“Rəd” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Mim, Ra. Bunlar kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil edilən haqdır, lakin insanların çoxu inanmır.
  2. Göyləri gözlə görülə bilən sütunlarsız yüksəldən, sonra da ərşə ucalan (dünyanın idarəçiliyini hakmiyyəti altına alan), müəyyən vaxta qədər hərəkət edən günəşi və ayı ram edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə Rəbbinizlə görüşə əminliklə inanasınız.
  3. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. Gecəni gündüzün üzərinə örtür. Bunlarda fikirləşənlər üçün əlamətlər vardır.
  4. Yer üzündə bir-birinə yaxın müxtəlif hissələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz meyvə baxımından birini digərindən üstün edirik. Bunlarda ağıllarını işlədənlər üçün əlamətlər vardır.
  5. Əgər təəccüblənirsənsə, əsl təəccüblüsü: “Biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözüdür. Onlar Rəblərini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

————————————————————————————–

“Rəd” surəsinin ümumi məzmunu: Bu surənin əsas məqsədi Quranın haqq olduğunu, bu səmavi kitabın möcüzə, Peyğəmbərin (s) peyğəmbərliyinin nişanəsi olduğunu sübuta yetirməkdir. Müşriklər heç bir əsas olmadan onun Allahın dəlili və Peyğəmbərin (s) möcüzəsi olmadığını, peyğəmbərin uydurması olduğunu iddia edirdilər. Allah-taala əsas məqsədi sübuta yetirmək üçün bu surədə iki cəhətə daha çox üstünlük vermişdir: 1. Özünün  dünyadakı nişanələri; 2. Keçmiş xalqların həyatı və haqqı yalan hesab etdikləri üçün qarşılaşdıqları acı tale. Bütün yaradılış aləmi Allahın tək olduğunu göstərən nişanələr, keçmiş xalqların həyatı isə peyğəmbərlərin haqq olduğunu göstərən həqiqətlərdir. Quranda hər iki cəhətə xüsusi önəm verilir. Tövhid Quranın əsası və özülü, peyğəmbərlik isə zəruri şərtidir. Quranın yaradılış aləmi və bəşər tarixi olan bu səsləşməsi onun haqq olduğunu göstərən möhkəm dəlildir[1].

  1. Göyün sütunları: Deyilənə görə, Hüseyn ibn Xalid adlı bir nəfər İmam Rzadan (ə): “Allah “Zariyat” surəsinin yeddinci ayəsində “yollara malik olan göyə and olsun”, – deyərkən nəyi nəzərdə tutmuşdur?”, – deyə soruşduqda İmam (ə) buyurmuşdur: “Bu göydən yerə doğru uzanmış yollar var”. Hüseyn ibn Xalid soruşmuşdur: “Allah göylər sütunsuzdur, deyə buyurduğu halda yerlə hansı yol əlaqəsi ola bilər ki?” İmam (ə) buyurmuşdur: “Allah pak və müqəddəsdir. Məgər Allah sizin görə biləcəyiniz sütunlarsız deyə buyurmayıbmı?” Hüseyn ibn Xalid: “Bəli”, – deyə cavab vermişdir. İmam belə davam etmişdir: “Deməli, sütunlar var, sadəcə siz onları görmürsünüz.” Bu hədis əsasında nəzər nöqtəsi olan ayənin Quranın nazil olduğu vaxt heç kəsə məlum olmayan bir həqiqətdən xəbər verdiyi məlum olur. Belə ki, həmin dövrdə elm dünyasına Ptolomey nəzəriyyəsi hakim idi. Adıçəkilən nəzəriyyəyə əsasən göylər soğanın qatları kimi kürələr şəklində bir-birinin üzərində yerləşmişdir. Heç biri sütunsuz və asılı deyil, hamısı bir-birinə söykənmiş vəziyyətdədir. Elm inkişaf etdikdən sonra göylərin soğan qabığına bənzər formada olması fikrinin tamamlə yanlış olduğu ortaya çıxdı. Əsl həqiqət isə budur ki, səma cisimləri, planetlər nəyəsə söykənməmiş, hər biri öz orbitində sabit və asılı vəziyyətdədir. Onları öz orbitlərində sabit saxlayan yeganə amil cazibə və dafiə qüvvəsinin balansıdır. Bu qüvvələrdən biri planetlərin kütləsi, digəri isə hərəkəti ilə bağlıdır. Cazibə və dafiə bu balansı görünməz bir sütun kimi səma cisimlərini, planetləri öz yerlərində qoruyub saxlayır[2].
  2. Bitkilər haqqında iki mühüm nüans: 2-4-cü ayələrin əsas qayəsi Allahın kainatı tək idarə etdiyini çatdırmaqdır. Yəni Allah-taala kainatın yaradıcısı olmaqla yanaşı, onları idarə edir. Bütpərəstlər isə Allahı kainatın yaradıcısı, bütləri isə onların idarəedicisi hesab edirdilər[3]. Bu ayə mühüm nüansları ehtiva edir. Burada onların ikisinə ümumiləşdirilmiş və lakonik şəkildə işarə edəcəyik: 1. Yer üzü bir-birinin yanında yerləşmiş, özünəməxsus quruluşa, bitki göyərtmək potensalına malik müxtəlif hissələrdən təşkil olunmuşdur. Sanki hər bir hissə insanların ehtiyaclarını ödəmək üçün özlərinə məxsus olan ayrı-ayrı bitkiləri yetişdirmək üçün vəzifələndirlmişdir. 2. Ağac və bitkilər bəzən bir, bəzən ikibudaqlı olur. “Sinvan” ərəb dilində ağacın əsas gövdəsndən ayrılan budağa deyilir. Ümumiyyətlə, “sinvan” gövdədən ayrılan budaqlar mənasını daşıyır. Çox maraqlıdır ki, bu budaqların hər biri bəzən fərqli-fərqli meyvələr yetşdirir. Ola bilsin ki, bu ifadə ağacların peyvənd oluna biləcəyini göstərir. Bəzən bir gövdəyə bir neçə növ calaq edilir. Bu calaqların hər biri inkişaf edib fərqli-fərqli meyvələr yetişdirir[4].
  3. Onlar yaxşılıqdan (rəhmətdən) öncə səndən pisliyə (əzaba) tələsməyini istəyirlər. Halbuki onlardan əvvəl ibrətamiz bəlalar nazil olmuşdur. Zülm etmələrinə baxmayaraq, Rəbbin insanlara qarşı mehriban və bağışlayandır. (Eyni halda) Rəbbin şiddətli əzab verəndir.
  4. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq qorxudansan. Hər qövmün bir yolgöstərəni vardır.
  5. Allah hər bir dişinin daşıdığı döldən, bətnlərin nəyi əskildib, nəyi artıracağından xəbərdardır. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.
  6. Qeybi və aşkarı biləndir, böyükdür, ucadır.
  7. Onun üçün gizli danışanlarınız da, onu aşkara çıxaranlarınız da, gecə məxfi, gündüz açıq-aşkar gəzənləriniz də eynidir.
  8. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Özlərində olanı dəyişmədikcə, Allah heç bir xalqın taleyini dəyişməz. Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz.
  9. Həm qorxmağınız, həm də ümid bəsləməyiniz üçün ildırımı sizə göstərən və ağır buludları var edən Odur.
  10. Göy gurultusu Ona həmd və tərif deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). İldırımları göndərib istədiyini vurur. Halbuki onlar Allah barəsində mübahisə edirlər. O, sonsuz qüdrət sahibidir (şiddətli əzab verəndir).

—————————————————————————————-

  1. Rəhmət və mərhəmət əvəzinə Allahın əzabını istəmək: Əslində, onlar Peyğəmbərə (s) istehza etmək niyyətilə belə deyirdilər. Kafirlər peyğəmbərlərin (ə) onları ilahi əzabla təhdid etdiklərini görüb belə istehzalara əl atır, əzabın gəlməsini istəyirdilər. Allah-taala onların bu istəyini sözügedən ayədə təəccüb formasında bəyan edir. Əvvəla, onlar keçmiş xalqların hansı ibrətamiz bəla və müsibətlərə düçar olduqlarından xəbərdar idilər; ikincisi, Allah insanlara qarşı mehriban və bağışlayandır. Onlar əzab deyil, mərhəmət və bağışlanma istəməli idilər[5].
  2. Peyğəmbər şəriətin təsisçisi, imam isə onu qoruyandır: Qorxutmaq, qorxu gəlmək və təhdid etmək yolunu azmışların yola gətirilməsi və doğru yolu tapmaları üçündür. Yolgöstərən, hidayətçi isə insanların doğru yolda yürüməsi üçündür. Əslində, “qorxu gələn” yaradan, var edən, “yolgöstərən” isə qoruyan və irəli aparandır. Biz bu ikisini peyğəmbər və imam adlandırırıq. Peyğəmbər şəriətin əsasını qoyur, imam isə onu qoruyur. Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədis bu izahı təsdiq edir. İbn Abbasa istinad edilən bir hədisdə bu ayə nazil edilərkən Peyğəmbərin (s) əlini sinəsinə qoyaraq “mən qorxudanam” deməsi, sonra Əliyə (ə) işarə edərək “sən yolgöstərən və hidayətçisən. Məndən sonra hidayət olunmuşlar sənin vasitənlə hidayət olunacaqlar”, – deyə buyurması nəql edilmişdir[6].
  3. Gözəgörünməz mühafizəçilər: Ayədən Allahın bir qrup mələyi gecə-gündüz növbələşərək insanları öndən və arxadan qorumaq üçün təyin etdiyi başa düşülür. Demək olar ki, hamımız çox vaxt möcüzəli bir qüvvənin bizi və ya yaxınlarımızı təhlükələrdən qoruduğunu hiss etmişik. Şübhəsiz ki, bunların təsadüf olmadığını qəbul edirik. İmam Baqir (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “Yəni Allahın qaçılmaz təqdiri yetişənə qədər onu quyuya düşməkdən, uçan divarın altında qalmaqdan və sair hadisələrdən qoruyurlar. Allahın qaçılmaz təqdiri yetişdikdə isə onu Allahın öhdəsinə buraxıb Ona həvalə edirlər. Bunlar insanı növbə ilə gecə-gündüz qoruyan dörd mələkdir”[7].
  4. İnsanın fərdi və ictimai xoşbəxtliyindəki rolu: Quranın bu və bir çox ayəsində insanların yaxşı və pis əməllərinin onların həyatlarına birbaşa təsir göstərdiyi qeyd edilmişdr. İmam Səccad (ə) bu ayə haqqında belə buyurmuşdur: “Nemətləri dəyişən günahlar bunlardır: insanlara qarşı zülm və haqsızlıq etmək, yaxşı və bəyənilmiş adətlərin tərk edilməsi, nemətlərə qarşı nankorluq, şükür və təşəkkürün tərk edilməsi. Bu barədə Allah-taala “…Allah xalqı dəyişməz…”, – deyə buyurmuşdur.”[8]

İmam Sadiq (ə) atasına istinadən belə buyurmuşdur: “Nemətin bəndəyə verilib, günah edib bəlaya səbəb olmayınca ondan alınmaması Allahın dəyişməz qanunudur.”[9] Bu ayədə İslamın əsas prinsiplərindən biri yer almışdır. Hər hansı cəmiyyətin qələbəsi, məğlubiyyəti, xoşbəxtlik və bədbəxtliyi həmin cəmiyyətin özüdür. Xarici amillər sonrakı yerləri tutur[10].

  1. İldırımın tərif deməsi: Bu ifadə işarə edilən göy hadisəsinin sadə bir hadisə olmadığından xəbər verir. İldırım, əslində, Allahın elm və qüdrətindən xəbər verir. Çünki tərif Allahın bütün eyib və nöqsanlardan uzaq olmasını, həmd isə Allaha ibadəti ifadə edir. Bu cəhətdən ildırım Allahın gözəllik və əzəmət atributlarını ifadə edir. Bu ifadə sözlü deyil, sözsüz olsa da, malik olduğu vəziyyətlə bunu ehtiva edir. Məsələn, hər hansı bir ixtira ixtiraçının nə qədər savadlı və məlumatlı olmasından xəbər verir, onun təriflənməsinə, yaxşı xatırlanmasına səbəb olur.

Bəzi təfsirçilər bu dünyanın bütün zərrələrinin özünəməxsus şüura malik olduğunu, şüurlu şəkildə, ağılla, dərk edərək tərif və həmd dediklərini qeyd edirlər. İldırımın da həmd və tərifini bu qəbldən olan təriflərdən hesab etmək olar[11].14. Həqiqi çağırış yalnız Ona məxsusdur. Allahdan qeyri çağırdıqları onların çağırışına cavab verməz. Onlar ağızlarına su çatsın deyə, ovuclarını suya tərəf açmış şəxsə bənzəyirlər. Ancaq əsla çatmayacaq. Kafirlərin duası azğınlıqda olmaqdan başqa bir şey deyildir.

  1. Göylərdə və yerdə olanların hamısı, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir.
  2. De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə hami (və tanrı) seçirsiniz?” De: “Korla görən eynidirmi? Yaxud zülmətlə nur eynidirmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yarada bilən şəriklər tapdılar və bu yaratma onların gözündə bir-birinə bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O, təkdir, (hər şeyə) qalib gələndir”.
  3. Göydən su endirir, çay və dərələrin tutduğu qədər sellənib axır. Sel üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya məişət əşyaları düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük kənara sıçrayıb yox olur, insanlara fayda verən şeylər yer üzündə qalıcı olur. Allah belə məsəllər çəkir.
  4. Rəblərinin dəvətini qəbul edənlər üçün gözəl mükafat vardır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də onların olsaydı, hamısını əzabdan xilas olmaq üçün verərdilər. (Lakin onlardan qəbul edilməzdi.) Onları çox pis bir hesab gözləyir. Yerləri Cəhənnəmdir. Nə pis yerdir!

——————————————————————————————-

  1. Haqqa çağırış: Dəvət və dua ərəbcə dua edənin çağırdığı şəxsin diqqətini özünə cəlb etməsinə deyilir. Həqiqi dua və çağırışın iki əsas şərti var: birincisi, çağırılan şəxs çağıranı eşitməli, ikincisi, cavab verməli və çağıranın istəyini yerinə yetirməlidir. Bu iki xüsusiyyət müşriklərin ibadət etdikləri bütlər, ulduzlar və sairəyə deyil, Allaha məxsusdur. Deməli, Allahı çağırmaq həqiqi dua və çağırış hesab edilir. Lakin Allahdan qeyrisini çağırmaq səhv və yanlışdır. Buna görə də Allah-taala gözəl bir misalla belə bir yanlış duanın həqiqi dua deyil, duanın təqlidi olduğunu başa salır. Belə ki, susuz bir adam sudan aralı dayanıb ovuclarını açır və ağzına yaxınlaşdırır, beləcə su içməyi təqlid edir. Aydındır ki, belə bir şəxsin susuzluğu yatmayacaq. Allahdan qeyrisini çağıran da eynilə belədir. Heç bir cavab eşitməyəcək, sadəcə, dua formasını yerinə yetirmiş olacaq[12].
  2. Yaranmışların səcdəsi: Səcdə bu məqamlarda acizlik, təvazökarlıq və təslimin ən son həddi hesab edilir. Yəni bütün mələklər, insanlar, ağıl və şüur sahibləri Allaha möhtacdırlar, Onun fərmanına tabedirlər. Əlbəttə, bir qrupun səcdəsi və təvazökarlığı yalnız qeyri-ixtiyari səciyyə daşıyır. Onlar yaradılış aləminin qanunlarına tabedirlər. Məsələn, bütün yaradılmışların cisimləri, canları yaşamaq, ölmək, inkişaf etmək, boy atmaq, sağlam olmaq, xəstələnmək və sair kimi qanunlara tabedir. Yaradılış qanunları qarşısındakı bu təslim qeyri-ixtiyari səcdə hesab edilir. Yaradılmışların bəzisinin səcdəsi isə qeyr-ixtiyari olmaqla yanaşı ixtiyari səciyyə də daşıyır. Yəni biz öz iradəmizlə Allah qarşısında səcdə edirik[13].
  3. Haqq və batilin çox möhtəşəm bir misalla təsvir edilməsi: Haqla batilin gözəl təsvirini ehtiva edən, eyni zamanda ədəbi cəhətdən yüksək şəkildə ifadə edilmiş bu mənalı misalda çox həqiqətlər gizlənmişdir. Burada üç nöqtəyə işarə edəcəyik: 1. “Sel üzə çıxmış bir köpüyü götürüb aparır.” Bilirik ki, saf suyun üzündə nadir hallarda köpük görmək olar. Çünki su yalnız xaricdən bulandığı zaman köpük yaranır. Deməli, buradan belə məlum olur ki, əgər haqq öz saflığı və təmizliyində qalsa, onun kənarlarında əsla köpüklər meydana gəlməz. Ancaq haqq çirkli mühitlə qarşılaşdıqda mühitin rəngini alarsa, həqiqət xurafatla, dürüstülk nadürüstlüklə, paklıq və təmizlik natəmizliklə qarışarsa, onun kənarlarında köpüklər meydana gələcək. İmam Əlinin (ə) bir kəlamı da bunu ifadə edir: “Əgər batil haqla qarışmasaydı, haqq onu axtaranlara gizli qalmazdı. Əgər haqq batillə örtülməsəydi, onun barəsində pis danışan düşmənlərin dili qısalardı.” 2. Çay və dərələrin tutduğu qədər sellənib axır. Bu cümlədən belə anlaşılır ki, ilahi nemətin mənbəyində heç bir paxıllıq, məhdudiyyət və qadağa yoxdur. Buludlar səmada heç bir maneəsiz hər tərəfə yağış yağdırır, ondan ayrı-ayrı yerlər, dərələr, çaylar öz tutduqları qədər faydalanır. Daha kiçik yer daha az istfadə edir, daha böyük yerin payı isə daha böyük olur. İnsanların qəlbi və ruhu da ilahi nemət qarşısında eynilə belədir. 3. “İnsanlara fayda verən yer üzündə qalıcı olur”. Köpük və su misalında köpük yoxa çıxıb təmiz və saf su, ərimiş dəmir və onun üzünün köpüyü misalında xalis dəmir qaldığı kimi, faydalı insanlar, qruplar, məktəblər və proqramların da yaşamaq haqqı vardır. Əgər batil bir insan və məktəbin qaldığını görürüksə, bu, ona qarışmış haqqa görədir[14].
  4. Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən şəxs kora bənzəyə bilərmi? Təkcə ağıl sahibləri xatırlayar.
  5. Allaha verdikləri sözü yerinə yetirən və əhdi pozmayanlar,
  6. Allahın əmr etdiyi əlaqələri yaradanlar, Rəblərindən qorxan və haqq-hesabın pisliyindən çəkinənlər,
  7. Rəblərinin razılığını cəlb etmək üçün səbir edən, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyən və pisliyi yaxşılıqla dəf edənlər. Axirət evinin gözəl aqibəti onlarındır.
  8. Daxil olacaqları Cənnət bağları onlarındır. Əməlisaleh ataları, zövcə­­ləri, övladları və mələklər bütün qapılardan onların yanına daxil olacaq (və onlara deyəcəklər:)
  9. “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət evinin sonu necə də gözəldir!”
  10. Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqə və bağlılıqları kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və axirət evinin pisliyi vardır.
  11. Allah istədiyinin ruzisini bol edər, istədiyinkini də azaldar. Ancaq onlar (kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə çox cüzi bir bir şeydir.
  12. Kafir olanlar deyirlər: “Nə üçün Rəbbi tərəfindən ona bir əlamət endirilməyib?” De: “Allah istədiyini sapdırır, qayıdanları isə Özünə doğru yola yönəldir”.
  13. Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

—————————————————————————————

  1. Allah tərəfindən yaradılması və qorunması əmr edilmiş əlaqələr: Bu cümlə geniş məzmun daşıyır. Burada Allahın əmr etdiyi istənilən növ əlaqə nəzərdə tutulur. Bunların ən məşhuru qohumluq əlaqəsidir. Allah-taala “Nisa” surəsinin birinci ayəsində təkidlə belə buyurmuşdur: “Qohumlarınızla olan əlaqənizi kəsməkdən çəkinin!” Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, bu cümlə ümumi məzmun daşıyır. Çoxlu sayda hədislərdə imamlarla olan əlaqələr bu bağlılığın ən mühüm nümunələrindən biri kimi bəyan edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayənin bir mənası qohumlarla əlaqədir. Ancaq onun ən yüksək nümunəsi bizimlə olan bağlılığınızdır.”[15]
  2. Qiyamətdə hesabatın pisliyi və çətinliyi: Təfsirçilər “hesabın pisliyi” ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, dəqiq və güzəştsiz hesab nəzərdə tutulur. Çünki hesabın pisliyi deyilərkən aləmlərin Rəbbinin zülm və haqsızlığa yol verəcəyini düşünmək düzgün deyil. İmam Sadiqin (ə) bir hədisi də bu mənanı təsdiq edir. Belə ki, İmam Sadiq (ə) bir səhabəsindən: “Nə üçün filankəs səndən şikayət edir?” – deyə soruşduqda o, belə cavab verir: Haqqımı ondan tam aldığım üçün şikayətlənir. İmam bu sözü eşitdikdən sonra əsəbi halda oturub deyir: “Haqqını sona qədər almısansa, pislik etmədiyini güman edirsən? Allahın “Qyamət gününün pis hesabından qorxarlar”, – deyə buyurduğunu eşitməmisənmi? Güman edirsən ki, ağıl sahibləri Allahın onlara zülm edəcəyindən qorxurlar? Xeyr. And olsun Allaha, onlar qorxurlar ki, Allah onların hesablarını diqqətlə, sona qədər yoxlayacaq. Allah bunun adını hesabın pisliyi qoyub. Buna görə də hesablaşmada diqqət və həddən artıq ciddlik göstərən şəxs pis hesablaşma aparmışdır.”[16]
  3. Pisliklərin yaxşılıqlarla dəf edilməsi: Yəni ağıllı insanlar pis bir iş gördükdə, günaha yol verdikdə onu yaxşı iş görməklə dəf edirlər. Bu pisliyin onlar və ya başqaları tərəfindən baş verməsinin fərqi yoxdur. Əgər özləri tərəfindən baş verərsə, tövbə edib bağışlanılmalarını diləyir, həmin pisliyin əvəzində yaxşı bir iş görürlər. Əgər başqaları onlara pislik və haqsızlıq edibsə, bağışlayıb əfv edir, alicənablıq göstərib pislikdən çəkindirirlər[17]. Hədislərdə hər iki vəziyyətə işarə edilmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Pis bir iş gördükdə ardınca yaxşı iş görməklə onu dəf et.” İmam Əli (ə) buyurmuşdur: “Qardaşını yaxşılıq etməklə tənbeh et, zərərini bəxşişlə qaytar.”[18]
  4. Qəlbin rahatlığı: Bu, dəqiqdir ki, insanın bu həyatdakı bütün səy və təlaşı xoşbəxtliyə nail olmaq üçün, bütün qorxusu isə bədbəxtlik və məhrumiyyətlə qarşılaşmaqdandır. İnsanlar bu yolda hər vasitəyə əl atır, bütün gücünü sərf edirlər. Dünyada olan bütün səbəblər, ümumiyyətlə dünyadakı hər şey nə qədər faydalı olsa da, fanidir, əbədi deyil. Var-dövlət, övlad, həyat yoldaşı və sairəni buna misal göstərə bilərik. Əslində, bunlardan heç birinə bağlanıb rahatlıq tapmaq olmaz. Lakin Allahı tanıyıb bütün xeyir və yaxşılıqların Ondan olduğuna, möminlərin himayəçisinin Allah olduğuna, onlara xoşbəxtlik nəsib edəcəyinə söz verdiyinə inanan şəxsin qəm-qüssəsi olmaz, qəlbi tam rahatlıq içində olar. Bu, inkaredilməz bir həqiqətdir. Qəlbində Allahdan qeyrisi ilə rahatlıq tapan və bu həqiqəti unudan şəxs bir anlığa hansı əbədi varlıqdan uzaqlaşdığını, hansı fani varlığa söykəndiyini xatırlayarsa, iztirab və narahatlıq bütün varlığını bürüyər[19].
  5. İman gətirib yaxşı işlər görənlərin nəsibi ən yaxşı şeylər və ən yaxşı aqibətdir.
  6. Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və qayıdışım Ona doğrudur”.
  7. Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də iman gətirməyəcəklər). Ancaq bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər bilmirlərmi ki, əgər Allah istəsə, bütün insanları doğru yola yönəldər? (Sadəcə, məcburi hidayətin heç bir faydası yoxdur.) Allahın vədi yetişənə qədər etdikləri əməllərə görə kafir olanlara əzici müsibət üz verməkdə davam edəcək və ya onların evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.
  8. Səndən əvvəlki elçilərə də istehza etmişdilər. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Gördün əzabım necə idi?
  9. Hər kəsin başı üzərində dayanıb, hər kəsin əməllərini görən şəxs (bu xüsusiyyətlərin heç birinə malik olmayan kimidirmi)? Onlar Allaha şəriklər qoşdular. De: “Onların adlarını sadalayın! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Kafirlərə öz yalanları gözəl göstərilmiş və onlar yoldan (Allah yolundan) çıxarılmışlar. Allahın azdırdığı şəxsin yol göstərəni olmaz.
  10. Onlar üçün dünyada əzab vardır. Axirət əzabı isə daha ağırdır. Heç kəs onları Allahdan qoruya bilməz.

————————————————————————————–

  1. İman və təqvaya əsaslanan həyat ən yaxşı həyatdır: Nemətlər həyatı ləzətli və dadlı etdikləri zaman dadlı və şirin olur. Həyatı dadlı etdikləri təqdirdə insan onlarla rahatlıq tapır. Əgər insan ən yaxşı nemətlərə sahib olarsa, lakin rahatlığı olmazsa, bu nemətlərin heç bir dadı və ləzzəti olmaz. Rahatlıq isə təkcə iman və təqva işığında əldə edilir. Davamlı olaraq Allahı xatırlayan insanın qarşılaşdığı heç bir şeydən qorxusu olmaz. Çünki o, hər şeyin ixtiyarının Allahın əlində olduğuna, baş verənlərin ilahi qəza-qədər olduğuna, olanların bəndənin xeyrinə olduğuna inanır. Əgər ona nə isə verilirsə, ya da nə isə əlindən alınırsa, deməli, xeyrinədir. Buna görə də bütün həyatı ləzzətli və yaşanmalı, sonu isə ən yaxşı sonluq olur. Allah-taala “Nəhl” surəsinin 97-ci ayəsində bu dadlı və zövqlü həyatı başqa bir şəkildə vəsf edərək buyurmuşdur: “Qadın və kişiliyindən asılı olmayaraq, yaxşı iş görən hər bir şəxsi mömin olacağı təqdirdə pak həyatla dirildərik və onların mükafatını etdikləri ən yaxşı əməllərə uyğun olaraq verərik.” Sonu gözəl və pak olan həyat müqabilində Allahdan üz çevirənlərin həyatını isə belə təsvir etmişdir: “Məni xatırlamaqdan imtina edən hər kəsin həyatı daralacaq və Qiyamət günü onu məhşərə kor gətirəcəyik.” (Taha surəsi, 124-cü ayə)[20].
  2. İnadkar kafirlərdən ümidin kəsilməsi: Surənin bu və digər ayələrindən belə məlum olur ki, möminlər kafirlərin “nə üçün Rəbbindən ona Qurandan başqa bir möcüzə və əlamət nazil olmur?” cümləsini eşitdikdə Allahın Qurandan başqa bir möcüzə göndərəcəyi təqdirdə kafirlərin iman gətirəcəyinə ümidlənirlər. Buna görə də Peyğəmbərdən (s) onların bu istəklərinə müsbət cavab verməsini istəyirlər. Ancaq Allah-taala bu ayədə möminlərə belə buyurur: Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də kafirlər inadkarlıqları və küfrləri ucbatından iman gətirməyəcəklər). Bununla da möminləri onların iman gətirəcəyindən tamamilə ümidsiz edir[21].
  3. Məkkə və onun ətrafında yaşayan kafirlərə əzici bəlalar nazil olması: Bu ayədə Allah kafirləri qəti şəkildə təhdid edir və onlara əzabın son həddi nazil olana qədər əlamətləri biri digərinin ardınca aşkara çıxan əzab vədi verir. Əllamə Təbatəbai bu ayəni təfsir edərkən belə yazır: “Kafir” deyilərkən burada İslamın ilk dövründə İslamı və Peyğəmbəri (s) inkar etməkdə, ona qarşı düşmənçilikdə, fitnə-fəsad törətməkdə əllərindən gələni əsirgməyən məkkəli və qeyri-məkkəli olan bütün kafirlər nəzərdə tutulur. Daha sonra Allah onları iki qrupa bölür: Birinci qrup əzici bəlalara düçar olmuşlardır. Onlar müharibələr, qətllər və qarətlər nəticəsində tamamilə pis vəziyyətə düşmüş Məkkə ətrafı ərazilərin müşrikləridir. İkinci qrup isə bəla və müsibətlərin onların yaşadıqları yerin yaxınlığına qədər gəlib çıxmış şəxslərdir. Onlar Məkkənin özündə yaşayan kafirlərdir. Şəhərin ətrafında baş verən hadisələrin tüstüsü onlara qədər gəlib çatır, onların qorxusu, dəhşəti, qəm-qüssəsi şəhər əhalisinin yuxusunu ərşə çəkir, iştahlarını əlindən alır. Allahın son vədi isə Bədr və digər müharibələrdə qılınclar vasitəsilə kafirlərin axırına çıxan əzabdır[22].
  4. Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir: ağacları altından çaylar axır, meyvəsi də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə oddur.
  5. Səmavi kitab verdiyimiz kəslər sənə nazil edilənə görə şaddırlar. Firqələrin bəzisi onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona doğru çağırıram və qayıdışım da yalnız Onadır!”
  6. Beləliklə, biz onu (Quranı) sənə açıq-aydın bir əmr olaraq nazil etdik. Əgər sənə elm gəldikdən sonra onların istəklərinə tabe olsan, səni Allah qarşısında nə bir himayə edən, nə də bir qoruyan olar.
  7. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir möcüzə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var.
  8. Allah istədiyini pozar, istədiyini sabit saxlayar. Ana kitab (lövhi-məhfuz) Onun yanındadır.
  9. Biz onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək və ya (ondan öncə) səni öldürsək (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Onlardan haqq-hesab soruşmaq Bizə aiddir.
  10. Məgər Bizim, yer üzünə gəlib onu ətraflarından azaltdığımızı görmürlərmi? (Cəmiyyətlər, mədəniyyətlər, alimlər tədricən yox olur.) Allah hökm verir. Onun hökmünün qarşını heç kəs ala və ya inkar edə bilməz. O, sürətli haqq-hesab çəkəndir.
  11. Onlardan əvvəl də planlar quranlar oldu. Ancaq bütün planlar Allaha məxsusdur. O, hər kəsin nə etdiyindən xəbərdardır. Tezliklə kafirlər axirətdə gözəl aqibətin kimin olacağını biləcəklər.

—————————————————————————————-

  1. Peyğəmbərlik missiyasının elan edildiyi illərdə kitab əhlinin İslama qarşı müsbət mövqeyi: Kitab əhli deyilərkən yəhudilər, xristanlar və atəşpərəstlər nəzərdə tutulur. Tarixi mənbələr göstərir ki, yəhudilər peyğəmbərlik missiyasının elan edildiyi və habelə ondan əvvəlki illərdə peyğəmbərə qarşı düşmən münasibəti bəsləmirdilər. Yəhudilərin əsas düşmənçiliyi və inadkarlığı Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra yarandı. Hətta hicrətin ilk illərində onların bir qrupu iman gətirmiş və Peyğəmbərin (s) peyğəmbərliyini qəbul etmişdir. Elə həmin dövrlərdə xristianlardan bir qrupu da haqq dini qəbul etmiş, İslama qarşı çıxmamışdır. Buna Həbəşistan xristianlarını misal göstərə bilərik. Həbəşistanlıların çoxu İslamı qəbul etmişdi. Atəşpərəstlər də həmin dövrlərdə haqq və ədaləti yayacaq bir xilaskarı gözləyirdilər. Onlar müşriklər kimi haqqa qarşı inadkar mövqedə deyildilər. Ayənin daha çox nəzər nöqtəsində olan qrup ikinci qrup, yəni doğru yolu axtaran Nəcaşi və tərəfdarları kimi xristianlardır[23].
  2. Firqələr və qruplar: Burada batil inancları ilə uyğunluq təşkil etməyən ayələri qəbul etməyən kitab əhli nəzərdə tutulur. Buna Allahın tək olduğunu bəyan edən, üçlüyü və kitab əhlinin digər təhrif edilmiş inanclarını və hökmlərini inkar edən ayələri misal göstərmək olar[24].
  3. “Ana kitab” nə deməkdir? Bu ayə hədislərdə də işarə edilmiş ümumi bir qanunu bəyan edir. Dünyada baş verən hadisələr iki mərhələ ilə səciyyələnir: birincisi, heç bir dəyişikliyə məruz qalmayan və ayədə “ana kitab” ifadəsi ilə təqdim edilmiş qəti mərhələdir. İkincisi, dəyişikliyə məruz qalan qeyri-qəti və şərtli mərhələdir. Buna “məhv və sübut” mərhələsi də deyilir. Bəzən bu iki mərhələni “Lövhi-məhfuz” və “Lövhi-məhv və isbat” da adlandırırlar. Bu iki lövhdən birində yazılmışlar əsla dəyişilmir, dəyişməz qalır. Lakin digər lövhədə bir şey yazıla və sonra pozula, pozulanın yerinə başqası yazıla bilər. Bu isə bəzən hadisələrə onların natamam səbəblər aspektindən baxmağmızla bağlıdır. Məsələn, öldürücü bir zəhəri nəzərdə tutub “kim ondan içsə, ölər” deyirik, lakin həmin zəhərin təsirini aradan aparacaq dərmanı yaddan çıxarırıq. Belə ki, zəhərə qarşı olan dərman vaxtında içilərsə, zəhərin təsirini tamamilə məhv edər. Bu misalda zəhər vasitəsilə ölmək qəti səciyyə daşımır. Bu hadisənin yeri “Lövhi-məhv və isbat”dır. Yəni digər hadisələrə əsasən dəyişə biləndir. Lakin hadisəni tam səbəbləri ilə birlikdə, şərtlərin hamısının toplanması və bütün maneələrin aradan qalxması kontekstində nəzərdə tutarıqsa, artıq hadisə qəti səciyyə daşımış olur və yeri “Lövhi-məhfuz”dur. Bu izahla sözügedən mövzu ilə bağlı yaranacaq suallara cavab verilmiş olur. Quranın bəzi ayələri və hədislərdə filan işin filan şeyə səbəb olacağını oxuyuruq. Ancaq bəzən bu nəticələrin şahidi olmuruq. Bu, ona görədir ki, həmin nəticənin gerçəkləşməsi şərtlərdən asılıdır. Ya həmin şərtlər tam təmin olunmayıb, ya da hər hansı maneə şərtlərin tamlaşmasına imkan verməmişdir. Lövhi-məhfuz, Lövhi-məhv və isbat, peyğəmbər və imamların elmlərindən bəhs edən bir çox hədislərə yuxarıdakı izah əsasında tam aydınlıq gəlir. Möminlərin əmiri İmam Əli (ə) bir gün Allah rəsulundan (s) bu ayə haqqında soruşduqda Peyğəmbər (s) buyurur: “Mən bu ayəni təfsir etməklə özümdən sonra sənin və ümmətin gözünü işıqlandırıram. Ehtiyaclılara düzgün şəkildə yardım göstərmək, ata-anaya yaxşılıq etmək, hər bir xeyirli işi yerinə yetirmək bədbəxtliyi xoşbəxtliyə çevirir, ömrü uzadır, təhlükələrin qarşısını alır.” Bu hədisdən xoşbəxtlik və bədbəxtliyin qaçılmaz br hadisə olduğu anlaşılır. Hətta bir nəfər ən bədbəxt insanların sırasında yer almasına baxmayaraq, davranışlarını dəyişməklə, yaxşılıqlara üz tutmaqla, xüsusilə Allahın bəndələrinə yardım və xidmət göstərməklə öz taleyini dəyişə bilər. Çünki bu işlərin yeri Lövhi-məhfuz deyil, Lövhi-məhv və isbatdır. Əlbəttə, bu hədis ayənin ehtiva etdiyi cəhətlərdən birini bəyan etmək üçün qeyd edilmişdir[25].
  4. Kafirlər deyirlər: “Sən peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitabı bilən şəxsin şahid olması yetər”.

 

[1] Əl-Mizan, c.11, səh.285

[2] Nümunə, c.10, səh.110

[3] Əl-Mizan, c.11, səh.296

[4] Nümunə, c.10, səh.116

[5] Əl-Mizan, c.11, səh.303

[6] Nümunə, c.10, səh.130

[7] Nümunə, c.10, səh.142

[8] Əl-Mizan, c.11, səh.333

[9] Təfsiri-mövzui, c.5, səh.66

[10] Nümunə, c.10, səh.145

[11] Pəyame-Quran, c.2, səh.262

[12] Əl-Mizan, c.11, səh.319

[13] Nümunə, c.10, səh.156

[14] Nümunə, c.10, səh.167

[15] Əl-Mizan, c.11, səh.345

[16] Nümunə, c.10, səh.178

[17] Əl-Mizan, c.11, səh.347

[18] Nümunə, c.10, səh.191

[19] Əl-Mizan, c.11, səh.358

[20] Əl-Mizan, c.11, səh.359

[21] Əl-Mizan, c.11, səh.364

[22] Əl-Mizan, c.11, səh.364

[23] Əl-Mizan, c.11, səh.374

[24] Əl-Mizan, c.11, səh.374

[25] Nümunə, c.10, səh.241