Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ən-Nəcm Surəsinin Ayələrinə Qayıt →
Ən-Nəcm Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Nəcm surəsi, 1-4-cü ayələr

Nəcm surəsi, 1-4-cü ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


وَالنَّجْمِ إِذَا هَوَى .١


مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى .٢


وَمَا يَنْطِقُ عَنِ الْهَوَى .٣


إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun batmaqda olan ulduza!

2\. Sizin yoldaşınız nə azmış, nə də hədəfi itirmişdir.

3\. O, əsla nəfsinin istəyi ilə danışmır.

4\. Danışdığı yalnız ona nazil edilən bir vəhydir.

Ayələrin təfsiri



Maraqlıdır ki, əvvəlki surə ("Tur” surəsi) (ǝn-nucum) (ulduzlar) sözü ilə sona çatdı və bu surə (ən-nəcm) (ulduz) sözü ilə başlayır və Allah-taala ona and içərək buyurur: "And olsun batmaqda olan ulduza!”.

(وَالنَّجْمِإِذَاهَوَى)


Ayənin ərəbcə orijinalında işlənmiş (ən-nəcm) sözünün nəyi nəzərdə tutması barədə təfsirçilər müxtəlif ehtimallar veriblər və onların hərəsi bir nəzəri seçib.

Bəziləri onu Qurani-məcidə işarə hesab ediblər. Çünki o, vǝhydən söz açan sonrakı ayələrlə daha uyğun gəlir. Burada (ǝn- nəcm) sözündən istifadə edilməsinin səbəbi ərəblərin "tədricən və müəyyən fasilələrlə yerinə yetirilən iş" barəsində (nucumǝn) sözünü işlətməsidir. (Kredit hissələri və buna bənzər işlər barədə " (nucumən) sözü çox işlədilir.) Qurani-məcid həzrət Peyğəmbərə (s) 23 il ərzində və müxtəlif mərhələlərdə nazil olduğu üçün onun barəsində (nəcm) sözü işlədilib. (iza həva) ifadəsi Quranın həzrət Peyğəmbərin (s) pak qəlbinə nazil olmasını nəzərdə tutur.

Amma bəziləri onu "Sürəyya”ya (Yeddiqardaş), ya Şira ulduzlarına işarə hesab ediblər. Çünki bu ulduzlar xüsusi əhəmiyyətə malikdirlər.

Bəziləri isə (ən-nəcm) sözünün şeytanları göydən qovan meteorlara işarə olduğunu deyiblər. Çünki ərəblər həmin meteorlara (nəcm) deyirlər.

Amma bu dörd təfsirin heç birinin tutarlı dəlili yoxdur. Əksinə, (ən-nəcm) sözü qeyd-şərtsiz işlədildiyi üçün ayənin zahiri andın göydə olan bütün ulduzlara aid olmasını tələb edir. Onlar Allahın əzəmətinin bariz nümunələrindən, yaradılış aləminin böyük sirlərindən və Allahın olduqca böyük məxluqatındandırlar.

Bu, Quranın yaradılış aləminin böyük varlıqlarına and içdiyi ilk yer deyil. Quranın digər ayələrində də Günəşə, Aya və digər varlıqlara and içilib.

Əslində ulduzların batmasındansa doğması diqqəti daha çox cəlb edir. Amma buna baxmayaraq ayədə onların batması qeyd edilib. Bunun səbəbi ulduzların batmasının onların "hadis" olmasına dəlalət etməsidir.

Həmçinin o, ulduzpərəstlərin etiqadını inkar edir. Həzrət İbrahimin (ə) hekayətində oxuyuruq:

فَلَمَّاجَنَّعَلَيْهِاللَّيْلُرَأَىكَوْكَبًاقَالَهَذَارَبِّيفَلمَّاأَفَلَقَالَلاأُحِبُّالْآفِلِينَ


"Gecənin qaranlığı onu bürüdükdə o, bir ulduz görüb: "Bu, mənim Rəbbimdir!", batdıqda isə: “Mən batanları sevmirəm", - dedi".

Diqqəti çəkən digər bir məqam (nəcm) sözünün kökündə doğmaq mənasının da yatmasıdır. Çünki Rağibin “Müfrədat” kitabında qeyd etdiyi kimi" (nəcm) əslində “doğmuş ulduz”dur. Elə bu səbəbdən yerdə bitkinin bitməsi, ağızda dişin çıxması və zehnə fikirin gəlməsi barədə (nəcm) sözü işlədilir.

Buna görə də Allah-taala ulduzların həm doğmasına, həm də batmasına and içib. Çünki bunlar ulduzların "hadis" olmasına və yaradılış qanunlarına tabe olmasına dəlalət edir.

Bəs görəsən bu andlar nə üçün içilib? Sonrakı ayə bunu belə izah edir: "Sizin yoldaşınız nə azmış, nə də hədəfi itirmişdir".

O, həmişə haqq yoldadır, nə sözündə, nə də əməlində zərrəcə sapıntı yoxdur.

Burada dost və yoldaş mənası verən (sahib) sözünün işlədilməsi bəlkə də onun dediklərinin məhəbbət və ürəyiyananlıq üzündən olmasını başa salmaq üçündür.

Təfsirçilərin çoxu (zəllə) və (ğəva) sözləri arasında fərq qoymayıblar və onların bir-birinə təkid məqsədi daşıdığını deyiblər. Amma bəziləri onların arasında fərqin olduğunu deyiblər. Onların nəzərincə (zəlalət) sözünün mənası insanın məqsədə doğru heç vaxt yol tapmaması, (ğəvayət) sözünün mənası isə onun yolunun düz və nöqsansız olmamasıdır. Birinciyə misal olaraq küfrü, ikinciyə misal olaraq günahı göstərmək olar.

Amma Rağib "Müfrədat" kitabında (ğəyy) sözünün menası barədə belə yazıb: “Onun mənası çürük etiqadla müşayiət edilən nadanlıq"dır.

Buna görə də (zəlalət) sözü qeyd-şərtsiz cəhalət, nadanlıq və xəbərsizlik, (ğəvayət) isə puç əqidə ilə müşayiət edilən nadanlıq mənasındadır. Hər halda Allah-taala bu ibarə ilə Peyğəmbərin (s) azğınlıq, nadanlıq, sapıntı və səhvin bütün növlərindən uzaq olmasını bəyan etmək və düşmənlərin bu barədə atdığı böhtanları puça çıxarmaq istəyir.

Sonra bu məsələni vurğulamaq və o Həzrətin (s) danışdığı sözlərin Allah tərəfindən olmasını sübut etmək üçün buyurur: "O, əsla nəfsinin istəyi ilə danışmır”.

(وَمَايَنطِقُعَنِالْهَوَى)


Bu cümlə əvvəlki ayədə “zəlalət” və “ğəvayət”in inkar edilməsi barədə deyilənlərin dəlilidir. Çünki azğınlıqların kökü adətən nəfsi istəklərin arxasınca getmək olur.

"Sad" surəsinin 26-cı ayəsində buyurur:

وَلَاتَتَّبِعِالْهَوَىفَيُضِلَّكَعَنسَبِيلِاللَّهِ


"Nəfsin istəyinə uyma, yoxsa o, səni Allahın yolundan azdırar”. Həzrət Peyğəmbər (s) və Əmirəl-möminin Əlidən (ə) nəql edilmiş hədisdə belə deyilir:

أَمَّااتَّبَاعُالْهَوَىفَيَصُدُّعَنِالْحَقِّ


“Nəfsi istəklərə tabe olmaq insanı Allahın yolundan saxlayır”. Bəzi təfsirçilərin nəzərincə “sizin yoldaşınız nə azmışdır” ifadəsi həzrət Peyğəmbərin (s) dəli, "nə də hədəfi itirmişdir” ifadəsi isə şair olması və ya şeirlə hər hansı bir əlaqəsinin olması iddiasını rədd edir.

Çünki "Şuǝra" surəsinin 224-cü ayəsində buyurur:

'Nəhcül-Bəlağə, 42-ci kəlam

# وَالشُّعَرَاءِيَتَّبِعُهُمُالْغَاوُونَ


“(Xəyalpərəst və düzgün məqsədə qulluq etməyən) şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar”.

"O, əsla nəfsinin istəyi ilə danışmır" cümləsi isə kahinlik böhtanını inkar edir. Çünki kahinlər nəfsinə qul və əyyaş şəxslər olurlar.

Sonra tam qətiyyətlə buyurur: "Danışdığı yalnız ona nazil edilən bir vəhydir”.

# إنْهُوَإِلَّاوَحْيٌيُوحَى


O, özündən bir söz danışmır, Quran onun zehninin məhsulu deyil. Onların hamısı Allah tərəfindəndir. Bunun dəlili elə onun özündədir. Quran ayələrinin araşdırılması göstərir ki, nəinki dərs oxumamış, cəhalət və xurafatın hökm sürdüyü cəmiyyətdə böyümüş, heç elmli və müdrik şəxs də belə dolğun mənalı sözlər gətirə bilməz. Üstündən əsrlər keçməsinə baxmayaraq o, mütəfəkkirlərin ilham mənbəyidir və sağlam, dürüst, mömin və mütərəqqi cəmiyyət qurmağın təməli ola bilər.

Həmçinin bunu da bilmək lazımdır ki, bu, təkcə Quran ayələrinə aid deyil. Əvvəlki ayələri nəzərə alanda görürük ki, o, Peyğəmbər (s) sünnəsinə də şamil olur və onun da ilahi vəhyə əsaslandığını təsdiq edir. Çünki ayə aydın şəkildə buyurur ki, o, əsla nəfsinin istəyi ilə danışmır və danışdığı yalnız ona nazil edilən vəhydir.

İndi nəql edəcəyimiz hədis də bu iddiaya dəlalət edir.

Əhli-sünnənin məşhur alimlərindən olan Süyuti "Dürrül-mənsur" təfsirində belə nəql edib: “Bir gün həzrət Peyğəmbər (s) göstəriş verdi ki, Peyğəmbər məscidinin içinə açılan bütün qapıları bağlasınlar (bircə Əlinin (ə) evinin qapısından başqa). Bu göstəriş müsəlmanlara ağır gəldi. Hətta həzrət Peyğəmbərin (s) əmisi bu işdən gileyləndi ki, necə olur ki, əminin, Əbu Bəkrin, Ömərin, Abbasın qapısını bağlayırsan, amma əmin oğlunun evinin qapısını açıq saxlayır (onu başqalarından üstün tutur)san?"

Həzrət Peyğəmbər (s) bu işin onlara ağır gəldiyini görüb camaatı məscidə dəvət etdi, Allahın böyüklüyünü yad etmək və tövhid barədə misilsiz bir xütbə oxuyaraq buyurdu:

# ياأَيُّهَاالنَّاسُمَاأَنَاسَدَدْتُها،وَلاأَنَافَتَحْتُها،وَلاأَنَاأَخْرَجْتُكُمْوَأَسْكَنْتُهُ،ثُمَّقَرَأَ «وَ


# النجمإذاهوىماضلصاحبكُمْوَماهوىوَمايَنطِقُعَنِالْهَوَىإِنْهُوَإِلَّاوَحْيٌيُوحَى»


"Camaat! Qapıları nə bağlayan, nə də açan mənəm. Sizi məsciddən çıxarıb Əlini saxlayan da mən deyiləm. (Bunlar hamısı vəhy ilə baş verir.) Sonra o Həzrət (s) bu ayəni oxudu: “And olsun batmaqda olan ulduza!... Danışdığı yalnız ona nazil edilən bir vəhydir".

Əmirəl-möminin Əlinin (ə) bütün İslam ümməti arasında həzrət Peyğəmbərdən (s) sonra uca məqam sahibi olmasını bəyan edən bu hədisdən belə məlum olur ki, həzrət Peyğəmbərin (s) sözlərinin vəhy olmasından əlavə əməlləri də vəhydən qaynaqlanır.