Əl-Kövsər Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Kövsər surəsi, 1-3-cü ayələr
Kövsər surəsi, 1-3-cü ayələr
بسماللهالرَّحْمنِالرَّحِيمِ
إِنَّاأَعْطَيْنَاكَالْكَوْثَرَ .١
فَصَلِّلِرَبِّكَوَانْحَرْ .٢
إِنَّشَانِئَكَهُوَالْأَبْتَرُ .٣
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Biz sənə Kövsər (bol xeyir-bərəkət) bağışladıq.
2\. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!
3\. Sənin düşmənin özü sonsuzdur.
Ayələrin təfsiri
Biz sənə bol xeyir verdik.
Surənin bütün mövzusu Peyğəmbərə (s) aid edilir. "Vəzzuha" və "Şərh" surəsi kimi bu surənin əsas hədəflərindən biri Peyğəmbərə (s) din düşmənlərinin dil yaralarından və acı hadisələrin təsirindən təsəlli verməkdir. Əlbəttə, bu barədə nazilolma səbəbində kifayət qədər məlu- mat verilmişdir. Birinci ayədə buyurulur:
“Biz sənə Kövsər (bol xeyir-bərəkət) bağışladıq.”
"Kövsər” kəlməsi “kəsrət” sözündən alınmış və burada vəsf məna- sında olub çoxlu xeyir-bərəkətin olmasına işarədir. Həmçinin lüğətdə səxavətli insanlara da “kövsər” deyilir.
Bu ayədə “kövsər” sözü nəyi ifadə edir? Hədisdə deyilir: Surǝ Peyğəmbərə nazil olduqdan sonra o Həzrət minbərə qalxıb uca səslə bu surəni oxuyur. Yaxınları soruşur: - Ey Allahın Rəsulu, o nədir elə Allah sənə əta etmişdir?
Peyğəmbər buyurur: – Behiştə axan çaydır. Amma onun rəngi süddən ağ, büllur qədəhdən şəffafdır. Onun ətrafında isə yaqut və dürdən günbəzlər vardır.
İmam Sadiqdən (ə) nəql olan digər hədisdən oxuyuruq: “Kövsər Peyğəmbərin (s) oğlu Abdullahın ölümündən sonra ona Allah tərəfindən (bəxş edilmiş) behişt arxıdır.
Bəzi təfsirçilərin rəyinə əsasən, Kövsər bulağı Peyğəmbərə (s) ǝta olunmuş behişt hovuzudur. Hansı ki behiştə daxil olan möminlər də onun suyundan içəcəklər.
Bəziləri “kövsər” sözünün peyğəmbərlik, bəziləri Quran, bəziləri isə səhabə olduğunu qeyd etmişlər. Bəziləri isə Xanım Zəhranın (s.ə) nəslindən törəyib artan və Qiyamət gününə qədər davam edən Peyğəmbərin (s) övladlarının olduğunu bildirmişlər.
Bəzi təfsirçilər də bu sözün "şəfaət" olduğunu bildirmişlər. Həmçinin bu mövzuda İmam Sadiqdən (ə) hədislər də qeyd etmişlər. Fəxr Razi öz təfsirində “kövsər” sözü üçün on beş məna qeyd etmişdir. Amma görünən budur ki, bütün deyilənlər “kövsər” sözünün tam deyil, bir nümunəsidir. Yəni deyilənlər sözü tam olaraq əhatə etmir. Əlbəttə, öncədən də qeyd etmişdik ki, söz geniş mənaya malikdir. Həmçinin əsas lüğəvi tərcüməsinin də "bol və firavan nemət" olduğunu qeyd etmişdik. Bildiyimiz kimi, Allah-taala Peyğəmbərə (s) olduqca çox sayda geniş nemətlər əta etmişdir. Həmçinin həmin nemətlərdən bir neçəsi "kövsər” sözünün izahında qeyd olunmuşdur. Bütün bu deyi- lənlər verilən nemətlərin hərəsindən təxmini bir nümunəsidir. Həmçinin bütün bu nemətlər əta olunanların hamısı deyil. Bu kimi ayələr üçün nümunəvi təfsirin qeyd olunması mümkündür.
Hər halda, Allahın bütün sahələrdə Peyğəmbərə (s) əta etdiyi bəxşişlər, hətta döyüşlərdəki zəfərləri, ümmətinin bütün əsrlərdə Quranı, eləcə də İslamı qoruyan alimləri sözügedən bol və firavan nemətlərin çərçivəsinə daxildir. Yəni dolayısı ilə onlar da kövsərdən sayılırlar.
Unutmamalıyıq ki, Allah-taala Peyğəmbərə (s) bu geniş və bol nemətdən xəbər verərkən hələ bu deyilənlərdən heç bir əsər-əlamət yox idi. Hətta müqəddimə işləri belə hazır deyildi. Bu yaxın və uzaq gələ- cəkdən xəbər verən Peyğəmbərin (s) haqq olmasını sübut edən möcüzəli müjdədir.
Məxluqun şükrü Xaliqin nemətlərini ödəməsə belə, yenə də bu bol və firavan nemətlər üçün daim şükür etmək lazımdır. Əlbəttə, şükür etmək özü İlahi tərəfdən əta olunan nemətlərdən sayılır. Bəlkə də, buna görə ikinci ayədə buyurulur:
“Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!"
Bəli, nemətləri bəxş edən Odur! Odur ki, namaz və ibadətin növ- lərindən sayılan qurbanlıq Allaha xatir olmasa, mənasızdır. Xüsusən də “rəbb” sözü davamlı və mütləq sahiblikdən, tədbirdən və yiyəlikdən xəbər verir.
Qısaca deyə bilərik ki, ibadətin namaz və ya qurbanlıq ünvanında olmasının fərqi yoxdur. Əsas olan odur ki, o, yalnız nemətlərin Rəbbi olan Allaha məxsusdur!
Bu söz, əsasən, nemətlərin Allah tərəfindən olduğunu dərk etdik- ləri halda bütlərə səcdə edən və onların qarşısında qurbanlıq kəsən müşriklərə aiddir. Hər halda (lirabbikə) ifadəsi niyyətin Allaha xatir olması üçün açıq-aydın dəlildir.
Təfsirçilərin əksəriyyətinin rəyinə əsasən, ayədə nəzərdə tutulan Əsas fikir Qurban bayramı günündə qılınan namaz və həmin günü qurban kəsməkdir. (Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!). Amma buna baxmayaraq, ayənin hökmü ümumi və daha genişdir. Yuxarıda qeyd olunan təfsirçilərin rəyi isə ayənin bir nümunəsinə dəlalət edir. Yəni ayənin çatdıracağı mesajlardan biri də Qurban bayramı günündə qılınan namaz və həmin günü qurban kəsməkdir.
Ayədəki (vənhər) ifadəsi “nəhr” sözündən alınmış və xüsusilə dəvənin kəsiminə aid edilir. Qurbanlar arasında dəvənin xüsusi əhəmiyyətə malik olmasının səbəblərindən birinin də bu ayənin olması hesab oluna bilər. Xüsusən əvvəllər müsəlmanların dəvəni qurban kəsmələri xüsusi önəm daşıyırdı. Əlbəttə, o zamanda dəvə kəsmək üçün xüsusi isar və səxavət lazım idi.
Burada ayə barəsində digər iki təfsir də qeyd olunmuşdur:
Ayədəki "" (vənhər) sözü namaz vaxtı üzü qibləyə durmaq deməkdir. "Nəhr" sözünün əsl mənası isə ulqumdur. Sonralar ərəblər bu sözü əks-istiqamət, üz-üzə mənasında işlətdilər. Məsələn, belə deyir- lər: "Mənaziluna tətənahəru", yəni evlərimiz üz-üzədir.
Burada önə sürülən fikir, namazda təkbir deyən zaman əlləri ulqum və üz istiqamətinə qədər qaldırmaqdır. Hədisdən oxuyuruq ki, bu surə nazil olan zaman Peyğəmbər (s) Cəbraildən (ə) soruşur:
Allahımın bizi "nuheyrǝyǝ" məmur etmək məsələsi nədir? Cəbrail (ə) cavabında buyurur:
\- Bu, nuheyrə deyil. Allah-taala sənə namaz zamanı təkbir deyərkən əllərini qaldırmağı göstəriş vermişdir. Rükudan qalxan, səcdəyə gedən və səcdədən qalxan zaman bu əməli təkrar et. Çünki asimanın yeddi qatında mələklərin qıldığı namaz da belədir. Hər şeyin zinəti və yaraşığı vardır. Namazın da zinəti təkbirlər deyilən zaman əllərin qalxmasıdır.
Amma birinci dediyimiz təfsir daha münasib və uyğundur. Çünki burada bütpərəst müşriklərin əməllərinin batil olmasına işarə edilir. Onlar ibadət və qurbanlıqlarını Allahdan başqası üçün edirlər. Bunu da qeyd edək ki, bura kimi deyilən təfsir və rəylərin hamısını qəbul etmək mümkündür. Yəni ayənin zahiri və batini mənalarına heç bir xələl gətirmir. Xüsusən də namaz zamanı təkbirləri deyərkən əllərin qaldırılması həm sünnü, həm də şiə hədis kitablarında çox saylı hədislərdə qeyd olunmuşdur. Xülasə, ayə olduqca geniş və dərinmənalı olduğu üçün bu mövzuda olan bütün təfsirləri qəbul etmək qabiliyyətinə malikdir.
Surənin sonuncu ayəsində müşriklərin başçılarının (bəyənilməyən ləqəblə çağırmalarının) cavabı verilərək buyurulur:
“Sənin düşmənin özü sonsuzdur.”
Ayədəki (şəniə) kəlməsi (şənəan) sözündən alınmış, düşmənçilik, ədavət, kin-küdurət, tünd xasiyyətlilik mənalarındadır.
Diqqət etsək, ayədəki (əbtər) sözünün əsl mənası doğmayan və qısır heyvandır. Allah-taala burada bu sözü İslam düşmənləri üçün təhqir və onları aşağılamaq mənasında işlətmişdir.
Ayədə İslam düşmənlərindən danışılarkən (şaniǝ) ifadəsindən istifadə edilməsi onların ən alçaq xüsusiyyətə layiq olmalarının göstəricisidir. Budur, Quran onlara yerlərini göstərərək belə bir xüsusiyyətə özlərinin layiq olduqlarını çatdırır.
Digər tərəfdən isə nazilolma səbəbində qeyd etdiyimiz kimi, ərəblər Peyğəmbərin (s) ölümünü səbirsizliklə gözləyirdilər. Onların düşüncəsinə görə, Peyğəmbər öldükdən sonra daha İslamın kitabı bağ- lanacaq və az bir zamanda belə dinin olub-olmaması artıq kimsəni düşündürməyəcəkdir. Odur ki, onlar Peyğəmbərə (s) sonsuz deməklə o Həzrətə əziyyət edirdilər. Quran isə Peyğəmbərə (s) onların özlərinin belə bir sifətə layiq olması barəsində xəbər verir.
İncəliklər:
1\. Fatimə (s) və Kövsər
“Kövsər” sözünün genişmənalı olmasını əvvəldə qeyd etmişdik. Bu sözün lüğətdəki mənasının "bol və firavan xeyir” mənasında olmasını isə bir daha xatırladaq: Ayənin və sözün çox sayda nümunələrini öncəki mövzularda qeyd etdik. Qeyd edilən yozumların hamısı onun ayrı- ayrı məna çalarıdır. Şiə məzhəbinin böyük alimlərinin çoxu Fatimeyi- Zəhranın (ə) varlığını bu sözün ən parlaq nümunəsi hesab etmişdir. Çünki surənin nazilolma səbəbində bildirilir ki, onlar Peyğəmbəri (s) sonsuzluqda ittiham edən zaman Allah-taala bu surə ilə onların cavabını verərək müşriklərin özlərini sonsuz adlandırır və “Biz sənə Kövsər (bol xeyir-bərəkət) bağışladıq." - deyə xitab edir.
Məsələnin belə bir intonasiya ilə deyilməsindən belə başa düşürük ki, ayədəki həmin geniş və firavan xeyir xanım Fatimeyi-Zəhradır (s). Çünki Peyğəmbərin (s) nəsli dünyaya həmin övladının nəsli vasitəsilə yayılmışdır. Bu nəsil Peyğəmbərin (s) təkcə fiziki övladları olmamış, İslam dinini və onun bütün dəyərlərini qoruyub gələcək nəsillərə ötürmüşdür. Əlbəttə, burada yalnız məsum imamlar nəzərdə tutulmur. Onların məqam və məsuliyyətləri tam ayrı mövzudur. Tarix boyu yüz minlərlə Fatimə övladı dünyanın hər yerində yaşamışdır. Onların arasında İslam dinini bütün təhriflərdən qoruyacaq din alimləri, yazıçılar, fəqihlər, mühəddislər, təfsirçilər, övliyalar və böyük sərkərdələr çıxmışdır.
Bu mövzuda Fəxr Razidən olduqca maraqlı və diqqəti cəlb edən təfsiri diqqətinizə çatdırırıq (öncəki mətndə Fəxr Razinin “kövsər” sözü barəsində geniş açıqlamasının olduğunu qeyd etmişdik):
Üçüncü söz bundan ibarətdir ki, bu surə Peyğəmbəri (s) övladsızlıqda ittiham edərək ona sonsuz deyənlərə cavab kimi nazil olmuşdur. Odur ki, surənin əsas məzmunu Allah-taalanın Peyğəmbərə (s) uzun illər boyu yaşayacaq nəsil bəxş edəcəyindən xəbər verir. Tarixə bax- dıqda Əhli-beytdən çoxlu sayda şəhidi müşahidə edirik. Amma buna baxmayaraq, dünyanın hər yerində bu nəslin nümayəndəsi var və yaşamaqdadır. Digər tərəfdən isə onlara, böyük qüvvəyə malik olan Bəni-Üməyyəyə baxın. Hazırda onların nəslindən dünyada kiminsə yaşadığını demək olarmı? Amma bu biri tərəfdə Baqiri, Sadiqi, Rzanı və Nəfsi Zəkiyyəni \[10\] nümunə göstərmək olar.
2\. Surənin ecazkarlığı
Bu surədə üç əsas və böyük görücülükdən xəbər verilir: Birincisi, bol və firavan nemət barəsində Peyğəmbərə (s) müjdə verilir. "Biz sənə Kövsər (bol xeyir-bərəkət) bağışladıq." Cümlədən göründüyü kimi, cümlə keçmiş zaman feilinə aiddir. Amma gələcəkdən xəbər verir. Əlbəttə, Quranda bu kimi ayələr çoxdur. Bu, məsələnin, mütləq baş verəcəyindən xəbər verir. Yəni biz artıq bu neməti əta etmişik və onun özünü büruzə verməməsi mümkün deyil. Sadəcə, qısa zaman fasiləsinə ehtiyac vardır.
Bol və firavan olan xeyir Peyğəmbərin (s) bütün təbliğat və təş- viqat, o cümlədən müharibə zəfərlərinə şamil edilir. Hansı ki surənin Məkkədə nazil olmasına baxmayaraq, Peyğəmbər (s) bütün bunların bəhrəsini Mədinəyə hicrət etdikdən sonra gördü.
İkincisi, gələcəkdən verdiyi xəbərdə Peyğəmbər (s) nəslinin Qiyamətə kimi yaşayacağı barəsində xəbər verilir.
Üçüncüsü isə İslam düşmənlərinin sonsuz olacağı, nəsillərinin tarixin səhifələrindən silinib gedəcəkləri barəsində verdiyi xəbərdir. Xəbərlərin üçü də bu gün öz həqiqətini əks etdirmişdir. İslam düşmən- lərinin taxt-tacları və nəsil-əqrəbalarının hamısı tari-mar olaraq tarixin zibilliklərində özlərinə yer alıblar. O cümlədən iki böyük və qüdrətli nəsildən, Bəni-Üməyyə və Bəni-Abbasdan heç bir əsər-əlamət qalma- mışdır. Halbuki onların nəsilləri Peyğəmbər (s) ailəsindən olduqca böyük, imkanlı və zadəgan idilər. Onların nəsillərinin, yəni övladlarının sayı o qədər çox idi ki, sayıb qurtarmaqla bitmək bilmirdi. Əgər bu gün onlardan kimsə qalmış olsa belə, heç kim onu tanımır. Hətta həmin şəxs özünün kimin nəslindən olduğunu da bilmir.
3\. Allah barəsində cəm şəkilçidən istifadə olunmasının səbəbi nədir?
Diqqət etsək, bu və Quranın digər ayələrində Allah-taala özü barəsində “biz" cəm şəxs əvəzliyindən istifadə edir. O cümlədən bu ayədə də: "Biz sənə Kövsər (bol xeyir-bərəkət) bağışladıq.” – deyir. Bu kimi cümlə quruluşları Allahın böyüklüyünə, əzəmətinə və qüdrətinə işarə edir. Hətta bugünkü ədəbiyyatımızda belə yüksəkçinli şəxsiyyətlər öz məmurları ilə danışdıqda “mən” deyil, “biz”, – deyə işarə edirlər. Bu da qeyd etdiyimiz kimi, qüdrət və böyüklük nişanələrindən hesab olunur. Bu ayədə cümlənin əvvəlinə “innə" təkid ədatının gəlməsi ümumi mövzunun təsdiqini daha da möhkəmlədir. Həmçinin ayədə: “Biz sənə Kövsəri verdik” – demir, əksinə, “bağışladıq” sözündən istifadə edir. Bu sözün bu şəkildə deyilməsi Peyğəmbərə (s) kafirlərin qarşısında verilən böyük bəşarət və müjdədir. Müşriklərin və kafirlərin acı sözləri Peyğəmbərin (s) qəlbini qırmasın, onda süstlük yaratmasın deyə Allah-taala cümləni bu şəkildə ifadə etmişdir. Qoy Peyğəmbər (s) bir daha bilsin ki, onun necə də böyük və qüdrətli Allahı vardır. Onu hər an görür və işlərinə diqqət edir. Hətta kimin ona nə dediyi belə Allah-taala üçün mühüm və əhəmiyyətlidir. Odur ki, daim Allaha sığınmalı, Ona pənah gətirməli və işlərində Ona təvəkkül etməlidir. Çünki Allah-taala ona böyük və tükənməz nemətlər bağışlamışdır.
Kövsər surəsinin sonu.