Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Yasin Surəsinin Ayələrinə Qayıt →
Yasin Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Yasin surəsi, 1-10-cu ayələri

Yasin surəsi, 1-10-cu ayələri



بسماللهالرَّحْمَنِالرَّحِيمِ


يس .١


وَالْقُرْآنِ الْحَكِيمِ .٢


إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ .٣


عَلَى صِرَاطٍ مُسْتَقِيمٍ .٤


تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ .٥


لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ .٦


لَقَدْ حَقَّ الْقَوْلُ عَلَى أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ .٧


إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ .٨


وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ .٩


وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ .١٠


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Ya Sin!

2\. And olsun hikmətli Qurana!

3\. Əlbəttə, sən göndərilmiş elçilərdənsən,

4\. doğru yoldasan.

5\. Bu Quran qüdrətli və rəhmli Allah tərəfindən nazil edilib ki,

6\. ataları qorxudulmamış, buna görə də özləri qafil olan bir qövmü qorxudasan.

7\. Əmr onların çoxu barəsində gerçəkləşdi. Buna görə iman gətirməyəcəklər.

8\. Biz onların boyunlarına çənələrinə qədər uzanan və başlarını dik saxlayan buxovlar keçirtdik.

9\. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərini bağladıq. Buna görə də onlar görmürlər.

10\. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.

Ayələrin təfsiri.



"Quranın qəlbi”nin təfsiri.

Bu surə də Qurani-Kərimin digər 28 surəsi kimi müqəttəə hərfləri "ya və sin" hərfləri ilə başlayır.

Biz Quranda olan müqəttəə hərflərinin təfsiri barədə "Bəqərə", “Ali-İmran” və “Əraf” surələrinin əvvəlində geniş bəhs etmişik.

Lakin "Yasin" surəsində olan müqəttəə hərfləri barədə başqa izahlar da verilib:

Onlardan biri budur ki, "Yasin" sözü nida, müraciət və çağırış mənası ifadə edən "ya" sözündən, eləcə də, İslam Peyğəmbərinə (ə) işarə olan “sin” hərfindən ibarətdir. Buna görə də o, sonrakı məsələlərin bəyan edilməsi üçün Peyğəmbərə (s) xitabdır.

Müxtəlif hədislərdə də bu sözün Həzrəti-Peyğəmbərin (s) adlarından biri olması qeyd edilib.

Digər bir təfsir budur ki, burada insana xitab edilir və “sin” burada ona işarədir. Lakin bu ehtimal sonrakı ayələrlə düz gəlmir. Çünki həmin ayələrdə yalnız Həzrəti-Peyğəmbərə (s) xitab edilmişdir.

Buna görə də İmam Sadiq (ə) hədislərinin birində belə buyurur:

"Yasin Həzrəti-Peyğəmbərin (s) adıdır. Çünki onun ardınca: "Sən göndərilmiş elçilərdənsən, doğru yoldasan.” - deyə buyurulur. "

Müqəttəə hərfləri ilə başlayan surələrin çoxunda olduğu kimi, bu surədə də müqəttəə hərflərinin ardınca Qurandan söz açılır və burada ona and içilərək buyurulur: “And olsun hikmətli Qurana!"

Maraqlıdır ki, burada Quran "hikmətli” sifəti ilə vəsf edilib, halbuki adətən, "hikmət" canlı və ağıl sahibi olan şəxsin sifəti kimi işlədilir. Sanki Quran burada insanların üzünə hikmət qapıları açan və sonrakı ayələrdə işarə edildiyi kimi, doğru yola istiqamətləndirən canlı, ağıl sahibi, rəhbər, eləcə də öncül kimi təqdim edilib.

Əlbəttə, Allahın anda ehtiyacı yoxdur. Lakin Quranda olan andların iki mühüm faydası var: Onlardan biri sözügedən məsələyə təkid, ikincisi and içilən şeyin əzəmətinin bəyan edilməsdir. Çünki heç kəs dəyəri olmayan şeyə and içmir.

Sonrakı ayədə əvvəlki ayədə içilən andın səbəbi bəyan edilərək deyilir: “Əlbəttə, sən göndərilmiş elçilərdənsən."

”Doğru yoldasan“.

Ayənin davamında qeyd olunur: "Bu Quran qüdrətli və rəhmli Allah tərəfindən nazil edilib”.

عَلَىصِرَاطٍمُّسْتَقِيمٍ)


(تَنزِيلَالْعَزِيزِالرَّحِيمِ)


Allahın "qüdrətli” olmasının qeyd edilməsi Onun əsrlərlə bir möcüzə kimi qalan və heç bir qüdrətin əzəmətini qəlblərdən çıxara bilmədiyi belə əzəmətli, yenilməz kitab nazil etmək qüdrətinə malik olmasını bəyan edir.

Həmçinin Allahın “rəhmli” olması, insanlara belə böyük bir nemətin verilməsinin Onun rəhmətinin tələbi olmasını bəyan edir.

Bəzi təfsirçilər bu iki sifətin insanların bu səma kitabının nazil olmasına və bu Peyğəmbərin (s) göndərilməsinə verdiyi iki fərqli reaksiyanı bəyan etmək məqsədi daşıdığını deyiblər. Belə ki Allah-taala inkar və təkzib edənləri Öz qüdrəti ilə təhdid edir, təslim olub qəbul edənləri isə rəhməti ilə müjdələyir.'

Beləliklə, Allahın biri "qorxutma", o biri isə "müjdə” təzahürü olan qüdrət və rəhməti bir-biri ilə qarışaraq insanların ixtiyarına belə bir böyük səmavi kitabı verib.

Burada belə bir sual yaranır ki, məgər hər hansı bir peyğəmbərin və ya səma kitabının haqq olmasını and ilə isbat etmək olar?

Əslində, yuxarıda qeyd edilən ayələrdə bu suala cavab verilib. Çünki Quran "hikmətli" sifəti ilə vəsf edilir. Bunun da mənası odur ki, onun hikmətli olması heç kəsə gizli deyil və özü özünün haqq olmasına dəlalət edir.

Digər tərəfdən, Peyğəmbərin (s) doğru yolda olması qeyd edilib. Bunun isə mənası odur ki, onun dəvətinin məzmunun özü onun yolunun doğru yol olduğunu göstərir. O Həzrətin (s) həyat tarixçəsi də onun yolunun doğru olduğunu göstərir.

Biz peyğəmbərlərin haqq olmasının dəlillərindən danışanda da qeyd etdik ki, onların haqq olmasını bilməyin ən yaxşı yollarından biri dəvətlərinin məzmununun tam dəqiqliklə araşdırılmasıdır. Əgər onlar fitrət, ağıl, vicdanla uyğun, eləcə də insanın adi qüvvə ilə gətirməsi mümkün olmayan səviyyədə olsa, bundan əlavə, peyğəmbərin keçmiş həyatı onun yalançı, hiyləgər, habelə saxtakar deyil, etibarlı və doğruçu olduğunu göstərsə, bütün bunlar onun Allah elçisi olmasına dəlalət edir. Sözügedən ayələr, əslində, hər iki məsələyə işarə edir. Buna görə dǝ and və öncə qeyd edilən iddia əsla əsassız deyil.

Bundan əlavə, mübahisə üslubu baxımından söz hər nə qədər qətiyyət və təkidlə deyilsə, qərəzli inadkarların qəlbinə bir o qədər çox təsir göstərir.

Burada belə bir sual yaranır: Nə üçün bu cümlədə müşriklərə və bütün insanlara deyil, məhz Həzrəti-Peyğəmbərə (s) xitab edilib?

Bu sualın cavabı budur: Belə ki burada məsələyə təkid edilmişdir. Yəni onlar qəbul etsələr də, etməsələr də, sən haqq və doğru yoldasan. Buna görə də öz ağır vəzifənin yerinə yetirilməsində çalış, müxaliflərin qəbul etməməsinə görə əsla ruhdan düşmə.

Sonrakı ayədə Quranın nazil edilməsinin əsas məqsədi belə bəyan edilmişdir: Bu Quranı sənə nazil etdik ki, “ataları qorxudulmamış, buna görə də özləri qafil olan bir qövmü qorxudasan”.

Şübhəsiz, bu "qövm" deyilərkən, ərəb müşrikləri nəzərdə tutulmuşdur. Burada kimsə deyə bilər ki, bizim inancımıza görə heç bir ümmət qorxudansız olmayıb və yer üzündə həmişə Allahın xüsusi canişini olub. Bundan əlavə, "Fatir" surəsinin 24-cü ayəsində oxuyuruq ki,

وَإِنمِّنْأُمَّةٍإِلَّاخَلَافِيهَانَذِيرٌ


"Keçmişdə hər bir ümmətdə bir qorxudan olmuşdur."

Bu irada cavab olaraq deyirik: Sözügedən ayənin məqsədi aşkar qorxudan və səs-sədası hər yeri bürümüş peyğəmbərdir. Bildiyimiz kimi, bütün zamanlarda haqq axtaranlar üçün Allahın xüsusi canişini olub. Məsələn: Həzrəti-İsa (ə) ilə Həzrəti-Muhəmmədin (s) dövrünün arasını “boşluq dövrü” adlandırırlar. Bunun mənası həmin dövrdə əsla Allahın canişininin olmaması deyil, həmin “boşluq” hər hansı bir böyük və “ulul-əzm” peyğəmbərin həmin zaman kəsiyində olmamasını ifadə edir.

Əmirəlmöminin Əli (ə) bu barədə belə buyurmuşdur:

“Allah-taala Muhəmmədi (s) elə bir vaxtda göndərdi ki, ərəblərdən heç kəs səma kitabı oxumur, peyğəmbərlik iddiası etmirdi."

Hər halda, Quranın nazil edilməsində məqsəd qafil insanların qəflət yuxusundan oyadılması, onların əhatəsində olduqları təhlükə, batdıqları günah, bulaşdıqları şirk və fəsaddan xəbərdar edilməsidir. Bəli, Quran agahlıq və oyaqlıq mənbəyi, qəlb ilə ruhu paklayan kitabdır.

Sonra küfr və şirk yolu başçılarının aqibəti barədə əvvəlcədən xəbər verilərək buyurulur: "Əmr onların çoxu barəsində gerçəkləşdi. Buna görə iman gətirməyəcəklər”.

(لَقَدْحَقَّالْقَوْلُعَلَىأَكْثَرِهِمْفَهُمْلَايُؤْمِنُونَ)


Ayənin ərəbcə orijinalında işlənmiş (əl-qaul) sözü barədə təfsirçilər müxtəlif etimallar veriblər. Lakin zahirən görünür ki, bu ifadə ilə şeytanın ardıcıllarına Cəhənnəm əzabı vədi verilir. "Səcdə” surəsinin 13-cü ayəsində deyilir:

وَلَكِنْحَقَّالْقَوْلُمِنِّيلَأَمْلَأَنْجَهَنَّمَمِنَالْجِنَّةِوَالنَّاسِأَجْمَعِينَ


\- "Lakin sözüm və vədim haqdır: "Cəhənnəmi bütün günahkar cin və insanlarla dolduracağam!"

"Zumǝr" surəsinin 71-ci ayəsində isə belə buyurulur:

وَلَكنْحَقَّتْكَلِمَةُالْعَذَابِعَلَىالْكَافِرِينَ


\- "Lakin əzab əmri kafirlər barəsində qətiləşib."

Hər halda, bu, Allahla bütün əlaqələrini kəsmiş, bütün hidayət qapılarını öz üzünə bağlamış, tərslik, inadkarlıq və özbaşınalığı ən yüksək həddə çatdırmış şəxslər barəsindədir. Bəli, onlar heç vaxt iman gətirməyəcəklər və geri qayıtmağa yolları olmayacaq. Çünki onlar arxalarındakı bütün körpüləri uçurublar.

İnsanın islah olması və doğru yola gəlməsi o vaxt mümkün olur ki, o, öz tövhid fitrətini çirkin əməl, eləcə də nalayiq davranışı ilə tamamilə məhv etməmiş olsun. Əks-təqdirdə, onun qəlbini mütləq qaranlıq bürüyəcək, bütün ümid qapıları bağlanacaqdır.

Həmçinin buradan belə məlum olur ki, iman gətirməyəcək həmin çoxluqda məqsəd şirk və küfr yolunun başçılarıdır. Məhz o cür də oldu. Onların bir dəstəsi islami müharibələrdə müşrik və bütpərəst olaraq öldürüldü, yerdə qalan bir dəstə isə "İnsanlar dəstə-dəstə Allahın dininə daxil olurlar." ayəsinə əsasən, Məkkənin fəthində ərəb müşriklərinin əksəriyyətinin iman gətirməsinə baxmayaraq, sona kimi qəlbən iman gətirmədi.

Onların ön və arxalarından sədd çəkildiyini, gözlərinin kor olduğunu, qorxudulub-qorxudulmamalarının bir fərqinin olmadığını buyuran sonrakı ayələr də bu mənanı təsdiqləyir.

Daha sonra ayədə ilahi kəlamlardan heç cür təsirlənməyən bu dəstə təsvir edilir. Odur ki, əvvəlcə buyurulur: "Biz onların boyunlarına çənələrinə qədər uzanan və başlarını dik saxlayan buxovlar keçirtdik.”

Ayənin ərəbcə orijinalında işlənmiş (əğlal) sözü (ğull) sözünün cəmidir. Onun kökü (ğələl) sözüdür, mənası isə "bir şeyin ortasında olan şey" deməkdir. Məsələn: Ağacların arasından axan suya (ğələl) deyirlər. Ərəblər boyun və ya qollara salınan, sonra zəncirlə bağlanan halqaya (ğull) deyirdilər. Bu sözün bu mənada işlədilməsinin səbəbi boyun və ya qolun həmin halqanın ortasında olmasıdır. Bəzən boğaza salınmış halqa bir zəncirə, qollara salınmış halqa isə başqa bir zəncirə bağlanardı. Bəzən də qolları halqaya salıb, boyuna salınmış halqaya bağlayar, zindana salınmış şəxs, habelə əsiri sıxıntı, eləcə də işgəncə altında saxlayardılar.

Ərəblər susuzluq və ya böyük kədər, həmçinin güclü qəzəbə (ğullǝt) deyirlər. Bunun səbəbi həmin halın insanın qəlb və cisminə nüfuz etməsidir. Ümumiyyətlə, (ğəll) sözünün də mənası “daxil olmaq" və ya "daxil etmək” deməkdir. Buna görə də evin gəlirinə, əkin məhsuluna və bu kimi şeylərə (ğəllət) deyirlər.

Hər halda, bəzən boyuna salınan buxov çənəyə kimi uzanar və başı yuxarıda saxlayardı. Bu hal əsir və ya məhbusu çox incidər, onun öz ətrafını görməsinə mane olardı.

İnadkar bütpərəstlərin həmin insanlara bənzədilməsi maraqlı təşbehdir. Onlar boyunlarına da, əl-ayaqlarına da ata-babalarına təqlid "buxov"u, eləcə də xurafat adət-ənənə zəncirləri keçiriblər. Həmin halqa və zəncirlər o qədər enlidir ki, onların başını yuxarıda saxlayır və onları həqiqətləri görməkdən məhrum edir. Onlar nə fəaliyyət və hərəkət, nə də görmə qüdrəti olmayan əsirlərdir.

Hər halda, sözügedən ayə bu imansız dəstənin həm dünyadakı vəziyyətinin, həm də bu dünyadakı işlərin təcəssümü olan axirət hallarının təsviri ola bilər. Həmin cümlənin keçmiş zaman feili formasında bəyan edilməsində bir problem yoxdur. Çünki Qurani-Kərimin bir çox ayələrində gələcəkdə baş verəcək qəti hadisələr keçmiş zaman feili ilə bəyan edilib. Bu, ədiblərin məşhur: "Baş verməsi qəti olan gələcək, keçmiş zaman halına düşür.” – deyimində qeyd etdikləri şeydir. Həm- çinin ola bilər ki, o, hər iki mənaya - onların həm bu dünyadakı, həm də axirətdəki halına işarə olsun.

Bəzi təfsirçilər sözügedən və ondan sonrakı ayə barədə bir sıra nazilolma səbəbləri nəql ediblər. Həmin nazilolma səbəblərinə əsasən, onlar Əbu Cǝhl, yaxud da Bəni-Məxzum və ya Qüreyş qəbiləsindən olan bir kişi barəsində nazil olub. Belə ki onlar dəfələrlə Peyğəmbəri (s) qətlə yetirmək qərarına gəliblər, lakin Allah-taala möcüzəvi şəkildə onların bu işinə mane olub. Onlar Peyğəmbərə (s) çatıb zərbə endirmək istədikləri həssas anda gözləri tutulur, yaxud da hərəkət qabiliyyətlərini itirirdilər.

Lakin bu nazilolma səbəbləri ayənin mənasının geniş olmasına və onun bütün küfr yolu başçılarına, inadkar təəssübkeşlərə şamil olmasına mane olmur. Həmçinin o, həm də öncə, “Buna görə iman gətirməyəcəklər.” cümləsinin təfsirində qeyd etdiyimiz məsələni – məqsədin müşriklərin deyil, əksəriyyətin şirk, küfr və nifaq yolu başçılarının olmasını təsdiqləyir.

Sonrakı ayə də həmin şəxsləri təsvir edir və onların təsirlənməmələrini bir başqa formada bəyan edərək buyurur: "Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik.”

Bu iki sǝdd onları elə mühasirəyə alıb ki, nə qabağa, nə də geri gedə bilirlər.

“Və həmin halda gözlərini bağladıq. Buna görə də onlar görmürlər.”

(فَأَغْشَيْنَاهُمْفَهُمْلَايُبْصِرُونَ)


Çox maraqlı bir səhnə təsvir edilib: Onlar bir tərəfdən, əsirlər kimi zəncirləniblər. Digər tərəfdən, zəncir və buxovları elə enli, elə genişdir ki, onların başını dik saxlayıb. Nəticədə, onlar ətrafda heç nəyi görə bilmirlər. Eyni zamanda da bir sədd onları ön və arxalarından mühasirə edib, onların həm qabağa, həm də arxaya gedən yollarını bağlayıb. Həmçinin onların gözləri də bağlıdır və onlar görmə qabiliyyətlərini tamamilə itiriblər.

İndi siz düşünün, belə bir vəziyyətdə olan şəxs nə edə bilər? Nə başa düşə bilər? Nə görə bilər? Necə addımlayar? Bu, eqoist və xudbin təkəbbürlülərin, kor-koranə başqalarına tabe olub, onların əməllərini təkrarlayanların, haqq qarşısında inadkarlıq göstərən təəssübkeşlərin halıdır.

Buna görə də sözügedən ayələrin sonuncusunda aydın şəkildə belə buyurur: "Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər”.

وَسَوَاءعَلَيْهِمْأَأَنذَرْتَهُمْأَمْلَمْتُنذِرْهُمْلايُؤْمِنُونَ


Sənin sözlərin nə qədər güclü, vəhy nə qədər təsirli olsa da, münasib yerə daxil olmayınca təsir göstərməyəcək. Əgər aləmi işıqlandıran günəş min il şoranlığa şüa saçsa, həmçinin ora nə qədər bərəkətli yağış yağsa, davamlı şəkildə bahar küləyi əssə, orada çör-çöp və tikandan başqa bir şey yetişməyəcək. Səbəbkarın təsiri ilə yanaşı, qarşı tərəfin təsirlənmə qabiliyyətlərə malik olması da şərtdir.

İncəliklər:



1\. İdrak vasitələrinin işdən düşməsi.

İnsan öz vücudundan kənar aləmdən agah olmaq üçün bir sıra vasitələrdən istifadə edir ki, onlara idrak vasitələri deyilir. Onların bəzisi daxili, bəzisi isə xaricidir. Ağıl, şüur, vicdan və fitrət daxili vasitələrdir. İnsanın görmə, eşitmə və sairə hissləri isə xarici vasitələrdir.

Əgər Allahın verdiyi bu vasitələrdən düzgün istifadə edilsə, onlar gündən-günə güclənər, qüvvətlənər və həqiqətləri daha yaxşı, daha dəqiq göstərərlər.

Amma əgər onlardan bir müddət əyri yolda istifadə edilsə və ya ümumiyyətlə, istifadə edilməsə, tədricən zəifləyər, tamamilə dəyişər, nəticədə, həqiqətləri tərsinə göstərməyə başlayar. Necə ki güzgünün üstünü qalın toz qatı örtsə və ya onun üstünə çoxlu, dərin cızıqlar düşsə, bir şey göstərə bilməz. Əgər göstərsə də, gerçəkliklə əsla üst-üstə düşməz.

Böyük idrak vasitələri nemətini insandan onun səhv əməlləri və yanlış mövqeləri alır. Buna görə də əsas günahkar o özüdür və onun günahı da insanın öz boynunadır.

Sözügedən ayələr bu mühüm və tale yüklü məsələni gözəl təsvir edib. Bu ayələrdə nəfsi istəklərə tabe olan təkəbbürlülər, təəssübkeş eqoistlər, qeyd-şərtsiz başqalarının əməllərini təkrarlayanlar buxov və zəncirlərdə əsir edilmiş şəxslərə bənzədiliblər. Bunlar onların öz əlləri ilə öz boyunlarına saldığı nəfsi istək, təkəbbür, lovğalıq, eləcə də kor- koranə təqlid buxovu və zəncirləridir. Onlar iki güclü və aşılmaz sədd ilə mühasirə edilmiş şəxslərə bənzədiliblər.

Digər tərəfdən, onların gözləri də bağlanıb və onlar kordurlar.

—Onların hərəkət və fəaliyyətinin qarşısının alınması üçün bu buxov, habelə zəncirlər, bu iki böyük sədd, gözun bağlanması ilə korluq – bir sözlə, bunların hər biri ayrı-ayrılıqda yetərli hesab edilə, müstəqil səbəb ola bilər.

Bu iki sədd sanki o qədər hündür, bir-birinə o qədər yaxındır ki, onların hərəkət qüdrətini əllərindən aldığı kimi, görmə qabiliyyətini də tam məhdudlaşdırır.

Dəfələrlə qeyd etmişik ki, insan bu mərhələyə çatmayana qədər doğru yola gəlmək imkanına malikdir. Amma bu mərhələyə çatandan sonra, əgər bütün peyğəmbər və övliyalar bir yerə yığılsa və ona bütün səmavi kitablar oxunsa, yenə də təsiri olmaz.

Hədislərdə, həmçinin Quran ayələrində insanın günah edən kimi, dərhal tövbə edib, Allaha tərəf qayıtmasına, tövbəni təxirə salıb, onu gecikdirməkdən, günahı yenidən təkrar etməkdən çəkinməsinə təkid edilməsinin də səbəbi onun bu mərhələyə çatmaması, "pas”ları təmiz- ləməsi, kiçik maneələri böyük səddə çevrilməmişdən dağıtması, hərəkət yolunu açıq saxlaması, qabağı görmək üçün gözünün qarşısını tutan toz-torpağı təmizləməsi üçündür.

2\. Ön və arxada olan sədlər.

Bəzi təfsirçilər belə bir sual irəli sürüblər: Hərəkətin qarşısını əsasən, öndə olan sədlər alır. Belə olan halda, arxada olan sədd nə üçündür?

Bəziləri bu suala belə cavab veriblər: İnsanın iki cür hidayəti var. Onların biri nəzəri və dəlillərə əsaslanan, ikincisi isə fitrətilə vicdana aid hidayətdir. Öndə olan sədd onun nəzəri hidayətdən məhrum olmasına işarədir. O, geri qayıdıb fitri hidayətə nəzər salmaq istəyəndə, arxada olan sədd onun fitrətə qayıtmasına da mane olur.

Bəziləri isə bu sualı belə cavablandırır: Öndə olan sǝdd onun axirətə və əbədi xoşbəxtliyə çatmasının qarşısını alan maneələrə işarədir. Arxada olan sədd isə onun, hətta danyada xoşbəxtlik və rahatlıq əldə etməsinə mane olur.

Ayənin təfsiri barədə bu ehtimal da var ki, insan öz məqsədinə doğru hərəkəti zamanı maneə ilə qarşılaşanda, geri qayıdıb məqsədinə çatmaq üçün başqa yol axtarır. Amma iki tərəfdə sədd olanda, o, məqsədinə çatmaq üçün yol tapmaqdan tam məhrum olur.

Buradan: "Nə üçün sağ və solda səddin olması qeyd edilməyib?" sualının da cavabı məlum olur. Çünki sağ və sola doğru hərəkət etmək insanı heç vaxt məqsədə çatdırmır və yol ön tərəfdən açılmalıdır.

Bundan əlavə, adətən, sədd sağ ilə sol tərəfləri bağlanmış və onların ikisinin arasında keçid olan yerdə tikilir. Səddin inşa edilməsi ilə həmin keçid də bağlanır, beləliklə də, insan mühasirəyə düşür.

3\. İnsanın öz vücudunda və ondan kənarda (kainatda) olan ilahi nişanələri görməkdən məhrum olması.

Allahı tanımaq üçün, ümumiyyətlə, iki araşdırma yolu var. Onların biri Allahın insanın vücudunda qoyduğu nişanələrin araşdırılması yoludur. İkincisi isə insanın vücudundan kənarda – yerdə, göydə, sabit və hərəkətdə olan ulduzlarda, planeltlərdə, dağ, eləcə də dənizlərdə olan nişanələrinin araşdırılmasıdır. Quranda "Fussilət" surəsinin 53-cü ayəsində buna işarə edilərək buyurulur:

سنُرِيهِمْآيَاتِنَافِيالْآفَاقِوَفِيأَنفُسهمْحَتَّىيَتَبَيَّنَلَهُمْأَنَّهُالْحَقُّ


\- “Onun haqq olduğu onlara aydın olana qədər Biz nişanələrimizi onlara həm kainatda, həm də onların özlərində, mütləq, göstərəcəyik."

İnsan idrak qabiliyyətini itirəndən sonra, onun həm öz vücudunda, həm də kainatda olan nişanələri müşahidə etmə yolları da bağlanır.

Sözügedən ayələrdəki: "Biz onların boyunlarına çənələrinə qədər uzanan və başlarını dik saxlayan buxovlar keçirtdik “إِنَّا جَعَلْنَا فِي أَعناقهم أغلالا.فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ” cümləsi birinci mənaya işarədir. Çünki həmin - (buxovlar onların başını elə yuxarı saxlayır ki, hətta özlərini belə görə bilmirlər. Həmçinin ön və arxada olan sədlər onları ətrafı görməkdən elə məhrum edir ki, baxanda səddin divarından başqa bir şey görmür, həmçinin kainatda olan nişanələri görməkdən də məhrum olurlar.