Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Luqman Surəsinin Ayələrinə Qayıt →
Luqman Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Loğman surəsi, 1-5-ci ayələr

Loğman surəsi, 1-5-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الم .١


تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ .٢


هُدًى وَرَحْمَةً لِلْمُحْسِنِينَ .٣


الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ .٤


أُولَئِكَ عَلَى هُدًى مِنْ رَبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Lam, Mim.

2\. Bu, hikmətli kitabın ayələridir.

3\. Əməlisalehlər üçün doğru yol göstərən və rəhmət vasitəsidir.

4\. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.

5\. Onlar Rəblərindən gələn doğru yoldadırlar. Nicat tapanlar onlardır.

Ayələrin təfsiri.



Əməlisalehlər kimlərdir?

Bu surə Quranın əzəmət və əhəmiyyətini vurğulamaqla başlayır. İlk ayəsinin "müqəttəə" hərfləri ilə başlaması da bu həqiqətə incə bir işarədir. Yəni sadə əlifba hərflərindən təşkil olunan bu ayələr o qədər böyük və yüksək məzmuna malikdir ki, insanların taleyini bütünlüklə dəyişir.

“əlif, Lam, Mim” “الم”

Buna görə də Allah-taala "müqəttəə" hərflərini qeyd edəndən sonra buyurur: “Bu, hikmətli kitabın ayələridir".

(tilkǝ) əvəzliyi ərəb dilində uzağa işarə etmək üçündür. Dəfələrlə bildirmişik ki, bu ifadə ayələrin əzəmət və əhəmiyyətini göstərir. Sanki onlar uca və əlçatmaz bir yerdə qərarlaşmışdır.

(kitab) sözünün (həkim) sözü ilə vəsf edilməsi, bir ehtimala görə, məzmununun möhkəm olması ilə əlaqədardır. Çünki batil ona əsla yol tapmır. Hər cür xurafatı özündən uzaq tutur. Yalnız haqqı deyir və yalnız haqq yola dəvət edir. Bunun əksi isə "lǝhv ǝl-hədis"dir ki, onun barəsində növbəti ayələrdə oxuyacağıq.

Digər ehtimala görə isə, bu mənanı ifadə edir ki, Quran hikmətli bir alim kimidir. Sakitdir, amma eyni zamanda, min dillə danışır, öyüd verir, rəğbətləndirir, qorxudur, ibrətli əhvalatlar söyləyir, sözün qısası, tam mənada hikmət sahibidir. Bu başlanğıc, surədə haqqında danışılan hikmət sahibi Loğmanın sözləri ilə də bilavasitə əlaqəlidir.

Əlbəttə, ayədə hər iki "hikmət"in nəzərdə tutulmasına maneə yoxdur. Növbəti ayə Quranın nazil olmasının son qayəsini bu ifadələrlə bəyan edir: "Əməlisalehlər üçün doğru yol göstərən və rəhmət vasitəsidir”.

(هُدًىوَرَحْمَةًلِّلْمُحْسِنِينَ)


Hidayət əslində Allahın mərhəməti üçün bir müqəddimə və ərə- fədir. Çünki insan öncə Quran nurunun işığında həqiqəti tapır və ona inanır; öz əməlində onu həyata keçirir. Ardınca Allahın geniş rəhməti və sonsuz nemətləri ona yönəlir.

Qeyd edək ki, burada Quran yaxşı iş görənlər üçün hidayət və rəhmət hesab olunmuşdur.

"Nəml" surəsinin əvvəlində də Müqəddəs kitab möminlər üçün hidayət və xoş xəbər hesab olunmuşdur:

هُدًىوَبُشْرَىلِلْمُؤْمِنِينَ


"Möminlərə doğru yolu göstərən bələdçi və müjdədir”. Həmçinin "Bəqərə" surəsinin əvvəlində təqvalılar üçün hidayət kimi tanıdılmışdır:

هُدًىلِّلْمُتَّقِينَ


"Təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır".

Bu ifadə fərqi ona görə ola bilər ki, insanda təqva olmadan həqiqətləri qəbul etmək və Haqqa təslim olmaq ruhu yaranmır, belə olan halda isə, təbii ki, hidayətdən də söhbət gedə bilməz.

Bu mərhələni - haqqı qəbuletmə mərhələsini keçdikdən sonra iman mərhələsi gəlir. Bu zaman hidayətdən əlavə, ilahi nemətlərlə müjdələmə də olacaqdır.

Əgər təqva və iman mərhələsini keçsək və saleh əməl mərhələsinə çatsaq, Allahın mərhəməti də ona əlavə olunmuş olacaq.

Buna görə də yuxarıdakı üç ayə Allah bəndələrinin üç ardıcıl təkamül mərhələsini bəyan edir: Haqqı qəbuletmə mərhələsi; iman mərhələsi; əməl mərhələsi. Quran bu üç mərhələdə ardıcıllıqla hidayət, müjdə və mərhəmət səbəbidir (diqqət edin).

Növbəti ayə əməlisalehləri üç sifətlə vəsf edir və deyir: "O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar”.

الصَّلاةَوَيُؤْتُونَالزَّكَاةَوَهُمبِالْآخِرَةِهُمْيُوقِنُونَ


Onların Xaliqlə - Yaradanla əlaqəsi namaz, məxluqla - yaradıl- mışla əlaqəsi zəkat vasitəsilə gerçəkləşir. Bu qətidir. Onların Qiyamət divanına - ilahi məhkəməyə əmin olması günahdan çəkinmələri və öz vəzifələrinə əməl etmələri üçün olduqca güclü stimuldur.

Haqqında danışdığımız son ayə əməlisalehlərin aqibətini belə bəyan edir: “Onlar Rəblərindən gələn doğru yoldadırlar. Nicat tapanlar onlardır”.
“أُوْلَئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأَوْلَئِكَ هُمُ الْمُفْلِحُون”


“أُولَئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ”

cümləsi, bir tərəfdən, onların hidayət olunmasına Allah tərəfindən zəmanət verildiyini göstərir, digər tərəfdən isə, (əla) ön qoşması hidayətin onlar üçün sanki bir minik olduğunu, onların bu miniyə süvar olub, onu ram etdiklərini ifadə edir.

Buradan da bu hidayətin surənin əvvəlində deyilən hidayətlə fərqi aydın olur. Çünki ilk hidayət haqqı qəbul etməyə hazır olmaqdır. Bu hidayət isə məqsədə çatmaq proqramıdır.

Eyni zamanda “أُولَئِكَ هُمُ الْمُفْلِحُون” cümləsi, ərəb dilinin qaydalarına görə, inhisar ifadə edir və göstərir ki, nicat yolu yalnız və yalnız budur. Bu, əməlisalehlərin yolu, Allah və xalqla münasibətdə olanların, başlanğıc və sona tam və möhkəm inananların yoludur.