Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Kəhf Surəsinin Ayələrinə Qayıt →
Əl-Kəhf Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Kəhf surəsi, 1-5-ci ayələr

Kəhf surəsi, 1-5-ci ayələr



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ


الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا .١


قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا .٢


مَاكِثِينَ فِيهِ أَبَدًا .٣


وَيُنْذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا .٤


مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Həmd bu kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha məxsusdur!

2\. Bu kitab günahkarları Allahın şiddətli əzabı ilə qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün sabit, doğru və digər səmavi kitabları qoruyan bir kitabdır.

3\. Möminlər orada onlara müjdə verilən Cənnətdə əbədi qalacaqlar.

4\. Kitabı həm də ona görə nazil etdi ki, “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutsun.

5\. Bu haqda nə onların, nə də atalarının heç bir məlumatı yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır! Onlar yalnız yalan danışırlar.

Ayələrin təfsiri.



Allahın və Quranın adı ilə başlanğıc.

"Kəhf” surəsi Quranın bir sıra digər surələri kimi Allahın həmd və tərifi başlanmışdır.

Həmd və tərif mühüm, dəyərli bir iş və ya sifətə görə olduğundan, burada həmdin hər cür nöqsandan uzaq olan Quranın nazil olmasına görə olduğunu bəyan edərək buyurur: "Həmd bu kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha məxsusdur!"

(الْحَمْدُ لله الذي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجًا)


"Bu kitab günahkarları Allahın şiddətli əzabı ilə qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün sabit, doğru və digər səmavi kitabları qoruyan bir kitabdır.”

لْيُنذِرَ بَأْسًا شَدِيدًا مِن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنْ لَهُمْ أَجْرًا حَسَنًا


(مَاكِثِينَ فِيهِ أَبَدًا)


"Möminlər orada onlara müjdə verilən Cənnətdə əbədi qalacaqlar."

Daha sonra məsihilər, yəhudilər və müşriklər daxil olmaqla müxaliflərin müştərək yanlış inanclarından birinə işarə edərək buyurulur: "Kitabı həm də ona görə nazil etdi ki, "Allah Özünə övlad götürmüşdür!”- deyənləri qorxutsun."

Bununla da məsihilərə: "Məsih Allahın oğludur." dediklərinə, yəhudilərə: "Üzeyirin Allahın oğlu olduğuna inandıqlarına və müşriklərə mələkləri Allahın qızları hesab etdiklərinə" görə xəbərdarlıq edilir.

Sonra bu cür əsassız iddiaları puça çıxarmaq üçün bir əsas prinsipǝ toxunaraq deyilir: "Bu haqda nə onların, nə də atalarının heç bir məlumatı yoxdur”.

مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ


كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ “Ağızlarından çıxan söz necə də ağırdır”

Allah və cisim olmaq? Allah və övladı olmaq? Allah və maddi ehtiyaclar? Nəhayət, Allah və məhdud olmaq? Necə də qorxulu sözlərdir!

إن يَقُولُونَ إِلَّا كَذِبًا


“Onlar yalnız yalan danışırlar”.

İncəliklər:



1\. Surənin Allahın həmdi (əlhəmdulillah) ilə başlanması.

Quranın beş surəsi (əlhəmdulillah) ilə başlanmışdır. Bu beş surədə Allahın həmdindən sonra göylərin və yerin yaradılışı və ya göylərin və yerin sahibliyi, eləcə də dünyadakı insanların Allah tərəfindən bəslənməsi yer almışdır. Yalnız sözügedən surədə həmddən sonra Quranın Peyğəmbərə (s) nazil olması qərar tapmışdır.

Həqiqətən də, həmin dörd surədə (“Ənam”, “Səba”, “Fatir” və "Həmd”) “yaradılış” kitabından söz açılmış, lakin haqqında danışdığımız "Kəhf” surəsində "yazı" kitabından (qanunun yazılmasından) bəhs edilmişdir. Bildiyimiz kimi, bu iki kitabın hər biri, yəni "Quran" və "yaradılış aləmi" biri-digərinin tamamlayıcısıdır. Bu təbir Quranın yaradılış aləmi qədər çəkiyə malik və varlıq aləminin özü kimi bir nemət olduğunu bəyan edir. Ümumiyyətlə “الحمدُ لله رَبِّ العالمين” (Həmd aləmlərin Rəbbi Allaha məxsusdur) cümləsində yer alan dünyadakı varlıqların tərbiyəsi məsələsi, bu böyük səmavi kitabdan faydalanmadan mümkün deyil.

2\. Sabit, doğru və digər səmavi kitabları qoruyan bir kitab (qəyyim) (qiyam) kökündən alınmışdır və burada sabit, möhkəm mənasındadır. Bundan əlavə, digər kitabları qoruyan mənasını verir.

Eyni zamanda, mötədillik, dəyanət (sabitqədəmlik) və hər cür nöqsandan uzaq olmağı da ifadə edir.

Yuxarıdakı ayələrdə nöqsandan uzaq olması bəyan edildikdən sonra, Quranın vəsfi üçün işlənən bu söz həm onun möhkəm, mötədil, hər cür ziddiyyətdən uzaq olmasına təkid edir, həm bu böyük səmavi kitabın əbədi olmasına, həm də bütün dəyərlərin qorunması, nöqsanların islahı, eləcə də ilahi hökmlərin, həmçinin bəşər ədalətinin və üstünlüyünün qorunması üçün bir ülgü olmasına işarə edir.

Bu sifət (qəyyim), əslində, Allahın (qǝyyumluq) sifətindən törəmişdir. Belə ki Allah bu sifətin tələbi olaraq dünyadakı bütün varlıqların, əşyaların qoruyucusu və hamisidir: "Biz Səninlə varıq, Sən isə özündən varsan!"

Allahın kitabı olan Quran da bu xüsusiyyətə malikdir.

Onu da qeyd edək ki, (qǝyyim) sifəti Quran ayələrində dəfələrlə İslam dini barəsində işlənmiş, hətta Peyğəmbərə (s) göstəriş verilmişdir ki:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ


"Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama doğru) çevir.”

(qəyyim) sözünün təfsiri ilə bağlı yuxarıda deyilənlər bütün təfsirçilərin müxtəlif təfsirlərini özündə cəm edən geniş bir mənaya malikdir.

Bəzi təfsirçilər onu heç vaxt dəyişikliyə uğramayacaq bir kitab, bəziləri əvvəlki kitabları qoruyan, bəziləri dinin işlərini ayaqda saxlayan, bəziləri isə onda heç bir ixtilaf və ziddiyyət olmayan kitab olaraq təfsir etmişlər.

Lakin bunların hamısı dediyimiz geniş mənanın içində mövcuddur. Bəzi təfsirçilər" (onda heç bir nöqsana yol verməyən) cümləsini Quranın sözlərinin bəlağəti mənasında qəbul etmişlər, halbuki (qəyyim) sözünü onun (Quran) məzmununun bəlağəti və möhkəmliyi hesab edilir. Ancaq bu fərq üçün əlimizdə aydın bir dəlil yoxdur və belə nəzərə çarpır ki, bu ikisi biri digəri üçün təkiddir, bu fərqlə ki, (qǝyyim) daha geniş mənaya malikdir, yəni zati möhkəmlik mənasından əlavə, keşikçilik, digərlərini islah etmək və qorumaq mənalarını da ehtiva edir.

Xəbərdarlıq məsələsi yuxarıdakı ayələrdə geniş və mütləq mənada öz əksini tapdıqdan sonra, xüsusilə Allahın övladının olmasını iddia edən şəxslərə xəbərdarlıq edilir ki, bu da bu sapmanın xüsusi əhəmiyyət daşıdığını göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu yanlış inanc təkcə məsihilǝrǝ aid deyil, yəhudi və müşriklər də bu məsələdə onlarla şərikdirlər. Bu, demək olar ki, Quranın nazil olduğu mühitdə ümumi bir inanc hesab olunurdu. Bildiyimiz kimi, belə bir inanc tövhid ruhunu tamamilə aradan aparır, Allahı maddi və cismani varlıqlar səviyyəsində qərarlaşdırır. İnsani hiss və duyğular Onun oxşarı, eləcə də şərikinin olmasına qail olur. Onu ehtiyaclı hesab edir. Bu səbəbdən həmin məsələyə xüsusi olaraq toxunulmuşdur.

"Yunus" surəsinin 68-ci ayəsində deyilir:

قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا سُبْحَانَهُ هُوَ الْغَنِيُّ


“Müşriklər: “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir."

"Məryəm” surəsinin 88-91-ci ayələrində isə deyilir:

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا لَقَدْ جِئْتُمْ شَيْئًا إِذًا تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُ


الْأَرْضُ وَتَخرُّ الْجِبَالُ هَذَا أَنْ دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا


"Müşriklər: "Rəhman özünə övlad götürmüşdür!"- dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən oynasın! Bütün bunlar məhz müşriklərin Rəhmana övlad isnad etdiklərinə görə idi!"

Olduqca ağır olan bu açıqlama həmin cəfəng inancın acı nəticəsinin çox böyük olacağına dəlalət edir. Həqiqətən də bu, belədir. Çünki onun nəticəsi Allahı əzəmətinin zirvəsindən endirmək, alçaq maddi varlıqlar səviyyəsində qərarlaşdırmaqdır."

Qeyd; ("Təslis" (üçlük ata, oğul və ruh) və Həzrət Məsihin (ə) Allahın oğlu olması inancı barəsində Təfsiri-nümunənin 4-cü cildində ətraflı bəhs etmişik.)

4\. Dəlilsiz iddia.

Yanlış inancları araşdırdıqda, onların əksəriyyətinin bəzən yalançı şüar şəklində bir şəxs tərəfindən irəli sürülən, bəzən də ata-babaların adət-ənənəsi kimi bir nəsildən digərinə ötürülən dəlilsiz iddialardan qaynaqlandığının şahidi oluruq.

Yeri gəlmişkən, Quran bizə hər bir halda, kim tərəfindən irəli sürülməsindən asılı olmayaraq dəlilsiz iddialardan ciddi şəkildə çəkinməyi öyrədir.

Allah yuxarıdakı ayələrdə belə bir işi böyük və qorxulu hesab etmiş, onu yalanın qaynağı olaraq tanıtdırmışdır.

Bu elə bir prinsipdir ki, əgər müsəlmanlar bütün həyatları boyunca ona əməl etsələr, yəni dəlilsiz bir söz deməsələr, dəlilsiz bir şeyi qəbul etməsələr, şayiə və dəlilsiz iddialara etina göstərməsələr, hərc-mərcliklərinin çoxu aradan qalxar.

5\. Yaxşı işlər - davamlı bir proqram.

Yuxarıdakı ayələrdə möminlərdən söz düşdükdə, “yaxşı işlər” onların davamlı bir proqramı olaraq bəyan edilir. Çünki (yaxşı işlər görən) cümləsi feilin indiki zaman forması ilə ifadə edilmişdir. Bildiyimiz kimi, indiki zaman forması bir işin davam etməsinə dəlalət edir.

Əslində, bu, belə də olmalıdır. Çünki bir və ya bir neçə yaxşı iş ola bilər, təsadüfən və ya müəyyən bir səbəbdən hər hansı bir şəxs tərəfindən görülmüş olsun, ancaq bu, əsla həqiqi imana dəlalət etmir. Həqiqi imana dəlalət edən şey yaxşı əməlin davamlı olaraq yerinə yetirilməsidir.

6\. Burada son söz budur: Quran yuxarıdakı ayələrdə bu səmavi kitabın nazil olmasını bəyan etmək istədikdə, belə buyurur: “Həmd bu kitabı Öz quluna nazil edən Allaha məxsusdur!" Bu da göstərir ki, qul (bəndə) ifadəsi bir insan üçün edilməsi mümkün olan ən iftixarlı və ən əzəmətli vəsfdir. Elə bir insan ki, həqiqətən, Allahın qulu ola, hər şeyini Ona bağlı bilə, gözü və qulağı Onun əmrində ola, Onun yolundan başqa bir yolu getməyə, eləcə də Onun pak bəndəsi olduğuna görə iftixar edə.