Qədir-Xum hədisi ilə bağlı maraqlı hadisələrdən biri də məşhur alim Şeyx Müfidin zamanında baş vermişdir. Şeyx Müfid ilk təhsilini Bağdadda Əbu Abdullah Cəl adlı alimin yanında alır.


QƏDİR-XÜM və ŞEYX MÜFİDBir müddətdən sonra Əbu Abdullah Cəl başa düşür ki, artıq bu istedadlı şagirdə öyrədəsi biliyi qalmayıb. Onu özündən daha üstün bir alimin – Əli ibn İsa Rummaninin yanına göndərir. Rummani mötəzili əqidəsində idi.
Müfid özünü tanıtdırmadan Rummaninin dərs dediyi yerə gəlir. İçəri girəndə otağın şagirdlərlə dolu olduğunu görür. Yer tapa bilmədiyindən, başmaq çıxarılan yerdə oturur və dərsə qulaq asmağa başlayır.


Bu arada Bəsrədən gəlmiş bir nəfər Rummaniyə belə bir sual verir: “Sizin Qədir-Xüm hədisi barədə fikriniz nədir? Şiələr bu hədisə istinad edərək, Peyğəmbərdən sonra məhz Əli ibn Əbu Talibin (ə) xəlifə olduğunu söyləyirlər”. Rummani cavab verir: “Biz də Qurandakı mağara ayəsinə (Tövbə, 40; hicrət zamanı Əbu Bəkrin Peyğəmbərlə birlikdə mağarada olması haqqındakı ayə) istinad edib, Əbu Bəkrin xəlifəliyinə inanırıq. Mağara ayəsi dirayətdir, Qədir-Xüm hədisi isə rəvayət. Dirayət rəvayətdən daha üstündür”.


Şeyx Müfid heç nə demədən, Rummaninin cavabını vermək üçün fürsət gözləyir. Üstündən bir müddət keçəndən sonra o, alimdən soruşur: “Ya şeyx! Sizin fikrinizcə, öz zəmanəsinin ədalətli imamına qarşı üsyan edən şəxsin hökmü nədir?” Rummani əvvəlcə: “kafirdir” deyir, sonra səhvini düzəldir: “fasiqdir” (yəni günahkardır). Müfid sualına davam edir: “Əli ibn Əbu Talibi (ə) zəmanəsinin adil imamı sayırsınızmı?” Rummani təsdiq edir: “Bəli, o, itaəti vacib olan imam idi”. Müfid soruşur: “Elə isə, cənnətlə müjdələnmiş səhabələr Təlhə və Zübeyr fasiq idilər ki, imamın əleyhinə üsyan qaldırmış və onunla döyüşmüşdülər?” Rummani çıxış yolunu bu sözdə görür: “Doğrudur, onlar Cəməl savaşına qatıldılar, amma sonra peşman olub tövbə etdilər”. Müfid son sözünü deyir: “Onların Cəməl savaında iştirakı dirayətdir, sonradan tövbə etmələri barədə məlumat isə rəvayətdir. Özünüz buyurdunuz ki, dirayət rəvayətdən üstündür!”

 

NATİQ RƏHİMOV