“Mən gözəl əxlaqı kamilləşdirmək üçün göndərildim”
Mütəvatir və məşhur hədisə əsasən, o həzrətin özü buyurub: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər (s) əxlaqi gözəlliklərin və mənəvi dəyərlərin ümumiləşməsi, kamala çatması üçün göndərildi. Bir şəxsin özü ən yüksək əxlaqi səciyyələrə malik olmasa, Allah-Taala ona bu böyük və mühüm tapşırığı verməz. Odur ki, peyğəmbərliyin əvvəllərində Allah-Taala Peyğəmbərə (s) müraciətlə buyurur: “Həqiqətən sən böyük əxlaq sahibisən”. Onun peyğəmbər kimi yetişməsi və Allah-Taalanın öz vəhyinə münasib bildiyi çıxara malik olması peyğəmbərlikdən öncəyə aiddir. Buna görə deyilmişdir ki, gənclikdə ticarətlə məşğul olan və bu yolla çoxlu gəlir əldə edən əziz Peyğəmbər (s) onların hamısını Allah yolunda verdi və yoxsullara payladı. (Vilayet.nur-az)
Peyğəmbərin (s) təkamülünün sonlarında, vəhyin nazil olmasından öncə, yəni hələ peyğəmbər olmadığı dövrdə Həra dağına çıxıb ilahi nişanələrə – səmaya, ulduzlara, yerə, müxtəlif hisslərlə və müxtəlif yollarla yer üzərində yaşayan məxluqlara baxırdı. O, bunların hamısında Allahın izini görürdü, Haqq qarşısında kiçilməsi, ilahi əmr, qadağa və ilahi iradə qarşısında təzimi günbəgün çoxalırdı, gözəl əxlaqın tumurcuqları onda günbəgün daha da inkişaf edirdi. Hədisdə göstərilir ki, o ən ağıllı və ən səxavətli insan idi. Peyğəmbər (s) bu dövrdə ilahi nişanələri müşahidə etməklə günbəgün daha da yetkinləşirdi. O nəhayət qırx yaşına çatdı. Qırx yaşında onun qəlbi ən işıqlı, (Allah qarşısında) ən çox kiçilən və ilahi sözü qəbul etmək üçün ən hazırlıqlı qəlb idi. Mənəviyyatın, ruhaniliyin və nuraniliyin bu həddinə və kamilliyin zirvəsinə çatanda Allah-Taala səmanın və qeyb aləmlərinin qapılarını onun üzünə açdı, mənəvi və qeybi aləmlərə gözünü açdı. O, mələkləri görürdü; onunla danışırdılar, onları eşidirdi və nəhayət Cəbrayıl Əmin onun yanına gəlib dedi: “Oxu!” Bu, peyğəmbərliyin başlanğıcı idi.
Allahın bu bənzərsiz məxluqu, ilahi vəhyin nazil olmasından öncə belə kamillik mərhələsinə çatmış bu kamil insan peyğəmbərliyinin ilk anından mürəkkəb, hərətərfli və çətin bir cihada başladı və iyirmi üç il çox çətin şəraitdə bu cihadı davam etdirdi; öz daxilində cihadı, həqiqət haqda heç bir dərki olmayan xalqla cihadı və mütləq zülmətə qərq olmuş cəmiyyətlə cihadı. İmam Əli (ə) Nəhcülbəlağədə buyurur ki, fitnələr hər tərəfdən xalqı sıxırdı, dünyagirlik, şəhvətpərəstlik, zülm, təcavüz, insanların daxilində əxlaqi qəbahətlər, güclülərin heç bir şeydən çəkinmədən zəiflərə qarşı təcavüzü baş alıb gedirdi. Bu təcavüz yalnız Məkkədə və Ərəbistan yarımadasında deyildi, o dövrün ən üstün sivilizasiyaları olan böyük Roma imperiyasında və İran şahənşahlığında da mövcud idi. Tarixə baxın; tarixi zülmət bəşərin bütün həyatını bürümüşdü. Bu əzəmətli güclə birgə mübarizə aparmaq, dayanmadan və təsəvvürolunmaz fəaliyyətlər göstərmək peyğəmbərliyin və ilahi vəhyin ilk saatlarından başlandı. İlahi vəhy də həmişə yararlı torpağa verilən təmiz su kimi o həzrətin müqəddəs qəlbinə nazil olur, ona qüvvə bəxş edirdi. Və o bu dünyanı möhtəşəm bir dəyişikliyin başlanğıcına çatdırmaq üçün əlindən gələni etdi və məqsədinə çatdı.
İslam ümmətinin ilk bünövrəsi Məkkənin çətin günlərində Peyğəmbərin (s) güclü əlləri ilə quruldu. İslam ümmətinin binası bu bünövrə üzərində dayanmalı idi. İlk möminlər, bu biliyə, bu şücaətə və bu nüraniliyə malik olub Peyğəmbərin (s) sözünün mənasını dərk edən və ona könül verən ilk şəxslər bu bünövrəni təşkil edirdilər. “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər”. Hazırlıqlı ürəklər, onların bu ilahi təlimlərə, ilahi əmrlərə sarı açıq qapıları Peyğəmbərin (s) güclü əlləri ilə düzəldi, zehinlər işıqlandı, iradələr günbəgün daha da möhkəmləndi. Məkkə dövründə azsaylı möminlərin qarşısına çıxan çətinliklər bizim üçün təsəvvüredilməzdir. Bütün dəyərlərin cahiliyyət dəyərləri olduğu, yanlış təəssübkeşliklərin, güclü ədavətlərin, qəddarlığın, rəhmsizliyin, zülmün və ehtirasın bir-birinə qarışıb həyatı ağırlaşdırdığı bir şəraitdə bərk və keçilməz qayalar arasında bu yaşıl ağaclar baş qaldırdı. Əmirəlmömininin (ə) “Səhra ağacları bərk və alovu güclüdür” cümləsinin mənası budur. Qayaların arasından cücərib boy atan bu bitkiləri, ağacları heç bir tufan tərpədə bilmirdi. On üç il ötəndən sonra bu möhkəm təməllər üzərində İslam cəmiyyəti, sivil Peyğəmbər dövləti quruldu.