Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ər-Rəhman Surəsinin Ayələrinə Qayıt →
Ər-Rəhman Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Ər-Rəhman surəsi, 1-6-cı ayələr

Ər-Rəhman surəsi, 1-6-cı ayələr



بسم الله الرَّحْمنِ الرَّحيم


الرَّحْمَنُ .١


عَلَّمَ الْقُرْآنَ .٢


خَلَقَ الْإِنْسَانَ .٣


عَلَّمَهُ الْبَيَانَ .٤


الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ .٥


وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ .٦


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Rəhman Allah

2\. Quranı öyrətdi.

3\. İnsanı yaratdı,

4\. Ona danışmağı öyrətdi.

5\. Günəş və Ay müəyyən bir ölçü ilə fırlanır.

6\. Bitkilər da, ağaclar da Ona səcdə edir.

Ayələrin təfsiri



İlahi nemətlərin başlanğıcı

Bu surə, qeyd etdiyimiz kimi, böyük ilahi nemətlərdən bəhs olunduğu üçün Allahın geniş və sonsuz mərhəmətinin rəmzi olan "Rəhman Allah" ayəsi ilə başlayır. Məhz Allahın "Rəhman" sifəti sayəsində bu nemətlər bütün bəşərə (istər mömin olsun, istərsə də kafir) nazil olmuşdur.

“Rəhman Allah”

(عَلمَالْقُرْآنَ) “Quranı öyrətdi”

Quranın öyrənilməsi bu surədə ilk nemət olaraq bəyan olunmuşdur. Həqiqətən də, gözəl və məntiqli bəyan tərzidir. Çünki bütün nemətlərin mənşəyi və mənbəyi Qurani-Kərimdir. İnsan bu müqəddəs ilahi kitabı dərk etməklə maddi və mənəvi nemətlərə nail ola bilər. Maraqlı cəhətlərdən biri budur ki, “Quranı öyrətdi” ayəsi “İnsanı yaratdı, ona danışmağı öyrətdi" ayələrindən əvvəl qeyd olunub. Tərtibə gəldikdə isə birinci insanın "xilqət", "danışıq" sonra isə "Quranı öyrətdi" neməti qeyd olunmalı idi. Amma surənin başlanğıcında “Quranı öyrətdi” ayəsinin ilk nemət olaraq bəyan olunması bir daha Qurani-Kərimin əzəmət və böyüklüyünü çatdırır.

Bu ayə həm də müşriklərin suallarına bir cavabdır. Həzrət Peyğəmbər (s) Allahın "Rəhman" sifətini müşriklərə bəyan etdikdə müşriklər deyirlər: "Rəhman" nədir?" Onların suallarına cavab olaraq Qurani-Kərim buyurur: "Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı, ona danışmağı öyrətdi."

"Rəhman" adı Uca Yaradanın - cəlal ismi olan "Allah” adından sonra ən genişmənalı ismidir. Bildiyimiz kimi, Allahın iki cür mərhəmət sifəti vardır:

Rəhman - Bütün bəşəri əhatə edən ümumi mərhəmət sifəti. Rəhim - Möminlərə və təqva əhlinə şamil olunan mərhəmət sifəti. Məhz buna görə Allahdan başqa heç kəsi "Rəhman" adlandırmaq olmaz. Yalnız “əbd” sözünü əlavə etməklə adlandırmaq olar. Məs: “Əbdürrəhman”. Çünki Allahdan başqa heç kəsdə ümumi və geniş mərhəmət sifəti ola bilməz. Amma məhdud mərhəmət sifətinə insanlarda və yaxud digər canlılarda, az da olsa, rast gəlmək olar.

Hədislərin birində İmam Sadiq (ə) buyurmuşdur:

# الرَّحْمنُإِسْمٌخاصبصفةعامةوَالرَّحِيمُإِسْمٌعَامٌبِصِفَةخاصة


"Rəhman" Allahın xüsusi ismi və ümumi sifətidir (bütün bəşəri əhatə edən Allaha məxsus addır), "Rəhim" isə Allahın ümumi ismi və xüsusi sifətidir (bu ad ümumi isimdir, hətta Allah başqa bir ayədə peyğəmbərini “rəhim" adlandırır)."

Allah Quranı kimə öyrədib? Bu haqda təfsir alimləri müxtəlif fikirlər söyləmişlər. Bəziləri Cəbrail (ə) və mələklərə (ə), bəziləri həzrət Peyğəmbərə (s), bəziləri isə bütün insanlara, hətta cinlərə Quranın öyrədildiyini demişlər.

Bu surədə Allahın insanlara və cinlərə mərhəmət üzündən göndərdiyi nemətlər qeyd olunur və hər nemət vurğulandıqdan sonra “Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsi bəyan olunur. Ümumilikdə bu surədə 31 dəfə sözügedən ayə nazil olub. Buna görə də sualın cavabı olaraq üçüncü izah, yəni Allahın peyğəmbərinin vasi- təsilə Quranı insanlara və cinlərə öyrətməsini qeyd edən təfsir daha məqsədə uyğundur.

Allah-taala Qurani-Kərimin əvəzolunmaz nemət olmasını bəyan etdikdən sonra buyurur: "İnsanı yaratdı”

Təbii ki, bu ayədə "insan" dedikdə şəxs olaraq həzrət Adəm (ə) deyil, ümumilikdə insanın növü nəzərdə tutulmuşdur. Çünki bir neçə ayədən sonra onun haqqında ayrıca danışılır. Sonrakı ayədə “danışıq” nemətinin bəyan olunması "insan" sözünün ümumi mənaya dəlalət etməsinə sübutdur. Bundan başqa deyilən təfsirlər məqbul hesab olunmur.

İnsanın yaranışı və xilqəti varlıq aləminin ecazkar əsəridir. İnsan varlığının vücudu olan bu kiçik aləmdə böyük aləmin füsunkarlığı cəm olunmuşdur. İnsanın vücudu misli görünməyən böyük bir nemətdir, çünki vücudundakı bütün üzvlərin hər biri ayrı-ayrılıqda böyük bir nemətdir. Düzdür, bu yaranışın başlanğıcı murdar və dəyərsiz sudan ibarətdir, amma Allahın Rübubiyyət sifətinin lütfü sayəsində müxtəlif təkamül mərhələlərini keçərək xilqət aləminin ən şərəfli məqamına qədər ucalmışdır.

"İnsan” adının "Quran"dan sonra zikr olunması da diqqəti cəlb edən məsələlərdən biridir. Bu mənada ki, Qurani-Kərim yaradılış aləminin yazılı formada məcmuəsi, insan isə bu məcmuənin genetik aləmdəki xülasəsidir.

Sonrakı ayədə insanın yaradılışından sonra ən mühüm nemətlərdən birinə işarə olunur: “Ona danışmağı öyrətdi.”

(bəyan) sözünün lüğətdə geniş mənaları vardır. Təkcə nitq və danışıq deyil, aşkar və bəlli olan hər bir şeyə “bəyan” deyilir. Hətta məntiqi və əqli dəlil-sübutların yazılı formasına da "bəyan" deyilir. Ümumilikdə isə ayədə "danışmaq" mənasında işlənmişdir.

Ola bilsin ki, biz söz deməyi, danışmağı adi və təbii bir məsələ hesab edək. Lakin danışmaq insan əməlinin ən incə və çətin proseslərindən biridir. Hətta deyə bilərik ki, bədən üzvlərinin heç bir əməli bu qədər zərif və çətin deyildir. Bir tərəfdən, nəfəs borusundan xaric olan hava vasitəsilə səs telləri bir-biri ilə sıx bağlılıq yaradır və səs tonları meydana gəlir. Səs tellərinin icad etdiyi səslər də müxtəlifdir: Razılıq, qəzəb, məhəbbət, düşmənçilik və adi ifadə tərzi bildirən səs tonları mövcuddur. Sonra bu səs tonları dilin, dişlərin, ağız boşluğunun və dodaqların vasitəsilə əlifba hərflərini ani sürətdə ard-arda düzməklə söz və danışıq əmələ gətirir.

Digər tərəfdən isə insanda təfəkkür düşüncəsi inkişaf etdikcə maddi və mənəvi ehtiyaclarını ifadə etmək üçün söz bazası icad edir. Söz bazasının icad olunmasında isə heç bir məhdudiyyət yoxdur. Dünyada olan dillər o qədər çoxdur ki, saymaqla tükənmir. Hətta zaman keçdikcə yeni dillər meydana gəlir.

Bəzi dilçilər dünyadakı dillərin sayını üç minə yaxın söyləmişlər. Bəziləri isə bundan da çox olduğunu demişlər. Amma bu say ölçüsünü də ümumi dünya dillərinə şamil etmək olar. Çünki məhəlli, qəbilə, etnik dil və ləhcələri nəzərə alsaq, saysız-hesabsız dil növləri meydana gələcək. İki qonşu kəndin müxtəlif ləhcədə və dildə danışmasını buna misal vurmaq olar.

Bəyan və nitq vasitəsinin əsas özəlliyi isə cümlələrin düşünmə yolu ilə məntiq və ağıl əsasında ifadə olunmasıdır. Məhz buna görə də danışıq və nitq qabiliyyəti yalnız insana məxsusdur. Düzdür, bir çox heyvanlar öz ehtiyaclarını ödəmək üçün müxtəlif səslər çıxarır. Amma bu səslər çox məhdud və məchuldur. Geniş bəyan tərzi isə insanın ixtiyarında qərar verilmişdir. Qüdrətli və əzəmətli Allah danışıq bəyan tərzini insana bəxş etmişdir.

İnsanın təkamülə doğru addımlaması, mədəniyyətlərin inkişafı, ixtiraların kəşf olunması, elmi nailiyyətlərin meydana gəlməsi – bütün bunların hamısı nitq, danışıq və bəyan nemətinə bağlıdır. Əgər bu nemət olmasaydı, bütün bu sadalananların bir nəsildən digərinə ötürülməsi asan başa gəlməzdi. İnsanın elmdə, mədəniyyətdə, dində, əxlaqda və s. kamilləşməsində nitq vasitəsinin müstəsna rolu vardır. Hətta bəyan tərzinin yazı, sənət və xəttatlıq vasitəsilə təsvir olunmasını buna əlavə etsək, bəşərin fövqəladə bir nemətə sahib çıxmasına şahid olarıq. Bir anlıq bu nemətin insanlardan alınmasını təsəvvür etsək, ağlasığmaz çətinlik və faciələr baş qaldırar.

Bu ilahi nemətin bəzi özəlliklərini sadalamaqla başa düşmək olur ki, niyə yaradılış nemətindən sonra “danışıq” nemətinə işarə olunmuşdur. Aşağıdakı ayədə isə Rəhman Allahın bəxş etdiyi dördüncü nemətə işarə olunmuşdur: “Günəş və Ay müəyyən bir ölçü ilə fırlanır.”

وَالْقَمَرُبحُسْبَان


Günəşin varlığı insan üçün ən böyük nemətdir. İnsanın bədəni günəş şüasının istiliyi və nuru olmadan yaşaya bilməz. Keçən bəhslərdə qeyd etdiyimiz kimi, yaşadığımız dünyada hər bir canlı hərəkətini və yaşamasını günəş şüasının istiliyi və nuru nəticəsində əldə edir. Bitkilərin cücərməsi, yağışların yağması, küləklərin əsməsi - bütün bunların hamısı bu ilahi nemətin vasitəsilə həyata keçir.

Ayın da insan həyatında mühüm rolu vardır. Qaranlıq gecələrə işıq bəxş etməklə yanaşı, onun işığının nuru nəticəsində dəryadakı canlıların həyat fəaliyyəti davam edir.

Ən əsası isə budur ki, bu iki nemətin nizamla hərəkət etməsi (Ayın Yer ətrafında, Yer kürəsinin də Günəşin ətrafında fırlanması) nəticəsində gecə və gündüz yaranır, ilin müxtəlif fəsilləri meydana gəlir. İnsanlar bu iki böyük nemətin nizam-intizamı əsasında öz həyat tərzlərini qurur və tənzimləyirlər. Əgər bu iki nemət arasında nizam olmasaydı, təbii ki, insan heç zaman həyat tərzini tənzimləyə bilməzdi. Nəinki təkcə hərəkət etmələri, hətta bir-birinin arasındakı məsafə belə tam dəqiqliyi ilə nizamlanmışdır. Əgər zərrə qədər nizam-intizamı itirilsə, Yer kürəsində təsəvvürolunmaz fəlakətlər əmələ gələ bilər.

Qəribə burasıdır ki, bu sistemin bəzi hissələri ondan ayrıldıqda olduqca dağınıq görünürdü. Lakin sonradan hazırkı vəziyyətə gəlib düşdü. Təbiət elmləri üzrə alimlərdən biri bu barədə belə deyir: "Bizim Günəş sistemimiz çox güman ki, Günəşdən 12000 dərəcə istiliklə ayrılmış və sonsuz fəzada təsəvvüredilməyəcək sürətlə hərəkətdə olan dağınıq maddələrin qarışığından yaranmışdır."

Zahirdə dağınıq görünən bu sistemdə elə bir dəqiqlik formalaşmışdır ki, bu gün hətta onun dəqiqə və saniyələrini nəzərə alaraq gələcəkdə baş verəcək hadisələrin proqnozunu verə bilirik. Bu dəqiqliyin nəticəsi ondan ibarətdir ki, bizim qalaktikamızın durumu milyard illərdir, öz vəziyyətində sabit qalmışdır.

Bir məqamı da nəzərə almaq lazımdır ki, Günəş bu sistemin ortasında hərəkətsiz görünsə də, o da digər planetlər kimi bağlı olduğu bir qalaktikanın (məşhur Veqa ulduzunun) ətrafında hərəkətdədir və bu hərəkətdə də böyük bir dəqiqlik və sürət müşahidə edilir.

Beşinci böyük nemətə işarə edərək buyurulur: “Bitkilər də, ağaclar da Ona səcdə edir”.

( وَالنَّجْمُوَالشَّجَرُيَسْجُدَانِ)


(nəcm) sözü həm "ulduz”, həm də “bitki” mənasında işlənir. Ayədə (ağac) sözü gəldiyi üçün burada ikinci mənada, yəni "bitki” mənasında işlənir. Əsl həqiqətdə isə bu sözün mənası “çıxmaq deməkdir. Bitkiyə yerdən çıxdığı üçün (nəcm), ulduza da göydə çıxdığı üçün (nəcm) deyilir.

Məlumdur ki, insanın bütün qida maddələri bitkilərdən əmələ gəlir. Bu bitkilərin bəzilərindən insan bilavasitə istifadə edir, bəzilərindən isə vasitə ilə istifadə edir. Belə ki əti halal olan heyvanların qidaları da bitkilər vasitəsilə təmin olur. Hətta dəniz heyvanlarından bəzilərinin qidası suların dibində bitən bitkilərdir. Həmin bu su bitkiləri günəşin şüası nəticəsində cücərib əmələ gəlir. Beləliklə, (nəcm) sözü torpaqda bitən kiçik bitki növlərinə, (şəcər) isə ağac və s. gövdəli hündür bitkilərə deyilir. (səcdə edirlər) sözünün izahı budur ki, bu iki ilahi nemət qeyd-şərtsiz insanlara fayda verǝrǝk yaradılışın nizam-intizamına tabedir. Allahın onlar üçün müəyyən etdiyi vəzifələr azalıb-çoxalmadan yerinə yetirilir.

(səcdə edirlər) ayəsi tövhid nöqteyi-nəzərindən bəzi sirlərə malikdir. Hər bir yarpaqda və bitki dənəsində əzəmətli Allahın nişanələri vardır. Bəzi təfsirçilər isə ayədəki (nəcm) sözünü "ulduz” mənasında təfsir ediblər. Amma qeyd etdiyimiz təfsir ayənin izahı ilə daha uyğun gəlir.

İncəliklər:



Sözügedən ayələr haqqında bir neçə hədis

Sözügedən ayələrin izahı və təfsiri barəsində bir çox hədislər rəvayət olunmuşdur. İmam Sadiq (ə) (ona danışmağı öyrətdi) ayəsinin təfsiri barəsində buyurmuşdur:

# البيانُالاسْمُالْأَعْظَمُالَّذِيبِهِعُلِمَكُلَّشَيْء


"Bəyan" Allahın ismi-əzəmidir və bunun vasitəsilə hər bir şey bəlli olur."

“İsmi-əzəm” mövzusunda bu kitabın 7-ci cildində (Əraf surəsi, 180-ci ayə) bəhs etmişik.

Digər bir hədisdə isə İmam Əli ibn Musa Rza (ə) “ər-Rəhman, əlləməl Quran” ayəsinin təfsirində belə buyurmuşdur: “Allah Quranı Peyğəmbərinə (s) öyrətdi. “xələqəl insan” ayəsinin izahı isə budur ki, Allah əmirəlmöminin Əlini (ə) yaratdı. “əlləməhul bəyan” ayəsinin izahı isə insanların ehtiyac duyduqlanı bütün işlərin bəlli olması deməkdir."

Bu hədislər ayələrin ümümi mənasını məhdudlaşdırmır, əksinə bizə yeni həqiqətləri açıqlayır.