“Səbə” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Həmd göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır.
- O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, rəhmlidir, bağışlayandır.
- Kafirlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın”.
- Bunlar ona görədir ki, iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və çox qiymətli ruzi vardır.
- Ayələrimizi qüvvədən salmağa çalışanlar, bizdən yaxa qurtarıb qaça biləcəklərini güman edənləri pis və ağrılı-acılı əzab gözləyir.
- Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun yenilməz qüdrət sahibi və tərifəlayiq Allahın yoluna yönəltdiyini görürlər.
- Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?
——————————————————————————————
“Səbə” surəsinin ümumi məzmunu: Bu surə beş mövzunu əhatə edir: 1. Tövhid, Allahın varlıq aləmindəki nişanələrinin bir qismi, Ona aid olan müqəddəs xüsusiyyətlər, o cümlədən tövhid, rəbb və tanrılıq xüsusiyyətləri. 2. Məad. Bu surədə məad mövzusuna daha çox yer verilmiş, müxtəlif yönlərdən izah edilmişdir. 3. Keçmiş peyğəmbərlər və İslam peyğəmbərinin (s) peyğəmbərliyi, düşmənlərin onun haqqında olan bəhanələrinə cavab və əvvəlki peyğəmbərlərin göstərdikləri möcüzələrin bir qisminin izahı. 4. Allahın böyük nemətlərinin bir hissəsi, şükür və küfr edənlərin aqibəti, Süleyman (ə) və Səbə xalqının həyatının bir hissəsi. 5. Fikir, düşüncə, iman, saleh əmələ çağırış, haqq axtarışında olanların ümumi və əhatəli tərbiyə proqramını təşkil edən amillərin insanın xoşbəxtlik və bədbəxtliyinə təsiri.[1]
- Allahın elmi: Məad inkar edənlərin iradlarından biri bu idi ki, insan torpağa çevrildikdən və bütün üzvləri torpağa yayıldıqdan sonra onları kim tanıyıb ayırd edəcək, bir yerə toplayacaq, yeni həyata qaytaracaq, bütün bəndələrin gizli və aşkarda olan əməllərinin hesabatanı aparıb onları qoruyacaq, vaxtı çatanda onları incələyəcək? Ayədə Allahın bütün gizli işlərdən xəbərdar olduğu, zahiri və batini bildiyi, yerdə və göylərdə, hətta zərrə qədər əməlin də Onun sonsuz elmindən kənar olmadığı buyurulur. Beləliklə, nə insan bədəninin zərrələrinin torpağa qarışması, nə onun digər varlıqlara qarışması, hətta həmin hissələrin qida vasitəsilə digər insanların mədəninə köçməsi onların geri qayıtmasına mane olmur. Onların etdikləri əməllər, hətta formasını dəyişsə də bu dünyada qalır. Allah bu əməllərin hamısından xəbərdardır.[2]
- Alimlər sənin qayıdışını doğru hesab edirlər: Bəzi təfsirçilər “elm verilmiş şəxslər” deyilərkən Quranın haqq olduğunu göstərən əlamətləri gördükdən sonra onun qarşısında təzim edən, onun haqq olduğunu etiraf edən kitab əhli olduğunu bildirirlər. Kitab əhlinin bu ifadənin prototiplərindən olmasının heç bir problemi yoxdur. Ancaq ayənin yalnız bu məna ilə məhdudlaşdırılması əsassızdır. “Yəra” (burada “görürlər” kimi tərcümə edilən feil, əslində, ərəbcə orijinalında) gələcək zaman feilidir. Buna görə də “elm verilmiş şəxslər” ifadəsi zaman və məkanından asılı olmayaraq, bütün alimləri və düşüncə sahiblərini əhatə edir. Hədislərdə bu sözlə İmam Əliyə (ə) işarə edildiyi qeyd edilmişdir. Təbii ki, İmam Əli (ə) bu ifadənin ən kamil nümunəsidir. Təəssübkeşlikdən uzaq olan istənilən alim bu səmavi kitabın məna dolu maarifindən, qətiyyətli hökmlərindən, hikmətamiz nəsihətləri və təkanverici öyüdlərindən tutmuş ibrətamiz tarixi hadisələri, ecazkar elmi mövzularına qədər, bütün mövzuları haqqında düşünsə, onun bütün ayələrinin düzgünlüyünün şahidi olar. Bu gün şərq və qərb alimləri İslam və Quran haqqında çoxlu kitablar yazmışlar. Bu kitablarda İslamın əzəməti və bu Quranın doğruluğu etiraf edilmişdir.[3]
- O, Allaha iftira atır, ya dəli olub?” Xeyr! Axirətə inanmayanlar əzab və dərin bir azğınlıq içindədirlər.
- Onlar önlərindəki və arxalarındakı yerə və göyə baxmırlarmı? Əgər istəsək, onları yerə batırar və ya göydən üzərlərinə daş parçaları endirərik. Bunda hər bir tövbə edən bəndə üçün bir nişanə vardır.
- Biz Davuda Öz tərəfimizdən böyük bir lütf bəxş etdik. (Dağlara və quşlara dedik:) “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq.
- (Ona dedik:) “Tam və geniş zirehlər düzəlt, halqaları ölçüsündə və münasib et. Yaxşı işlər görün ki, Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
- Səhərlər bir aylıq yolu, günortadan sonra (da) bir aylıq yolu qət edən küləyi Süleymana ram etdik. Biz mis çeşməsini onun üçün axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun qabağında işləyirdi. Onlardan hər hansı biri əmrimizdən çıxırdısa, ona yandırıcı odun əzabını daddırırdıq.
- Süleyman nə istəyirdisə, onlar onun üçün düzəldirdilər; məbədlər, heykəllər, hovuzlara bənzər böyük yemək qabları və yerindən tərpənməyən nəhəng qazanlar. Ey Davud nəsli! Şükür edin! Qullarımdan şükür edəni azdır.
- Ölümünə hökm verdiyimiz zaman onun öldüyünü onlara ancaq əsasını yeyən həşərat (qarışqa) göstərdi. Yerə yıxıldığında cinlər anladılar ki, əgər onlar qeybi bilsəydilər, xaredici əzaba məruz qalmazdılar.
————————————————————————————
10-11. Allahın Davuda (ə) lütf etdiyi böyük nemətlər: Bu ayə haqqında danışarkən qeyd edəcəyimiz müxtəlif möcüzələr həzrət Davuda (ə) lütf edilən nemətlərin bir qismidir. Çox gözəl səs, “Sad” surəsində də işarə edilmiş ədalətli mühakimə bacarığı bu ilahi nemətlərdəndir.[4] Davuda (ə) bəxş edilən nemətlərdən biri Süleyman (ə) kimi dindar, bilikli və ədalətli övlad atası olmasıdır.[5] Ona bəxş edilən nemətlər arasında ən üstünü peyğəmbərlik neməti olmuşdur. Dağların və quşların onunla səs-səsə verməsinə gəlincə, bildirirlər ki, kainatın bütün zərrələri, Allaha həmd-səna, tərif desə də, Davudun (ə) üstünlüyü onda idi ki, tərif demək üçün səsini ucaldanda mövcudatın batinində olan aşkara çıxır, daxili zümzümələri xarici nəğməyə çevrilirdi. Hədislərdə qeyd edildiyi kimi, daş parçasının İslam peyğəmbərinin (s) əlində Allahın şəninə tərif deməsi də buna bir misaldır. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Davud çölə və düzə üz tutub Zəburu tilavət edərkən onunla səs-səsə verib oxumayan heç bir dağ, daş və quş qalmırdı.” Bu mənəvi nemətdən sonra ayədə bir maddi nemətə işarə edilir: “Biz dəmiri onun üçün yumşaltdıq”. Ayənin məzmunundan belə başa düşülür ki, dəmirin Davudun (ə) əlində yumşalması Allahın əmri ilə möcüzəli şəkildə baş vermişdir. Belə ki, isti kürəyə dəmiri yumşaltmaq qüdrəti verən Allah üçün eyni xüsusiyyəti başqa bir şəkildə peyğəmbərinin əlinə də bəxş etməsində heç bir çətinlik yoxdur.[6]
12-13. Süleymanın (ə) əzəməti: Küləyin Süleymanın (ə) kürsüsünü (ya xalçasını) necə hərəkətə gətirməsi bizə aydın deyil. Ancaq bildiyimiz budur ki, Allahın qüdrəti qarşında heç nə mürəkkəb və mümkünsüz deyil. İnsan öz kiçik gücü ilə içində yüzlərlə sərnişin olan iri təyyarələri və hava şarlarını göydə hərəkətə gətirdiyi halda, Süleymanın (ə) xalçasını külək vasitəsilə hərəkət etdirmək Allah üçün əsla çətin deyil. Allahın Süleymana (ə) bəxş etdiyi ikinci nemət mis bulağının onun üçün axmasıdır. Əlbəttə, bu hadisənin necəliyi bizə aydın deyil. Üçüncü qeyd edilən nemət böyük bir cin ordusunun onun ixtiyarına verilməsidir. Burada diqqət çəkən başqa bir məqam cinlərin Süleyman (ə) üçün heykəl düzəltməsidir. Bəlkə də bu heykəllər Süleymanın (ə) qəsrlərini daha da əzəmətli göstərmək və bəzək məqsədilə düzəldilirdi. Belə ki, bəzi heyvan heykəlləri insanların nəzərində əzəmət və böyüklük rəmzi hesab edilir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “And olsun Allaha, Süleymanın (ə) göstərişi ilə düzəlmiş heykəllər qadın və kişi heykəlləri deyil, ağac və sairənin heykəlləri olmuşdur.” Bu hədisə əsasən ruhu olan canlıların heykəlinin düzəldilməsinin onun şəriətində də haram olduğu məlum olur.[7]
- Süleymanın (ə) ibrətamiz ölümü: Bu ayədən belə məlum olur ki, Süleyman (ə) öldükdən sonra bir müddət əsasına söykənmiş halda qalmışdır. Onun üçün çalışan cinlər bundan çox gec xəbər tutmuşdular. Təfsirçilər həmin müddətin bir il sürdüyünü qeyd etsələr də, inandırıcı görünmür. Çünki Süleymanın (ə) qəsri var idi, qərar verir, hökm çıxarırdı, hər gün qəbuluna insanlar gəlirdi. Uzun müddət heç kəsin belə bir adamın ölməsindən xəbər tutmaması inandırıcı deyil. Deməli, bu müddət o qədər az olmalı idi ki, saray işçiləri bu müddət ərzində onun qəbuluna getməmiş olsunlar. Ola bilsin ki, Süleyman (ə) müəyyən səbəblərdən bir müddətlik onunla görüşə qadağa qoymuş, özü ilə bir qədər azuqə, yemək və su ehtiyatı götürmüşdü. Süleyman (ə) ibadətini başa vurub qəsrin eyvanına çıxdıqdan sonra ölüm mələyi enib canını almış, sonra da qarışqalar onun əsasını yeməyə başlamış, əsa qırıldıqdan sonra onun ruhsuz bədəni yerə yıxılmışdı. Süleymanın (ə) bu cür ölümü insanların cinlərlə bağlı olan təsəvvürlərini alt-üst etdi və onlara məlum oldu ki, cinlərin qeybdən xəbərləri yoxdur.[8]
- Yaşadıqları yerdə Səbə qövmü üçün bir nişanə – biri sağda, digəri də solda olan iki bağ var idi. (Onlara dedik:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Bu,) tərtəmiz bir şəhərdir və (Bu da) bağışlayan bir Rəbbdir!”
- Amma onlar üz döndərdilər, Biz də üstlərinə dağıdıcı sel göndərdik. Onların iki bağını acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağla əvəz etdik.
- Bu cəzanı onlara nankorluqlarına görə verdik. Məgər biz nankorluq edəndən başqasını cəzalandırarıqmı?
- Onlarla bərəkət verdiyimiz şəhərlər arasında aydın görünən şəhərlər salmış, aralarında münasib gediş-gəliş yaratmışdıq. “Gecələr və gündüzlər bu ərazilərdə arxayın gəzib dolaşın!” ( – demişdik)
- (Ancaq bu naşükür camaat) dedi: “Ey Rəbbimiz! Səfərlərimizdə məsafəni uzaq et! (Qoy yoxsullar varlılar kimi səfər edə bilməsinlər)” – və özlərinə zülm etdilər. Biz onları (başqaları üçün) ibrət dastanlarına çevirib özlərini də pərən-pərən etdik. Bu hadisədə hər bir səbir və şükür edən üçün ibrətamiz nişanələr var.
- Həqiqətən, İblisin onlar barəsindəki ehtimalı gerçəkləşdi. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular.
- O, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri bir-birindən fərqləndirmək üçün belə etdik.
- De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onların nə göylərdə və nə də yerdə zərrə qədər maliklikləri yoxdur. Onlarda (yerlə göylərin yaranışında və ona malik olmada) heç bir şəriklikləri yoxdur və (yaradarkən) Allaha yardımçı da olmayıblar.
—————————————————————————————
15-19. Nankorluq nəticəsində küləyə sovrulan parlaq bir mədəniyyət: “Səbə”nin kimliyi haqqında təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq onun Yəmən ərəblərinin ulu əcdadı olması daha məşhurdur. Peyğəmbərdən (s) nəql olunan bir hədisə əsasən Səbə on oğlu olan bir kişinin adıdır. Bu oğlanlar ərəb qəbilələrinin ataları sayılırlar. Bəziləri hesab edir ki, Səbə Yəmənin və ya Yəmənə aid bir yerin adıdır. Quranın “Nəml” surəsində Süleyman və şanapipiyin əvhalatından da Səbənin yer adı daşıdığı məlum olur. Əlbəttə, Səbə daha öncə şəxs adı olmuş, sonra həmin şəxsdən törəyən qəbilələr bu adla adlanmış, daha sonra həmin qəbilələrin yaşadığı yer bu adla adlandırılmışdır. Səbə əhalisi dağların arasında böyük bir bənd tikib dağıdıcı və səhralarda boş yerə axan sellərin qarşısını almağa müyəssər olmuş və həmin bənddən arxlar çəkərək böyük bağlar və əkin sahələri salmışdı. Əlbəttə, ayələrdə iki bağ deyilərkən adi bağ nəzərdə tutulmur. Bəndin suyu ilə becərilən bu bağlar həddən artıq bərəkətli və bol meyvəli bağ olmuşdur. Bağlar o qədər bol meyvəli olmuşdur ki, tarixi mənbələrin yazdığına görə, əgər kimsə meyvə mövsümündə başına səbət qoyub həmin bağdan sadəcə keçsəymiş, çox qısa müddətdən sonra səbəti meyvə ilə dolarmış. Bu ərazilərlə Şam, Fələstin və İordaniya arasındakı şəhərlər bir-birinə zəncir halqalarını xatırladan formada yaxın olmuşlar. Bu şəhərlər bir-birinə o qədər yaxın olub ki, bir şəhərin camaatı digər şəhərin camaatını görərmiş. Bu yaxınlıq həmin şəhərlərin əhalisinin hücumlardan, yırtıcılar, yolkəsənlər və oğruların təhlükəsindən arxayın olmasına səbəb olmuşdu. Camaat bu şəhərlərə miniksiz, azuqə ehtiyatı götürmədən səfər etmiş, qrup halında səfər etməyə, silahlı mühafizlər götürməyə ehtiyac duymadan, tam arxayınlıqla və az azuqə ilə gedərmiş. Ancaq bu naşükür camaat Allahın verdiyi və həyatlarına firavanlıq gətirən bütün bu bol nemətlərə naşükürlük etmiş, təkəbbür və qəflət xəstəliyinə tutulmuş, Allahın qanunlarına etinasızlıq göstərmişdir. Onların axmaq istəklərindən biri səfərlərin daha da uzanması olmuşdur. Varlılar az gəlirli insanların onlar kimi səfər etməsini, istədikləri yerə miniksiz, azuqəsiz və heç nəsiz getməsini istəmədikləri üçün yolların uzanmasını, şəhərlərin arasında quru səhraların yaranmasını istəmişdilər. Bunu ona görə istəyirdilər ki, yoxsulların onların rahatlıqlarını pozduğunu, onları narahat etdiyini düşünürdülər. İsrail oğullarının göydən nazil edilmiş “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva”dan (göyərçinə bənzər quş ətindən) çiyrinib soğan, sarımsaq və mərci istəməsi də belə olmuşdu. Tarixi mənbələrin yazdığına görə, səhra siçanları bu təkəbbür içində məst olmuş insanların xəbəri olmadan həmin torpaq bəndə hücum çəkib onu daxildən zəiflədirlər. Gözlənilmədən güclü yağış yağır və dağdakı daşqınlar güclənərək artıq selə qarşı əvvəlki müqavimət gücünü itirmiş bəndi aşırır, bəndın qarşısında toplanmış su şəhərləri yerlə yeksan edir və bu abadlıqları quru səhralara çevirir, bol meyvəli bağın yerində yulğun, sidr və şoranlıq ağacları bitir. Allah Öz qüdrətini göstərmək istədikdə böyük bir mədəniyyəti siçanlar vasitəsilə dağıdır və bununla da bəndələrinə zəif olduqlarını göstərir, onlara gücləndikləri vaxt qürurlanmamağı başa salır.[9]
- Onun dərgahında izn verdiyi kəslərdən başqa, heç kimin şəfaətinin faydası yoxdur. (Həmin gün hamı qorxu və narahatlıq içundə olacaq.) Nəhayət, qorxu və narahatlıq hissi qəlblərindən keçib getdikdən sonra onlar (günahkarlar şəfaətçilərdən): “Rəbbiniz nə göstəriş verdi?” – deyə soruşarlar. Onlar isə: “Haqqı! Uca və böyük olan Odur!” – deyə cavab verərlər.
- De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə ya biz, ya da siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”.
- De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə məsuliyyət daşımırıq”.
- De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. Bilici hakim odur!”
- De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Əsla, belə deyil! (Onun bənzəri və şəriki yoxdur) O, yenilməz qüdrət və hikmət sahibi olan Allahdır!”
- Biz səni bütün insanlara yalnız müjdə vermək və qorxutmaq üçün göndərdik. Lakin insanların çoxu bilmir.
- Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.
- De: “Sizə verilmiş vəd elə bir gündür ki, ona nə bircə saat gecikə, nə də qabağa keçə bilərsiniz”.
- Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlki kitablara əsla inanmayacağıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb günahlarını bir-birinin boyunlarına atdıqları halda görəydin. Zəiflər özləri haqda üstün fikirdə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz mömin olardıq”.
———————————————————————————–
- Qiyamətdə hər kəsi bürüyəcək qorxu və narahatlıq: Əvvəlki ayədə buyurulur ki, müşriklərin tanrı adlandırdıqlarının göydə və yerdə zərrə qədər də olsa maliklikləri yoxdur, heç bir düyünü aça biləcək gücdə deyillər. O zaman burada belə bir sual yaranır ki, əgər belədirsə, bəs şəfaət nədir? Bu ayə məhz qeyd olunan suala cavab xarakteri daşıyır. Allah buyurur ki, əgər Allah dərgahında şəfaətçi varsa, o da Allahın əmri ilədir. Deməli, bütpərəstlərin bütlərə sitayiş etmək üçün “bunlar bizim Allah yanındakı şəfaətçilərimizdir” – deyə gətirdikləri bəhanəyə (Yunus – 18) bu vasitə ilə son qoyulur. Çünki Allah onların iddia etdikləri bütlərə əsla şəfaət icazəsi verməmişdir. Daha sonra Allah-taala ayədə buyurur ki, Qiyamət günü hər kəsin qəlbinə qorxu və narahatlıq hakim kəsiləcək, həm şəfaətçilər, həm də şəfaət olunanlar narahatlıq və qorxu içində olacaqlar, hər kəs Allahın kimi şəfaətçi seçəcəyini və kimə şəfaət olunacağı ilə bağlı narahatlıq keçirəcək. Şəfaət arzusunda olanlar gözlərini şəfaətçilərə dikəcək, yalvarış dolu baxışlarla onlardan şəfaət umacaqlar. Şəfaətçilər də gözlərini Allahın əmrinə dikib necə və kim haqqında şəfaət ediləcəyini gözləyəcəklər. Allah tərəfindən layiq olanlar haqqında şəfaət əmri gələnə qədər bu ümumi qorxu və narahatlıq davam edəcək. Məhz elə bu zaman günahkarlar şəfaətçilərə deyəcəklər: “Rəbbiniz nə göstəriş verib?” Şəfaətçilər deyəcək: “Haqqı!” Haqq budur ki, şəfaət Allahla olan əlaqəsini tamamilə kəsmiş, Allah, peyğəmbər və onların dostlarından tamamilə uzaq durmuş günahkarlara deyil, təkcə əlaqələrini Allahdan tamamilə kəsməyənlərə şamil olsun.[10]
- Möhkəm bir dəlil və misilsuz bir metod: “Ya biz, ya da siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir” cümləsi insaf və ədəblə müşayiət olunan gerçək bir arqument əsası ola bilər. Bu metod qarşı tərəfi inadkarlıq və təkəbbür miniyindən düşməyə, fikir və düşüncəyə dalmağa vadar edir. Allah-taala bu ayə ilə peyğəmbərinə kafirlərə onların inancları ilə bunların inanclarının təzad təşkil etdiyini, buna görə hər ikisinin doğru olmasının qeyri-mümkün olduğunu söyləməsini göstəriş verir. Təbii ki, iki ziddin bir yerdə cəm olması qeyri mümkündür. Deməli, bu qruplardan biri haqq, digəri isə batil və yolunu azmışdır. İndi düşünün və bu tərəflərdən hansının haqq yolda olduğunu, hansının haqq yoldan azdığını müəyyən etmək üçün hər iki tərəfin dəlillərinə baxın. Bu, qarşı tərəfi düşünməyə və axtarış aparmağa vadar edən ən yaxşı mübahisə üsullarından biridir.[11]
- Sən bütün bəşəriyyət üçün göndərilmisən: “Kaffətən” sözü, mənası əlin içi olan “kəff” sözündən götürülmüşdür. İnsan hər şeyi əli ilə tutduğu və ya əli ilə özündən dəf etdiyi üçün bəzən bu söz toplamaq, bəzən isə dəf etmək mənasında işlədilir. Buna görə də təfsirçilər ayədə hər iki mənanın nəzərdə tutulduğunu ehtimal edirlər. Bu sözün mənasının toplamaq olması peyğəmbərin dəvətinin ümumi və bütün bəşəriyyətə şamil olduğunu deməyə əsas verir. Ayənin təfsirini ehtiva edən çoxlu sayda hədis də bu yozumu gücləndirir. İkinci məna ilə isə “kaffətən” sözü peyğəmbərin xüsusiyyətini ifadə edir. Yəni Allah peyğəmbəri ona görə göndərib ki, insanları küfr və günahdan çəkindirsin. Birinci təfsir daha düzgün görünür.[12]
- Özləri haqda üstün fikirdə olanlar zəiflərə belə deyərlər: “Sizə doğru yol gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.
- Zəiflər özləri haqda üstün fikirdə olanlara deyərlər: “Xeyr! Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr etdiyiniz zaman sizin gecə-gündüz apardığınız məkrli təbliğatlar (bizim azmağımıza səbəb oldu).” Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlara etdikləri əməllərdən artığına görə cəza verilərmi?
- Biz hansı şəhər və məmləkətə bir qorxudan peyğəmbər göndərdiksə, onun naz-nemətdən özünü itirmiş sakinləri ona: “Biz sizin risalətinizi (yerinə yetirmək üçün göndərildiyiniz şeyi) inkar edirik!” – dedilər.
- Onlar: “Bizim mal-dövlətimiz və övladlarımız daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər.
- De: “Rəbbim istədiyinin ruzisini bol edər və ya azaldar. Lakin insanların çoxu bilmir”.
- Mallarınız və övladlarınız sizi bizə əsla yaxınlaşdırmır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar.
- Ayələrimizi inkar etməyə çalışanlar və qüdrətimizdən qaçıb qurtaracaqlarını düşünənlər isə əzaba düçar ediləcəklər.
- De: “Rəbbim istədiyi insanın ruzisini bol edər, istədiyinin ruzisini isə azaldar. Nə xərcləsəniz, əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”
————————————————————————————
- Dəyərlərin dəyərləndirilməsi: Fərdi və ictimai həyatın ən mühüm mövzularından biri cəmiyyətin mədəniyyətinə hakim olan dəyər sistemi və ölçü meyarıdır. Çünki individual və sosial həyatda baş verən bütün hərəkətlər həmin sistemdən qaynaqlanır və eyni zamanda bu dəyərləri yaratmağa xidmət edir. Hər hansı xalq və ya millətin bu sahədə səhv etməsi, xəyali və əsası olmayan dəyərlərə üz tutması həmin millət və xalqın tarixinin tamamilə süquta uğraması üçün kifayət edir. Həqiqi dəyərlərin və doğru meyarların dərk edilməsi xalqların xoşbəxtlik sarayının bünövrəsini təşkil edir. Özündənrazı dünyapərəstlər dəyəri təkcə mal, maddi qüdrət və insanların sayı ilə məhdudlaşdırırlar, hətta insanın Allah qarşısındakı dərəcəsini də bu aspektlə ölçürlər. Buna görə də peyğəmbərlərin islahat üçün atdıqları ilk və ən mühüm addım bu cür yalançı çərçivələri və kompleksləri sındırmaqdır. Onlar öz təlimatları ilə bu yanlış baryerləri uçurur, onları Allahın xalis dəyərləri ilə əvəzləyir, mədəni inqilab edərək şəxsiyyət göstəricilərini var-dövlət, övlad, sərvət və şöhrət çərçivəsindən çıxarıb, iman və saleh əməllə əvəzləyirlər. Hətta elm, bilik, böyük şəxsiyyətlərin övladları olmaq iman və saleh əməllə müşayiət olunmazsa, təklikdə, hətta peyğəmbər olsa belə, insanın dəyərini artırmaz. Allah-taala bu ayədə insanı Allaha yaxınlaşdıran və onun əsl dəyəri hesab edilən yanlış və xurafat düşüncələr üzərindən xətt çəkir və bu dəyərləri hər kəsin əldə edə biləcəyi, maddi imkan və məhrumiyyətlərin təsir göstərə bilməyəcəyi iki prinsipdə ümumiləşdirir. Əgər övlad və var-dövlət də bu yola xidmət etsə, ilahi rəngə boyanar, iman və saleh əməl rəngi alar, Allaha yaxınlaşdırma səbəbinə çevrilər.[13] Deyilənə görə, bir kişi İmam Sadiqin (ə) yanında varlıları pisləyir. İmam (ə) buyurur: “Sakit ol! Çünki Allah-taala qohumları ilə əlaqəsi olan, qardaşlarına qarşı yaxşı davranan varlının savabını ikiqat artırar. Allah-taal belə buyurub: “Mallarınız və övladlarınız sizi Bizə əsla yaxınlaşdırmır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır…”[14]
- Allah yolunda xərcləmək azalmaya yox, artıma səbəb olur: “Allah yolunda nə xərcləsəniz, əvəzini verər.” Bu cümlənin mənası çox dərindir. Böyüklüyündən və kiçikliyindən, maddi və mənəvi olmasından asılı olmayaraq, Allah yolunda verilmiş bütün xərclərə şamil olur. Əsas məsələ keyfiyyətindən və kəmiyyətindən asılı olmayaraq, insanın öz sərmayələrini Allah yolunda xərcləməsidir. Peyğəmbərin (s) hədislərinin birində belə buyurulmuşdur: “Hər bir yaxşı iş sədəqədir. Kişinin özü və ailəsi üçün xərclədiyi ona sədəqə yazılır. İnsanın öz abrını qorumaq üçün istifadə etdiyi vasitə sədəqədir.” Bu ayə xərcləməni fanilikdən çıxarıb ona əbədilik rəngi verir. Çünki Allah-taala həmin xərcələnəni bir neçə qat, bəzən min dəfələrlə artıq maddi və mənəvi nemətlərlə əvəz edəcəyinə zəmanət vermişdir. Deməli, Allah yolunda xərcləyən şəxs möhkəm ruhiyyə və inanca malik olar, qəlbi və əli açıq olar. O, yoxsulluq hissini özünə əsla yaxın buraxmaz. Allaha şükür edər ki, ona belə bir faydalı ticarət nəsib etmişdir.[15]
- (Xatırla!) O gün Allah onların hamısını qaldıracaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?”
- Onlar deyəcəklər: “Sən paksan, müqəddəssən! Bizim hamimiz onlar deyil, təkcə Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.
- Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara deyəcəyik: “Dadın yalan saydığınız odun əzabını!”
- Aydınlıq gətirən ayələrimiz onlara oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir kişidir!” – deyərlər. Onlar: “Bu, uydurulmuş böyük yalandan başqa bir şey deyildir!” – deyərlər. Kafirlərə haqq gəldikdə: “Bu, yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər.
- Biz onlara oxumaları (və oxuduqlarına əsaslanıb səni yalançı çıxarmaları) üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir qorxudan göndərməmişdik.
- Onlardan əvvəlkilər də (Allahın ayələrini) yalan hesab etmişdilər. Halbuki, bunlar onlara verdiklərimizin onda biri də etmir. Onlar Mənim elçilərimi yalançı saydılar. Elə isə (bax, gör) Mənim (onlara verdiyim) əzab necə oldu!
- De: “Mənim sizə bircə nəsihətim var, o da budur ki, Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin yoldaşınızda (Mühəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız sizi şiddətli əzabdan qorxudub xəbərdar edəndir”.
- De: “Mən sizdən nə haqq istəmişəmsə, sizin özünüz üçün olub. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə şahiddir”.
- De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”.
————————————————————————————-
- Düşünmə əmri: Doğru yolda olan məzhəblərdən hər zaman təhlükə hiss edən materialist məktəblər dinlərin kütlələri yanlış düşüncələrə çağırdığını israrla qabardırlar. Əlbəttə, bu, çox geniş bir mövzudur, öz yerində onlara tutarlı və qətiyyətli cavablar verilmişdir. Quranın müxtəlif ayələrində, o cümlədən sözü gedən bu ayədə həmin insanlar düşüncə və təfəkkürə dəvət edilir. Hətta Quranda dinin xülasəsinin, insan təkamülü və inkişafının mahiyyətinin təfəkkür və düşüncədən ibarət olduğu qeyd edilir. İslam kimi bir dinin gətiricisi bütün insanları sakit və iğtişaşsız bir mühitdə yatmış düşüncələri oyatmağa, qiyama qaldırmağa səslədiyi bir halda, bu din cəhalətə necə səbəb ola bilər? İslam insanı nəfsi istəklərdən, zəhərli təbliğat dalğalarından, təəssüb və inadkarlıqlardan uzaq bir mühitdə Allah üçün qalxmağa və düşünməyə çağırdığı, yeganə nəsihətinin bundan ibarət olduğunu bəyan etdiyi, bu çağırışını dəfələrlə təkrarladığı bir halda, belə bir dinin fikir və düşüncələri keyləşdirdiyini iddia etmək gülünc görünmürmü? Quran hətta təklikdə də deyil, iki-iki və kollektiv şəkildə düşünməyə, peyğəmbərlərin çağırışlarının məzmunu və dəlilləri haqqında düşünməyə, ağıl qəbul etdiyi təqdirdə qəbul etməyə dəvət edir. Qəribədir ki, bəzi mütəfəkkirlər fövqəltəbii aləmi qəti surətdə inkar edir, dini, insanların uydurduğu bir hadisə sayır, bunun qorxu, elmi həqiqətlərdən xəbərsizlik, psixoloji qüsurlar və sair nəticəsində meydana gəldiyini iddia edirlər, amma bu maddi aləmdən kənar bir dünyanın mövcud olması ehtimalını verib heç bir önyarğı olmadan Allahın təkliyin və Mühəmməd (s) kimi peyğəmbərlərin peyğəmbərlik missiyalarının dəlilləri haqqında düşünmək istəmirlər. Maraqlıdır ki, Quranın ayələrinin çoxunun son hissəsi insanları düşünməyə, fikirləşməyə və xatırlamağa çağırır. Biz hədislərdə də fikir və düşüncəyə birinci dərəcədə əhəmiyyət verildiyinin şahidi oluruq. Hədislərinin birində İmam Rza (ə) belə buyurmuşdur: “İbadət namazın və orucun çoxluğu ilə deyil. Həqiqi ibatəd Allahın işlərində düşünməkdir.”[16]
- Sizdən mükafat istəmək sizin özünüz üçündür: Bu ayə ilə bağlı iki yozum mövcuddur: 1. Ayə birmənalı şəkildə heç bir mükafat istəməmək barədə metaforadır. Bu, bizim birinə “səndən nə istəmişdimsə özünün olsun!” deməyimizə bənzəyir. Bizim bu sözümüz həmin şəxsdən heç nə istəməmək barədə metaforadır. 2. (Bu yozuma əsasən Peyğəmbər (s) sanki belə deyir:) Bəzi məqamlarda mənə Allah tərəfindən göndərilən cümlələrdə mənim sizdən mükafat istəməyim, habelə sizdən mükafat istəyib “Peyğəmbərliyimin müqabilində sizdən muzd olaraq yalnız yaxınlarımı sevməyi istəyirəm” (Şura-23) deməyim də sizin xeyrinizədir. Çünki yaxınlarıma qarşı sevgi imamət və rəhbərlik mövzusuna qayıdış və peyğəmbərlik xəttinin davam etməsidir. Bəziləri bu ayənin nazilolma səbəbindən danışarkən bildirirlər ki, “Şura” surəsinin 23-cü ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) Məkkə müşriklərinə belə buyurur: “Yaxınlarımı narahat etməyin”. Onlar da Peyğəmbərin (s) bu sözünü qəbul edirlər. Ancaq Peyğəmbərin (s) onların bütləri haqqında xoşagəlməz sözlər dediyini görüb deyirlər: “Ey Muhəmməd! Bizimlə ədalətlə davran. Bir tərəfən bizdən istəyirsən ki, qohum-ərəbanı incitməyək, digər tərəfdən də tanrılarımız haqqında xoşagəlməz sözlər danışıb bizi incidirsən.” Bu zaman sözü gedən ayə nazil olur və onlara deyilir ki, Peyğəmbərin sizdən istədiyi sizin xeyrinizədir; onları incitsəniz də, incitməsəniz də bu, belədir.[17]
- De: “Haqq gəldi. Batil nə ortaya yeni bir iş qoya, nə də onu yeniləyə bilər”.
- De: “Əgər mən haqq yoldan çıxsam, özüm çıxmış oluram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vasitəsilədir. O, eşidəndir, yaxındır”.
- Kaş ki, onları fəryadları ucaldığı, ancaq qaça bilmədikləri, yaxınlıqdan götürüldükləri vaxt görəydin.
- (Həmin vaxt onlar:) “Haqqa iman gətirdik!” – deyəcəklər. Amma uzaq bir yerdən ona necə nail ola bilərlər?!
- Onlar bundan əvvəl onu inkar edir, uzaqdan uzağa, görmədən (və bilmədən) xoşagəlməz fikirlər yürüdürdülər.
- Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına ayrılıq salındı. Çünki onlar şəkk-şübhə içində idilər.
[1] Nümunə, c.18, səh.3
[2] Nümunə, c.18, səh.14
[3] Nümunə, c.18, səh.19
[4] Nümunə, c.18, səh.27
[5] Mənşuri-cavid,c.12, səh.252
[6] Nümunə, c.18, səh.28
[7] Nümunə, c.18, səh.35
[8] Mənşuri-cavid,c.12, səh.303
[9] Nümunə, c.18, səh.56
[10] Nümunə, c.18, səh.79
[11] Nümunə, c.18, səh.83
[12] Nümunə, c.18, səh.92
[13] Nümunə, c.18, səh.109
[14] Əl-Mizan, c.16, səh.398
[15] Nümunə, c.18, səh.181
[16] Nümunə, c.18, səh.138
[17] Nümunə, c.18, səh.144