüməsi: (Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik.
11 Luqman Surəsi, Ayə 11

هَٰذَا خَلْقُ ٱللَّهِ فَأَرُونِى مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦ ۚ بَلِ ٱلظَّٰلِمُونَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿11﴾

Mişkini Tərcüməsi: Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
12 Luqman Surəsi, Ayə 12

وَلَقَدْ ءَاتَيْنَا لُقْمَٰنَ ٱلْحِكْمَةَ أَنِ ٱشْكُرْ لِلَّهِ ۚ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌۭ ﴿12﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, Biz Loğmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)».
13 Luqman Surəsi, Ayə 13

وَإِذْ قَالَ لُقْمَٰنُ لِٱبْنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَىَّ لَا تُشْرِكْ بِٱللَّهِ ۖ إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌۭ ﴿13﴾

Mişkini Tərcüməsi: Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsil sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)
14 Luqman Surəsi, Ayə 14

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍۢ وَفِصَٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ ﴿14﴾

Mişkini Tərcüməsi: Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir».
15 Luqman Surəsi, Ayə 15

وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًۭا ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿15﴾

Mişkini Tərcüməsi: Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə, (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm.
16 Luqman Surəsi, Ayə 16

يَٰبُنَىَّ إِنَّهَآ إِن تَكُ مِثْقَالَ حَبَّةٍۢ مِّنْ خَرْدَلٍۢ فَتَكُن فِى صَخْرَةٍ أَوْ فِى ٱلسَّمَٰوَٰتِ أَوْ فِى ٱلْأَرْضِ يَأْتِ بِهَا ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌۭ ﴿16﴾

Mişkini Tərcüməsi: (Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».
17 Luqman Surəsi, Ayə 17

يَٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ ﴿17﴾

Mişkini Tərcüməsi: «Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».
18 Luqman Surəsi, Ayə 18

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍۢ فَخُورٍۢ ﴿18﴾

Mişkini Tərcüməsi: «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz».
19 Luqman Surəsi, Ayə 19

وَٱقْصِدْ فِى مَشْيِكَ وَٱغْضُضْ مِن صَوْتِكَ ۚ إِنَّ أَنكَرَ ٱلْأَصْوَٰتِ لَصَوْتُ ٱلْحَمِيرِ ﴿19﴾

Mişkini Tərcüməsi: «Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir».
20 Luqman Surəsi, Ayə 20

أَلَمْ تَرَوْا۟ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَٰهِرَةًۭ وَبَاطِنَةًۭ ۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَٰبٍۢ مُّنِيرٍۢ ﴿20﴾

Mişkini Tərcüməsi: Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir.
21 Luqman Surəsi, Ayə 21

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ٱلشَّيْطَٰنُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴿21﴾

Mişkini Tərcüməsi: Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)
22 Luqman Surəsi, Ayə 22

۞ وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌۭ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ ۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ ﴿22﴾

Mişkini Tərcüməsi: Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar.)
23 Luqman Surəsi, Ayə 23

وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُۥٓ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿23﴾

Mişkini Tərcüməsi: Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.
24 Luqman Surəsi, Ayə 24

نُمَتِّعُهُمْ قَلِيلًۭا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍۢ ﴿24﴾

Mişkini Tərcüməsi: (Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.
25 Luqman Surəsi, Ayə 25

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿25﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri və yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların xaliqidir).
26 Luqman Surəsi, Ayə 26

لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿26﴾

Mişkini Tərcüməsi: Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).
27 Luqman Surəsi, Ayə 27

وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَٰمٌۭ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍۢ مَّا نَفِدَتْ كَلِمَٰتُ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ ﴿27﴾

Mişkini Tərcüməsi: Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).
28 Luqman Surəsi, Ayə 28

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍۢ وَٰحِدَةٍ ۗ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ﴿28﴾

Mişkini Tərcüməsi: Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əmələri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).
29 Luqman Surəsi, Ayə 29

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿29﴾

Mişkini Tərcüməsi: Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!
30 Luqman Surəsi, Ayə 30

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿30﴾

Mişkini Tərcüməsi: Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.
31 Luqman Surəsi, Ayə 31

أَلَمْ تَرَ أَنَّ ٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِنِعْمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنْ ءَايَٰتِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿31﴾

Mişkini Tərcüməsi: Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.
32 Luqman Surəsi, Ayə 32

وَإِذَا غَشِيَهُم مَّوْجٌۭ كَٱلظُّلَلِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌۭ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍۢ كَفُورٍۢ ﴿32﴾

Mişkini Tərcüməsi: Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.
33 Luqman Surəsi, Ayə 33

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ وَٱخْشَوْا۟ يَوْمًۭا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْـًٔا ۚ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿33﴾

Mişkini Tərcüməsi: Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
34 Luqman Surəsi, Ayə 34

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌۭ مَّاذَا تَكْسِبُ غَدًۭا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍۢ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ ﴿34﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.
Əvvəlki: 30. Ər-Rum Bütün Surələr ↑ Növbəti: 32. Əs-Səcdə