Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Sad Surəsinin Ayələrinə Qayıt →
Sad Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Sad surəsi, 1-3-cü ayələr.

Sad surəsi, 1-3-cü ayələr.



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


ص وَالْقُرْآنِ ذِي الذِّكْرِ .١


بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ .٢


كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Sad. Xatırladan Qurana and olsun!

2\. Kafirlər təkəbbür və ixtilaf içindədirlər.

3\. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Əzab nazil olanda onlar yalvarıb imdad diləyirdilər, lakin artıq xilas vaxtı keçmişdi.

Ayələrin nazilolma səbəbi.



Təfsir və hədis kitablarında "Sad" surəsinin ilk ayələri üçün müxtəlif nazilolma səbəbləri qeyd edilmişdir. Onların arasından ən əhatəlisini – mərhum Kuleyninin İmam Muhəmməd Baqirdən (ə) nəql etdiyi bir hədisi diqqətinizə çatdırırıq: “Əbucǝhl başda olmaqla bir neçə nəfər Həzrət Peyğəmbərin (s) əmisi Əbutalibin yanına gəlib deyirlər ki, qardaşın oğlu bizi və tanrılarımızı narahat edir. Ona de ki, bizim tanrılarımızla işi olmasın, biz də onun tanrısı barədə yaramaz bir söz demayak.

Əbutalib Peyğəmbərin (s) ardınca adam göndərib onu yanına çağırtdırır. O Həzrət (ə) evə gəldikdə görür ki, Əbutalibin yanında otaqda müşriklərdən başqa heç kim yoxdur. Buna görə də içəri daxil olarkən:

السَّلَامُعَلَىمَنِاتَّبَعَالْهُدَى


"Doğru yolla gedənlərə salam olsun!" deyib əyləşir. Əbutalib müşriklərin sözünü Peyğəmbərə (s) çatdırdıqda o Həzrət (ə) buyurur:

# أَوَهَلْلَهُمْفِىكَلِمَةخَيْرلَهُمْمِنْهَذَايَسُودُونَبِهَاالْعَرَبَوَيَطَعُونَأَعْنَاقَهُمْ


"Onlar razıdırmı ki, mənimlə bircə cümlədə ortaq məxrəcə gəlib bütün ərəblərdən üstün olaraq onlara rəhbərlik etsinlər?" (Bu sözdən həvəslənən və ərəblər üzərindəki ağalığı ələ keçirməyə çalışan) Əbu Cǝhl deyir: "Bəli, razıyıq. O, hansı cümlədir?" Həzrət Peyğəmbər (s) buyurur ki, elə isə, “La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) deyin (və sizi bədbəxtliyə sürükləyən bu bütlərdən əl çəkin)! Müşriklər bu cümləni eşitdikdə bərk narahat olub qulaqlarını əlləri ilə tıxayaraq dərhal otaqdan çıxıb dedilər: "Bu vaxta qədər biz belə bir şey eşitməmişik. Bu, tamamilə yalandır". Məhz bu hadisənin ardınca “Sad” surəsinin ilk ayələri nazil olur".

Ayələrin təfsiri.



Sizin qurtuluş vaxtınız artıq keçib

Bir daha bu surənin əvvəlində müqəttəə hərflərindən olan (sad) hərfinə rast gəlirik. Digər müqəttəə hərfləri ilə bağlı olan suallar eynilə burada da irəli çıxır. Müqəttəə hərfləri, əslində, adi əlifba hərflərindən təşkil olub, Quranın bəşəriyyətin ağlını heyran qoyan əzəmətini çatdırmaq məqsədi güdür, yoxsa Allah-taala ilə Peyğəmbəri (ə) arasındakı sirlərə işarədir? Yaxud tamam başqa məqsədlər daşıyır?

Bəzi təfsirçilər Allah-taalanın bir çox adının məhz (sad) hərfi ilə başladığını əsas gətirərək burada da Allahın adlarına, yaxud da "صدق الله" cümləsinə işarə olunduğunu qeyd etmişlər.

"Bəqərə”, “Ali-İmran" və "Əraf” surələrinin başlanğıcında müqəttəə hərfləri ilə bağlı ətraflı məlumat vermişik. Maraqlananlar oraya (kitabın müvafiq olaraq 1, 2 və 6-cı cildlərinə) müraciət edə bilərlər.

İlk ayədə müqəttəə hərfinin ardınca belə deyilir: "Xatırladan Qurana and olsun!” Quranın həm özü xatırladandır, həm də Allahı, Onun nemətlərini, Qiyamət gününün böyük məhkəməsini, insanın yaradılışdakı məqsədini xatırladır. İnsanın ən böyük bədbəxtlik amili məhz unutqanlıq və qəflətdir. Allah-taala münafiqlərin barəsində buyurur:

"Onlar Allahı unutdular, Allah da onları unutdu”.

Bu surənin 62-ci ayəsində azğınlıqda olanların barəsində belə deyilir:

إِنَّالَّذِينَ ُيضِلُّونَعَنْسَبِيلِاللَّهِلَهُمْعَذابٌشَدِيدٌبِمَانَسُوايَوْمَالْحِسَابِ


"Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir”.

Azğınların və günahkarların ən böyük bəlası məhz qəflətə düşmək, unutmaqdır. Vəziyyət o yerə gəlib çatır ki, onlar hətta özlərini, öz dəyərlərini belə unudurlar. Quranda bu barədə belə buyurulur:

وَلَاتَكُونُواكَالَّذِينَنَسُوااللَّهَفَأَنسَاهُمْأَنفُسَهُمْأَوْلَئِكَهُمُالْفَاسِقُونَ


"Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir”.

Quran məhz bu kimi unutqanlıq və qəflətin qarşısını almaqdan ötrü göndərilmiş bir nurdur. Onun ayələri insana Allahı, axirəti xatırladır, cümlələri insanın öz varlığının dəyərini onun yadına salır.

Növbəti ayədə bildirilir ki, əgər kafirlər Quranın bu cür aşkar ayələrinə rəğmən, yenə də qəflətdən oyanmırlarsa, bu, müqəddəs kitabın ayələrinin üzərinə qətiyyən kölgə salmır. Sadəcə kafirlər təkəbbürlülük üzündən ona iman gətirmirlər: "Kafirlər təkəbbür və ixtilaf içindədirlər”.

(بَلِالَّذِينَكَفَرُوافِيعِزَّةٍوَشِقَاقٍ)


Rağib İsfahaninin "Müfrədat" əsərində yazdığına görə, (izzət) sözü “insanın məğlub olmasının qarşısını alan bir hal” (məğlubedilməz) mənasını bildirir. Sözün kökü “sərt yer" mənasını verən (izaz) kəlməsidir.

Məğlubedilməzlik iki cür olur. Biri bəyəniləndir. Necə ki Allah- taala yəni “yenilməz qüvvət sahibi” adlandırılır. Digəri isə bəyənilməzdir. Məsələn, haqqı qəbul etməkdən boyun qaçırmaq, haqqın qarşısında təkəbbürlülük etmək və s. Bu, əslində, zillətdir.

(şiqaq) sözü (şəqq) kökündən olub, “yarıq” mənasını bildirir. Sonradan bu söz “ixtilaf” mənasında da işlədilmişdir. Çünki ixtilaf nəticəsində bu və digər dəstədə sanki bir yarıq əmələ gəlir və hər dəstə fərqli tərəfdə yer alır.

Qurani-Kərimin bu ayəsində təkəbbür və ixtilaf kafirlərin bədbəxtliyinin əsas amili kimi qələmə verilmişdir. Həqiqətən də, bu iki xüsusiyyət insanın gözünün qarşısına qəflət pərdəsi çəkməklə onun haqqı nahaqdan ayırd etmək qabiliyyətini əlindən alır. İnsanın gözünün görməsinə, qulağının eşitməsinə rəğmən, kor və kar olması necə də acınacaqlı haldır! "Bəqərə” surəsinin 206-cı ayəsində belə buyurulur:

وَإِذَاقِيلَلَهُاتَّقِاللَّهَأَخَذَتْهُالْعِزَّةُبِالإِثْمِفَحَسْبُهُجَهَنَّمُوَلَبِئْسَالْمِهَادُ


“Ona (kafirə, münafiqə): “Allahdan qorx!" - deyildiyi zaman (inadı çoxalır,) inad və təəssüb onu günaha sürükləyir. Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir!"

Daha sonra Allah-taala qəflət yuxusunda yatmış bu inadkar insanların, sanki əlindən tutaraq onları keçmişə aparır, inadkar və təkəbbürlü xalqların acı aqibətini onlara göstərir ki, bəlkə, ibrət götürüb ayılalar: “Biz onlardan öncə də neçə-neçə nəsilləri (peyğəmbərləri təkzib, Allahın ayələrini inkar etdiklərinə görə) məhv etmişik. Əzab nazil olanda onlar yalvarıb imdad diləyirdilər, lakin artıq xilas vaxtı keçmişdi”.

Peyğəmbərlər və övliyalar onlara öyüd-nəsihət verib pis əməllərinin acı nəticəsi ilə təhdid etdikdə onları nəinki dinlədilər, əksinə, möminləri istehza edib ələ saldılar, işgəncə verdilər, qətlə yetirdilər. Beləliklə, fürsətlər də əldən çıxdı, arxadakı körpülər dağıdıldı. Bütün tövbə qapılarının bağlandığı bir vaxt əzab onları yaxaladı və onların imdad fəryadına cavab verən olmadı.

(latə) sözü inkar ədatıdır. Əslində, (la) inkar ǝdatı olmuş, sonradan təkid məqsədilə qadın cinsini bildirən (tə) hərfi əlavə edilmişdir.

(mənas) sözü (nəus) kökündən olub, “xilas və qurtuluş" mənasını bildirir. Deyilənlərə görə, ərəblər ən çətin anlarda, xüsusilə də döyüşlərdə bu sözdən istifadə edərək: (harada sığınacaq var?) — deyirmişlər. Bu məna qaçmaqla müşayiət olunduğuna görə bəzi hallarda “qaçmaq yeri” mənasında da işlədilmişdir.

Sözügedən ayədən belə məlum olur ki, təkəbbürlü və inadkar kafirlər Allah-taalanın mərhəmətinə doğru getmək fürsəti əldə olarkən bu fürsətdən istifadə etməmişlər. Fürsət əldən çıxdıqdan sonra isə əzabın nazil olduğunu gördükdə nə qədər fəryad edib səsləsələr də, artıq bunun bir xeyri olmamışdır. Bu hal bütün keçmiş xalqların başına gəlmiş, gələcəkdə də belə olacaq. Çünki bu, Allah-taalanın dəyişməz bir ənənəsidir. Allahın ənənəsində dəyişiklik olmaz. Təəssüflər olsun ki, bir çoxları başqalarının başına gələnlərdən ibrət götürmürlər. Bu hadisə öz başlarına gəlməyincə nəticə çıxarmırlar. Elə təcrübələr var ki, onlar insanın ömründə yalnız bircə dəfə başına gəlir və ikinci dəfəyə fürsət qalmır.