Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
20

Taha Surəsi

135 Ayə 16-ci Cüz Məkkədə nazil olub
سُورَةُ طه Ayətəllah Mişkini Tərcüməsi

Taha Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Taha Surəsi, Ayə 1

طه ﴿1﴾

Mişkini Tərcüməsi: Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)
2 Taha Surəsi, Ayə 2

مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ ﴿2﴾

Mişkini Tərcüməsi: Biz Quranı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlə etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
3 Taha Surəsi, Ayə 3

إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ ﴿3﴾

Mişkini Tərcüməsi: Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
4 Taha Surəsi, Ayə 4

تَنزِيلًۭا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَٰوَٰتِ ٱلْعُلَى ﴿4﴾

Mişkini Tərcüməsi: (Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil edilmişdir.
5 Taha Surəsi, Ayə 5

ٱلرَّحْمَٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ ﴿5﴾

Mişkini Tərcüməsi: Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.
6 Taha Surəsi, Ayə 6

لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ ﴿6﴾

Mişkini Tərcüməsi: Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).
7 Taha Surəsi, Ayə 7

وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى ﴿7﴾

Mişkini Tərcüməsi: Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
8 Taha Surəsi, Ayə 8

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ﴿8﴾

Mişkini Tərcüməsi: Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
9 Taha Surəsi, Ayə 9

وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ﴿9﴾

Mişkini Tərcüməsi: Musanın hekayəti sənə çatıbmı?
10 Taha Surəsi, Ayə 10

إِذْ رَءَا نَارًۭا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًۭى ﴿10﴾

Mişkini Tərcüməsi: O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən, bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
11 Taha Surəsi, Ayə 11

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ ﴿11﴾

Mişkini Tərcüməsi: Beləliklə, oda çatanda nida gəldi ki: Ey Musa!
12 Taha Surəsi, Ayə 12

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًۭى ﴿12﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).
13 Taha Surəsi, Ayə 13

وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ ﴿13﴾

Mişkini Tərcüməsi: Mən səni (peyğəmbərlik və imamətə) seçdim. Odur ki, edilən vəhyi dinlə.
14 Taha Surəsi, Ayə 14

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ ﴿14﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!
15 Taha Surəsi, Ayə 15

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ ﴿15﴾

Mişkini Tərcüməsi: Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
16 Taha Surəsi, Ayə 16

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ﴿16﴾

Mişkini Tərcüməsi: Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
17 Taha Surəsi, Ayə 17

وَمَا تِلْكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ ﴿17﴾

Mişkini Tərcüməsi: Ey Musa, sağ əlindəki nədir?
18 Taha Surəsi, Ayə 18

قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ ﴿18﴾

Mişkini Tərcüməsi: Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.
19 Taha Surəsi, Ayə 19

قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ ﴿19﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: Ey Musa, onu (yerə) at.
20 Taha Surəsi, Ayə 20

فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ ﴿20﴾

Mişkini Tərcüməsi: Beləliklə, (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.
21 Taha Surəsi, Ayə 21

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ ﴿21﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: Onu götür və qorxma. Onu tezliklə əvvəlki vəziyyətinə qaytaracağıq.
22 Taha Surəsi, Ayə 22

وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ ﴿22﴾

Mişkini Tərcüməsi: Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.
23 Taha Surəsi, Ayə 23

لِنُرِيَكَ مِنْ ءَايَٰتِنَا ٱلْكُبْرَى ﴿23﴾

Mişkini Tərcüməsi: (Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).
24 Taha Surəsi, Ayə 24

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿24﴾

Mişkini Tərcüməsi: (İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.
25 Taha Surəsi, Ayə 25

قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى ﴿25﴾

Mişkini Tərcüməsi: Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver).
26 Taha Surəsi, Ayə 26

وَيَسِّرْ لِىٓ أَمْرِى ﴿26﴾

Mişkini Tərcüməsi: İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).
27 Taha Surəsi, Ayə 27

وَٱحْلُلْ عُقْدَةًۭ مِّن لِّسَانِى ﴿27﴾

Mişkini Tərcüməsi: Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç
28 Taha Surəsi, Ayə 28

يَفْقَهُوا۟ قَوْلِى ﴿28﴾

Mişkini Tərcüməsi: ki, sözümü başa düşsünlər.
29 Taha Surəsi, Ayə 29

وَٱجْعَل لِّى وَزِيرًۭا مِّنْ أَهْلِى ﴿29﴾

Mişkini Tərcüməsi: Ailəmdən mənə bir vəzir və yardımçı ver.
30 Taha Surəsi, Ayə 30

هَٰرُونَ أَخِى ﴿30﴾

Mişkini Tərcüməsi: Qardaşım Harunu.
31 Taha Surəsi, Ayə 31

ٱشْدُدْ بِهِۦٓ أَزْرِى ﴿31﴾

Mişkini Tərcüməsi: Arxamı onunla möhkəmləndir.
32 Taha Surəsi, Ayə 32

وَأَشْرِكْهُ فِىٓ أَمْرِى ﴿32﴾

Mişkini Tərcüməsi: Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et
33 Taha Surəsi, Ayə 33

كَىْ نُسَبِّحَكَ كَثِيرًۭا ﴿33﴾

Mişkini Tərcüməsi: ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.
34 Taha Surəsi, Ayə 34

وَنَذْكُرَكَ كَثِيرًا ﴿34﴾

Mişkini Tərcüməsi: Və Səni çox yad edək.
35 Taha Surəsi, Ayə 35

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًۭا ﴿35﴾

Mişkini Tərcüməsi: Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən.
36 Taha Surəsi, Ayə 36

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَٰمُوسَىٰ ﴿36﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi.
37 Taha Surəsi, Ayə 37

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ ﴿37﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Öz lütflərimizi sənə bir dəfə də şamil et(miş)dik.
38 Taha Surəsi, Ayə 38

إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ﴿38﴾

Mişkini Tərcüməsi: (Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman.
39 Taha Surəsi, Ayə 39

أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّۭ لِّى وَعَدُوٌّۭ لَّهُۥ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةًۭ مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ ﴿39﴾

Mişkini Tərcüməsi: (Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
40 Taha Surəsi, Ayə 40

إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ ۖ فَرَجَعْنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًۭا فَنَجَّيْنَٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّٰكَ فُتُونًۭا ۚ فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍۢ يَٰمُوسَىٰ ﴿40﴾

Mişkini Tərcüməsi: O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə, gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə, illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
41 Taha Surəsi, Ayə 41

وَٱصْطَنَعْتُكَ لِنَفْسِى ﴿41﴾

Mişkini Tərcüməsi: Və səni (peyğəmbərlik məqamını öhdənə götürmək, kitabı qəbul etmək, küfrlə mübarizə aparmaq və cəmiyyəti islah etmək kimi) Özüm(ün hədəflərim) üçün (tərbiyə olunmuş və bütün cəhətlərdə kamala çatmış bir insan) etdim.
42 Taha Surəsi, Ayə 42

ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى ﴿42﴾

Mişkini Tərcüməsi: Sən və qardaşın Mənim möcüzələrimlə (hazırkı iki möcüzə və sonra verəcəyim digər möcüzələrlə) birlikdə (fironçuların yanında) gedin və Məni yada salmaqda süstlük göstərməyin.
43 Taha Surəsi, Ayə 43

ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ ﴿43﴾

Mişkini Tərcüməsi: Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.
44 Taha Surəsi, Ayə 44

فَقُولَا لَهُۥ قَوْلًۭا لَّيِّنًۭا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ ﴿44﴾

Mişkini Tərcüməsi: Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).
45 Taha Surəsi, Ayə 45

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ ﴿45﴾

Mişkini Tərcüməsi: Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.
46 Taha Surəsi, Ayə 46

قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ ﴿46﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.
47 Taha Surəsi, Ayə 47

فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَٰكَ بِـَٔايَةٍۢ مِّن رَّبِّكَ ۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ ﴿47﴾

Mişkini Tərcüməsi: Buna görə də onun yanına gedin və deyin: Həqiqətən, biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işgəncə vermə. Həqiqətən, biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!
48 Taha Surəsi, Ayə 48

إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ﴿48﴾

Mişkini Tərcüməsi: Həqiqətən, bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
49 Taha Surəsi, Ayə 49

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ﴿49﴾

Mişkini Tərcüməsi: Firon dedi: Ey Musa, sizin Rəbbiniz kimdir?
50 Taha Surəsi, Ayə 50

قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ ﴿50﴾

Mişkini Tərcüməsi: Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)
51 Taha Surəsi, Ayə 51

قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ ﴿51﴾

Mişkini Tərcüməsi: (Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?
52 Taha Surəsi, Ayə 52

قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَٰبٍۢ ۖ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى ﴿52﴾

Mişkini Tərcüməsi: (Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.
53 Taha Surəsi, Ayə 53

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًۭا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًۭا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّن نَّبَاتٍۢ شَتَّىٰ ﴿53﴾

Mişkini Tərcüməsi: Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
54 Taha Surəsi, Ayə 54

كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿54﴾

Mişkini Tərcüməsi: (Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən, bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.
55 Taha Surəsi, Ayə 55

۞ مِنْهَا خَلَقْنَٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ ﴿55﴾

Mişkini Tərcüməsi: Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
56 Taha Surəsi, Ayə 56

وَلَقَدْ أَرَيْنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ﴿56﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.
57 Taha Surəsi, Ayə 57

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَٰمُوسَىٰ ﴿57﴾

Mişkini Tərcüməsi: Dedi: Ey Musa! (Öz) cadun vasitəsi ilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən?!
58 Taha Surəsi, Ayə 58

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍۢ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًۭا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًۭا سُوًۭى ﴿58﴾

Mişkini Tərcüməsi: Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.
59 Taha Surəsi, Ayə 59

قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًۭى ﴿59﴾

Mişkini Tərcüməsi: Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].
60 Taha Surəsi, Ayə 60

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ ﴿60﴾

Mişkini Tərcüməsi: Beləliklə, Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
61 Taha Surəsi, Ayə 61

قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًۭا فَيُسْحِتَكُم بِعَذَابٍۢ ۖ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ ﴿61﴾

Mişkini Tərcüməsi: Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
62 Taha Surəsi, Ayə 62

فَتَنَٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ ﴿62﴾

Mişkini Tərcüməsi: Beləliklə, onlar öz aralarında işləri barədə ixtilaf və çəkişməyə düşdülər və bu pıçıltını gizlətdilər.
63 Taha Surəsi, Ayə 63

قَالُوٓا۟ إِنْ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ ﴿63﴾

Mişkini Tərcüməsi: (Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da, bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.
64 Taha Surəsi, Ayə 64

فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّۭا ۚ وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ ﴿64﴾

Mişkini Tərcüməsi: Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da, bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
65 Taha Surəsi, Ayə 65

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ ﴿65﴾

Mişkini Tərcüməsi: (Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.
66 Taha Surəsi, Ayə 66

قَالَ بَلْ أَلْقُوا۟ ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ ﴿66﴾

Mişkini Tərcüməsi: Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə, onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
67 Taha Surəsi, Ayə 67

فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةًۭ مُّوسَىٰ ﴿67﴾

Mişkini Tərcüməsi: Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.
68 Taha Surəsi, Ayə 68

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ ﴿68﴾

Mişkini Tərcüməsi: Dedik: Qorxma, şübhəsiz, sən özün üstünsən.
69 Taha Surəsi, Ayə 69

وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ ۖ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَٰحِرٍۢ ۖ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ ﴿69﴾

Mişkini Tərcüməsi: Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir və cadugər hara getsə (və nə göstərsə) qalib gəlməz və nicat tapmaz.
70 Taha Surəsi, Ayə 70

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًۭا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ﴿70﴾

Mişkini Tərcüməsi: (Musa əsanı atdı və o, əcdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə, sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
71 Taha Surəsi, Ayə 71

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًۭا وَأَبْقَىٰ ﴿71﴾

Mişkini Tərcüməsi: Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
72 Taha Surəsi, Ayə 72

قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَٰتِ وَٱلَّذِى فَطَرَنَا ۖ فَٱقْضِ مَآ أَنتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِى هَٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ ﴿72﴾

Mişkini Tərcüməsi: Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.
73 Taha Surəsi, Ayə 73

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ ۗ وَٱللَّهُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿73﴾

Mişkini Tərcüməsi: Həqiqətən, biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.
74 Taha Surəsi, Ayə 74

إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًۭا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿74﴾

Mişkini Tərcüməsi: Həqiqətən, (sabah Qiyamətdə) öz Rəbbinin yanına günahkar gələn şəxs üçün mütləq Cəhənnəm vardır, onda nə (canını qurtarmaq üçün) ölər, nə də (rahatlıq tapmaq üçün) diri qalar.
75 Taha Surəsi, Ayə 75

وَمَن يَأْتِهِۦ مُؤْمِنًۭا قَدْ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلْعُلَىٰ ﴿75﴾

Mişkini Tərcüməsi: Kim yaxşı işlər görmüş halda imanla Onun hüzuruna gəlsə, belə şəxslərin yüksək dərəcələri vardır.
76 Taha Surəsi, Ayə 76

جَنَّٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ﴿76﴾

Mişkini Tərcüməsi: (Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
77 Taha Surəsi, Ayə 77

وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًۭا فِى ٱلْبَحْرِ يَبَسًۭا لَّا تَخَٰفُ دَرَكًۭا وَلَا تَخْشَىٰ ﴿77﴾

Mişkini Tərcüməsi: Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
78 Taha Surəsi, Ayə 78

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ ﴿78﴾

Mişkini Tərcüməsi: Beləliklə, Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
79 Taha Surəsi, Ayə 79

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ ﴿79﴾

Mişkini Tərcüməsi: Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.
80 Taha Surəsi, Ayə 80

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ﴿80﴾

Mişkini Tərcüməsi: Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
81 Taha Surəsi, Ayə 81

كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى ۖ وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ ﴿81﴾

Mişkini Tərcüməsi: Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
82 Taha Surəsi, Ayə 82

وَإِنِّى لَغَفَّارٌۭ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا ثُمَّ ٱهْتَدَىٰ ﴿82﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
83 Taha Surəsi, Ayə 83

۞ وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَٰمُوسَىٰ ﴿83﴾

Mişkini Tərcüməsi: (Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
84 Taha Surəsi, Ayə 84

قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ ﴿84﴾

Mişkini Tərcüməsi: Dedi: İndi onlar da mənim arxamca gəlirlər. Ey Rəbbim, mən Sənə tərəf tələsdim ki, məndən razı qalasan.
85 Taha Surəsi, Ayə 85

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ ﴿85﴾

Mişkini Tərcüməsi: Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.
86 Taha Surəsi, Ayə 86

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًۭا ۚ قَالَ يَٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌۭ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى ﴿86﴾

Mişkini Tərcüməsi: Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
87 Taha Surəsi, Ayə 87

قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًۭا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ ﴿87﴾

Mişkini Tərcüməsi: Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
88 Taha Surəsi, Ayə 88

فَأَخْرَجَ لَهُمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌۭ فَقَالُوا۟ هَٰذَآ إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِىَ ﴿88﴾

Mişkini Tərcüməsi: Beləliklə, (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).
89 Taha Surəsi, Ayə 89

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًۭا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ﴿89﴾

Mişkini Tərcüməsi: Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
90 Taha Surəsi, Ayə 90

وَلَقَدْ قَالَ لَهُمْ هَٰرُونُ مِن قَبْلُ يَٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ ۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى ﴿90﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən, sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin».
91 Taha Surəsi, Ayə 91

قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ ﴿91﴾

Mişkini Tərcüməsi: Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq».
92 Taha Surəsi, Ayə 92

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟ ﴿92﴾

Mişkini Tərcüməsi: (Musa görüşdən qayıdanda) dedi: «Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu
93 Taha Surəsi, Ayə 93

أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِى ﴿93﴾

Mişkini Tərcüməsi: ki, mənə tabe olasan (və onların şirklərinin qarşısını alasan)? Mənim əmrimə itaətsizlik etdin?»
94 Taha Surəsi, Ayə 94

قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ ۖ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى ﴿94﴾

Mişkini Tərcüməsi: Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən, mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum».
95 Taha Surəsi, Ayə 95

قَالَ فَمَا خَطْبُكَ يَٰسَٰمِرِىُّ ﴿95﴾

Mişkini Tərcüməsi: Musa dedi: «Ey Samiri, sənin (bu böyük qəbahəti etməkdən) məqsədin nə idi?»
96 Taha Surəsi, Ayə 96

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةًۭ مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى ﴿96﴾

Mişkini Tərcüməsi: Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi».
97 Taha Surəsi, Ayə 97

قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًۭا لَّن تُخْلَفَهُۥ ۖ وَٱنظُرْ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًۭا ۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا ﴿97﴾

Mişkini Tərcüməsi: Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yolxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik».
98 Taha Surəsi, Ayə 98

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًۭا ﴿98﴾

Mişkini Tərcüməsi: Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
99 Taha Surəsi, Ayə 99

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ ءَاتَيْنَٰكَ مِن لَّدُنَّا ذِكْرًۭا ﴿99﴾

Mişkini Tərcüməsi: (Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən, sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
100 Taha Surəsi, Ayə 100

مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَٰمَةِ وِزْرًا ﴿100﴾

Mişkini Tərcüməsi: Ondan üz döndərən kəs şübhəsiz, Qiyamət günü çiynində (küfr əqidəsi və günah əməllərindən ibarət) ağır bir yük çəkəcəkdir.
101 Taha Surəsi, Ayə 101

خَٰلِدِينَ فِيهِ ۖ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ حِمْلًۭا ﴿101﴾

Mişkini Tərcüməsi: Onlar onda (günah yükünün altında) əbədi qalacaqlar. Və o, Qiyamət günü onlar üçün necə də pis bir yük olacaqdır.
102 Taha Surəsi, Ayə 102

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ زُرْقًۭا ﴿102﴾

Mişkini Tərcüməsi: (İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.
103 Taha Surəsi, Ayə 103

يَتَخَٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًۭا ﴿103﴾

Mişkini Tərcüməsi: Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız».
104 Taha Surəsi, Ayə 104

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًۭا ﴿104﴾

Mişkini Tərcüməsi: Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız». (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)
105 Taha Surəsi, Ayə 105

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًۭا ﴿105﴾

Mişkini Tərcüməsi: Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir».
106 Taha Surəsi, Ayə 106

فَيَذَرُهَا قَاعًۭا صَفْصَفًۭا ﴿106﴾

Mişkini Tərcüməsi: Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır.
107 Taha Surəsi, Ayə 107

لَّا تَرَىٰ فِيهَا عِوَجًۭا وَلَآ أَمْتًۭا ﴿107﴾

Mişkini Tərcüməsi: Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.
108 Taha Surəsi, Ayə 108

يَوْمَئِذٍۢ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ ۖ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًۭا ﴿108﴾

Mişkini Tərcüməsi: Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.
109 Taha Surəsi, Ayə 109

يَوْمَئِذٍۢ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًۭا ﴿109﴾

Mişkini Tərcüməsi: Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
110 Taha Surəsi, Ayə 110

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًۭا ﴿110﴾

Mişkini Tərcüməsi: Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.
111 Taha Surəsi, Ayə 111

۞ وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًۭا ﴿111﴾

Mişkini Tərcüməsi: (Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
112 Taha Surəsi, Ayə 112

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌۭ فَلَا يَخَافُ ظُلْمًۭا وَلَا هَضْمًۭا ﴿112﴾

Mişkini Tərcüməsi: Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!
113 Taha Surəsi, Ayə 113

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ قُرْءَانًا عَرَبِيًّۭا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًۭا ﴿113﴾

Mişkini Tərcüməsi: Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Quran olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Quran) onlar üçün yeni bir ibrət gətirsin.
114 Taha Surəsi, Ayə 114

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًۭا ﴿114﴾

Mişkini Tərcüməsi: Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Quranın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de.
115 Taha Surəsi, Ayə 115

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًۭا ﴿115﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu və Biz onda (möhkəm) əzm görmədik.
116 Taha Surəsi, Ayə 116

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ ﴿116﴾

Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
117 Taha Surəsi, Ayə 117

فَقُلْنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوٌّۭ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ ﴿117﴾

Mişkini Tərcüməsi: Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən, bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».
118 Taha Surəsi, Ayə 118

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ ﴿118﴾

Mişkini Tərcüməsi: Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə acar, nə də çılpaq qalarsan.
119 Taha Surəsi, Ayə 119

وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ ﴿119﴾

Mişkini Tərcüməsi: Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!
120 Taha Surəsi, Ayə 120

فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍۢ لَّا يَبْلَىٰ ﴿120﴾

Mişkini Tərcüməsi: Beləliklə, Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»
121 Taha Surəsi, Ayə 121

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ ﴿121﴾

Mişkini Tərcüməsi: Beləliklə, (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi və səhv yola düşdü.
122 Taha Surəsi, Ayə 122

ثُمَّ ٱجْتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ ﴿122﴾

Mişkini Tərcüməsi: Sonra Rəbbi onu (peyğəmbərliyə) seçdi, ona nəzər yetirdi və (onu dinin əsas və qollarına) hidayət etdi.
123 Taha Surəsi, Ayə 123

قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ ﴿123﴾

Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Hər ikiniz bu mühitdən (yer kürəsinə) enin (və orada nəsil artırın). Sizdən (siz insanlardan) bəzisi digər bəzisinin düşməni olacaqsınız. Əgər Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər vasitəsi ilə bir din) gəlsə, həmin hidayətə tabe olan kəs heç vaxt nə yolunu azar və nə də bədbəxt olar.
124 Taha Surəsi, Ayə 124

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةًۭ ضَنكًۭا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ أَعْمَىٰ ﴿124﴾

Mişkini Tərcüməsi: Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik.
125 Taha Surəsi, Ayə 125

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًۭا ﴿125﴾

Mişkini Tərcüməsi: O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?»
126 Taha Surəsi, Ayə 126

قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ ﴿126﴾

Mişkini Tərcüməsi: (Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!
127 Taha Surəsi, Ayə 127

وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦ ۚ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ ﴿127﴾

Mişkini Tərcüməsi: Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
128 Taha Surəsi, Ayə 128

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلنُّهَىٰ ﴿128﴾

Mişkini Tərcüməsi: Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən, bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır.
129 Taha Surəsi, Ayə 129

وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًۭا وَأَجَلٌۭ مُّسَمًّۭى ﴿129﴾

Mişkini Tərcüməsi: Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).
130 Taha Surəsi, Ayə 130

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ ﴿130﴾

Mişkini Tərcüməsi: Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.
131 Taha Surəsi, Ayə 131

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًۭا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌۭ وَأَبْقَىٰ ﴿131﴾

Mişkini Tərcüməsi: Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.
132 Taha Surəsi, Ayə 132

وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًۭا ۖ نَّحْنُ نَرْزُقُكَ ۗ وَٱلْعَٰقِبَةُ لِلتَّقْوَىٰ ﴿132﴾

Mişkini Tərcüməsi: Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.
133 Taha Surəsi, Ayə 133

وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍۢ مِّن رَّبِّهِۦٓ ۚ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿133﴾

Mişkini Tərcüməsi: (Kafirlər Quranı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Quran) onlara çatmayıb?!
134 Taha Surəsi, Ayə 134

وَلَوْ أَنَّآ أَهْلَكْنَٰهُم بِعَذَابٍۢ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ ﴿134﴾

Mişkini Tərcüməsi: Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Quranın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.
135 Taha Surəsi, Ayə 135

قُلْ كُلٌّۭ مُّتَرَبِّصٌۭ فَتَرَبَّصُوا۟ ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ ﴿135﴾

Mişkini Tərcüməsi: De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.
Əvvəlki: 19. Məryəm Bütün Surələr ↑ Növbəti: 21. Əl-Ənbiya