Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əz-Zariyat Surəsinin Ayələrinə Qayıt →
Əz-Zariyat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Zariyat surəsi, 1-6-cı ayələr

Zariyat surəsi, 1-6-cı ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


وَالذَّارِيَاتِ ذَرْوًا .١


فَالْحَامِلَاتِ وِقْرًا .٢


فَالْجَارِيَاتِ يُسْرًا .٣


فَالْمُقَسِّمَاتِ أَمْرًا .٤


إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ .٥


وَإِنَّ الدِّينَ لَوَاقِعٌ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun (buludları) hərəkətə gətirən küləklərə!

2\. And olsun ağır (yağış) yükü daşıyan buludlara!

3\. And olsun asanlıqla hərəkət edən gəmilərə!

4\. And olsun işləri paylaşdıran mələklərə!

5\. Sizə vəd olunanlar əlbəttə, həqiqətdir.

6\. Şübhəsiz ki, əməllərin əvəzinin veriləcəyi mütləqdir!

Ayələrin təfsiri



Bu surǝ "Saffat" surəsindən sonra neçə andla başlayan ikinci surǝdir. Bu andlar çox dolğun mənaya malik, insanı düşünməyə vadar edən. qəflət yuxusundan oyadan və “gözünü açan” andlardır.

Quranın qarşıda görəcəyimiz bir çox surələri belə başlayır. Bu andlar əksər hallarda məad məsələsinin bəyan edilməsi üçün müqəddimə xarakteri daşıyır və onlar istisnai hallarda tövhid və digər mövzularla əlaqəli olur.

Maraqlıdır ki, bu andların məzmunu ilə Qiyamət arasında xüsusi bağlılıq var və bu mühüm mövzu xüsusi incəlik və gözəlliklə davam etdirilir.

Həqiqətən Quranda sayı kifayət qədər çox olan andlar bu səma kitabının möcüzəvi cəhətlərindən, onun ən gözəl və parlaq ibarələrindəndir. Biz onların hər birini öz yerində izah edəcəyik.

Allah-taala bu surənin əvvəlində beş müxtəlif şeyə and içib. Onların dördü bir-birinin ardınca, biri isə ayrıdır.

Əvvəlcə belə buyurur: "And olsun (buludları) hərəkətə gətirən (toz-torpağı, bitkilərin toxumlarını, güllərin mayalanmaya səbəb olan tozunu yer üzündə ətrafa səpələyən) küləklərə!”

Daha sonra buyurur: “And olsun ağır (yağış) yükü daşıyan buludlara”.

(فَالْحَامِلَاتِوقرأ)


“And olsun asanlıqla hərəkət edən gəmilərə!”

"And olsun işləri paylaşdıran mələklərə!"

Təfsir alimlərinin çoxu bu ayənin təfsirində belə bir hədis nəql edib;

Bir gün İbn Kəvva' minbərdə xütbə oxuyan İmam Əlidən (ə) soruşdu:

(vəz-zariyati zərva) ayəsində nə nəzərdə tutulur? İmam (ə) buyurdu: “Küləklər”.

\-Bəs (fǝl-hamilati viqra) ayəsində nə nəzərdə tutulur? – Buludlar.

\-Bəs (fǝl-cariyati yusra) ayəsində?

– Gəmilər.

\- Bəs (fəl-muqəssimati əmra) ayəsində?

\- Mələklər nəzərdə tutulur".

Bununla yanaşı başqa təfsirlər də var və onlar da bu təfsirlə uzlaşır. Məsələn, həmin təfsirlərdə deyilir ki, (fǝl-cariyati yusra) ayəsində yağış yağandan sonra axmağa başlayan çeşmələr, (fəl-muqəssimati əmra) ayəsində isə mələklərin əkinçilik yolu ilə bölüşdürdüyü ruzilər nəzərdə tutulur.

Beləliklə küləklərdən, sonra buludlardan, sonra çeşmələrdən və nəhayət bitkilərin yetişməsindən söz açılır ki, bunun da ayələrin davamında barəsində söz açılan məad məsələsi ilə sıx bağlılığı var. Çünki bildiyimiz kimi məadın mümkün olmasının dəlillərindən biri ölü yerlərin yağış vasitəsi ilə dirildilməsidir. Bu məna Quranda müxtəlif ibarələrlə dəfələrlə təkrar edilib.

Ehtimallardan biri də qeyd edilən üç sifətin hamısının küləklərin sifəti olmasıdır. Küləklər bulud yaradır, onları öz "çiynində” daşıyır, ora-bura aparır, yağış damcılarını ətrafa səpələyir.

Bu ayələrdə işlədilən ifadələrin mənası geniş olduğu üçün onlar bu mənaların hamısını ehtiva edə bilər. Amma əsas məna birinci təfsirdə qeyd edilən kimidir.

Burada qarşıya belə bir sual çıxır ki, əgər ayə mələkləri nəzərdə tutursa, onlar nəyi bölür, nəyi paylaşdırırlar?

Bu suala cavab olaraq deyirik: Ola bilər işlərin paylaşdırılması deyəndə bütün aləmin idarə edilməsi nəzərdə tutulsun. Mələklərdən ibarət müxtəlif dəstələr Allahın əmri ilə həmin işlərin idarəçiliyi ilə məşğuldurlar və idarəçilik işlərini yerinə yetirirlər. Burada ruzilərin bölünməsi, ya yağış damcılarının yer üzünün müxtəlif bölgələri arasında bölüşdürülməsi də nəzərdə tutula bilər."

Hamısı sonra deyiləcək məsələnin əhəmiyyətinə dəlalət edən bu dörd anddan sonra buyurur: "Sizə vəd olunanlar əlbəttə, həqiqətdir".

(إِنَّمَاتُوعَدُونَلَصَادِقٌ)


Bir daha təkid məqsədi ilə buyurur: “Şübhəsiz ki, əməllərin əvəzinin veriləcəyi mütlıqdir”.

(وَإِنَّالدِّينَلَوَاقِع)


(maliki yaumid-din) ayəsində olduğu kimi bu ayədə də (din) sözü "əvəz və qarşılıq" mənasındadır. Ümumiyyətlə Qiyamətin adlarından biri (yaumid-din)dir (əvəz və qarşılıq veriləcəyi gün). Buradan da belə məlum olur ki, vəd olunanların mütləq, gerçəkləşməsi deyəndə Qiyamət, haqq-hesab, mükafat, cəza, Cənnət, Cəhənnəm və məada aid digər vədlərin gerçəkləşməsi nəzərdə tutulur. Buna görə də əvvəlki cümlə Qiyamətin bütün vədlərini ehtiva edir, ikinci cümlə isə əvəz və qarşılıq məsələsinə təkid xarakteri daşıyır.

Neçə ayə sonra bir daha (yaumid-din)dən söz açılıb. Öncə də qeyd etdiyimiz kimi surənin əvvəlindəki andlar həmin andların nəticəsi ilə sıx əlaqəlidir. Çünki buludların hərəkət etməsi, yağışların yağması və bunların nəticəsində ölü torpaqların dirilməsinin özü bu dünyada Qiyamət və məad səhnəsini canlandırır.

Bəzi təfsirçilər buradakı “sizə vəd olunanlar" ifadəsini daha geniş mənada təfsir ediblər və onun Allahın Qiyamət, dünya, ruzilərin bölün- məsi, günahkarların həm bu, həm də o biri dünyada cəzalandırılması, əməlisaleh möminlərin qələbə çalması və sairə məsələlərə aid bütün vədlərinə şamil olduğunu deyiblər. Bu surənin "sizin ruziniz və sizə vəd olunan şeylər göydədir" buyurulan 22-ci ayəsi də buna təkid məqsədi daşıya bilər. Çünki ayədəki sözlər qeyd-şərtsiz işlənib və bu, qeyd edilən nəzərin həqiqətə yaxın olmasını təsdiqləyir.

Hər halda Allahın vədlərinin hamısı həqiqətdir. Çünki vədə xilaf çıxmaq ya nadanlıqdan doğur, ya da acizlikdən. Nadanlıq bir şey vǝd etmiş şəxsin fikrinin dəyişməsinə səbəb olur, acizlik onun verdiyi vədi həyata keçirməsinə mane olur. Amma alim və qadir Allahın vədlərinin gerçəkləşməsi labüddür.