Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Hicr Surəsinin Ayələrinə Qayıt →
Əl-Hicr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Hicr surəsi, 1-5-ci ayələr

Hicr surəsi, 1-5-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الر تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ .١


رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ .٢


ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ .٣


وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ .٤


مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Əlif, Ləm, Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

2\. Kafirlər, bəlkə də, arzu edəcəklər ki, kaş müsəlman olaydıq.

3\. Qoy onlar yeyib-içsinlər, ləzzət alsınlar və arzular onların başlarını qatsın. Ancaq tezliklə başa düşəcəklər.

4\. Biz heç bir şəhər və məmləkətin əhalisini müəyyən olunmuş əcəli gəlib çatmamış məhv etmədik.

5\. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.

Ayələrin təfsiri.



Yersiz arzular.



Bu surənin əvvəlində yenidən "əlif, Ləm, Ra" müqəttəə hərfləri ilə qarşılaşırıq. Onlar bütün insanları xoşbəxtlik və səadət yoluna yönəldən bu böyük səmavi kitabın sadə əlifba hərflərindən, bütün bəşəriyyətin, hətta iki-üç yaşlı uşağın da ixtiyarında olan bu xam maddədən təşəkkül tapdığını göstərir. Belə bir materialdan bu cür misilsiz məhsulun meydana gəlməsi, həqiqətən, bu böyük möcüzənin son dərəcə möhtəşəm olduğundan xəbər verir.

Buna görə də həmin hərflərdən dərhal sonra "Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir" - deyǝ, buyurulur.

Bilirik ki, (tilkə) (o) işarə əvəzliyi uzağa işarəni ifadə edir. Halbuki qaydaya görə, burada (həzihi) (bu) işarə əvəzliyi işlədilməli idi. Daha öncə də qeyd etdiyimiz kimi, ərəb dilində bəzən nəyinsə böyük və əzəmətli olduğunu göstərmək üçün uzağı ifadə edən işarə əvəzliyindən istifadə edilir. Yəni, həmin işarə olunan o qədər böyükdür ki, sanki göylərdə əlimiz çatmayacaq qədər yüksəklikdədir. Belə ki bəzən böyük bir adamın yanında hörmət əlaməti olaraq “Əgər o sərvər icazə versə, biz belə bir iş görərik" - ifadəsindən istifadə edirik. Burada "o" işarə əvəzliyi işarə etdiyimiz adamın böyüklüyünü ifadə edir. Belə ki (Quran) sözünün qeyri-müəyyənlikdə işlədilməsi də bu kitabın əzəmət və böyüklüyünü ifadə etmək üçündür.

Hər halda, (kitab) sözündən sonra (Quran) sözünün işlədilməsi, əslində, qüvvətləndirici səciyyə daşıyır. Quranın (mubin) (açıq-aydın və aydınlaşdırıcı) təyin edilməsi bu kitabın həqiqətləri aydınlaşdırması və haqqı batildən ayırması ilə bağlıdır.

Bəzi təfsirçilər ehtimal edirlər ki, burada (kitab) deyilərkən Tövrat və İncil nəzərdə tutulmuşdur. Sözügedən ehtimal çox zəifdir.

Daha sonra inadkarlıq göstərib Allahm bu parlaq ayələrinə qarşı çıxmaqda israrlı olanlara xəbərdarlıq edilir ki, bir gün gələcək və bunlar küfr, inadkarlıq va kor-koranə təəssübkeşliklərinin acı nəticələrini görüb peşman olacaqlar. "Kafirlər, bəlkə də, arzu edəcəklər ki, kaş musəlman olaydıq”.

(رُبَمَايَوَدُّالَّذِينَكَفَرُوالَوْكَانُوامُسْلِمِينَ)


"Əl-Mizan" təfsirində qeyd edildiyi kimi, (yǝvǝddu) (istǝyirlər, sevirlər) bu ayədə (təmənna) (arzu) mənasında işlənmişdir. (lǝv) ǝdatı onu göstərir ki, bunlar müsəlman olmağı o zaman arzu edəcəklər ki, qayıtmaq imkanları olmayacaq. Yəni onlar bu arzuya başqa bir dünyada əməllərinin nəticəsini gördükdən sonra düşəcəklər. İmam Sadiqin (ə) bu mövzuda buyurduğu bir hədis də sözügedən mənanı təsdiq edir:

# يُنادىمناديَوْمَالْقِيامَةِيَسْمَعُالْخَلائِقُإِنَّهُلايَدْخُلُالْجَنَّةَإِلامُسْلِمٌفَثَمَّيَوَدُّسائرُ


# الخَلائِقِأَنَّهُمْكَانُوامُسْلِمِينَ


"Qiyamət günü bir carçı bütün insanların eşidəcəyi səslə səslənib deyəcək: "Cənnətə müsəlmanlardan başqa heç kəs daxil olmayacaq". Bu vaxt digər insanlar arzu edəcəklər ki, kaş müsəlman olaydıq'.

İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Cəhənnəm əhli Cəhənnəmə toplaşdıqları və xətası olmuş bir dəstə müsəlman da onlara qoşulduğu zaman kafirlər müsəlmanlara deyəcəklər: "Məgər siz müsəlman deyildiniz?"

Müsəlmanlar deyəcəklər:

\- Bəli, müsəlman idik.

\- Onda sizin İslamınızın da sizə faydası olmadı. Çünki siz də bizimlə bir yerdəsiniz.

\- Biz böyük günahlar işlətdik. O günahlara görə bu aqibətlə qarşılaşdıq.

(Günah və xətalarını etiraf etmələri və düşmənlərin də tənələri nəticəsində) Allah-taala Cəhənnəmdə olan mömin və müsəlman fərdin hər birinin oradan xaric olmasını əmr edəcək. Bu zaman kafirlər deyəcəklər:

Kaş biz də müsəlman olaydıq!"

Ayənin təfsiri ilə bağlı irəli sürülən ehtimallardan birində bela deyilir: "Kafirlər arasında hələ də qəlblərində oyaq vicdandan bir işartı olan insanlar İslam Peyğəmbərinin (s) dəvətini və qəlboxşayan məzmunu ilə bu açıq-aydın "Kitab"in ayələrini gördükdə qəlblərinin dərinliklərində ona vurulur və arzu edirlər ki, kaş müsəlman olaydıq! Ancaq təəssübkeşlikləri, inadkarlıqları və ya maddi mənafeləri onlara bu böyük həqiqəti qəbul etməyə imkan vermir. Buna görə də küfr və imansızlıq həbsxanasında qalmaqda davam edirlər".

Bizim Avropaya getmiş mömin və mübariz dostlarımızdan biri deyirdi: "Mən bir xristiana İslamın üstünlüklərini sadaladığımda o da insaflı bir adam olduğu üçün mənə belə dedi: "Belə bir dində olduğunuz üçün, doğrusu, mən sizi təbrik edirəm. Ancaq nə edək ki, həyat şəraitimiz bizə öz dinimizdən əl çəkməyə icazə vermir".

Maraqlıdır ki, bəzi dini mətnlərdə öz əksini tapmış bir məlumatda belə deyilir: "Həzrət Muhəmmədin (s) elçisi o cənabın məktubunu Rum imperatoruna gətirdikdə o, Peyğəmbərin (s) elçisinin qarşısında iman gətirdiyini xüsusi bir tərzdə izhar etdi. Hətta onda rumluları da tövhid dininə dəvət etmək istəyi yarandı. Ancaq ilk olaraq onları sınaqdan keçirməyi düşündü. Qoşun imperatorun xristianlıqdan imtina etmək niyyətində olduğunu hiss etdikdə qəsri mühasirəyə alır. İmperator vəziyyəti belə görüb deyir: "Məqsədim sizi yoxlamaq idi. Geri qayıdın". Sonra üzünü Peyğəmbərin (s) elçisinə tutub deyir: "Bilirəm ki, Peyğəmbəriniz (s) Allah tərəfindən göndərilib. O, bizim yolunu gözlədiyimiz həmin şəxsdir. Ancaq nə edim ki, hökumətimin əlimdən çıxacağından qorxuram. Gedin, həyatım təhlükədədir".

Hər halda, bu iki təfsir bir-biri ilə təzad təşkil etmir. Ola bilər ki, ayədə kafirlərdən bir qrupunun bu və o biri dünyadakı peşmançılığına baxmayaraq, nə o dünyada, nə də bu dünyada qayıdış gücündə olmadıqlarına işarə edilmişdir.

Növbəti ayədə çox kəskin bir tonda belə deyilir: "Ey Peyğəmbər! Onları başlı-başına burax. Qoy yeyib-içsinlər, bu keçici həyatın ləzzətlərindən dadsınlar, arzular onları bu böyük həqiqətdən xəbərsiz etsin. Ancaq tezliklə başa düşəcəklər”.

(ذَرْهُمْيَأْكُلُواوَيَتَمَتَّعُواوَيُلْهِهِمُالْأَمَلُفَسَوْفَيَعْلَمُونَ)


Çünki bunlar yalnız axur və ot istəyən, yalnız maddi ləzzətləri və yalnız həmin ləzzətlərə çatmağı düşünən heyvanlar kimidirlər.

Təkəbbür, qəflət və uzun-uzadı arzular pərdəsi onların ruhlarına və düşüncələrinə elə hakim kəsilib, elə ağuşuna alıb ki, artıq həqiqəti dərk etmək iqtidarında deyillər. Lakin əcəl şilləsi üzlərinə vurulduqda, qəflət və təkəbbür pərdələri gözləri önündən çəkildikdə, özlərini ölümün və ya Qiyamətin astanasında gördükdə nə qədər bədbəxt, nə qədər qəflət və ziyanda olduqlarını, ən qiymətli sərmayələrini heç nədən necə itirdiklərini başa düşürlər.

Bu möhlət və dünya ləzzətlərindən istifadənin tükənməyəcəyi təsəvvürünə son qoymaq üçün sonrakı ayədə Allah-taala belə buyurur: "Biz heç bir şəhər və məmləkətin əhalisini müəyyən olunmuş əcəli gəlib çatmamış məhv etmədik”.

وَمَاأَهْلَكْنَامِنْقَرْيَةٍإِلَّاوَلَهَاكِتَابٌمَعْلُومٌ


Allah-taalanın qanunu hər yerdə insanların öz fikirlərindən daşınması, ayılması və düşünməsi üçün onlara yetərli qədər möhlət verilməsi ilə şərtlənir. Allah-taala dəlil və sübutlarını heç bir bəhanəyə yer qoymayacaq dərəcədə tamlaşdırmaq üçün bir-birinin ardınca ağır hadisələr və rəhmət vasitələri göndərir, təhdidlər edir, stimul verir, xəbərdarlıqlar edir. Bu möhlət başa çatdıqda qəti aqibət onların yaxasından yapışacaq. Gec və tezlik tərbiyə şəraitindən asılı ola bilər.

Hər kəsin keçmiş xalqların başına gələnlərdən ibrət dərsi çıxarması üçün bu gerçəkliyə diqqət yetirməsi kifayət etmirmi? Və bu, ilahi möhlət müddətindən qayıtmaq və islah olunmaq üçün bəs etmirmi? Oturub azğın və zülmkar xalqların başına gələn acı hadisələrin bizim də başımıza gəlməsini gözləməli, əvvəlkilərdən ibrət almaq əvəzinə, gələcək nəsillər üçün ibrətmi olmalıyıq?

Son iki ayədən keçmiş xalqların başına gələn hadisələrin Quranın ayrı-ayrı ayələrində təkrar-təkrar xatırlanması, hətta sözügedən surədə bu məsələdən bəhs edilməsinin fəlsəfəsi aydın olur.

İncəliklər:



Uzun-uzadı arzular qəflətin ən böyük səbəbidir.

Şübhəsiz ki, ümid və arzu insanların həyat çarxlarını hərəkətə gətirən amildir. Əgər bir gün bu amil insanların qəlbindən silinsə, həyatın nizamı bir-birinə dəyər və az adam tapılar ki, fəaliyyət, səy və çalışmaq üçün bir səbəbi olsun.

Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə də bu məsələyə işarə edilmişdir. Hədisdə deyilir:

# اَلأَمَلُرَحْمَةٌلِأُمَّتِىوَلَوْلاَالأَمَلمارَضَعَتْوالدَةٌوَلَدَهاوَلَاغَرَسَعَارِسٌشَجَراً


“Ümid mənim ümmətim üçün rəhmətdir. Əgər ümid işığı olmasaydı, heç bir ana uşağına süd verməzdi, heç bir bağban ağac əkməzdi".

Ancaq bu həyat və hərəkət amili eynilə yağış suyu kimi həddi aşsa və uzun-uzadı arzuya dönsə, ən pis bədbəxtlik və sapma amilinə çevrilər. Yağış suyu da həyat mənbəyi olduğu halda, həddi aşarsa, sel və fəlakətə səbəb olar.

Yuxarıdakı ayədə məhz həlakedici arzuya işarə edilmiş və o, Allahı, haqq və həqiqəti unutduran bir vasitə kimi səciyyələndirilmişdir. Ümumiyyətlə, uzun-uzadı arzular insanın başını elə qatır ki, xəyal aləmində itib-batır və nəticədə, həyatına və son hədəfinə qarşı biganələşir.

"Nəhcül-bəlağə"də İmam Əlinin (ə) buyurduğu məşhur bir hədis bu həqiqəti çox məntiqli şəkildə ifadə edir:

# أَيُّهَاالنَّاسُإِنَّأَخْوَفَمَاأَخَافُعَلَيْكُمُاثْنَانِ: اتَّبَاعُالْهَوىوَطُولُالأَمَلِ،فَأَمَّا


# اتَّبَاعُالْهَوىفَيَصُدُّعَنِالْحَقِّوَأَمَاطُولُالأَمَلِفَيُنْسِيالْآخِرَةَ


"Ay camaat! Sizin üçün iki şeyə görə daha çox qorxuram: nəfsani istəklər və uzun-uzadı arzular. Çünki nəfsani istəklərin arxasınca düşmək sizi haqdan saxlayır, uzun-uzadı arzular axirəti unutdurur"?.

Doğrusu, nə qədər istedadlı və layiqli adamlar olub ki, uzun-uzadı arzuların toruna düşüb tamamilə dəyişilmiş və zəif varlıqlara çevrilmişlər, cəmiyyət üçün tamamilə faydasız olmaqla yanaşı, özlərinin də şəxsi mənfəətlərini tamamilə məhv etmiş, kamillik yüksəlişindən məhrum olmuşlar. Bədbəxtlik girdabında olduqları halda, səadət və rifah yolunda olduqlarını düşünmüşlər.

Belə insanlar bu vəziyyətdə can verirlər. Onların qəmli və kədərli həyatı görən gözü və eşidən qulağı olan insanlar üçün bir ibrətdir.