Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Fil Surəsinin Ayələrinə Qayıt →
Əl-Fil Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Fil surəsi, 1-5-ci ayələr

Fil surəsi, 1-5-ci ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


أَلَمْتَرَكَيْفَفَعَلَرَبُّكَبِأَصْحَابِالْفِيلِ .١


أَلَمْيَجْعَلْكَيْدَهُمْفِيتَضْلِيلِ .٢


وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ .٣


تَرْمِيهِمبِحِجَارَةٍمِنسِجِّيل .٤


فَجَعَلَهُمْكَعَصْفٍمَأْكُولٍ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Rəbbinin fil süvarilərinə nə etdiyini görmədinmi?

2\. Onların planını alt-üst etmədimi?

3\. Onların üzərinə qatar-qatar quşlar göndərdi.

4\. O quşlar onları kiçik daşlarla hədəfə alırdılar.

5\. Axırda onları əzilmiş saman çöpünə döndərdi.

Ayələrin nazilolma səbəbi



İmam Əli ibn Hüseyndən (ə) nəql olunan hədisdən oxuyuruq: Əbutalib daim öz qılıncı ilə Peyğəmbəri (s) qoruyurdu. Bir dəfə üzünü Peyğəmbərə (s) tutub dedi:

— Ey qardaşım oğlu, sən hamı üçün peyğəmbər göndərilmisən, yoxsa təkcə öz qövmün üçün?

Peyğəmbər (s) buyurdu:

\- Bütün dünya insanları, o cümlədən qara və ağ dərili, ərəb və əcəm üçün seçilmişəm. And olsun canım ixtiyarında olan Allaha! Mən bütün insanları, qara və ağ dərililəri, həmçinin dağlarda və dəryalarda yaşayanları bu dinə dəvət edəcəyəm, habelə farsdilli və rumdilliləri doğru yola yönləndirəcəyəm.

Peyğəmbərin (s) bu sözü Qüreyşin qulağına çatdıqda heyrətdən donaraq dedi:

Sən qardaşın oğlunun nə dediyinin fərqində deyilsən? And olsun Allaha! Farsdilli və rumdillilər bu sözü eşitsələr, bizi bu torpaqlardan silər, Kəbə evinin daşlarını tikə-tikə edərək bir-birindən ayırarlar.

Bu zaman Allah-taala “Qəsəs” surəsinin 57-ci ayəsini nazil etdi. Ayədə deyilir:

“Onlar dedilər: “Əgər biz doğru yola yönəlməyi (hidayəti) səninlə birlikdə qəbul etsək, yurdumuzdan qovularıq.” Məgər Bizim tərəfi- mizdən ruzi olaraq hər tərəfdən məhsulların gətirildiyi əmin-aman və təhlükəsiz bir yeri onların ixtiyarına vermədik?”

Onların: “Kəbə evini dağıdarlar.” sözünə cavab olaraq, Allah-taala “Fil” surəsini göndərdi və onlara bu işə kiminsə qadir olmadığını bir daha xəbərdarlıq etdi.

Əshabi-fil hadisəsi

Təfsirçilər və tarixçilər üçün bu hadisənin əsas təfərrüatı, eləcə də hadisənin başvermə tarixi müzakirəli mövzudur. Amma əsas məşhur və təvatür xəbərlər sırasına daxil olan dastanı aşağıda qeyd edirik. Əlbəttə, bu dastanı Sireyi-İbn Hişam, “Buluğul-ərəb”, “Biharul-ənvar” və "Məcməül-bəyan" kitablarından xülasə olaraq götürmüşük:

Yəmən padşahı olan Zunvas Nǝcran xaçpərəstlərini öz dinlərindən əl çəksinlər deyə amansız işgəncələrə məruz qoyurdu. (Qurani-Kərim bu hadisəni "Buruc" surəsində "Əshabil-Uxdud" adlandırır. Biz də bu hadisəni həmin ayələrin təfsirində qeyd etmişik.) Bu kütləvi cinayətdən Dus adlı bir kişi nicat taparaq özünü xaçpərəst olan Rum imperatorluğuna çatdırır və hadisədən onları xəbərdar edir. Rumla Yəmənin arasında çoğrafi məsafə çox olduğundan, Həbəşə (indiki Efiopiya) krallığındakı Nəcaşiyə məktub yazaraq Yəmən ərazisində yaşayan xaçpərəstlərin intiqamını Zunvasdan almağı tələb edir.

Nǝcaşi Oryat adlı sərkərdənin başçılığı altında yetmiş min nəfərlik böyük bir ordunu Yəmənə tərəf ezam edir. Tarixə əsasən, Əbrəhə də bu ordunun sərkərdələrindən biri idi. Zunvas bu döyüşdə məğlub olur. Daha sonra Oryat onun yerinə Yəmən hakimliyini ələ keçirir. Amma bir müddətdən sonra Əbrǝhə Oryata qarşı çıxaraq qiyam edir və nəti- cədə, Oryatı öldürərək onun yerinə, Yəmən hakimliyinə sahib çıxır. Nǝcaşi bu hadisədən xəbər tutduqda Əbrəhəyə qarşı tədbir görməyə başlayır. Əbrəhə bundan xəbərdar olan kimi təşvişə düşür və saçını tamam kəsdirib kamil təslimlik simvolu olaraq Yəmən torpağı ilə birlikdə Həbəşəyə göndərərək Nəcaşiyə vəfadar olacağını elan edir.

Nǝcaşi onun təslim olmasını qəbul edərək onu bağışlayır və öz postunda qalmağı tərcih edir.

Əbrəhə fürsətdən istifadə edərək özünü sübut etmək üçün dünyanın ən gözəl, eyni zamanda ən böyük kilsəsini tikdirir. Kilsə hazır olduqdan sonra bütün Ərəbistan yarımadasını Kəbəyə deyil, həmin kilsəyə ibadət üçün gətirmək qərarına gəlir. Xüsusən də Məkkənin həcc əməllərini Kəbədə deyil, həmin kilsədə yerinə yetirmələrini tələb edə- cəkdir. Bu məqsədlə Məkkəyə, xüsusən də qəbilələr arasına çox sayda təbliğatçılar göndərərək bu fikrin onlara çatdırmasını tələb edir. Məkkəyə, xüsusən də İbrahim Xəlilin yadigarı olan Kəbə evinə fövqəl məhəbbət bəsləyən ərəblər Kəbənin təhlükəyə düşməsindən ehtiyatlanaraq (bəzi rəvayətlərə əsasən) gecə ikən fürsəti qaçırmayıb kilsəni yandırırlar. Bəzi rəvayətlərə əsasən isə kilsəni murdarlayırlar. Onlar bu əməlləri ilə onları dəvət edənlərin cavablarını verməklə yanaşı, həm də Əbrəhənin kilsə- sini etibardan salırlar.

Əbrəhə ərəblərin bu işindən bərk qəzəblənərək Kəbəni yerlə yeksan etmək və bununla da ərəbləri cəzalandırmaq qərarına gəlir. O, həm də bu işlə ərəblərin diqqətini yeni məbədə cəlb etmək istəyirdi. Odur ki, böyük bir qoşunla, bəzi rəvayətlərə əsasən, fillərdən təşkil olunmuş ordu ilə Məkkəyə tərəf hərəkət edir. Məkkənin yaxınlığına yetişdikdə məkkəlilərin dəvələrini və sair mal-dövlətlərini qarət etmək üçün bir dəstə əsgər yollayır. Bu zaman təkcə Əbdülmüttəlibdən 200 dəvə qarət olunaraq götürülür.

Daha sonra Əbrəhə Məkkənin böyüyü ilə danışmaq üçün elçi yollayaraq ona belə tapşırır: “Get Məkkənin böyüyünə de ki, Yəmən padşahı Əbrəhə döyüşməyə və qan tökməyə gəlməyib. Təkcə Kəbə evini dağıdıb gedəcək. Əgər bu müddət ərzində əllərini qılınca aparmasalar, qan tökməyə ehtiyac qalmayacaq.”

Əbǝrǝhənin elçisi Məkkəyə yollanaraq oranın böyüyünü soruşduqda hamı ona Əbdülmüttəlibi göstərir. Elçi Əbdülmüttəlibi məsələdən hali edir. Əbdülmüttəlib cavabında deyir:

\- Bizim sizinlə döyüşmək üçün ordumuz və qüdrətimiz yoxdur. Kəbə evini isə Allah özü qoruyacaq.

Əbrəhənin elçisi Əbdülmüttəlibə onunla Əbrəhənin yanına getməsini və bu sözləri öz dili ilə deməsini istəyir. Əbdülmüttəlib onunla yanaşı Əbrəhənin yanına gedir. Əbrəhə Əbdülmüttəlibin uca qamətini, zəhimli baxışlarını və gözlərindəki cəsarəti görüb ona valeh olur və bu baxışların təsirindən özünü itirir. Ona hörmət əlaməti olaraq yerindən qalxıb Əbdülmüttəlibin yanında yerdə oturur. Çünki o, Əbdülmüttəlibi özü ilə yanaşı eyni taxtın kənarında görməyi təsəvvür belə edə bilmirdi. Daha sonra tərcüməçisinə onun nə istədiyini soruşmasını əmr edir. Tərcüməçi isə cavabında: “Onun 200 dəvəsi qarət olunub, onu tələb edir." - deyir.

Əbrəhə bu sözdən sonra öyünməyə başlayır və tərcüməçisinə deyir;

\- Ona de ki, səni ilk dəfə gördükdə vüqarın ürəyimdə yer aldı və səndən çox xoşum gəldi. Amma dəvə söhbətindən sonra gözümdə böyü- düyün qədər də kiçildin. Çünki hazırda sənin inancın olan Kəbə təhlükədədir və biz burada onu müzakirə etməyə gəlmişik. Sən isə dəvələrini istəyirsən.

Əbdülmüttəlib deyir:

# أَنَارَبُّالإِبِلِ،وَإِنَّلِلْبَيْتِرَبِّاًسَيَمْنَعُهُ!


\- Mən dəvələrin sahibiyəm. Kəbə evinin də sahibi var. Mən dəvələrimi, O isə evini qorumağa qadirdir.

Əbdülmüttəlibin bu sözü Əbrəhəyə bərk təsir edir və fikrə dalır.

Əbdülmüttəlib Məkkəyə gəlib camaatı məsələdən agah edir və onlara müvəqqəti olaraq Məkkənin ətraf dağlarına sığınmağı məsləhət bilir. Özü isə bir neçə nəfərlə Kəbə evinin yaxınlığına gəlib dua edərək yardım diləməyə başlayır. Əlini Kəbə evinin qapısının halqasından tutub bu şeri oxuyur:

# لاهُمَّإِنَّالْمَرْءِيَمْنَعُرَحْلَهُفَامْنَعْرِحَالَكَ


# لايَغْلِبَنَّصَلِيبُهُمْوَمحالُهُمْأَبَداًمحالك


# جَرُّواجَمِيعَبلادهمْوَالْفِيْلَكَيْيَسْبُواعِيالَكَ


# لاهُمَّإِنَّالْمَرْءِيَمْنَعُرَحْلَهُفَامْنَعْعِيْالَكَ


# وَانْصُرْعَلَىآلِالصَّلِيْبِوَعَابِدِيْهِالْيَوْمَأَلَكَ


\- İlahi! Hər kəs öz evini qoruyur, sən də öz evini qoru!

\- Heç vaxt xaçpərəstlərin ordusunun öz dininə qalib olmasına icazə vermə!

\- Onlar bütün qüvvələrini toplayaraq sənin hərəminin sakinlərini əsir etmək üçün fillərə minib hücuma keçmişlər!

\- İlahi! Hər kəs öz ailəsini qoruduğu kimi, sən də hərəminin sakinlərini qoru!

Bu gün bu hərəmin sakinlərinə xaçpərəstlərə qalib gəlməkdə kömək ol!

Daha sonra Əbdülmüttəlib bir dəstə qüreyşlilərlə Məkkənin ətrafındakı dərələrin birinə sığınaraq öz oğlanlarından birini Əbuüveys dağına hadisələrdən xəbər gətirmək üçün göndərir. Oğlu tez bir zamanda qayıdıb Qırmızı dəniz tərəfdən böyük bir qaraltının onlara tərəf gəldiyini xəbər verir. Əbdülmüttəlib bu xəbərdən bərk sevincǝk olaraq səslənir:

# يامَعْشَرَقُرَيْش! أَدْخُلُوامَنازِلَكُمْفَقَدْأَتَاكُمُاللهُبِالنَّصْرِمِنْعِنْدِه


\- Ey qüreyşlilər! Evlərinizə dönün. Çünki Allahın ordusu köməyə gəldi.

Digər tərəfdən isə Əbrəhə “Mahmud” adlı filin üstündə oturub Kəbə evini dağıtmaq üçün əmr verir. Onlar Məkkənin hər tərəfindən Kəbə evinə hücum etmək üçün hazırlaşırlar. Amma Əbrəhə filə nə qədər əmr edirsə, o, yerindən tərpənmir. Filin üzünü Yəmənə tərəf döndərdikdə isə sürətlə hərəkət etməyə başlayır. Əbrəhə filin bu qeyri- adi hərəkətindən heyrətə gəlir.

Bu vaxt Allahın göndərdiyi quşlar gəlib yetişir. Onların hər birində üç noxud dənəsi boyda daş var idi. Quşlar daşların birini dimdiklərində, ikisini isə caynaqlarında tutmuşdular. Onlar Əbrəhənin qoşununun üzərindən uçarkən daşları ordunun üzərinə atır. Daş kimə dəyirdisə, dərhal ölüb yerə düşürdü. Hətta deyilənlərə əsasən, daş kimin bədəninə dəyirdisə, onu deşib o biri tərəfə keçirdi. Əbrəhənin qoşununu vəhşət və qorxu bürümüşdü. Sağ qalanlar isə qaçıb canlarını qurtarmaq üçün digərlərindən Yəmənin yolunu soruşurdular. Amma çox getməmiş bir- birinin ardınca xəzan yarpaqları tək yerə sərilirdilər.

Əbrəhənin özünə də həmin daşlardan biri dəyib yaralamışdı. O, Yəmənin paytaxtı Sənaya gətirildikdən sonra ölür.

Bəzilərinin dediklərinə əsasən, həmin il ilk dəfə olaraq Ərəbistan yarımadasında yatalaq və çiçək xəstəliyi yayılmışdır.

Fillərin sayına gəldikdə isə bəzilərinin dediklərinə əsasən, yalnız Əbrǝhənin fili olmuşdur. Bəziləri isə səkkiz, on və ya on iki filin olduğunu yazmışlar.

Məşhur tarixə istinadən, İslam Peyğəmbəri (s) o ildə dünyaya gələrək bütün bəşəriyyətə öz nurundan əta etmişdir. Bəzilərinin dedik- lərinə əsasən, bu iki hadisənin bir-biri ilə bağlılığı vardır. Hər halda, Əbrǝhənin hadisəsi o qədər geniş və böyük idi ki, o ilin adını “fil” ili adlandırmışdılar. Həmçinin sonralar bu hadisə ərəb tarixinin başlanğıcı oldu.

Ayələrin təfsiri



Əbrəhənin düşündüklərinin əksi.

Surənin birinci ayəsində Peyğəmbərə (s) xitab edilərək deyilir: "Rəbbinin fil süvarilərinə nə etdiyini görmədinmi?"

(رَبُّكَبِأَصْحَابِالْفِيلِ


Onlar böyük bir ordu ilə Allahın evini dağıtmağa gəlmişdilər. Amma Allah-taala kiçik bir ordu ilə onların böyük ordusunu darmadağın etdi. Onların böyük və nəhəng fillərini kiçik quşlarla, o günün müasir silahı ilə (ordunun başına daş – siccil – tökməklə) onların məhvə məh- kum etdi. Allah-taala, əslində, kiçik, amma özünü çox böyük görən insana öz qüdrətini göstərdi.

Ayədəki (görmədinmi?) sualı, təbii ki, Peyğəmbərə (s) ünvanlanmışdı. Amma bildiyimiz kimi, həmin hadisə zamanı Peyğəmbər (s) hələ dünyaya gəlməmişdi. Sualın Peyğəmbərə (s) ünvanlanmasından hadisənin hamı tərəfindən qəbul olunmasından və məşhurluğundan xəbər verir. Hadisə insanlar arasında o qədər məşhur idi ki, sanki, Peyğəmbər (s) həmin hadisələri öz mübarək gözləri ilə görmüşdür. Təbii ki, Peyğəmbərin (s) zamanında yaşayan yaşlılar həmin hadisəni öz gözləri ilə görmüşdülər. Bundan əlavə, hadisənin tarixi Peyğəmbərin (s) doğum tarixi ilə çox yaxın olduğu üçün sualın o Həzrətə ünvanlanmasında heç bir müşkül yoxdur.

"Əshabi-fil" termini Yəmən ordusunun at və dəvələrinin onlar- dan qorxaraq meydana gəlmədiyi üçün gətirdiyi bir neçə filin adı ilə bağlıdır.

Ayənin davamında buyurulur:

“Onların planını alt-üst etmədimi?"

Onların Məkkə şəhərinə hücum etməkdə əsas məqsədləri Ərəbistan yarımadasını fəth etmək deyil, əksinə, bütün ərəb qəbilələrinin diqqətini Kəbə evindən yayındırıb Yəmən kilsəsinə tərəf yönəltmək və həmin kilsəni ibadət mərkəzinə çevirmək idi. Amma hadisələr tam əksinə cərəyan etdi. Əbrəhənin qoşununun ilahi kömək vasitəsi ilə məğlub olması bütün Ərəbistan yarımadasına yayılaraq dillər əzbəri oldu. Kəbə evinin Allah tərəfindən qorunması onun əzəmət və əmniyyətini daha da artırmaqla ziyarətçilərin sayını daha da çoxaltdı.

Ayədəki (təzlil) sözü “azdırmaq” mənasındadır. Yəni onlar heç vaxt öz hədəflərinə çatmadılar.

Daha sonra hadisənin əsas hissəsinə işarə edilərək buyurulur: “Onların üzərinə qatar-qatar quşlar göndərdi.”

Burada “əbabil” sözü məşhur olan adın əksinə olaraq, quşların adları deyil, onların məna baxımından təsvir olunmalarıdır. Bəzi təfsirçilər bu sözü “pərakəndə düşmüş camaat” kimi təfsir etmişlər. Yəni quşlar müxtəlif istiqamətlərdən fil ordusuna hücum etdilər.

Sözün özü cəm mənasındadır. Hətta cümlədə "əbabilə" formasında - təkdə işlənsə də, yenə də cəm mənasını verir. O cümlədən bu sözün mənası “quşların bir dəstəsi”, “atların və ya dəvələrin bir dəstəsi” mənasındadır.

Bəzi təfsirçilərin dediklərinə əsasən, bu söz toplu isimdir.

Ayədəki (tayran) və (ǝbabil) sözləri birlikdə “dəstə- dəstə uçub gələn quşlar” mənasındadır. Bu izahdan “əbabil” sözünün quşların adı olmaması da başa düşülür. Amma quşların hansı növə aid olmaları sualına gəlincə, bunu deyə bilərik ki, dastanda da qeyd etdi- yimiz kimi, bu quşlar qaranquş şəklində olub, Qırmızı dəniz tərəfdən Əbrǝhənin qoşununa tərəf uçub gəlmişdilər.

Ayənin davamında buyurulur: "O quşlar onları kiçik daşlarla hədəfə alırdılar.

تَرْمِيهِمبِحِجَارَةٍمِّنسِجِّيل


Hadisənin izahında tarixçilər və təfsirçilərdən nəql etdiyimiz kimi, quşlar dimdik və caynaqlarında tutduğu noxuda bənzər daşları Əbrə- hənin qoşununun başlarına yağdırmaqla onları darmadağın etdi.

Həmçinin sonuncu ayədə onların sonu barəsində deyilir: "Axırda onları əzilmiş saman çöpünə döndərdi.

(فَجَعَلَهُمْكَعَصْفِمَّأْكُول)


Ayədəki (əsf) sözünün əkinçilik zamanı quruyaraq yerə tökülən, əzilən yarpaq, bəzilərinin təfsirində isə buğdanı üyüdən zaman ondan ayrılan qabıq (saman və ya bəlim) mənasında olduğu bildirilir. Burada daha münasib məna birinci izahda qeyd olunmuşdur.

Həmçinin (məkul) sözündən başa düşülən budur ki, doğ- ranmış halda olan saman bir daha heyvanların dişi altında yenidən əzilərək mədəyə ötürülür, bir daha mədədə tamam aradan gedir. Burada bu sözdən istifadə olunmasından belə başa düşürük ki, quşların gətirdikləri daş kimə dəyibsə, onu tam şəkildə aradan aparmışdır.

Bu sözün bir mənası böyük bir orudunu əzib aradan aparmaq, digər mənası isə asi və tüğyankar dəstənin, böyüklüyündən asılı olmayaraq Allah yanında olduqca zəif və dəyərsiz olmasıdır. Onların zahiri qüdrətli və böyük görünməsinə baxmayaraq, ilahi qüdrət işə qarışdıqda onların heç bir qüdrət və dəyərinin olmaması üzə çıxır.

İncəliklər:



1\. Heç vaxt görünməmiş möcüzə (Bu ev sahibsiz deyil!) Surədə diqqəti cəlb edən nüanslardan biri də belə bir böyük hadi- sənin bir neçə cümlədə olduqca dəqiq, qəti, fəsahət və bəlağətli şəkildə çatdırılmasıdır. Surənin ayələri Quranın hədəfləri əsasında tənzimlən- mişdir. Bildiyimiz kimi, Quranın əsas hədəfi insanları qəflətdən oyatmaq, azğınlıqdan çəkindirmək və sonda hidayət etməkdir. Bu surədə də tüğyankar və azğın insanların ilahi qüdrət qarşısında nə qədər aciz olduqları bir daha hamıya sübut olunur.

Hadisə zamanı baş verən möcüzə bizə rahat şəkildə başa salır ki, bunun baş verməsi üçün, mütləq, peyğəmbər və imamın olması vacib deyil. Çünki bəzilərinin düşüncəsinə əsasən, möcüzənin yalnız qeyd etdiyimiz şəxslər tərəfindən həyata keçməsi mümkündür. Əksinə, bütün şəraitlərdə müxtəlif vasitələrlə Allah-taala öz qüdrətini göstərmək istedadına malikdir. Çünki möcüzənin əsas hədəflərindən biri Allahın hər bir şeyə qadir olmasının isbatıdır. Yetər ki, insanlar möcüzəyə baxıb onun mövzusu barəsində deyil, Allahın qüdrəti barəsində düşünərək haqq olan ayini tapsınlar.

Bu dəhşətli və heyrətamiz möcüzə ilə digər qövmlərin möcüzələri arasında aydın fərq vardır. Çünki digər qövmlərin möcüzələri, o cümlədən Nuhun tufanı, Lut qövmünün zəlzələ vasitəsi ilə daşın altında qalması, Ad qövmünün tufanla məhv olması və Səmud qövmünün ildırımla vurulması möcüzə olmaqla yanaşı, həm də təbii hadisələrdən sayılır. Sadəcə, həmin xüsusi şəraitdə təbii hadisə olmaqla bərabər, həm də möcüzə idi.

Amma Əbrǝhənin böyük qoşununun dimdiyində və caynaqlarında xırda daşlar tutmuş quşların vasitəsi ilə məhv edilməsi heç bir təbii hadisəyə bənzəmir.

Quşların Qırmızı dəniz istiqamətindən xüsusi olaraq Əbrəhənin qoşununa tərəf dimdiklərində və caynaqlarında xırda daşlar tutub gəlməsi, qoşunun həmin daşların vasitəsi ilə tamam aradan getməsi təbii hadisə deyil, əksinə, xariqüladə və ilahi qüdrət əsasındadır. Əlbəttə, bu kimi möcüzələr Allah-taala üçün olduqca asandır. Həmin daşları yaradan Allah-taala o daşların tərkibində elə bir atom zərrəcikləri qoyardı ki, onların işə düşməsilə böyük bir partlayış baş verərdi. Həmin qüdrət üçün daşlara Əbrəhənin ordusunu muma döndərmək xasiyyəti də vermək elə də çətin iş deyildi. Hansı ki ayə onlar barəsində buyurur:

“Axırda onları əzilmiş saman çöpünə döndərdi”

فَجَعَلَهُمْكَعَصْفِمَّأْكُول“


Bu əzəmətin qarşısında bəzi təfsirçilər, o cümlədən Misri kimi izahlar gətirməyə ehtiyac yoxdur. Misrinin təfsirinə əsasən, həmin daşlar vǝba, çiçək və yatalaq mikrobları ilə zəngin imiş.

Bəzi hədislərdə qoşundakıların bədənlərindən qan və çirkin axması xəbərinin verilməsi onların qara çiçək və yatalaq xəstəliklərinə tutulmasına dəlalət etmir.

Həmçinin daşın tərkibinin atomlardan və mikroblardan təşkil tap- masını və ya daşların olduqca ağır olmasını deməyə ehtiyac yoxdur.

Çünki bəzən daşın ağırlığını elə təsvir edirlər ki, daşlar düşdüyü yeri deşǝrǝk o biri tərəfə keçirmiş.

Bütün bunlar hadisənin təbii baş verməsini izah etmək üçündür. Amma biz bu izaha ehtiyac duymuruq. Biz bu daşlar barəsində bu qədər bilirik ki, həmin daşlar bədənlərə dəydikdə onları aradan apararaq tikələyirdi. Bundan savayı daşların tərkibindən xəbərimiz yoxdur. Hər halda, Allah-taala üçün heç bir iş mümkünsüz deyil.

2\. Kiçik vasitə ilə böyük cəzalanma

Burada bir məsələyə diqqət yetirmək lazımdır ki, Allah-taala "Əshabi-fil" hadisəsində tüğyankarları və Onun qüdrəti qarşısında təkəbbürlük göstərənləri ən ali dərəcədə cəzalandırmışdır. Bəlkə də, dünyada Əbrəhə və onun ordusu qədər belə şiddətli cəzalanan olmamışdır. Ayənin təfsirində də qeyd etdiyimiz kimi, Allah-taala onları çeynənmiş saman çöpünə döndərmişdir.

(كَعَصْفِمَّأْكُول)


Belə qüvvətli və qüdrətli ordunun qaranquş kimi zəif bir quşun dimdiyində və caynaqlarındakı yumşaq xırda daşlarla məhv edilməsi bütün dünya imperialistlərinə və tüğyankarlarına onların ilahi qüdrət qarşısında nə qədər zəif olduqlarını çatdırmaq üçün xəbərdarlıq mesajıdır!

Hətta bəzən Allah-taala böyük məmuriyyətləri daha kiçik, hətta gözlə görünməyən mikrobların vasitəsi ilə həyata keçirir. Məsələn, böyük bir ordunu gözəgörünməz vəba və ya taun mikroblarının sürətlə yayılması ilə məhv edərək aradan aparır. Onlar bu mikrobları tutduqdan sonra xəzan yarpaqları tək saralıb yerə düşürlər.

Yəməndəki böyük “Mərub” səddinin aşması - "Səba” surəsində barəsində məlumat vermişdik. Həmin səddin qeyd etdiyimiz kimi vasitəsi ilə geniş şəkildə yayılmış yaşıllıq və abadlıqdan sonra daha geniş üsyan və günah etməyə başladılar. Nəhayət, Allah-taala həmin səddi aradan aparmaq vəzifəsini bir neçə torpaq gəmiricisinə (siçanlara) tapşırır. Onlar həmin səddi bir neçə yerdən deşməklə vəzifələrini başa vurur. Daha sonra suyun həmin deşiklərdən sızması nəticəsində səddə böyük partlayış baş verir. Səddin arxasında möhkəm dayanmış su kütləsi səddin dağılması ilə surətlə abadlığa tərəf üz tutur və nəticədə, bütün evlər xarabaya qalır, abadlıqlar və həmin məntəqənin sakinləri məhv olur. Sağ qalanlar isə müxtəlif məntəqələrdə pərakəndə halda məskunlaşırlar. Bu, Allahın yenilməz qüdrətinin nişanəsidir.

3\. Fil dastanının hədəfləri

Birinci hədəf: Növbəti surə olan "Qureyş" surəsindən belə başa düşülür ki, “Fil” surəsinin əsas məqsədlərindən biri Allahın Qüreyş qəbiləsinə əta etdiyi böyük nemətləri xatırlatmaqdır. Allah-taala Qüreyşə bir daha xatırladır ki, əgər Onun yenilməz qüdrəti və mərhəməti olmasaydı, hazırda nə Qüreyş qəbiləsindən, nə də Məkkə şəhərinin müqəddəs ayinlərindən əsər-əlamət qalmazdı. Allah-taala bu böyük hadisəni qısa kontekstdə onlara xatırladır ki, bəlkə, qürur və təkəbbürlük atından enǝrǝk İslam Peyğəmbərinin (s) dediklərini qəbul etdilər.

İkinci hədəf: Digər tərəfdən, bildiyimiz kimi, bu böyük hadisə Peyğəmbərin (s) doğum tarixinə çox yaxın vaxtda baş vermişdir. Hadisə Peyğəmbərin (s) zühurunun əlamətlərindən sayıldığı üçün təfsirçilər bu hadisəni "ǝrhas" adlandırırlar.

Üçüncü hədəf: Bütün dünya tüğyankarlarına, xüsusən də Qüreyş qəbiləsinə ciddi və təhdidamiz xəbərdarlıqdır. Onlar bilməlidirlər ki, heç vaxt Allahın qüvvət və qüdrətinin qarşısında dura bilməzlər. Ən gözəl məsləhət isə edilən nəsihətlərə qulaq asmaq, ilahi qanunlara və ədalətə təslim olmaqdır.

Dördüncü hədəf: Hadisənin böyüklüyü eyni zamanda Kəbə evinin əhəmiyyəti və əzəmətini bir daha bütün bəşəriyyətə çatdırır. Düşmən İbrahimin torpaqlarında Kəbə evi barəsində müxtəlif xam xəyallara düşərək onun əzəmətinə xələl gətirməyə qalxdıqda, hətta onu yerlə-yeksan edərək ibadət mərkəzini digər yerə köçürmək istədikdə, Allah-taala onlara elə qulaqburması verdi ki, hətta gələcəkdə də bu fikrə düşmək istəyənlər üçün böyük bir ibrət dərsi olsun. Bu dərs bir daha Kəbə evinin əzəmətini bəşəriyyətə xatırladır.

Beşinci hədəf: Allah-taala İbrahim Xəlilin bu torpaqların hamı üçün əmin-amanlıq olması barəsində etdiyi duanı qəbul etmiş və bu duaya zamin durmuşdur. Bu hadisənin bu şəkildə baş verməsi bir daha çatdırır ki, bu yerlər Qiyamət gününə qədər hamı üçün tövhid, ibadət və daim əmin-amanlıq yeridir.

4\. Hamı tərəfindən qəbul olan tarixi hadisə

"Əshabi-fil" hadisəsi bütün ərəblər tərəfindən birbaşa qəbul olan bir hadisə idi ki, hətta bu hadisə ilə bağlı öz tarixlərini qeyd etmişlər. Necə ki, əvvəldə də qeyd etdiyimiz kimi, hadisə o qədər geniş və vazeh şəkildə yayılmış, dillər əzbəri olmuşdur ki, Qurani-Kərim belə Peyğəm- bərin (s) həmin hadisəni görmədiyi halda, ona: “Rəbbinin fil süvarilərinə nə etdiyini görmədinmi?” – deyə soruşur. Bu şəkildə soruşmaq hadisənin hamının zehnində, sanki dünən olmuş kimi, xatırlamasından xəbər verir.

Bundan əlavə, Peyğəmbər (s) bu hadisəni "Fil” surəsi şəklində Məkkə müşrikləri üçün oxuduqda kimsə bu hadisəni inkar etməmişdi. Çünki hadisənin baş verməsində kiminsə zərrə qədər şəkk-şübhəsi olsaydı, Peyğəmbərə (s) etiraz edər və onların bu etirazları tarixdə yazılardı. Hətta Qurani-Kərimin: “Rəbbinin fil süvarilərinə nə etdiyini görmədinmi?" ayəsinə belə etiraz etmədilər. Hansı ki kimsə deyə bilərdi ki, “Sən orada olmamısan. Quran necə sənə belə bir sual ünvanlaya bilər?"

Bütün bu dediklərimiz, eyni zamanda Kəbə evinin necə əzəmətə malik olmasından xəbər verir.

Fil surəsinin sonu.