“Saffat” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- And olsun sıraya düzülənlərə,
- qadağan edənlərə (və çəkindirənlərə)
- Allahın ayələrini fasiləsiz tilavət edənlərə!
- Məbudunuz təkdir!
- Göylərin, yerin və onların arasındakıların, həm də məşriqlərin Rəbbidir.
- Biz yaxın (aşağı) səmanı ulduzlarla bəzədik
- ki, onu hər bir çirkin şeytandan qoruyaq.
- Onlar yuxarı aləmin mələklərinə qulaq asa bilməzlər və (əgər buna cəhd etsələr) hər tərəfdən hədəfə alınarlar,
- kəskin şəkildə geri qaytarılarlar. Onları əbədi bir əzab gözləyir.
- Lakin onlar gizlicə qulaq asmaq üçün bir anlıq yaxınlaşarlarsa, onları yandırıb-yaxan parlaq bir səma cismi təqib edər.
- Onlardan soruş: “Onları yaratmaq çətindir, yoxsa mələkləri (göyləri və yeri)?” Biz onları yapışqan palçıqdan yaratdıq.
- Sən (inkar etdiklərinə görə) onlara təəccüb edirsən, onlar isə ələ salırlar.
- Onlara xatırlatdıqda xatırlamırlar.
- Bir möcüzə gördükdə isə (başqalarını da) istehzaya çağırırlar.
- və deyirlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.
- Biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra yenidənmi dirildiləcəyik?
- Ulu atalarımızdamı (dirildiləcəklər)?”
- De: “Bəli, hamınız xar və zəlil olmuş halda diriləcəksiniz”.
- Yalnız çox böyük və dəhşətli bir səs qopacaq və onlar qəfildən (qəbirlərdən çıxıb) baxacaqlar.
- Deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”
- “Bu, yalan saydığınız həmin ayrılıq (haqqın batildən ayrıldığı) günüdür!”
- (Bu vaxt mələklərə belə əmr olunacaq:) “Zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
- Allahdan başqa ibadət etdiklərini – bir yerə toplayın və Cəhənnəm yoluna tərəf yönləndirin.
- Onları dayandırın, çünki onlar sorğu-sual olunmalıdırlar”.
—————————————————————————————-
“Saffat” surəsinin ümumi məzmunu: Bu surədə daha çox yaradılış və məaddan bəhs edilir. Müşriklər qətiyyətli ifadələr, qısa və dərin mənalı ayələrlə məzəmmət edilir, onların inanclarının yanlışlığı parlaq və açıq dəlillər vasitəsilə üzə çıxarılır.[1]
1-3. Üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazır olan mələklər: Ayədə hansı zümrəyə və ya zümrələrə işarə edilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Əllamə Təbatəbai belə yazır: “Burada vəhyi endirməklə vəzifələndirilmiş və vəhy yolunu şeytanların müdaxiləsindən qoruyan, onu peyğəmbərlərə, xüsusilə İslam peyğəmbərinə endirməklə vəzifələndirilmiş mələklər nəzərdə tutulmuşdur. Bu məzmun “Cinn” surəsinin 26-28-ci ayələrində belə ifadə edilmişdir: “O, qeybi biləndir və heç kəsi qeybinin sirlərindən xəbərdar etmir; seçdiyi elçilər istisnadır. O, onların önündə və arxasında gözətçilər qoyur ki, peyğəmbərlərinin Rəblərinin göndərdiklərini necə təbliğ etdiklərini bilsin. O, onların yanında olanları əhatə edir və hər şeyi saymışdır.” Bu ehtimala əsasən ayələrin mənası belə olur: Vəhy yolu üzərində sıraya düzülmüş mələklərə, sonra şeytanların Allahın vəhyinə müdaxilə etməsinə mane olan, onların qarşısını alan mələklərə, sonra vəhyi Peyğəmbərə çatdıran mələklərə and olsun. Bu ehtimalı daha sonra şeytanların yandırıb-yaxan parlaq səma cismi ilə qovulmasından bəhs edən ayələr də təsdiq edir.[2]
6-10. Göylərin şeytanların nüfuzundan qorunması: Təfsirçilər şeytanların göylərdə gizlicə qulaq asması, bu zaman yandırıb-yaxan parlaq səma cismi vasitəsilə vurulması mövzusu ilə bağlı aydın təsəvvürə malik olmaq üçün aidiyyatı olan ayələr və bu mövzunu ehtiva edən hədislər əsasında mülahizələr irəli sürmüşlər. Səma Yer kürəsini əhatə edən və bir qrup mələyin məskunlaşdığı göy qatlarıdır. Bu göylərin qapı və divarları var. Səmanın özündən olanlar istisna olmaqla, kənardan onlara heç nə daxil ola bilməz. Habelə birinci göydə bir qrup mələk əllərində yandırıb-yaxan parlaq səma cismi şeytanları gözləyirlər. Şeytanlar göyün gizli xəbərlərinə qulaq asmaq üçün yaxılnlaşmaq istədiklərində onları atəşə tuturlar və uzaqlaşdırırlar. Bu məna ayələrin və hədislərin zahiri məzmunlarından başa düşülür. Lakin bu gün bu sözlər və səma cisimləri barədə qeyd edilmiş həmin yozumların hamısının yanlış olduğu gün kimi aydındır. Artıq bu ayəni insanların kosmik müşahidləri və müasir elmi nailiyyətlərlə təzad təşkil etməyən aspektdən izah etmək lazımdır. Biz ehtimal edirik ki, Allah-taala hisslər çərçivəsindən xaric olan həqiqətlərlə bağlı təsəvvür yaratmaq, nəticədə hiss olunmayan gerçəkləri hiss olunacaq şəkildə başa salmaq üçün bu açıqlama formasından misal kimi istifadə etmişdir. Belə ki, Allah-taala “Ənkəbut” surəsinin 43-cü ayəsində belə buyurmuşdur: “Bunlar bizim bilənlər üçün çəkdiyimiz məsəllərdir. Onları yalnız bilənlər dərk edər.” Bu cür misallar və bənzətmələr Allah kəlamında çoxdur. Ərş, kürsü, lövh, qələm və sairəni buna misal göstərə bilərik. Deməli, mələklərin məskunlaşdığı aləm bizim olduğumuz kainatdan çox-çox yüksəklikdə olan mələklər aləmidir. Bizim maddi dünyamızın səması və kosmik cisimlər bizim olduğumuz Yer kürəsindən çox-çox yüksəkdə olduğu kimi, mələklər aləmi də çox yüksəkdədir. Şeytanların səmalara yaxınlaşması, gizlicə qulaq asmaq istəmələri və onların yanar səma cisimləri ilə qovulması deyilərkən onların yaradılışın sirlərindən və gələcəkdə baş verəcək hadisələrdən xəbərdar olmaq üçün mələklər aləminə yaxınlaşmaq istəməsi və mələklər aləminə xas olan işıqla qovulması nəzərdə tutulur. Burada başqa bir yozum da ehtimal edilə bilər. Şeytanlar haqqı batilə qarışdırmaq üçün haqqa yaxınlaşırlar. Lakin mələklər onların batillərini puça çıxaracaq haqqla haqdan uzaqlaşdırırlar. Allah-taalanın şeytanların gizlicə qulaq asması və onların səma cisimlərinin hədəfinə tuş gəlməsini vəhy gətirən mələklərə və şeytanların müdaxiləsinə mane olan qoruyucu mələklərə and içdikdən sonra qeyd etməsi də müəyyən qədər bizim yanaşmanı təsdiq edir. Daha yaxşısını Allah bilir.[3]
- “Sizə nə olub ki, bir-birinizdən yardım istəmirsiniz?”
- Amma onlar o gün Allahın qüdrəti qarşısında təslim olacaqlar!
- Bir-birinə üz tutub soruşacaqlar.
- Deyəcəklər: “(Siz azğın rəhbərlər idiniz,) xeyirxahlıq və yaxşılıq adı ilə daxil olurdunuz (ancaq işiniz yalnız aldatmaqdan ibarət idi).”
- (Onlar isə cavabında) deyəcəklər: “Xeyr! Siz özünüz inanan adamlar deyildiniz. (Bizim təqsirimiz deyil.)
- Bizim sizin üzərinizdə heç bir hökmranlığımız olmayıb, siz özünüz həddi aşan bir zümrə olmusunuz.
- İndi Rəbbimizin əmri bizim barəmizdə həqiqətə çevrildi. Hamımız onun əzabından dadırıq.
- Biz özümüz azğın olduğumuz kimi, sizi də azdırdıq”.
- Həmin gün onların hamısı (liderlər və ardıcıllar) ilahi əzablara şərik olacaqlar.
- Biz günahkarlarla belə rəftar edirik.
- Çünki onlara: “Allahdan başqa məbud yoxdur!” – deyildiyində təkəbbürlük edib boyun qaçırır
- və elə hey deyirdilər: “Bir məcnun şairə görə məbudlarımızı tərk edəkmi?”
- Belə deyil, o, haqqı gətirib və keçmiş peyğəmbərləri təsdiq edib.
- Siz, mütləq, ağrılı-acılı əzabı dadacaqsınız.
- Yalnız etdiyiniz əməllərin cəzasını alacaqsınız.
- Allahın ixlaslı qulları müstəsnadır.
- Onlar üçün müəyyən və xüsusi bir ruzi vardır –
- meyvələr. Onlara ehtiram göstəriləcəkdir –
- Cənnətin nemətlərlə dolu bağlarında.
- Onlar taxtlar üstündə bir-birinin qarşısında dirsəklənib oturacaqlar.
- Ətraflarında pak şərabla dolu piyalələr dolandıracaq –
- İçənlər üçün ağappaq, parlaq və ləzzətli bir şərab.
- O şərab nə ağlı başdan alar, nə də ondan məst olarlar.
- Onların yanında yalnız öz ərlərini sevən gözəl gözlü zövcələr olacaq.
- Onlar (zövcələr) sanki (incəlik və lətafətdə quş qanadları altında) gizli qalmış yumurta kimi olacaqlar.
- Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
- Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
—————————————————————————————-
- 40. İxlaslı (müxləs) bəndələrin mükafatı: Quran ayələrinə diqqətlə nəzər saldıqda “müxlis” (özünü saflaşdıran, xalisləşdirən ) sözündən daha çox özünü düzəltmək mərhələsində olan və hələ lazımı kamillik mərhələsinə çatmamış, “müxləs” (özünü saflaşdırmış, xalisləşdirmiş) sözündən isə özü ilə bir müddət mübarizə apardıqdan, Allahı tanıma və iman mərhələlərini qət etdikdən sonra şeytanların vəsvəsələrinin nüfuz edə bilməyəcəyi bir məqama çatmış insanlar haqqında işləndiyinin şahidi oluruq. Belə ki, Quranda İblisin dilindən belə deyildiyinin şahidi oluruq: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin ixlaslı bəndələrindən başqa!” (Sad – 82-83). Quranın bir neçə yerində rast gəlinən bu ifadədən ixlaslı (müxləs) insanların böyük məqam sahibi olduqları aydın olur. Bu, böyük cihadda qalib gəlmiş, Allahın lütfü ilə varlığı bütün qarışıqlıqlardan, qatqılardan, xalis olmayanlardan təmizlənmiş, hadisələr kürəsində tamamilə ərimiş və yalnız xalis qızılı qalmış insanların məqamıdır. Onların mükafatlarının ölçü meyarı etdikləri əməllər deyil, Allahın lütf və mərhəməti olacaq. Əllamə Təbatəbai bu barədə belə yazır: “Allah-taala bu ayədə buyurur ki, müxləs bəndələr istisna olmaqla, bütün bəndələr etdikləri əməllərin qarşılığını alacaqlar. Çünki onlar bəndəlik məqamına uyğun olaraq özlərini heç nəyin sahibi hesab etmirlər, yalnız Allahın istədiyini istəyir, yalnız Onun tələb etdiyini yerinə yetirirlər. Müxləs olduqları üçün Allah onları Özü üçün seçmişdir. Onlar da Allahdan başqa heç nəyə, nə dünyanın bər-bəzəyinə, nə də axirətə bağlı deyildirlər. Qəlblərində Allahdan başqasına yer yoxdur. Məlumdur ki, bu xüsusiyyətə malik olanların ləzzəti, zövqü, neməti və ruzisi başqalarınınkından fərqlənir. Belə ki, Allah-taala sonrakı ayədə belə buyurur: “Onlar üçün müəyyən və xüsusi bir ruzi vardır.” Doğrudur ki, onlar da digər Cənnət sakinləri kimi, Cənnətdə yaşayacaqlar, ancaq onların həzzi başqalarının həzzindən fərqlənir. Onlar Allahın pak zatının cilvəsindən zövq alır, onun batini ləzzətlərindən faydalanırlar, qəlbləri sevgi, məhəbbət, eşqlə doludur, eşq və vüsal dənizində qərq olublar.”[4]
- Cənnətdəki zövcələrin incəliyini və zərifliyini ifadə edən gözəl bir bənzətmə: Mənası quş yumurtası olan “beyz” sözü “beyzə” sözünün cəmidir. “Kinn” sözündən düzəlmiş “məknun” sözünün mənası “örtülü və gizli” deməkdir. Quranın bu bənzətməsi yumurtaya toyuq yumurtadıqdan dərhal sonra, hələ heç kəsin toxunmadığı, quşun qanadları altında olduğu vaxt yaxından baxıldığında aydın olur. Bu zaman onda qəribə bir şəffaflıq və səfa müşahidə edilir. Bəzi təfsirçilər “məknun” deyilərkən qabıqla örtülmüş əsas hissənin nəzərdə tutulduğunu qeyd etmişlər. Belə ki, yumurtanı bişirdikdən və qabığını soyduqdan sonra onun ağ və parlaq olması ilə yanaşı xüsusi bir yumşaqlığa və zərifliyə malik olduğunu görürük. Hər halda, həqiqətləri ifadə edən Quran ifadələri o qədər dərin və məzmunludur ki, qısa söz və xüsusi incəliklə böyük mənaları ifadə edir.[5]
- O elə hey deyirdi: “Sən inanırsan ki,
- biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra diriləcək və cəzalandırılacağıq?”
- Sonra o (sözünə davam edib) deyəcək: “Siz ondan xəbər tuta bilərsinizmi?”
- Bu zaman baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək
- və deyəcək: “Allaha and olsun ki, az qalmışdı sən məni də məhv edəsən.
- Əgər Rəbbimin neməti olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
- (Sonra dostlarına deyəcək:) Biz heç ölməyəcəyikmi?
- İlk ölümümüzdən başqa bir də ölməyəcək və heç vaxt əzaba düçar olmayacağıq ki?”
- Doğrusu, bu, həmin böyük zəfərdir.
- Qoy çalışanlar belə bir aqibət üçün çalışsınlar!
- Bu yaxşıdır, yoxsa zəqqum ağacı?
- Biz onu zalımlar üçün əzab-əziyyət vasitəsi etdik.
- O, Cəhənnəmin dərinliyindən bitib çıxan bir ağacdır.
- Onun çiçəyi şeytanların başları kimidir.
- Onlar (günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
- Üstündən də üfunətli qaynar su içəcəklər.
- Sonra Cəhənnəmə qaytarılacaqlar.
- Çünki onlar ata-babalarını azmış gördülər,
- ancaq buna baxmayaraq, sürətlə onların izini tutub getdilər.
- Onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
- Biz onlara qorxudanlar göndərdik.
- Bax gör qorxudulanların aqibəti necə oldu.
- Təkcə Allahın ixlaslı bəndələri müstəsnadır.
- Nuh Bizi çağırdı. Biz (çağırışa) necə də gözəl cavab verənik!
- Onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
—————————————————————————————-
55-57. Cənnət sakinləri ilə Cəhənnəm sakinlərinin əlaqəsi: Bu ayədən belə məlum olur ki, bəzən Cənnət sakinləri ilə Cəhənnəm sakinləri arasında bir növ əlaqə yaranır. Belə təsəvvür yaranır ki, sanki Cənnət sakinləri yuxarıda qərarlaşıb, oradan Cəhənnəm sakinlərinə baxır, onların vəziyyətindən xəbərdar olurlar. Əlbəttə, bu, Cənnətlə Cəhənnəm arasındakı məsafənin az olduğunu deməyə əsas vermir. Əslində, Allah-taala Cənnət sakinlərinə qeyri-adi görmə qabiliyyəti verir və bu zaman fasilə və məkan heç bir maneə yarada bilmir. Bəzi hədislərdə Cənnətdə bir dəlik olduğu və Cənnət sakinlərinin həmin dəlikdən Cəhənnəm sakinlərinə baxdıqları qeyd edilmişdir. “Əraf” surəsinin ayələrində də Cənnət sakinləri ilə Cəhənnəm sakinləri arasında əlaqə olduğu aydın şəkildə qeyd edilir: “Cənnət əhli Cəhənnəm sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər.” (Əraf – 44). Əlbəttə, bu ayədən Cənnət sakinləri ilə Cəhənnəm əhli arasında pərdə olduğu da məlum olur. Bütün bunlarla yanaşı, Qiyamət gününün şərtləri və vəziyyəti ilə bu dünyanın vəziyyəti tamamilə fərqlidir. Biz oranın şərtlərini bu dünyanın meyarları ilə qiymətləndirə bilmərik.[6]
62-65. Zəqqum: “Zəqqum” kiçik, acı və pis qoxulu yarpaqları olan bir ağacın adıdır. Bu ağacın yarpaqlaı qoparıldığı zaman yerindən şirə süzülür. Bu şirə bədənin harasına düşərsə, oranı şişirdir. Sözügedən ağac quru və səhraya yaxın olan, susuz və bitkisiz ərazilərdə bitir. Hədislərdə qeyd edilir ki, qüreyşlilər bu ayəni eşitdikdən sonra: “Biz bu vaxta qədər bu adda ağac eşitməmiş, belə bir ağac tanımırıq”, – deyirlər. Zəbəri adlı bir şəxs deyir: “Bərbərlərin dilində “zəqqum” xurma və yağa deyilir”. Əbu Cəhl kənizinə deyir: “Bizə zəqqum gətir”. Kəniz çorək və yağ gətirir. Sonra Əbu Cəhl dostlarına deyir: Mühəmmədin sizi qorxutduğu şeydən yeyin. O, elə güman edir ki, od ağac bitirir, halbuki od ağacı yandırır. Allah-taala bu ayəni nazil edir: “Biz onu günahkarlar üçün əzab-əziyyət vasitəsi etdik.”[7] Əslində, onlar axirət dünyasına hakim olan qanunların bu dünya qanunlarından fərqləndiyini bilmirdilər. Cəhənnəm quyusunun bitki və ağacları Cəhənnəm rəngindədir və Cəhənnəmin şəraitinə uyğun bitmişdir. Bəlkə də onlar bunu bilirdilər, sadəcə məqsədləri məsxərə və istehza olmuşdur. Sonrakı ayədə belə deyilir: “Onun çiçəkləri şeytanların başları kimidir.” Burada ortaya belə bir sual çıxır: İnsanlar şeytanların başlarını görmüşdülərmi ki, Quranda zəqqumun çiçəkləri onlara bənzədilmişdir? Təfsirçilər bu suala bir sıra cavablar vermişlər. Onlar arasında ən düzü bəlkə də budur ki, qeyd olunan bənzətmədən həmin güllərin son dərəcə çirkin və iyrənc olduğunu göstərmək üçün istifadə edilmişdir. Belə ki, insan nifrət etdiyi hər bir şey üçün təsəvvüründə çirkin və qorxulu bir sima yaradır. Ancaq sevdiyi şey üçün gözəl və sevimli bir surət xəyal edir. Buna görə də mələk təsvirlərini çox gözəl, Şeytan və div təsvirlərini isə çirkin simalarda verirlər. Halbuki hələ mələk və divi görən olmamışdır.[8]
- Nuhun duası: Bu ayədə “Nuhun (ə) duası” deyilərkən onun öz qövmü üçün etdiyi nifrin və Rəbbindən dilədiyi yardım nəzərdə tutulmuşdur. “Nuh” surəsinin 26-cı ayəsində belə deyilir: “Nuh dedi: “Ey Rəbbim! Kafirlərdən heç birini yer üzündə saxlama”. “Qəmər” surəsinin 10-cu ayəsində belə deyilir: “O, Allaha “Mən məğlub oldum, mənim intiqamımı onlardan al!” – deyə müraciət etdi.”[9]
- Təkcə onun nəslini qoruyub saxladıq.
- Sonra gələn ümmətlər arasında onun gözəl adını qoruyub saxladıq;
- Aləmlər içərisində Nuha salam olsun!
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
- Çünki o Bizim mömin qullarımızdandır.
- Sonra o birilərini suya qərq etdik.
- İbrahim onun ardıcıllarından idi.
- Bir zaman o, öz Rəbbinin hüzuruna sağlam qəlblə gəldi.
- Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
- Allahı qoyub uydurma məbudlaramı üz tutursunuz?
- Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
- (Sonra) o, ulduzlara bir nəzər salaraq
- “Mən xəstəyəm!” – dedi.
- Onlar ondan üz döndərib ona arxa çevirdilər (sürətlə oradan uzaqlaşdılar).
- (O, bütxanaya daxil oldu,) xəlvətcə onların məbudlarına baxıb istehza ilə dedi: “Nə üçün (bu təamları) yemirsiniz?
- Nə üçün danışmırsınız?”
- Sonra onlara yaxınlaşdı, sağ əli ilə onlara möhkəm bir zərbə endirdi (böyük bütdən başqa hamısını qırdı).
- Onlar tələsik onun yanına gəldilər.
- O dedi: “Siz öz əlinizlə yonduqlarınızamı sitayiş edirsiniz?
- Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
- (Bütpərəstlər) dedilər: “Onun üçün uca bir bina tikin və onu od Cəhənnəminə atın!”
- Onlar İbrahimi məhv etmək üçün tədbir tökmüşdülər, amma Biz onları məğlub və rüsvay etdik.
- (O, bu təhlükədən xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir.
- Ey Rəbbim! Mənə əməlisalehlərdən olan saleh bir övlad bəxş et!”
- Biz də onu səbirli və dözümlü bir yeniyetmə ilə müjdələdik.
- O, onunla birlikdə çalışmaq həddinə çatdıqda dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm, sənin fikrin nədir!” Dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allahın istəyi ilə mənim səbirlilərdən olduğumu görəcəksən”.
————————————————————————————–
- İbrahim və sağlam qəlb: Bilirik ki, Quran leksikonunda “qəlb” deyilərkən ruh və ağıl nəzərdə tutulur. Buna görə də “sağlam qəlb” istənilən şirk, şəkk-şübhə və fəsaddan uzaq olan pak, təmiz, sağlam ruha deyilir. Quranda bəzi qəlblərə “qasiyə” – bərk, qatılaşmış, daşürək (Maidə-13), bəzisinə natəmiz (Maidə-41), bəzisinə xəstə (Bəqərə-10), bəzisinə də möhürlənmiş və bağlanmış (Tövbə-87) deyilir. Bunlarla yanaşı, qeyd olunan qüsurlardan uzaq, pak, yumşaq, sevgi dolu, haqq qarşısında təslim olan sağlam qəlb ifadəsi də işlədilmişdir. Hədislərdə sağlam qəlbin Allahın hərəmi adlandırıldığına rast gəlirik. İmam Sadiq (ə) buyurmuşdur: “Qəlb Allahın hərəmidir. Allahın evində Allahdan qeyrisini məskunlaşdırma!” Bu qəlb qeyb həqiqətlərindən xəbərdar ola bilən, mələklər aləmini görə bilən gözə malik qəlbdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Əgər şeytanlar Adəm övladlarının qəlbini əhatə etməzlərsə, şübhəsiz, onlar mələklər aləmini görərlər.” Ümumiyyətlə, Qiyamətdə insanı xilas edəcək ən yaxşı sərmayə sağlam qəlbidr. İbrahim (ə) Allah dərgahına bu qəlblə tələsib peyğəmbərlik əmri almışdır. İmam Rza (ə) buyurmuşdur: “Allahın bəndələri arasında “ürək” adlanan bir qabı vardır. Bu qabların ən yaxşısı saf, möhkəm və zərif olanıdır: Allahın dinində ən möhkəm, günahlardan ən pak, din qardaşları qarşısında ən zərif olanı!”[10]
88-89. İbrahim (ə) yalan danışmadı: Şübhəsiz ki, İbrahimin (ə) xəstələndiyini deməsi onun ulduzlara baxması ilə bağlı idi. Bu əlaqə ilə bağlı iki fikir mövcuddur: 1. Onun ulduzlara baxması xəstələnəcəyi saatı təyin etmək üçün olmuşdur. Məsələn, fasiləli qızdırma xəstəliyinə düçar olmuş bir adam qızdırmasının qayıdacağını hər hansı ulduzun çıxması və batması və ya ulduzların xüsusi vəziyyəti ilə təyin edir; 2. O, ulduzlara baxmaqla tezliklə xəstələnəcəyini müəyyən etmişdir. Belə ki, çoxları, o cümlədən ulduzpərəstlər ulduzların vəziyyətinə baxmaqla gələcəkdə baş verəcək hadisələrdən xəbərdar olmağın mümkünlüyünə inanırlar. Əlbəttə, bu ikisi arasında birinci nəzər daha doğru görünür. Çünki İbrahimin təkallahlıq inancı o qədər xalis idi ki, dünyada heç kəsin və heç nəyin müstəqil təsir gücünə malik olduğuna inanmırdı. 84-cü ayədə də ruh və etiqadının sağlamlığından bəhs edilən belə bir şəxsin öz xəstəliyini ulduzla təyin etməsi, yalan və əsassız söz danışması mümkün deyil. Digər tərəfdən, onun xəstə olmaması ilə bağlı heç bir dəlil yoxdur. Ayənin zahirinə əsasən onun xəstə olduğu aşkardır. Bu məsələ birinci izahla da tamamilə üst-üstə düşür.[11]
- Mən Rəbbimə doğru gedirəm: Bu, İbrahimin (ə) kafirlərə verdiyi vədə sədaqətinin ifadəsidir. O, müşrik Azərə belə deyir: “Mən sizi və sizin Allahdan başqa tapındığınızı tərk edib bir kənara çəkilir və öz Rəbbimi çağırıram, Rəbbimin çağırışımı cavabsız qoymayacağına ümidvaram.” (Məryəm-48). Bu ayədən belə məlum olur ki, İbrahim (ə) “Rəbbimə doğru gedirəm” deyərkən təklikdə Allaha ibadət, dua və raz-niyaz edəcəyi məkana gedəcəyini nəzərdə tutmuşdur. Bu məkan Şam məmləkəti olmuşdur.[12]
- Hər ikisi təslim olduqları və İbrahim onun alnını torpaq üzərinə qoyduğu vaxt
- Biz onu çağırıb dedik: “Ey İbrahim!
- Artıq sən yuxunu gerçəkləşdirdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- Həqiqətən də bu, açıq-aşkar imtahandır.
- Biz böyük bir qurbanlığı ona əvəz verdik.
- Onun yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik.
- İbrahimə salam olsun!
- Yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
- O, Bizim mömin qullarımızdandır.
- Onu layiqlilərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdələdik.
- Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənlər də var, açıq-aşkar özünə zülm edənlər də.
- Biz Musa ilə Haruna nemət bəxş etdik.
- Onların hər ikisini və tayfalarını böyük qəm-qüssədən xilas etdik.
- Onlara köməklik göstərdik, düşmənlərinə qalib gəldilər.
- Hər ikisinə aydınlıq gətirən kitab verdik.
- Hər ikisini doğru yola yönəltdik.
- Yaxşı adlarını sonrakı ümmətlər arasında əbədiləşdirdik.
- Musaya və Haruna salam olsun!
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
- Onlar ikisi də Bizim mömin qullarımızdandır.
- İlyas da elçilərdəndir.
- Bir zaman o öz qövmünə demişdi: “Məgər təqvalı olmursunuz?
- Siz yaradanların ən yaxşısını qoyub “Bə’l” bütünümü çağırırsınız –
- həm sizin, həm də əcdadlarınızın Rəbbi olan Allahı tərkmi edirsiniz?”
—————————————————————————————-
102-106. İbrahim qurbanda: Bu ayədə İbrahimin oğlu İsmaıl nəzərdə tutulmuşdur. Təfsirçilərin yazdığına görə, həmin vaxt İsmaılın on üç yaşı olmuşdur. İbrahim qəribə bir yuxu görür, həmin yuxunun böyük bir imtahanın başlandığından xəbər verdiyini başa düşür. Yuxuda Allah tərəfindən ona yeganə oğlunu öz əlləri ilə qurban kəsmək əmri verildiyini görür. Allahın imtahanından dəfələrlə üzüağ çıxmış bu əzəmətli peyğəmbər ürəyini ümman etməli, Allahın fərmanına boyun əyməli, ancaq hər şeydən əvvəl övladını bu işə hazır etməli idi. Buna görə də övladının bu barədə fikrini soruşur. Fədakar atasının varlığının bir nüsxəsi olan, az müddət ərzində səbir, dözümlülük və iman dərsini atasından öyrənmiş İsmaıl Allahın fərmanını gülər üzlə qarşılayır, atasını da buna həvəsləndirir. Atası qurban məsələsini on üç yaşlı oğlu ilə açıq danışır, onu seçimində müstəqil və azad buraxır. Övlad da öz növbəsində atasının qərarlı, qərarında isə qətiyyətli olmasını istəyir. Bu barədə fərqli fikirlər mövcuddur. Onların bəzisi daha heyrətamizdir. Belə ki, deyilənə görə, fədakar övlad atasına öz vəzifəsini yerinə yetirməkdə kömək etmək üçün belə deyib: “Ata, ipi möhkəm bağla ki, Allahın əmri yerinə yetiriləndə çabalamayım. Qorxuram (çabalayım və) savabım azalsın. Atacan, bıçağı iti et, bıçağı boğazıma sürətlə çək ki, ona dözmək həm mənə, həm də sənə daha asan olsun. Atacan, öncə paltarımı çıxar ki, qana boyanmasın. Çünki anamın qanlı paltarı görüb dözümsüzlük göstərəcəyindən qorxuram”. Hədislərin bəzisində belə yazılıb: “Şeytan İsmailin anası Hacərin yanına gedib deyir: “İbrahim övladını qurban kəsmək istəyir”. Hacər deyir: “Get və mümkün olmayan sözlər danışma! O, çox mərhəmətli adamdır”. Şeytan vəsvəsələrinə davam edərək deyir: “O, iddia edir ki, bunu ona Allah əmr edib”. Hacər deyir: “Əgər Allah əmr edibsə, itaət göstərmək lazımdır, razılıq verməkdən və təslim olmaqdan başqa yol yoxdur”. Şeytan yenə də öz vəsvəsəsinə davam edir, ancaq heç bir nəticə hasil olmadığını görüb İbrahimin yanına gedir: “İbrahim, gördüyün yuxu şeytani yuxudur. Şeytana itaət etmə”. İbrahim iman və peyğəmbərlik işığı sayəsində onu tanıyır, üstünə çığıraraq deyir: “Uzaq ol, ay Allahın düşməni!”
Hədislərin birində belə yazılıb: “İbrahim oğlunu kəsmək üçün ilk öncə Məşhərül-harama gedir. Şeytan qaça-qaça onun dalınca düşür. O, “birinci cəmərə”yə (daş atılan yerə) çatır. Şeytan da onun dalınca qaçır. İbrahim ona yeddi daş atır. “İkinci cəmərə”yə çatdıqda yenə də Şeytanın gəldiyini görüb ona yeddi daş atır. “Sonuncu cəmərə”yə çatdıqda Şeytana yeddi daş da atıb onu həmişəlik məyus edir. Hər halda, İbrahim övladının üzünü yerə qoyub bıçağı çəkir, ancaq iti bıçaq onun övladının yumşaq və zərif boğazına təsir etmir. Bu zaman Allah tərəfindən nida gəlir və ona vəzifəsinə əməl etdiyi, böyük imtahandan üzüağ çıxdığı buyurulur. Bəzi hədislərdə belə qeyd edilib: “Bu hadisə zamanı Cəbrail heyrət içində “Allahu əkbər, Allahu əkbər…” deyir, İsmail “la ilahə illəllah, Allahu əkbər”, İbrahim isə uca səslə “Allahu əkbər və lillahil-həmd” deyir. Bu, bizim Qurban bayramı günü söylədiyimiz təkbirlərdir. Oğlunun əvəzində qurban kəsməsi, gələcəkdə həcc mərasimləri zamanı Minada bir ənənə kimi icra edilməsi üçün Allah-taala bir qoç göndərir. İnsan həccdə ilk baxışda ona qaranlıq qalan və zahirən heç bir mənası olmayan əməllərlə qarşılaşır. Ancaq İbrahimin (ə) həyatı ilə tanış olsa, hər bir əməlin dərin məna daşıdığını görər. “Cəmərə”lərdə daş atılması o vaxt İbrahim (ə) tərəfindən yerinə yetirilmiş və Şeytanın daşlanmasını simvolizə edən bir əməldir. Minada qurban kəsilməsi insana İbrahimin (ə) böyük imtahanını, İsmailin qurban kəsilməsi əmrini, hər ikisinin Allahın əmrinə itaət göstərməsini xatırladır. Həccin digər əməlləri də eynilə bu şəkildə dərin mənaları ehtiva edir. Məhz elə buradan da biz “İbrahimin yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik” ayəsinin mənasını yaxşı başa düşürük.[13]
- Onlar onu yalançı saydılar. Ancaq şübhəsiz ki, hamısı (Allahın ədalət məhkəməsinə) gətiriləcəkdir.
- Allahın ixlaslı qulları müstəsnadır.
- Onun yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik.
- İlyasinə salam olsun!
- Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
- O Bizim mömin bəndələrimizdəndir.
- Lut da elçilərdəndir.
- Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
- Təkcə geridə qalanlardan olan yaşlı bir qadından başqa.
- Sonra da qalanlarını məhv etdik.
- Siz həm səhər çağı onların yanından (şəhərlərinin xarabalıqlarının yanından) keçirsiniz,
- həm də axşam çağı. Düşünmürsünüzmü?
- Yunis da elçilərdəndir.
- Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
- Onlarla püşk atdı və məğlub oldu.
- (Onu dənizə atdılar) və böyük bir balıq onu uddu. Həmin vaxt o qınanmağa layiq idi.
- Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
- balığın qarnında Qiyamət gününə qədər qalardı.
- Xəstə vəziyyətdə onu bitkisiz və quru bir əraziyə atdıq.
- Başı üzərində balqabaq tağı bitirdik.
- Biz onu yüz mindən də çox adamı olan bir cəmiyyətə göndərdik.
- Onlar ona iman gətirdilər, Biz də müəyyən vaxtadək onları həyat nemətlərindən bəhrələndirdik.
- Onlardan soruş: “Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındırmı?”
- Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?
- Bilin, onlar bu böyük böhtanları ilə deyirlər:
- “Allah doğmuşdur”. Lakin onlar şübhəsiz ki, yalan danışırlar.
- Məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?
——————————————————————————-
139-148. Yunis (ə) sınaq qarşısında: Yunis (ə) digər peyğəmbərlər kimi çağırışa tövhidlə, bütpərəstlərə qarşı mübarizə ilə başlamış, sonra yaşadığı cəmiyyətdə yayılmış çirkin davranışlarla mübarizəyə qalxmışdır. Yunis (ə) mehriban bir ata xeyirxahlığı, qayğısı, nəvazişi və sevgisi ilə haqq yoldan sapmış camaata nəsihət verməkdən əl çəkməmişdir. Ancaq hikmətli məntiqi qarşısında yalnız söz oyunu və səfsətə ilə qarşılaşmışdır. Uzun müddət təbliğat apardıqdan sonra çox az sayda adam – iki nəfər (bir abid, bir alim) iman gətirmişdi. Yunis (ə) çox təbliğat aparır, nəhayət, onların haqq yola gələcəklərindən məyus olur, abidin təklifi ilə, eyni zamanda qövmünün vəziyyətini analiz edərək onları nifrin etmək qərarına gəlir. Nifrin etdikdən sonra ona ilahi əzabın nə zaman nazil olacağı vəhy edilir. Əzab vaxtı yaxınlaşdığında Yunis (ə) qəzəbli halda abidi də özü ilə götürüb qövmünü tərk edir və dəniz sahilinə gedir. Orada sərnişin və yüklə dolu bir gəmi görür. Onlardan onu da aparmasını istəyir. 140-cı ayədə bu hadisəyə işarə edilmiş, onun gəmiyə doğru gedişi qaçmaq kimi ifadə edilmişdir. Şübhəsiz ki, Yunis (ə) məsum peyğəmbərdir və əsla günah etməz. Ancaq yaxşı olardı ki, bir qədər də dözəydi, əzab nazil olacağı son ana qədər, camaatı tərk etməyəydi, səbirli olaydı. Bəzi hədislərdə onun qırx il təbliğat apardığı yazılmışdır. Ancaq bu müddətə bir neçə saat da əlavə etməsi çox yaxşı olardı. Belə etmədiyi üçün fərari bəndəyə bənzədilmişdir. Yunis (ə) gəmiyə mindikdən sonra böyük bir balıq gəminin önünü kəsib ağzını açır, sanki yeməyə nə isə istəyir. Gəmidə olanlar deyirlər ki, gəmidə bir günahkar var və o, bu balığa yem olmalıdır, həmin adamın kimliyini müəyyən etmək üçün isə püşk atmaqdan başqa çarə yoxdur. Püşkdə Yunisin (ə) adı çıxır. Onu tutub balığın ağzına atırlar. Allah balığa bəndəsi Yunisə (ə) heç bir əziyyət verməməyi əmr edir. O, tərk etdiyi daha yaxşını dərk etməsi və yanlışını düzəltmək qərarına gəlməsi üçün misli görülməmiş bir məhbusluq həyatı yaşamalı idi. Allah-taala buyurur ki, əgər o, Allaha tərif deyənlərdən olmasaydı, Qiyamətə qədər balığın qarnında qalacaqdı və bu müvəqqəti həbsxana onun daimi həbsxanasına, hətta qəbrinə çevriləcəkdi. Ancaq Yunis (ə) hadisənin mahiyyətinə varır, bütün varlığı ilə Allah dərgahına üz tutub daha yaxşı əməli tərk etdiyi üçün Allahdan bağışlanmasını diləyir. “Ənbiya” surəsinin 87-ci ayəsində Allah-taala belə buyurur: “O, qatı qaranlıqlar içində fəryad qoparıb demişdi: “Səndən başqa heç bir tanrı yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Bu doğru etiraf, peşmançılıqla müşayiət olunan bu tərif öz işini görür. Belə ki, “Ənbiya” surəsinin 88-ci ayəsində Allah-taala belə buyurur: “Biz onun duasını qəbul etdik, onu qəm-qüssədən xilas etdik, möminləri belə xilas edirik.” Böyük balıq Allahın əmri ilə quru və ot-ələfsiz bir sahildə başından çox böyük olan tikəsini sahilə tullayır. Ancaq bu qeyri-adi həbsxana Yunisin (ə) sağlamlığına ziyan vurur, onu xəstələndirir və zəifləməsinə səbəb olur. Deyilənə görə, o, balığın qarnından çıxarkən yumurtadan yeni çıxmış qanadsız bir cücə kimi zəif olur. Hətta hərəkət etməyə belə taqəti olmur. Allah onun zəif bədəninə kölgə salması və onu günəş istisindən qoruması üçün başı üzərində balqabaq kolu bitirir. Daha sonra Yunis (ə) qovmünün əzabdan sonrakı aqibətini öyrənmək üçün yola düşür. Onların yaşadıqları əraziyə çatdıqda çox təəccüblənir, o hicrət edərkən bütün qövmü bütpərəst idi, indi necə olub ki, hamısı allahpərəst və təkallahlı olub. Əslində, hadisə belə olmuşdu: Yunisin (ə) nifrini onlara çox təsir edir. Buna görə də çarə yolları axtarırlar, mömin alimin göstərişi ilə tövbə etmək qərarına gəlirlər. Kollektiv şəkildə səhraya üz tuturlar, anaları övladlarından, heyvanları balalarından ayırır, bundan sonra ah-nalə edə-edə, ağlaşma içində Allahdan bağışlanma diləyirlər. Bu zaman əzab pərdəsi çəkilir, bəla dağlara dəyir, tövbə edən mömin cəmiyyət xilas olur, bundan sonra Yunisə (ə) iman gətirib müəyyən müddətə qədər dünya nemətindən bəhrələnirlər.[14]
- Sizə nə olub, necə hökm çıxarırsınız? (Nə etdiyinizi başa düşürsünüz?)
- Xatırlamırsınızmı?
- Sizin bu barədə açıq-aydın bir dəliliniz varmı?
- Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
- Onlar onunla (Allahla) cinlər arasında qohumluq əlaqəsinin olduğunu uydurdular. Halbuki cinlər onların Allah məhkəməsinə gətiriləcəyini yaxşı bilirlər.
- Allah onların aid etdikləri sifətlərdən uzaqdır.
- Təkcə Allahın ixlaslı bəndələri istisnadır.
- Nə siz, nə də sizin tapındıqlarınız
- heç kəsi aldada bilməzsiniz;
- təkcə Cəhənnəmə girəcək şəxslər istisnadır.
- (Mələklər dedi): “Bizlərdən hər birimizin müəyyən bir yeri vardır.
- Biz sıraya düzülmüşük.
- Biz hamımız Ona təriflər deyirik”.
- (Müşriklər) elə hey deyirdilər:
- “Əgər bizdə də əvvəlkilərdə olan kitablardan biri olsaydı,
- biz, mütləq, Allahın ixlaslı bəndələri olardıq”.
- (Lakin bu böyük səmavi kitab onlara nazil olduqdan sonra) onlar onu inkar etdilər. Ancaq tezliklə biləcəklər.
- Bizim göndərdiyimiz bəndələr haqqında verdiyimiz vəd əzəldən deyilmişdi:
- “Onlar yardım olunanlardır.
- Bizim qoşunumuz qalibdir”.
- Sən bir müddət onlardan üz çevir!
- Onların vəziyyətinə bax! Tezliklə (əməllərinin nəticəsini) görəcəklər.
- Onlar əzabımız üçün tələsirlər?
- Əzabımız onların evlərinin kandarına endiyi zaman qorxudulanların sabahı çox pis olacaq!
- Sən müəyyən vaxta qədər onlardan üz çevir!
- Onların vəziyyətinə bax! Onlar tezliklə (əməllərinin nəticəsini) görəcəklər.
- Sənin Rəbbin, yenilməz qüdrət sahibi olan Rəbb müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır, pakdır.
- Elçilərə salam olsun!
- Həmd və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur!
—————————————————————————————–
159-160. Allahı tanımaq üçün kimin yanına gedək? Bu ayələrə əsasən, insanların Allaha aid etdiyi istənilən səciyyə yanlışdır. Allah təkcə ixlaslı bəndələrin, şirk, nəfsani istəklər, cəhalət və azğınlıqdan uzaq olan, Allahın yalnız Onun Öz icazə verdiyi xüsusiyyətlərlə səciyyələndirən bəndələrin bəyan etdiyi xüsusiyyətlər istisna olmaqla, bütün xüsusiyyətlərdən ucadır. Allahı tanımaq üçün cahil xalqlardan qalmış, dilə gətirilməsi utanc verən xurafatların arxasınca düşmək olmaz. Sözləri insan ruhunu göyün ənginliklərində pərvaz etdirən, tövhid işığında qərq edən, istənilən şirk qırıntısını qəlbdən yuyub aparan, hər növ bənzətməni və cisimləşdirməni beyinlərdən yox edən ixlaslı bəndələrin yanına getmək lazımdır. Peyğəmbər və onun məsum Əhli-beytinin sözlərinə üz tutmaq, Allahı onların bəyan etdiyi xüsusiyyətlər əsasında tanımaq lazımdır. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Düşüncələr Allaha yetişə bilməz ki, Ona ölçü təsəvvür edə bilsin, iti fikirlər Onu dərk edə boilməz ki, Onunla bağlı bir təsəvvür yarada bilsin. Hisslər Onu hiss edə bilməz, əllər Ona toxuna bilməz, Onda dəyişiklik baş vermir, zaman na təsir göstərmir. Gecə-gündüzün axışı onu qocaltmır, işıq və qaranlıq ona təsir etmir. Allah üzvlərlə, bədənlə, qeyri-zati sifətlərlə, çevrilmə və dəyişilmə ilə səciyyələndirilmir. Onun ölçüsü və sonu yoxdur, Onun üçün yoxluq və son yoxdur.”[15]
171-173. Allahın peyğəmbərlərə kömək edəcəyi ilə bağlı verdiyi qəti vəd: Quranın bir sıra ayələrində işarə edilmiş vəd haqq yolunun yolçularına təsəlli verən, onların ruh aldığı, yorulduqları zaman onlara yeni nəfəs verən, damarlarındakı qanı təzələyən ən mühüm faktorlardan biridir. Haqq ordusunun batil üzərindəki qələbəsi, Allah qoşunlarının zəfəri, Allahın peyğəmbərlərə və həqiqi möminlərə köməyi Onun qəti vədlərindən və qanunlarındandır. Ancaq burada ortaya belə bir sual çıxır: Nə üçün bəzi peyğəmbərlər şəhid edilir, bəzi möminlər məğlubiyyətə uğramış və uğramaqdadırlar? Birincisi, “qələbə” və “səfər” sözü geniş məna ifadə edir, heç də hər zaman düşmən üzərində çalınan zahiri və fiziki qələbəni ifadə etmir. Bəzən qələbə məktəbin qazandığı qələbə ilə ölçülür. Əsl qələbə də elə məhz budur. Məsələn, düzdür ki, İmam Hüseyn (ə) və silahdaşları Kərbəlada şəhid oldular. Ancaq buna baxmayaraq, onların məqsədi hasil oldu. Belə ki, onların məqsədi Peyğəmbərin (s) xəlifələri olduqlarını iddia edən Əməvilərin çirkin simasını açıb göstərmək idi, öz məqsədlərinə də çatdılar. Müsəlmanları onların təhlükəsindən xəbərdar etdilər, İslamı tənəzzüldən xilas etdilər. İndi onların Kərbəlada məğlub olduqlarını demək olarmı? Peyğəmbərlər və möminlər haqq düşmənlərinin davamlı və mütəşəkkil səyləri qarşısında öz hədəflərini reallaşdıra, özlərinə çoxlu ardıcıl toplaya, məktəblərinin xəttini əbədiləşdirə, bütün fırtınalara sinə gərə, hətta müasir dünyada da dünya əhalisinin əksər hissəsinin diqqətini özlərinə cəlb edə bilmişlər. İkincisi, bu vədin mütləq və qeyd-şərtsiz deyil, şərtli olduğunu yaddan çıxarmamalıyıq. Yanlışlıqların çoxu bu həqiqətin diqqətdən kənarda qalmasından qaynaqlanır. Sözügedən ayədə “Bizim bəndələrimiz”, “Bizim qoşunumuz”, başqa ayələrdə “Allah ordusu”, “Bizim yolumuzda cihad edənlər”, “kim Allaha kömək etsə, ona kömək edər” və sair məzmunlu ifadələr də qələbə şərtləri üçün aşkar dəlillərdir. Allahın verdiyi bu vəd ürəkdən və candan Allahın razılığını istəyən, əməldə Onun fərmanına boyun əyən, təqva və əmanəti unutmayan şəxslərə məxsusdur.[16]
[1] Nümunə, c.19, səh.3
[2] Əl-mizan, c.17, səh.122
[3] Əl-Mizan, c.17, səh.126
[4] Nümunə, c.19, səh.48; Əl-Mizan, c.17, səh.137
[5] Nümunə, c.19, səh.56
[6] Nümunə, c.19, səh.64
[7] Əl-Mizan, c.17, səh.144
[8] Nümunə, c.19, səh.71
[9] Əl-Mizan, c.17, səh.146
[10] Nümunə, c.19, səh.97
[11] Əl-Mizan, c.17, səh.149
[12] Əl-Mizan, c.17, səh.152
[13] Nümunə, c.19, səh.109
[14] Nümunə, c.19, səh.152
[15] Nümunə, c.19, səh.176
[16] Nümunə, c.19, səh.187