Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əş-Şəms Surəsinin Ayələrinə Qayıt →
Əş-Şəms Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Şəms surəsi, 1-10-cu ayələr

Şəms surəsi, 1-10-cu ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


وَالشَّمْسِوَضُحَاهَا .١


وَالْقَمَرِإِذَاتَلَاهَا .٢


وَالنَّهَارِ إِذَا جَلَّاهَا .٣


وَاللَّيْلِإِذَايَغْشَاهَا.٤


وَالسَّمَاءِوَمَابَنَاهَا .٥


وَالْأَرْضِوَمَاطَحَاهَا .٦


وَنَفْسٍوَمَاسَوَّاهَا .٧


فَأَلْهَمَهَافُجُورَهَاوَتَقْوَاهَا .٨


قَدْأَفْلَحَمَنزَكَّاهَا .۹


وَقَدْخَابَمَندَسَّاهَا .١٠


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun Günəşə və onun işığının yayılmasına,

2\. Ondan sonra çıxmaqda olan Aya!

3\. Yer üzünü işıqlandırmaqda olan gündüzə!

4\. Yer üzünü bürüməkdə olan gecǝyǝ!

5\. And olsun göyə və onu inşa edənə!

6\. And olsun Yerə və onu genişlədirənə!

7\. And olsun nəfsə və ona surət verənə,

8\. Ona günahları və qorxmağı ilham edənə!

9\. Nəfsini təmizləyən uğur qazanmışdır.

10\. Nəfsini günahla bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur.

Ayələrin təfsiri.



Nəfsi islah etmədən doğruluq mümkün deyil.

Surənin əvvəlində ardıcıl olaraq qeyd olunan mühüm andların sayı on bir, bəzilərinin dediyinə əsasən, yeddidir. Surədə təxminən Quranda gələn andların çoxunun qeyd olunması mühüm mətləblərdən xəbər verir. Həmin mətləblər göylərin, Yerin, Günəşin və Ayın əzəmətindən danışır. Hansı ki bütün bu mətləblər həyatbəxş və taleyüklüdür.

İlk olaraq surədə qeyd olunan andların təfsir və şərhindən başlamağı lazım bilirik. Daha sonra isə bütün andların içilməsinə səbəb olan mövzunun əhəmiyyətindən danışaraq araşdırma aparacağıq.

Birinci ayədə buyurulur:

“And olsun Günəşə və onun işığının yayılmasına,” Əvvəldə dediyimiz kimi, Quranın andları ümumi olaraq iki hədəfi çatdırmaq istəyir:

Birincisi, mövzunun olduqca əhəmiyyətli olması ilə əlaqədardır. Yəni Quran bizə mühüm mətləbi deyəcəyindən xəbər verir.

İkincisi isə andın mövzusunun mühüm olduğunu açıqlayır. Yəni adətən, mühüm və müqəddəs olanlara and içilir. Buna əsasən də, andı eşidən və oxuyan şəxs mövzu ilə yanaşı andın özü barəsində də fikirləşir və aləmin mühüm olan yaradılışı haqqında düşünməyə başlayır. Bu təfəkkür onlar üçün Allaha tərəf yol açmağa xidmət edir.

“Günəş” bütün təbiətin, canlıların və xüsusən insanların yaşamasına səbəb olan mühüm amillərdən biridir. Çünki nur və istilik insan həyatında başlıca amillərdəndir. Əgər bu ikisi olmasa, demək olar ki, bütün canlıların həyatı məhvə məhkumdur. Bunu da qeyd edək ki, Günəşin bəşəriyyətə olan xidməti bununla bitmir. Əksinə, gündəlik həyatımızda diqqət yetirmədiyimiz bir çox nemətlərin əmələ gəlməsində birbaşa Günəşin istisnasız rolu vardır. O cümlədən küləklərin əsməsi, yağışların yağması, bitkilərin cücərməsi, çayların hərəkətə gəlməsi, şəlalələrin daşması, enerji mənbələrinin yaranması, neftin çıxması, daş kömürün əmələ gəlməsi və.s. Diqqət yetirsək, onların Günəşin saçması ilə əlaqəli olduğunu görərik. Əgər bir gün bu həyat bəxş edən nur sönsə, qaranlıq və zülmət bütün bəşəriyyətin sonunu gətirəcəkdir.

Ayədəki (zuha) sözünün mənası nədir? (zuha) sözü lüğətdə Günəş şüalarının ətrafa yayılmasına və genişlənməsinə deyilir. Günəş şərq üfüqündən səmaya tərəf qalxdıqdan sonra onun şüaları bütün ətrafa yayılmağa başlayır. Belə olan zaman Günəş “zuha” vəziyətində olur.

Ayədə (zuha) sözünün andın tərkibində işlədilməsi də onun əhəmiyyətinin göstəricisidir. Çünki o, Günəşin səltənəti altında yer üzünə yayılmaqdadır.

Ayə davamında üçüncü andı içməklə sözünə davam edir:

“Ondan sonra çıxmaqda olan Aya!”

Bu ayə barəsində təfsirçilərin çoxu belə qeyd etmişdir: Burada Ayın bədirlənmiş forması, yəni on dörd günlük Ay nəzərdə tutur. Çünki Ay on dörd günlük olduqda, Günəşin batması zamanı şərq tərəf- dən yavaş-yavaş səmaya tərəf qalxır, sanki öz hakimiyyətini göy üzünə elan edir. Ayın bədirlənmiş görüntüsü hər zamankından daha heybətli olduğu üçün bu hala and içilir. Bəzilərinin ehtimalına əsasən, Ay daimi Günəşdən nur aldığı üçün ona and içilib. Çünki Ayın özündə nur yoxdur. Onun üzərində olan nur Günəşin onun üzərinə saçması nəticəsindədir. Əgər belə olarsa, (çıxmaqda olan) sözü geniş izah olunmalıdır.

Bəzi təfsirçilər də bu ayə barəsində öz fikirlərini bildirsələr də, biz burada həmin rəylərin qeyd olunmasını məsləhət bilmirik.

Ayənin davamında növbəti andda buyurur:

“Yer üzünü işıqlandırmaqda olan gündüzə!”

Ayədəki (cəllaha) sözü "təcliyə” sözündən alınmış, "izhar və zahir etmək” mənalarında işlənir.

(cəllaha) sözündəki işarə əvəzliyinin rolu nədir? Bu barədə təfsirçilər arasında fikir müxtəlifliyi mövcuddur. Bəziləri işarə əvəzliyinin Yer kürəsinə, bəziləri isə dünyaya aid olunduğunu bildirir. Öncəki ayədə Yerdən danışılmamasına baxmayaraq, oxşar əlamətlərə diqqət etsək, deyə bilərik ki, burada söhbət Yerdən gedir.

Bəzilərinin rəyinə əsasən, ayədəki işarə əvəzliyi Günəşin saçmasına dəlalət edir. Yəni “Günəşi zahir edən gündüzə and olsun” kimi tərcümə olunmalıdır. Günəşin gündüzü əmələ gətirməsinə baxmaya- raq, burada məcazi olaraq: “Gündüz Günəşi izhar etdi.” – demək olar. Amma birinci rəy və təfsir daha uyğundur.

Hər halda, səmavi yaradılışlara and içilməsi onların insan və digər canlıların həyatında fövqəladə təsirə malik olmasını çatdırır. Çünki gündüz çağı bütün canlıların hərəkətə gəlmək rəmzidir. Bütün çalışmalar, hərəkətlər, yaşam uğrunda çarpışmalar günün gündüz çağında baş verir. Beşinci andda buyurulur:

“Yer üzünü bürüməkdə olan gecəyə!”

Gecə öz bərəkət və təsiri nəticəsində bir tərəfdən gündüzün Günə- şinin istiliyini sərinləşdirir, digər tərəfdən isə bütün canlılara istirahət və aramlıq bağışlayır. Əgər gecənin qaranlığı olmasaydı, yəni Günəş fasiləsiz olaraq saçsaydı, hər bir canlı üçün istirahət etmək çox çətin olardı. Çünki Günəşin yandırıcı istisi fasiləsiz saçmaqla hər şeyi məhv edərdi. Hətta gecə və gündüzün yeri indiki nizamlarının əksinə olsaydı, yenə də yuxarıda qeyd etdiyimiz çətinliklə üzləşəcəkdik.

Bilirik ki, Ay planeti ayın iki həftəsinin gecəsini və iki həftənin gündüzünü (günün ikinci yarısında) Yer kürəsində olur. Ayın günün ortasında olan istilik dərəcəsi təxminən 300 santiqrad olur. Belə bir hava şəraitində isə heç bir canlının yaşaması mümkün deyil. Amma gecənin yarısındakı temperaturu isə mənfi sıfıra yetişir. Məlumdur ki, belə bir hava şəraitində də canlıların yaşaması qeyri-mümkündür.

Burada bir qrammatik məsələyə də diqqət etməyi lazım bilirik. Öncəki ayələrdə keçmiş zaman, bu ayədə isə indiki zaman feilindən istifadə olunub. Buradan belə nəticə alırıq ki, gecə-gündüzün olması xüsusi bir zamana deyil, bütün zamanlara aiddir. Yəni bizdən öncə, indi və gələcəkdə gecə ilə gündüzün olması labüddür. Bunun üçün də ayələrin bəzisi keçmiş, bəzisi isə indiki zaman feilində işlədilmişdir.

Altıncı və yeddinci andda səma və onun Yaradıcısından söz açılaraq buyurulur:

"And olsun göyə və onu inşa edənə!”

Səmanın əzəmətli quruluşu yaradılışın vəcdə gətirən və heyrətə salan gözəlliklərindəndir. Bütün ulduzların, bürclərin, qalaktikaların yaradılışı, həmçinin bu yaradılışa hakim kəsilən ağlasığmaz nizamı Yaradanın əzəmətindən xəbər verir.

Ayədə diqqəti cəlb edən mətləblərdən biri də cümlənin ədəbi quruluşudur. Adətən, cümlədə “ma” ədatından ağlı olmayan digər yaran- mışlar üçün istifadə edilir. Həmçinin bu cümlədə qrammatik təhlilə əsasən, həkim olan Yaradana aid edilmir. Bəzi təfsirçilər “ma” ədatını məsdər amili kimi təhlil edirlər. Nəticədə, ayə "Səmaya və onun yaradılışına and olsun” kimi tərcümə edilir.

Amma– فَأَلْهَمَهَافُجُورَهَاوَتَقْوَاهَا۷۵وَنَفْسٍوَمَاسَوَّاهَا -ayələrinə diqqət yetirdikdə (növbəti ayələrdə tərcümə və təfsiri barəsində geniş danışılacaq) “ma” əvəzliyini Allah-taalanın müqəddəs Zatına dəlalət etdiyi üçün nitq hissəsi kimi sifətə aid edirik.\[3\] Həmçinin ərəb ədəbiyyatında və Qurani-Kərimdə “ma” ədatından insandan danışan cümlədə istifadə olunmasını oxuyuruq. Məsələn: “Nisa” surəsinin 3-cü ayəsində Allah- taala buyurur:

فَانْكِحُوامَاطَابَلَكُمْمِنَالنِّسَاءِ


"Sizə halal olan qadınlarla izdivac edin!"

Təfsirçilərin əksəriyyətinin rəyi belədir: (ma) (nə isə) ədatından buna görə istifadə olunmuşdur ki, cahanın ilk yaradılışının kimin tərəfindən olması bəşəriyyətə qaranlıq qalmışdır. Amma sonradan insanlar yaradılış barəsində diqqətlə mütaliə etmiş, daha sonra elm və hikmətlə tanış olmuşlar. Məhz bu səbəbdən “nə isə" köməkçi nitq hissəsi “kimsə” sözünə çevrilmişdir”.

Bunu da qeyd edək ki, birinci təfsir daha münasibdir.

Daha sonra səkkizinci və doqquzuncu andlarda Yer və onun Yaradanına işarə edilərək buyurulur:

“And olsun yerə və onu genişlədirənə!”

Yer kürəsi insanın və digər bütün canlıların beşiyidir.

Yer kürəsi vəcdə gətirən bütün varlıqları ilə, o cümlədən dağlar, qayalar, meşələr, dərələr, şəlalələr, çaylar, dənizlər, okeanlar, bahalı metal mədənləri və sair nemətləri ilə birlikdə – hər biri vahid olan Allahdan xəbər verən nişanələrdəndir.

Bütün bunlardan daha üstün, bu yerin Yaradanı, həm də onu genişləndirəndir.

(təhuv) sözündən alınmış (təhaha) kəlməsi “genəlmək və ya genişləndirmək” mənasındadır. Bundan əlavə, “sürgün etmək”, “uzaqlaşdırmaq, “aradan aparmaq” mənalarında da işlənir. Amma buna baxmayaraq, burada “genişləndirmək” mənasında işlədilmişdir. Çünki:

Birincisi, Yer kürəsi ilkin yaradılış zamanı suyun altında olmuş- dur. Sonradan həmin sular Yer kürəsinin çökəkliklərinə dolmuş və Yer quraqlığa çıxmışdır. Buna əsasən də o günün adına “dəhvul-ərz” (yerin genişlənməsi) deyilir.

İkincisi, Yer kürəsi ilkin yaradılış zamanı sıldırım qayalardan, dərin çökəkliklərdən ibarət olduğu üçün burada yaşamağa münbit şərait olmamışdır. Fasiləsiz yağan yağışlardan əmələ gələn sel və daşqınlar yerin üz səthini yuyaraq yaşayış, eləcə də əkin üçün hamarlamışdır. Bəzi təfsirçilər belə bir fikir irəli sürürlər: Ayənin quruluşundan Yerin öz oxu və Günəşin ətrafında fırlanmasına ümumi işarə olunmuşdur.

Çünki yuxarıda da qeyd etdiyimiz kimi, (təhuv) sözünün bir mənası da sürmək, sürgün etmək deməkdir.

Nəhayət, surədəki and silsiləsindən sonuncu olan onuncu və on birinci andda buyurulur:

“And olsun nəfsə və ona surət verənə,”

Ayədə yaradılış aləminin ən dəyərli yaranmışına, mülk və cahanın xülasəsinə, yaradılış bağının qönçəsi olan insana işarə olunmuşdur. Bu yaradılış və sirlər dolu dünya o qədər əhəmiyyətlidir ki, Allah-taala özünə insan ilə birlikdə and içir.

Burada belə bir sual yaranır. Görəsən, ayədəki “nəfs” sözü təkcə insanın ruhuna aiddir, yoxsa cisim və ruh - hər ikisi nəzərdə tutulur? Bu barədə təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər.

Əgər ayədəki (səvvaha) sözündən istifadə edərək “nəfs” sözünü yalnız ruha aid etsək, o zaman insanın bütün tənzimləyici ruhi qüvvələri, o cümlədən lamisə hisslərindən tutmuş idrak, hafizə, xəyal, eşq, iradə, ixtiyar və sair kimi qüvvələrin hamısına şamil ediləcəkdir. (Bütün bunlar nəfsi elmlər bölümündə müzakirə olunur.)

Ruha və cismə aid edildikdə isə bütün ruhi keyfiyyətlərlə yanaşı, insanın fizioloji və bioloji quruluşuna şamil ediləcəkdir.

Bunu da qeyd edək ki, “nəfs” sözü Quranda hər iki mənada işlən- mişdir. “Zumər” surəsinin 42-ci ayəsində oxuyuruq:

اللَّهُيَتَوَفَّىالْأَنْفُسَحِينَمَوْتِهَا


"Allah ruhları ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır."

Həmçinin "Qəsəs" surəsinin 33-cü ayəsində “nəfs" sözü cismə aid edilərək buyurulur:

قَالَرَبِّإِنِّيقَتَلْتُمِنْهُمْنَفْسًافَأَخَافُأَنْيَقْتُلُونِ


"Dedi: "Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, məni öldürələr.”

Amma "nəfs" sözünün daha münasib təfsiri hər ikisinə, yəni ruha və cismə şamil etməkdir. Çünki Allah-taalanın hər kəsi heyrətdə qoyan qüdrəti bu ikisinin üzərindədir. Allah-taala “insan” deyərkən onu “ruh” və ya “cisim” sözünə deyil, bunların ikisinin vəhdətinə aid etmişdir.

Daha maraqlısı budur ki, ayədə istifadə olunan “nəfs” sözü xüsusi şəxslərə deyil, bütünlüklə insan deyilən yaranmışa aid edilmişdir. Yəni xüsusi bir insanın yüksək keyfiyyətlərindən deyil, ümumi insan deyilən şəxsin keyfiyyətlərindən danışır. Hansı ki Allah-taala yaratdığı insana o keyfiyyətləri bəxş etməklə onu daha ali və uca məqamlarda görmək istəmişdir. Xülasə, “insan potensial kamaldır.” Əgər bu gün insan belə bir potensial kimi tanınmamışdırsa, demək ki, o, özünü hələ tapma- mışdır. Amma onu Yaradan və yoxdan xəlq edən Allah onun nələrə qadir olduğunu bildiyi üçün ona and içir. Necə ki müasir əsrimizdə yaşayan bəzi alimlər: “İnsan tanınmamış varlıqdır.” – deyə öz təəc- cüblərini bildirirlər.

Növbəti ayə insanın yaradılışına aid olan bəzi məsələləri özündə ehtiva edərək əlavə edir:

“Ona günahları və qorxmağı ilham edənə!"

Bəli, yaradılış sistemi təkmilləşdikdən və Onun varlığı yaradılışın üzərində öz əksini tapdıqdan sonra Allah-taala öz icazə və qadağalarını təyin etdi. Digərlərinin təlimatlanması üçün öz şəriətini bəşərin arasında ən saleh olana təlim etdi. Bu təlimatdan sonra insan “iyli torpaqdan yaranmış” və “ilahi rəngə boyanmış ruh" adlı iki dəstəyə ayrıldı. Ayədə buyurulduğu kimi, günahlardan çəkinən və təqvalı olanlar, nəticədə, ilahi dərgaha tərəf o qədər yüksəldilər ki, hətta mələklərdən belə üstün olaraq mənəvi aləmi seyr etməyə başladılar. Digər tərəfdən isə dedik- lərimizin əksinə olaraq, itaətsizlik edib, günah etməkdən çəkinməyənlər insanlıq mərtəbəsindən o qədər endilər ki, hətta yırtıcı heyvandan belə aşağı (heyvandan da aşağı) mərtəbəyə endilər. Əlbəttə, hər iki yolu insan özü öz iradə və ixtiyarı ilə seçərək insanlıq mərtəbəsinə ucalır və ya heyvandan da aşağı olur.

Ayədəki (əlhəməhə) sözü (ilham) sözündən alınmış, udmaq və içmək mənasındadır. Digər terminoloji mənası isə Allah tərəfindən hansısa mətləbi və ya mühüm olan xəbəri sakitcə almaq, qarşılamaq mənasındadır. Əlbəttə, xəbərin alınmasını insan qəlbən və ya ruhən hiss edərək başa düşür. Lüğəvi mənasına diqqət yetirdikdə sanki insan ilahi xəbəri ruhun vasitəsi ilə mənimsəyir. Həmçinin bu sözdən bəzən vəhy mənasında da istifadə olunur. Amma bəzi təfsirçilər vəhy və ilhamın fərqi barəsində belə deyirlər: "İlham xəbərini alan xəbərin hansı istiqamətdən və necə gəldiyini başa düşmür. Amma vəhy zamanı xəbərin kimin tərəfindən necə gəldiyi məlum olur.”

(fucur) sözü (fəcr) sözündən alınmış və əvvəldə də qeyd etdiyimiz kimi, "geniş yarıq" mənasındadır. Həmçinin gecənin qaranlıq pərdəsini yarıb Günəşin çıxması üçün müqəddimə yaradan ana fǝcr deyilir. O cümlədən günahlar da insanda olan həya pərdələrini yarıb dağıtdığı üçün ayədə bu məsələyə "fucur" deyilir.

Əlbəttə, ayədə daha çox buna səbəb olacaq amillər nəzərdə tutulub. Ayədə istifadə olunan digər söz (təqva) - təqvadır. Təqva sözü “vəqaya” sözündən alınmış "saxlamaq" mənasındadır. Yəni insan təqvanın vasitəsi ilə özünü günahlardan, pisliklərdən və çirkinliklərdən saxlamalıdır.

Xatırladaq ki, yuxarıdakı ayənin tərcümə və təfsiri o demək deyil ki, Allah-taala həya pərdələrini aradan aparan (fucur) və insanı günahdan çəkindirən (təqva) amillərini insanın vücudunda cəmləmişdir. Yəni Allah-taala insanın ruhunda təzad yaratmamışdır. Çünki bəziləri bundan sui-istifadə edərək belə iddia edirlər ki, guya Allah-taala bu ayəyə əsasən, insanın ruhunda təzad yaratmışdır. Əksinə, Allah-taala insana xeyir və şərin, yolun və quyunun yolunu ilham edərək onu hər iki olacaqdan xəbərdar etmiş, seçim üçün ağıl vermişdir. Necə ki “Bələd” surəsində ayəsinin fonunda bu barədə geniş danışdıq.

Bundan əlavə, Allah-taala insana ağıl və oyaq vicdan verməklə iki yol arasında düzgün seçim etmək qüdrəti vermişdir. Yəni insan bütün yaxşı və pislikləri ağıl və fitrətinin vasitəsi ilə seçir. Buna əsasən də, bəzi təfsirçilər belə vurğulayırlar ki, bu ayə sözün əsl mənasında “hüsnü-qubhi-əqli” mövzusunun açıqlamasıdır. Yəni Allah-taala bütün yaxşı və pisləri tanımaq qabiliyyətini insanın fitrətində qoymuşdur.

Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Belə ki Allah-taala insana çox sayda nemətlər vermişdir. Amma bütün bu nemətlərin sırasında yalnız fucur və təqva mövzusuna daha çox diqqəti yönəltmişdir. Məsələ aydındır. Çünki insanın taleyini həll edən ən önəmli məsələ onun yaxşıları və pisləri düzgün təyin etməsi, həyat yolunu məhz yaxşıların üzərində qurmasından asılıdır. Yəni bu mövzu hər bir insan üçün taleyüklüdür.

Sonda ardıcıl olaraq içilən mühüm andların nəticəsi olaraq buyurulur;

“Nəfsini təmizləyən uğur qazanmışdır.”

Ayədəki (zəkkəha) sözü (təzkiyə) sözündən alınmış, Rağib İsfahaninin lüğətinə əsasən, “inkişaf və artmaq” mənalarındadır. Həmçinin zəkat sözünün mənası da eyni ilə inkişaf və artmaq deməkdir. İmam Əlinin (ə) kəlamından oxuyuruq:

# أَلْمَالُتَنْقُصُهُالنَّفَقَةُوَالْعِلْمُيَزْكُواعَلَىالْإِنْفَاقِ


"Sərvətdən xərclədikdə azalar, elmdən xərclədikdə artar. (təzkiyə) kəlməsi paklamaq mənasında da işlənir. Çirkinlik və napaklıq inkişaf və artımın qarşısını aldığı üçün onlardan paklanaraq inkişaf etmək anlamında ola bilər. Yuxarıdakı ayəni hər iki mənada təfsir etmək mümkündür.

Bəli, düz və doğru yolda olmaq yalnız özünü tərbiyə edərək nəfsini bütün çirkinliklərdən qoruyan, şeytanın hiylələrindən amanda saxlayan, küfr və şirkdən uzaq duran insanlara nəsib olur. Sözün əsl mənasında insan həyatının mənası onun doğru yolda olmasında və təzkiyəsindədir.

Nəfsini paklayan xoşbəxt, buna əks mövqedə olan isə bədbəxt və biçarədir.

Daha sonra isə bədbəxtlik yoluna üz tutanlara deyilir:

"Nəfsini günahla bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur.”

(وَقَدْخَابَمَندَسَّاهَا)


Ayədəki (xabə) sözü (xəbiyə) sözündən alınmış, yaxşılığa yetişməmiş, məhrum olmuş və ziyan görmüş mənalarındadır.

(dǝssaha) sözü (dəssə) sözündən alınmış, “bir şeyi ikrahla daxil etmək” mənasındadır. Quran öz qızlarını diri-diri torpağa basdıran cahil ərəblər barəsində deyir:

أَمْيَدُسُّهُفِيالتُرَاب


“Onu rüsvayçılıq içində saxlasın, yoxsa torpağa gömsün?” Həmçinin (dəsisə) sözü məxfi şəkildə görülən ziyan əməllərə deyilir.

Yuxarıdakı məna və izahlara nəzərən ayə barəsində müxtəlif izahlar verilmişdir. O cümlədən:

Bu söz burada günah mənasında işlənmişdir. Çünki saleh əməl və təqva sahibləri əməllərini aşkarda yerinə yetirirlər. Daim günahkar və cinayət edən kəslər isə özlərini digərlərindən gizlətməyə çalışarlar. Rəvayətlərdə də qeyd olunur ki, ərəblərin səxavətli və əliaçıq şəxsləri hündür təpələrin üstündə xeymələr qurar, gecə vaxtında ocaq qalayar- dılar. Onlar bunu etməklə ehtiyaclı şəxslərə yerlərini bildirər və gecə- gündüz onların ehtiyaclarını ödəməyə hazır olduqlarını elan edərdilər. Amma paxıl və xəsis şəxslər daim insanların gözündən kənarda və xüsusən alçaq yerlərdə xeymə qurardılar ki, kimsə onların xeyməsini görüb ehtiyaclarının ödənməsini diləməsinlər.”

Ayədəki əsas fikir budur ki, günahkarlar özlərini salehlərin arasında gizlədirlər.

“Özünü və insani dəyərlərini günah və asiliyin arasında gizlədiblər." Yəni artıq bütün vücudları günah içində batmışdır.

"Günah və asiliyi öz nəfslərinin arxasında gizlədiblər.

Amma məcazi şəkildə şeytanın proqramı əsasında günah və çirkinliyə aludə olmasını çatdırır. Həmçinin əməlin bu forması eyni ilə insanın təzkiyə olması, paklanması və səadət yolunun tutması ilə tərs mütənasibdir.

Ayənin məzmununun genişliyini nəzərə alaraq bütün yuxarıdakı rəyləri qəbul etmək olar.

Bütün bunlara baxmayaraq, dünya həyatında qalib və məğlub olaraq yaşayanları seçmək, tanımaq mümkündür. Bu yolun seçilmə meyarları isə olduqca asandır. Kim nəfsini paklayıb, təqva xərc edərək Allahın yolunu tutarsa, mənəvi həyatda ruhunu inkişaf etdirərək yaşa- yarsa, o qalib, günah edərək şeytanın yolunu tutub gedənlər isə həyatda məğlubdurlar.

İmam Baqir və İmam Sadiqdən (ə) nəql olunan hədisin məzmunu bir daha dediklərimizə aydınlıq gətirir:

# قَدْأَفْلَحَمَنْأَطَاعَوَحَابَمَنْعَصَى


“İtaətkar olan doğru yolda olaraq inkişaf etdi, günah yolunu seçənlər isə bundan məhrum oldular."

İslam Peyğəmbərindən (s) nəql olunan rəvayətdə deyilir: Peyğəmbər (s) ayəsini oxuyan zaman dayandı.

Daha sonra əllərini qaldırıb belə dua etdi:

"Pərvərdigara! Sən özün mənim nəfsimə təqva əta et! Sən onun sahibi və rəbbisən. Özün onu bütün aludəlikdən pakla! Sən ən gözəl paklayansan!"

Bu duadan belə məlum olur ki, dünyanın bu qədər döngəli, enişli- yoxuşlu yollarını keçmək heç də asan bir iş deyil. Hətta Allahın Peyğəmbəri (s) belə “səbul-ubur” keçidindən keçmək üçün Allah-taalanın xüsusi lütf və mərhəmətinə ehtiyaclıdır. Allahın lütf və mərhəməti olmadan kimsə bu çətinlikləri dəf edə bilməz. Əlbəttə, niyyət və Allaha tərəf getmək təşəbbüsü bəndənin özündən, bu qədəmləri sabitləşdirmək isə Allahdandır. İslam Peyğəmbərindən (s) yuxarıdakı iki ayə barəsində nəql olunan digər hədisdə deyilir:

"Allahın pakladığı nəfs doğrulardan oldu və inkişaf etdi. Amma Allah bütün xeyirlərdən məhrum etdiyi şəxs hər bir yaxşılıqdan məhrum oldu."

İncəliklər:



1\. Qurandakı andlarla onun nəticəsinin əlaqəsi.

Surə barəsində verilən mühüm sual bundan ibarətdir: Surənin əvvəlindən başlayaraq olduqca mühüm və əhəmiyyətli olan on bir andla ona xatir and içilən mövzunun nə əlaqəsi var? Yəni andlarla ondan sonra gələn mövzunun arasında nə kimi bağlılıq var?

Cavab: Allah-taala tərəfindən belə bir həqiqətin elan olunma hik- məti olduqca böyükdür. Allah-taala bununla bütün bəşəriyyətə çatdırmaq istəyir ki, Mən bütün maddi və mənəvi yolları sizin səadət və xoşbəxtliyiniz üçün yaratmışam.

Bir tərəfdən, günəş və Ayın saçması ilə sizin həyat yolunuza işıq saçdıq. Gecə və Gündüz nizamı sizin hərəkət və sükutunuzu tənzimlədi. Bunların vasitəsi ilə yer üzünü sizin yaşamanız üçün hər cəhətdən hazır etdik.

Bundan əlavə, sizin ruhunuzu bütün istedadlarla zəngin etdim. Yaşamaq və inkişaf etmək üçün bütün lazım olan potensiallar sizin ruhunuzda cəm olmuşdur. Sizə oyaq vicdan əta etməklə bütün yaxşı və qəbahətləri tanımaq qüdrəti verdim. Bütün bunları sənə ilham etdim. Buna əsasən də, səadət yolundan azmağın üçün heç bir dəlil yoxdur. Bütün bunlara baxmayaraq, necə öz nəfsinizi pisliklərdən təmizləyə bilmirsiniz? Necə şeytanın gizlin vəsvəsələrinə aldanıb ona təslim olursunuz?

2\. Günəşin həyatdakı rolu

Qalaktikada yerləşən bütün ulduzların başçısı və istilik sistemi mərkəzinin banisi olan Günəş barəsində iki paralel yanaşma vardır. Birincisi onun əzəmət və böyüklüyü, (öncəki bəhslərdə bu barədə danışmışdıq), ikincisi isə onun bərəkət və müsbət təsirləri barəsindədir. Burada bütün bunların hamısını aşağıda, yeddi bənddə qruplaşdırmışıq:

1\. Bütün bəşəriyyət və canlıların həyatda qalması üçün ilk növbədə onlara istilik lazımdır. İstiliklə paralel əhəmiyyətli olan Günəş şüaları nəticəsində yer üzündə baş verən aydınlıqdır. Bəşəriyyətin sağ qalması üçün bu iki ilahi nemət bütün yaranmışlara eyni anda verilməkdədir. Yəni bunların hamısı Allah tərəfdən təmin olunmaqdadır.

2\. Bütün yeyinti məhsulları və qidalar Günəşin saçması nəticəsində meydana gəlir. Hətta okeanın dibində olan bitkilər gündüz saatlarında Günəşin şüalarından qidalanaraq inkişaf edir. Allah-taalanın təlim verdiyi, yəni saçmasını əmr etdiyi Günəş dalğaların arasından da olsa, öz şüasını suyun altındakı bitkilərə çatdırır. Bildiyimiz kimi, bütün canlılar bir-birinin vasitəsi ilə qidalanırlar. Onların yeməklərinin əksəriyyəti bitkilərdir. Əgər Günəşin şüaları olmasa, bitkilər cücǝrǝrǝk istifadə müddətinə yetişə bilməzlər.

3\. Ətrafda gördüyümüz əlvan rənglər, gözöxşayan gözəlliklər və insanı heyrətə salan təbiətin zahiri görünüşü Günəş şüaları ilə sintez olduqdan sonra baş verir. Bu mövzuda başda fizika elmi olmaqla müxtəlif elmlərdə danışılır.

4\. Bəşəriyyətə həyat bəxş edən yağışın suyu Günəş şüalarının okean və dənizlərə saçması nəticəsində yaranan buxardan əmələ gəlir. Yəni Günəş şüalarının hərarətindən okean və dəniz sularının səthində baş verən buxarlanmadan yaranan bulud, bir müddət keçdikdən sonra yağış olaraq yerə süzülür. Nəticədə, yaranan çaylar, bulaqlar, arxlar, quyular və sair kanallar Günəş şüalarının saçması ilə əmələ gəlir. Bütün bu nemətlərin hamısı Günəşin bərəkətindəndir.

5\. Hava şəraitinin mülayimləşməsi, buludların havada süzərək yerlərini dəyişməsi, bitkilərin tozlanması, isti məntəqələrin sərinləşməsi, sərin məntəqələrin istiləşməsi kimi sadalamadığımız təbii hadisələr küləyin vasitəsi ilə həyata keçsə də, bütün bunların baş verməsində birbaşa Günəşin təsiri vardır. Məsələn, isti məntəqələrdə külək əsən zaman Günəş hərarətini azaltmasa, həmin məntəqədə bütün canlılar və bitkilərin həyatı təhlükəyə düşəcəkdir.

6\. Enerji mənbələri, neft, qaz, daş kömür mədənlərinin yaranması, şəlalələr, dağlıq zonalarda təbii yaranan su sədləri və s. birbaşa Günəşin saçması nəticəsində əmələ gəlir. Əgər Günəş olmasaydı, bütün bu saydıqlarımızın heç biri olmayacaqdı.

7\. Günəş sistemi cazibə və dafiə prinsipinə əsaslanır. Bir tərəfdən Günəş, digər tərəfdən isə onun ətrafında mühüm olan ulduzlar bu mövzuda əhəmiyyətli rola malikdir. Burada həmin ulduzların sistemdə qalması üçün Günəşin olması olduqca mühüm amillərdəndir.

Yuxarıda dediklərimizə baxmayaraq, Allah-taalanın bu surədə ilk olaraq Günəşə and içməsinin səbəbi aydınlaşır. Həmçinin ayın, gündüzün aydınlığının və gecənin olmasının hər birinin insan və qeyri-canlı- ların həyatında mühüm rolu vardır. Buna əsasən, surədə bütün bunlara and içilmişdir. Ən əsas, ən üstün olan insanın ruhu və cismi daha sirli, daha vəcdə gətirəndir.

Nəfsin paklanmasının əhəmiyyəti barəsində surənin sonunda danışacağıq.