Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
29

Əl-Ənkəbut Surəsi

69 Ayə 20-ci Cüz Məkkədə nazil olub
سُورَةُ العنكبوت Ayətəllah Mişkini Tərcüməsi

Əl-Ənkəbut Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ənkəbut Surəsi, Ayə 1

الٓمٓ ﴿1﴾

Mişkini Tərcüməsi: Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
2 Əl-Ənkəbut Surəsi, Ayə 2

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ﴿2﴾

Mişkini Tərcüməsi: Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!
3 Əl-Ənkəbut Surəsi, Ayə 3

وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَٰذِبِينَ ﴿3﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə, Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.
4 Əl-Ənkəbut Surəsi, Ayə 4

أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ ﴿4﴾

Mişkini Tərcüməsi: Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?
5 Əl-Ənkəbut Surəsi, Ayə 5

مَن كَانَ يَرْجُوا۟ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَءَاتٍۢ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿5﴾

Mişkini Tərcüməsi: Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.
6 Əl-Ənkəbut Surəsi, Ayə 6

وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ ﴿6﴾

Mişkini Tərcüməsi: Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.
7 Əl-Ənkəbut Surəsi, Ayə 7

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ ﴿7﴾

Mişkini Tərcüməsi: İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik.
8 Əl-Ənkəbut Surəsi, Ayə 8

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حُسْنًۭا ۖ وَإِن جَٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿8﴾

Mişkini Tərcüməsi: (Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm».
9 Əl-Ənkəbut Surəsi, Ayə 9

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُدْخِلَنَّهُمْ فِى ٱلصَّٰلِحِينَ ﴿9﴾

Mişkini Tərcüməsi: İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik.
10 Əl-Ənkəbut Surəsi, Ayə 10

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِىَ فِى ٱللَّهِ جَعَلَ فِتْنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِ وَلَئِن جَآءَ نَصْرٌۭ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِمَا فِى صُدُورِ ٱلْعَٰلَمِينَ ﴿10﴾

Mişkini Tərcüməsi: Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?!
11 Əl-Ənkəbut Surəsi, Ayə 11

وَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْمُنَٰفِقِينَ ﴿11﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır).
12 Əl-Ənkəbut Surəsi, Ayə 12

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَٰيَٰكُمْ وَمَا هُم بِحَٰمِلِينَ مِنْ خَطَٰيَٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَٰذِبُونَ ﴿12﴾

Mişkini Tərcüməsi: Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar.
13 Əl-Ənkəbut Surəsi, Ayə 13

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًۭا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿13﴾

Mişkini Tərcüməsi: Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq Qiyamət günü onlar uydurduqları yalanlar (şirk və digər bidətlər) barəsində sorğu-sual olunacaqlar!
14 Əl-Ənkəbut Surəsi, Ayə 14

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًۭا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَٰلِمُونَ ﴿14﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə, onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.
15 Əl-Ənkəbut Surəsi, Ayə 15

فَأَنجَيْنَٰهُ وَأَصْحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلْنَٰهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ ﴿15﴾

Mişkini Tərcüməsi: Beləliklə, Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik.
16 Əl-Ənkəbut Surəsi, Ayə 16

وَإِبْرَٰهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿16﴾

Mişkini Tərcüməsi: Və İbrahimi (göndərdik). O zaman (o), öz qövmünə demişdi: «Allaha ibadət edin və Ondan qorxun, bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!»
17 Əl-Ənkəbut Surəsi, Ayə 17

إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوْثَٰنًۭا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًۭا فَٱبْتَغُوا۟ عِندَ ٱللَّهِ ٱلرِّزْقَ وَٱعْبُدُوهُ وَٱشْكُرُوا۟ لَهُۥٓ ۖ إِلَيْهِ تُرْجَعُونَ ﴿17﴾

Mişkini Tərcüməsi: «Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz və (onlara İlah (məbud), şəfi və müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız».
18 Əl-Ənkəbut Surəsi, Ayə 18

وَإِن تُكَذِّبُوا۟ فَقَدْ كَذَّبَ أُمَمٌۭ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ﴿18﴾

Mişkini Tərcüməsi: «Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıqaşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir)».
19 Əl-Ənkəbut Surəsi, Ayə 19

أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿19﴾

Mişkini Tərcüməsi: Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz, bu (iş) Allah üçün asandır.
20 Əl-Ənkəbut Surəsi, Ayə 20

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ بَدَأَ ٱلْخَلْقَ ۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشْأَةَ ٱلْءَاخِرَةَ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿20﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».
21 Əl-Ənkəbut Surəsi, Ayə 21

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرْحَمُ مَن يَشَآءُ ۖ وَإِلَيْهِ تُقْلَبُونَ ﴿21﴾

Mişkini Tərcüməsi: İstədiyinə (əzaba layiq bildiyinə) əzab verər və istədiyinə (layiq bildiyinə) rəhm edər. (Siz) Ona tərəf qaytarılacaqsınız.
22 Əl-Ənkəbut Surəsi, Ayə 22

وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ ﴿22﴾

Mişkini Tərcüməsi: Siz əsla (Qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır.
23 Əl-Ənkəbut Surəsi, Ayə 23

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُو۟لَٰٓئِكَ يَئِسُوا۟ مِن رَّحْمَتِى وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿23﴾

Mişkini Tərcüməsi: Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır.
24 Əl-Ənkəbut Surəsi, Ayə 24

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿24﴾

Mişkini Tərcüməsi: Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.
25 Əl-Ənkəbut Surəsi, Ayə 25

وَقَالَ إِنَّمَا ٱتَّخَذْتُم مِّن دُونِ ٱللَّهِ أَوْثَٰنًۭا مَّوَدَّةَ بَيْنِكُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍۢ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًۭا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ﴿25﴾

Mişkini Tərcüməsi: Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – Qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır».
26 Əl-Ənkəbut Surəsi, Ayə 26

۞ فَـَٔامَنَ لَهُۥ لُوطٌۭ ۘ وَقَالَ إِنِّى مُهَاجِرٌ إِلَىٰ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿26﴾

Mişkini Tərcüməsi: Beləliklə, (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi».
27 Əl-Ənkəbut Surəsi, Ayə 27

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِى ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلْكِتَٰبَ وَءَاتَيْنَٰهُ أَجْرَهُۥ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْءَاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ﴿27﴾

Mişkini Tərcüməsi: İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır.
28 Əl-Ənkəbut Surəsi, Ayə 28

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ إِنَّكُمْ لَتَأْتُونَ ٱلْفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍۢ مِّنَ ٱلْعَٰلَمِينَ ﴿28﴾

Mişkini Tərcüməsi: Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!»
29 Əl-Ənkəbut Surəsi, Ayə 29

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ وَتَقْطَعُونَ ٱلسَّبِيلَ وَتَأْتُونَ فِى نَادِيكُمُ ٱلْمُنكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوا۟ ٱئْتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿29﴾

Mişkini Tərcüməsi: «(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»
30 Əl-Ənkəbut Surəsi, Ayə 30

قَالَ رَبِّ ٱنصُرْنِى عَلَى ٱلْقَوْمِ ٱلْمُفْسِدِينَ ﴿30﴾

Mişkini Tərcüməsi: (Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et».
31 Əl-Ənkəbut Surəsi, Ayə 31

وَلَمَّا جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوٓا۟ إِنَّا مُهْلِكُوٓا۟ أَهْلِ هَٰذِهِ ٱلْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا۟ ظَٰلِمِينَ ﴿31﴾

Mişkini Tərcüməsi: Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
32 Əl-Ənkəbut Surəsi, Ayə 32

قَالَ إِنَّ فِيهَا لُوطًۭا ۚ قَالُوا۟ نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا ۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ ﴿32﴾

Mişkini Tərcüməsi: (İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
33 Əl-Ənkəbut Surəsi, Ayə 33

وَلَمَّآ أَن جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالُوا۟ لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا ٱمْرَأَتَكَ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ ﴿33﴾

Mişkini Tərcüməsi: Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».
34 Əl-Ənkəbut Surəsi, Ayə 34

إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهْلِ هَٰذِهِ ٱلْقَرْيَةِ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿34﴾

Mişkini Tərcüməsi: «Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik».
35 Əl-Ənkəbut Surəsi, Ayə 35

وَلَقَد تَّرَكْنَا مِنْهَآ ءَايَةًۢ بَيِّنَةًۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq.
36 Əl-Ənkəbut Surəsi, Ayə 36

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱرْجُوا۟ ٱلْيَوْمَ ٱلْءَاخِرَ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿36﴾

Mişkini Tərcüməsi: Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin».
37 Əl-Ənkəbut Surəsi, Ayə 37

فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ ﴿37﴾

Mişkini Tərcüməsi: (Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular.
38 Əl-Ənkəbut Surəsi, Ayə 38

وَعَادًۭا وَثَمُودَا۟ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ وَكَانُوا۟ مُسْتَبْصِرِينَ ﴿38﴾

Mişkini Tərcüməsi: Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər.
39 Əl-Ənkəbut Surəsi, Ayə 39

وَقَٰرُونَ وَفِرْعَوْنَ وَهَٰمَٰنَ ۖ وَلَقَدْ جَآءَهُم مُّوسَىٰ بِٱلْبَيِّنَٰتِ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ وَمَا كَانُوا۟ سَٰبِقِينَ ﴿39﴾

Mişkini Tərcüməsi: Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
40 Əl-Ənkəbut Surəsi, Ayə 40

فَكُلًّا أَخَذْنَا بِذَنۢبِهِۦ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًۭا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ ٱلصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ ٱلْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿40﴾

Mişkini Tərcüməsi: Beləliklə, (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan elə tayfa da var idi ki, (öldürücü göy) gurultusuna məruz qaldılar (Şüeyb və Səmud qövmü kimi). Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.
41 Əl-Ənkəbut Surəsi, Ayə 41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًۭا ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ ۖ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿41﴾

Mişkini Tərcüməsi: Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.
42 Əl-Ənkəbut Surəsi, Ayə 42

إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِۦ مِن شَىْءٍۢ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿42﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.
43 Əl-Ənkəbut Surəsi, Ayə 43

وَتِلْكَ ٱلْأَمْثَٰلُ نَضْرِبُهَا لِلنَّاسِ ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَٰلِمُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).
44 Əl-Ənkəbut Surəsi, Ayə 44

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّلْمُؤْمِنِينَ ﴿44﴾

Mişkini Tərcüməsi: Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.
45 Əl-Ənkəbut Surəsi, Ayə 45

ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ ﴿45﴾

Mişkini Tərcüməsi: Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.
46 Əl-Ənkəbut Surəsi, Ayə 46

۞ وَلَا تُجَٰدِلُوٓا۟ أَهْلَ ٱلْكِتَٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ ۖ وَقُولُوٓا۟ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَٰحِدٌۭ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ ﴿46﴾

Mişkini Tərcüməsi: Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».
47 Əl-Ənkəbut Surəsi, Ayə 47

وَكَذَٰلِكَ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ ۚ فَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يُؤْمِنُونَ بِهِۦ ۖ وَمِنْ هَٰٓؤُلَآءِ مَن يُؤْمِنُ بِهِۦ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلْكَٰفِرُونَ ﴿47﴾

Mişkini Tərcüməsi: (Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə, kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.
48 Əl-Ənkəbut Surəsi, Ayə 48

وَمَا كُنتَ تَتْلُوا۟ مِن قَبْلِهِۦ مِن كِتَٰبٍۢ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ ۖ إِذًۭا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ ﴿48﴾

Mişkini Tərcüməsi: Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.
49 Əl-Ənkəbut Surəsi, Ayə 49

بَلْ هُوَ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ فِى صُدُورِ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ﴿49﴾

Mişkini Tərcüməsi: Xeyr, bu Quran (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
50 Əl-Ənkəbut Surəsi, Ayə 50

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَٰتٌۭ مِّن رَّبِّهِۦ ۖ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌ ﴿50﴾

Mişkini Tərcüməsi: (Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
51 Əl-Ənkəbut Surəsi, Ayə 51

أَوَلَمْ يَكْفِهِمْ أَنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَرَحْمَةًۭ وَذِكْرَىٰ لِقَوْمٍۢ يُؤْمِنُونَ ﴿51﴾

Mişkini Tərcüməsi: Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Quranın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd-nəsihət vardır!
52 Əl-Ənkəbut Surəsi, Ayə 52

قُلْ كَفَىٰ بِٱللَّهِ بَيْنِى وَبَيْنَكُمْ شَهِيدًۭا ۖ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْبَٰطِلِ وَكَفَرُوا۟ بِٱللَّهِ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ ﴿52﴾

Mişkini Tərcüməsi: De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».
53 Əl-Ənkəbut Surəsi, Ayə 53

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ ۚ وَلَوْلَآ أَجَلٌۭ مُّسَمًّۭى لَّجَآءَهُمُ ٱلْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿53﴾

Mişkini Tərcüməsi: Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi-Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir.
54 Əl-Ənkəbut Surəsi, Ayə 54

يَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ ﴿54﴾

Mişkini Tərcüməsi: Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.
55 Əl-Ənkəbut Surəsi, Ayə 55

يَوْمَ يَغْشَىٰهُمُ ٱلْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا۟ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿55﴾

Mişkini Tərcüməsi: O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
56 Əl-Ənkəbut Surəsi, Ayə 56

يَٰعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ أَرْضِى وَٰسِعَةٌۭ فَإِيَّٰىَ فَٱعْبُدُونِ ﴿56﴾

Mişkini Tərcüməsi: Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.
57 Əl-Ənkəbut Surəsi, Ayə 57

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۖ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ ﴿57﴾

Mişkini Tərcüməsi: Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!
58 Əl-Ənkəbut Surəsi, Ayə 58

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلْجَنَّةِ غُرَفًۭا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ نِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ ﴿58﴾

Mişkini Tərcüməsi: İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz, altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
59 Əl-Ənkəbut Surəsi, Ayə 59

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ﴿59﴾

Mişkini Tərcüməsi: O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.
60 Əl-Ənkəbut Surəsi, Ayə 60

وَكَأَيِّن مِّن دَآبَّةٍۢ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿60﴾

Mişkini Tərcüməsi: Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir.
61 Əl-Ənkəbut Surəsi, Ayə 61

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ ﴿61﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər?
62 Əl-Ənkəbut Surəsi, Ayə 62

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿62﴾

Mişkini Tərcüməsi: Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir.
63 Əl-Ənkəbut Surəsi, Ayə 63

وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ مِنۢ بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ ٱللَّهُ ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ ﴿63﴾

Mişkini Tərcüməsi: Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» –deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».
64 Əl-Ənkəbut Surəsi, Ayə 64

وَمَا هَٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَهْوٌۭ وَلَعِبٌۭ ۚ وَإِنَّ ٱلدَّارَ ٱلْءَاخِرَةَ لَهِىَ ٱلْحَيَوَانُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿64﴾

Mişkini Tərcüməsi: Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!
65 Əl-Ənkəbut Surəsi, Ayə 65

فَإِذَا رَكِبُوا۟ فِى ٱلْفُلْكِ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمْ إِلَى ٱلْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ ﴿65﴾

Mişkini Tərcüməsi: Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.
66 Əl-Ənkəbut Surəsi, Ayə 66

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ وَلِيَتَمَتَّعُوا۟ ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿66﴾

Mişkini Tərcüməsi: Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.
67 Əl-Ənkəbut Surəsi, Ayə 67

أَوَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا حَرَمًا ءَامِنًۭا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنْ حَوْلِهِمْ ۚ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ ٱللَّهِ يَكْفُرُونَ ﴿67﴾

Mişkini Tərcüməsi: Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!
68 Əl-Ənkəbut Surəsi, Ayə 68

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِٱلْحَقِّ لَمَّا جَآءَهُۥٓ ۚ أَلَيْسَ فِى جَهَنَّمَ مَثْوًۭى لِّلْكَٰفِرِينَ ﴿68﴾

Mişkini Tərcüməsi: Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
69 Əl-Ənkəbut Surəsi, Ayə 69

وَٱلَّذِينَ جَٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ ﴿69﴾

Mişkini Tərcüməsi: Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.
Əvvəlki: 28. Əl-Qəsəs Bütün Surələr ↑ Növbəti: 30. Ər-Rum