Əl-Ənbiya Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Ənbiya surəsi, 1-5-ci ayələr
Ənbiya surəsi, 1-5-ci ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ .١
مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ .٢
لَاهِيَةً قُلُوبُهُمْ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ .٣
قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ .٤
بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ .٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. İnsanların haqq-hesabı yaxınlaşıb, ancaq onlar qəflət içindədirlər, üz çeviriblər.
2\. Onlara öz Rəblərindən elə bir yeni xəbərdarlıq gəlməz ki, ona istehza ilə qulaq asmasınlar.
3\. Bu, qəlbləri əyləncə və qəflət içində batdığı halda baş verər. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: "Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrinmi dalınca düşəcəksiniz?"
4\. (Peyğəmbər) dedi: "Rəbbim göydə və yerdə danışılan bütün sözləri bilir. O, eşidəndir, biləndir!”
5\. Onlar dedilər: "(Muhəmmədin (s) gətirdiyi vəhy deyil,) qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! O, əvvəlki elçilərə göndərilən (möcüzələr) kimi bizə də bir möcüzə gətirməlidir".
Ayələrin təfsiri.
Rəngbərəng bəhanələr.
\-Bu surə qeyd etdiyimiz kimi bütün insanlara ünvanlanmış şiddətli xəbərdarlıqla başlayır. Bu, silkələyici və oyadıcı bir xəbərdarlıqdır. Deyir: "İnsanların haqq-hesabı yaxınlaşıb, ancaq onlar qəflət içindədirlər, üz çeviriblər”.
اقْتَرَبَلِلنَّاسِحِسَابُهُمْوَهُمْفِيغَفْلَةٍمُّعْرِضُونَ
Onların əməli göstərir ki, qəflət və xəbərsizlik bütün vücudlarını bürümüşdür. Yoxsa necə ola bilər ki, haqq-hesabın yaxın olmasına və həm də haqq-hesab çəkənin son dərəcə dəqiq olmasına inandıqları halda, bütün məsələlərə belə laqeyd yanaşsınlar?
(iqtərəbə) sözü yaxınlığa (qurb) sözündən daha çox təkid edir və haqq-hesabın çox yaxın olmasına işarə vurur.
(nas) ifadəsi, böyük ehtimalla, bütün insanlara şamil olur və hamının qəflət içində olmasını göstərir. Amma heç şübhəsiz, xalq kütləsindən söhbət getdikdə istisna hallar da olur. Burada daim haqq- hesabı düşünən və ona hazırlaşan insanları bu hökmdən istisna etmək lazımdır.
Maraqlı burasıdır ki, Müqəddəs kitab deyir: Camaat haqq-hesaba yox, haqq-hesab camaata yaxınlaşıb. Sanki haqq-hesab sürətlə insanların pişvazına qaçır.
Eyni zamanda, qəflət və üz döndərmək arasında bu baxımdan fərq ola bilər ki, onlar haqq-hesabın yaxın olmasından qafildirlər və bu qafillik onların Allahın ayələrindən üz döndərməsinə səbəb olur. Əslində, haqq-hesabdan qafil olmaq səbəbdir, Allahın ayələrindən üz döndər mək isə onun nəticəsi. Yaxud burada haqq-hesabın özündən, böyük məhkəmədə cavab verməyə hazırlaşmaqdan üz döndərmək qəsd edilir. Yəni insanlar qafil olduqları üçün özlərini hazırlamır və üz döndərirlər.
Burada belə bir sual yaranır ki, haqq-hesabın və Qiyamətin yaxınlaşmasının mənası nədir?
Bəzilərinə görə, demək istənir ki, dünyanın ömrü keçənlərə nisbətdə az qalıb (Yəni dünyanın ömrünün çox hissəsi keçib) və buna görə də Qiyamət yaxındır (nisbi yaxınlıq). Xüsusən İslam peyğəmbərindən (s) nəql olunan bir hədisdə oxuyuruq:
# بُعِثْتُأَنَاوَالسَّاعَةُكَهَاتَيْنِ
"(Şəhadət barmağı ilə orta barmağını göstərərək) Mənim pey- ğəmbərliyə seçilməyim və Qiyamət bu ikisi kimidir."
Bəzilərinə görə isə, bu ifadə Qiyamətin qaçılmaz olmasına işarədir. Necə ki məşhur ərəb atalar sözündə deyilir:
# كُلُّماهُوَآتقَرِيبٌ
“Qaçılmaz olan yaxındır”.
Hər halda, bu iki təfsir bir-biri ilə ziddiyyət təşkil etmir. Ayə hər iki mətləbi anlada bilər.
Qurtubi kimi bəzi təfsirçilər burada haqq-hesabın "kiçik qiyamət”ə, yəni ölümə işarə olmasını ehtimal etmişlər. Çünki ölüm zamanı da haqq- hesabın və əməllərin cəzasının bir hissəsi insana çatır.
Amma görünən odur ki, yuxarıdakı ayə Qiyamətə aiddir. Növbəti ayə onların üz döndərməsinin nişanələrindən birini bu şəkildə bəyan edir: "Onlara öz Rəblərindən elə bir yeni xəbərdarlıq gəlməz ki, ona istehza ilə qulaq asmasınlar".
إِلَّااسْتَمَعُوهُوَهُمْيَلْعَبُونَ
مَايَأْتِيهِممِّنذِكْرٍمَّنرَّبِّهِم
Bir ayə və ya surəyə, Allah tərəfindən gələn oyadıcı bir sözə heç vaxt ciddi yanaşmamış, haqqında düşünməmiş və heç olmasa, bu sözün onların həyatına, taleyinə bir təsiri olacağını ehtimal etməmişlər. Onlar nə ilahi haqq-hessabı düşünmüşlər, nə də Allahın xəbərdarlıqlarını.
Prinsipcə, cahil, məğrur və xudpəsənd insanların bədbəxtliklərindən biri budur ki, həmişə xeyirxah insanların nəsihətlərinə, öyüdlərinə zarafat və istehza ilə yanaşırlar. Bu da heç vaxt qəflət yuxusundan oyanmamaqlarına səbəb olur. Halbuki əgər bir dəfə belə olsun, bu nəsihətlərə ciddi yanaşsalar, böyük ehtimalla, həmin anda həyat yolları dəyişəcək.
Yuxarıdakı ayədə keçən (zikr) kəlməsi hər növ oyadıcı sözə işarədir. (muhdəs) - "təzə, yeni" ibarəsindən isə bu mətləb anlaşılır ki, səmavi kitablar bir-birinin ardınca gəlir və Quran surə və ayələrinin hər biri yeni bir məzmun daşıyır. Üstəlik, iz buraxmaq üçün müxtəlif yollarla qafillərin ürəyinə daxil olur. Amma bütün bunları istehza ilə qarşılayanlara nə faydası var?
Quran yenə də təkidlə deyir: "Bu, qəlbləri əyləncə və qəflət içində batdığı halda baş verər”.
Çünki onlar zahiri baxımdan bütün ciddi məsələləri zarafata salır, oyuna, masqaraya çevirirlər ( (yələbunə) cümləsinin indiki zaman formasında və mütləq şəkildə işlənməsi buna işarə vurur). Daxili baxımdan isə eyş-işrətə düçar olmuş, dəyərsiz və qəflətə aparan məsələlər haqqında düşünürlər. Təbii ki, belə bir şəxs əsla səadət yolunu tapa bilməyəcək.
Daha sonra Müqəddəs kitab onların şeytani planlarına işarə vuraraq buyurur: "Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: "Məgər bu sizin kimi adi bir insan deyilmi?”.
(وَأَسَرُّواالنَّجْوَىالَّذِينَظَلَمُواْهَلْهَذَاإِلَّابَشَرٌمِّثْلُكُمْ)
Halbuki o, adi bir insandır, bu xariqüladə işlər və sözünün təsiri sehrdən başqa bir şey ola bilməz. "Gözünüz görə-görə sehrinmi dalınca düşəcəksiniz?”.
(أَفَتَأْتُونَالسِّحْرَوَأَنتُمْتُبْصِرُونَ)
Dedik ki, bu surə Məkkədə nazil olmuşdur. O zaman İslam düşmənləri tam güclü idilər. Elə isə öz sözlərini, hətta pıçıltılarını gizlətməyə nə lüzum var idi (Nəzərdən qaçırmayın ki, Quran: “Pıçıltılarını gizlədirdilər", - deyir)?
Buna səbəb o ola bilər ki, onlar xalq kütləsi qarşısında Peyğəmbərin (s) əleyhinə vahid planla çıxış etmək üçün hiylə və kələk xarakterli məsələlərdə məşvərət edirdilər.
Bundan başqa, şübhəsiz ki, qüdrət və güc baxımından qabaqda idilər. Amma İslamın məntiqi və təsir gücü baxımından üstünlük Peyğəmbər (s) və müsəlmanlarda idi. Məhz bu üstünlük onları Peyğəmbərə (s) qarşı uydurma cavablar seçmək üçün yekun məsləhətləşmə aparmağa vadar edirdi.
Hər halda, onlar bu söhbətdə iki şey üzərində dayanırdılar. Biri Peyğəmbərin (s) bəşər olması, digəri isə sehr damğası. Növbəti ayələrdə digər yarlıq və damğalar haqqında da söhbət açılacaq ki, Quran onlara cavab verir.
Amma Quran öncə onlara Peyğəmbərin (s) dilindən ümumi şəkildə belə cavab verir:“(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə danışılan bütün sözləri bilir”.
(قَالَرَبِّييَعْلَمُالْقَوْلَفِيالسَّمَاءِوَالْأَرْضِ)
Elə bilməyin ki, sizin məxfi sözləriniz və gizli fitnələriniz ondan gizlidir. “O, eşidəndir, biləndir!"
O, hər şeyi bilir və hər şeydən xəbərdardır. Nəinki sizin sözlərinizi eşidir, hətta beyinlərdən keçən düşüncələri də, ürəklərdə gizlənən qərarları da bilir.
Müxaliflərin gətirdiyi bəhanələrin ikisini qeyd etdikdən sonra digər dörd bəhanəni də sadalayır: "Onlar dedilər: "(Məhəmmədin (s) gətirdiyi vəhy deyil,) qarmaqarışıq yuxulardır!”
Bəzən bu sözlərini dəyişir və deyirlər: "Xeyr, o bunu özündən uydurmuşdur!"
Bəzənsə deyirlər: “Xeyr, o, bir şairdir!"
Son mərhələdə buyurur: (Bunlar bir yana), “O, əvvəlki elçilərə göndərilən (möcüzələr) kimi bizə də bir möcüzə gətirməlidir”.
كَمَاأُرْسِلَالأَوَّلُونَ
Peyğəmbərə (s) şamil edilən bu ziddiyyətli fikirlər özü onların Haqqı axtarmadıqlarına, əksinə, bəhanə gətirdiklərinə, necə deyərlər, nəyin bahasına olursa olsun, hansı yolla olursa olsun, rəqibi sıradan çıxarmaq istədiklərinə ən yaxşı dəlildir.
Onlar Peyğəmbəri (s) bəzən sehrkar, bəzən şair, bəzən də iftiraçı adlandırırdılar. Bəzən də (bu sözlərdən Allaha sığınıram) qarışıq yuxuları vəhy sanan xəyalpərəst biri hesab edirdilər.
Bəzən deyirdilər: Sən insansanmı? Bəzən bütün möcüzələri görsələr də, başqa bir möcüzə tələb edirdilər.
Əgər onların sözlərinin yanlış olmasına bu ziddiyyətdən başqa dəlilimiz olmasaydı, tək bu da kifayət idi. Amma sonrakı ayələrdə görəcəyik ki, Quran başqa yollarla onlara kəskin cavab verir.
İncəlik:
Quran "yeni"dirmi?
Bəzi təfsirçilər bu ayələri təfsir edərkən onlardan ikincisində keçən (muhdəs) sözündən çıxış edərək Allah kəlamının yeni və ya qədim olması ilə bağlı geniş bəhs açmışlar. Bu məsələ Abbasi xəlifələri dönəmində uzun illər mübahisəyə səbəb olmuş və uzun müddət bir qrup alimin fikrini özünə məşğul etmişdir.
Amma bu gün yaxşı bilirik ki, bu mübahisələr daha çox siyasi xarakter daşıyırdı. Məqsəd İslam alimlərini məşğul etmək, hakimiyyətin vəziyyəti, xalqın həyat tərzi və İslamın əsl həqiqətləri ilə əlaqədar əsas məsələlərdən yayındırmaq idi.
Bu gün bizə tam aydındır ki, əgər Allah kəlamı deyərkən qəsd edilən onun məzmunudursa, onda Allah kəlamı, heç şübhəsiz, qədimdir. Yəni həmişə Allahın elmində olmuş və Rəbbin geniş biliyi həmişə onu öz əhatəsinə almışdır.
Yox, əgər bu zaman Peyğəmbərə (s) nazil olan həmin bu vəhy, həmin bu sözlər nəzərdə tutulursa, o halda Allah kəlamı, heç şübhəsiz, yenidir.
Hansı ağıl sahibi deyə bilər ki, sözlər əzəlidir? Yaxud vǝhyin Peyğəmbərə (s) nazil olması elçilik fərmanının başlanğıcında olmamışdır? Demək, gördüyünüz kimi, mövzuya hansı yöndən yanaşsaq, məsələ gün kimi aydındır.
Başqa sözlə, Quran sözlərdən və mənalardan ibarətdir. Sözlər, əlbəttə ki, yenidir. Məna isə, heç şübhəsiz, qədimdir. Odur ki, burada mübahisəyə lüzum yoxdur.
Bundan başqa, bu məsələ islam cəmiyyətinin hansı elmi, ictimai, siyasi və əxlaqi problemini həll edir? Nə üçün bəzi alimlər məkrli hökmdarların hiylələrinə aldanmışlar?
Odur ki, Əhli-beyt (ə) imamları bu məsələyə aydınlıq gətirməklə yanaşı, praktiki olaraq, bu kimi mövzulardan uzaq durmağı onlara tövsiyə etmişlər.