“Şuəra” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Ta, Sin, Mim.
- Bunlar açıq-aydın kitabın ayələridir.
- Onlar iman gətirmədiyinə görə, görünür, qəm-qüssədən özünü həlak etmək istəyirsən.
- Əgər Biz istəsək, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilər.
- Rəhman Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
- Onlar yalan saydılar. Məsxərəyə qoyduqlarının (cəza) xəbəri onlara yetişəcəkdir.
- Onlar yer üzündə cürbəcür qiymətli bitkilər bitirdiyimizi görmürlərmi?
- Bunda (Allahın varlığını göstərən) açıq-aydın bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
- Sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmətlidir.
- Bir zaman Rəbbin Musaya dedi: “Get o zalım qövmün yanına get –
- Firon qövmünə! Onlar (Allahın əmrinə qarşı çıxmaqdan) qorxmurlar?”
- (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
- (belə olduqda) hövsələdən çıxam, dilim də söz tutmaya. Buna görə Harunu da (mənimlə) göndər.
- Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
- Buyurdu: “Xeyr, belə deyil! (Onlar heç nə edə bilməzlər.) İkiniz də ayələrimizlə (onları doğru yola yönəltmək üçün) gedin! Biz sizinləyik və eşidirik.
- Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
- İsrail oğullarını bizimlə göndər!”
- (Firon) dedi: “Biz səni körpə ikən öz aramızda boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
- Sonda (etməli olmayacağın) o işi gördün (bizlərdən birini öldürdün), sən bir nankorsan!”
—————————————————————————————–
“Şuəra” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu bir neçə bölmə üzrə ümumiləşdirmək olar: 1. Surə müqəttəə hərfləri ilə başlayır. Sonra Quranın əzəmətindən danışılır, ardınca müşriklərin təzyiqləri və dərrakəsizliyi qarşısında Peyğəmbərə (s) təsəlli verilir, tövhid və Allahın sifətlərinə ötəri şəkildə işarə edilir. 2. Yeddi böyük peyğəmbərin (Musa, İbrahim, Nuh, Hud, Saleh, Lut və Şeybin) həyatının bəzi fraqmentləri qeyd edilir, onların Peyğəmbər (s) dövrünün müşrikləri ilə bənzərliyi olan inadkarlar və dərrakəsizlərlə mübarizəsindən sitatlar gətirilir, onlara göndərilmiş şiddətli, ağır və qorxulu əzab və bəlalar xatırlanır, bununla da İslam peyğəmbərinə qarşı çıxanlar təhdid edilir. 3. Üçüncü hissə əvvəlki bölmələrin nəticəsi xarakterini daşıyır. Burada İslam peyğəmbəri, Quranın əzəməti, müşriklərin təkzibləri, dəvət metodu və möminlərlə necə davranılması mövzusunda Peyğəmbərə verilən göstərişlərdən söhbət açılır. Surə möminlərə müjdə verilməsi, kafirlərin isə təhdid edilməsi ilə sona çatır[1].
- Məcburi imanın heç bir dəyəri yoxdur: Bu ayədə bildirlir ki, Allah-taala elə bir möcüzə və kafirlərə elə bir qorxulu əzab göndərə bilər ki, hamı bir nəfər kimi Onun qarşısında təzim edər, itaət göstərər. Ancaq bu imanın Allah üçün heç bir dəyəri yoxdur. Dəyər insanların haqq qarşısında öz iradəsi, istəyi, qərarı, düşüncə və dərki ilə təvazökarlıq göstərməsindədir. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Əgər Allah istəsəydi, göydən bir əlamət göndərərdi və başlar onun qarşısında itaətkarlıqla təzim edərdi. Əgər belə etsəydi, insanlar üçün sınaq anlayışı tamamilə aradan qalxardı”. İmam Sadiq (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “Həddi aşanlar deyilərkən Əməvi sülaləsi nəzərdə tutulur. Mehdi (ə) qiyam etdiyi vaxt onlar göydə bir əlamət görüb təslim olacaqlar.” Məlumdur ki, bu hədis ayənin daha geniş məzmununun bir hissəsinə işarə edir. Belə ki, həzrət Mehdi (ə) zühur etdikdən və bütün dünyanın hakimi olduqdan sonra Əməvi yolunu davam etdirən bütün zülmkar hökumətlər o həzrətin qüdrəti qarşısında təslim olacaq[2].
- Musanın (ə) dilində qüsur var idimi? Quranın bir neçə yerində həzrət Musanın (ə) peyğəmbərliyə seçilməsindən, Allahın əmrinin Firon tərəfdarlarına çatdırılmasından danışılarkən həzrət Musanın (ə) dilində qüsur olması, buna görə də Allahdan dilindəki qüsuru açmasını istəməsi vurğulanır. Görəsən qüsur deyilərkən nə nəzərdə tutulur? Doğurdanmı Musanın (ə) dilində qüsur var idi və danışarkən bəzən dili dolaşırdı? Yoxsa Musa (ə) həqiqəti söyləmək üçün rəvan bəyan tərzi, həqiqəti insanlara başa salmaq üçün aydın, səlis, güclü və kəsərli nitq istəyirdi? Böyük ehtimalla ikinci fikir düzgündür. Çünki Harunun vəzir olmasını istəyərkən onun daha fəsahətli olduğunu əsas gətirir: “Məndən daha fəsahətli olan qardaşım Harunu yardımçı və köməkçi olmaq üçün mənimlə birlikdə göndər”[3]. Deməli, Musa (ə) fəsih olsa da, Harun ondan daha fəsahətli idi. Buna görə də Musa (ə) Allahdan daha fəsahətli olmasını, Harunu isə onun vəzir və köməkçisi etməsini istəmişdir.
- (Musa) dedi: “Mən onu edəndə xəbərsiz olmuşam.
- Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə elm və hikmət bəxş etdi və məni peyğəmbərlərdən etdi.
- İsrail oğullarını özünə kölə etməyini mənə minnətmi qoyursan?
- Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
- (Musa) dedi: “Əgər ağlınız və şüurunuz varsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
- Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsiniz?”
- (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
- (Firon) dedi: “Sizə göndərilmiş elçi, sözsüz ki, dəlidir!”
- (Musa) dedi: “Əgər ağlınızı işə salsanız, (bilərsniz ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
- (Firon qəzəblənib) dedi: “Əgər məndən başqasını tanrı qəbul etsən, səni həbsə ataram!”
- (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm də (iman gətirməzsən)?”
- (Firon) dedi: “Əgər doğru danışırsansa, göstər onu!”
- Bu vaxt Musa əsasını (yerə) atdı, o da dərhal dönüb açıq-aşkar böyük bir ilana çevrildi.
- Əlini (qoynundan) çıxardan kimi baxanların gözləri önündə bəmbəyaz və parlaq oldu.
- (Firon) ətrafındakı zadəganlara dedi: “Bu, bilikli və məharətli bir sehrbazdır!
- O, öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
- Dedilər: “Ona və qardaşına möhlət ver və səfərbərlik üçün şəhərlərə məmurlar göndər,
- bütün bilikli və mahir sehrbazları yanına gətirsinlər”.
- Nəhayət, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
- Camaata deyildi: “Siz də yığışmırsınızmı?”
—————————————————————————————-
- Musa (ə) nədən xəbərsiz olub? Həzrət Musa (ə) məsum olduğu üçün təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu fikirlər arasında ən düzü isə budur: Musa (ə) “xəbərsiz idim” deyərkən demək istəyir ki, mən o adamı öldürərkən xeyrimə olan nəticədən xəbərsiz olmuşam. Belə ki, məndən yardım istəyən adama kömək edərkən, edəcəyim köməyin başqa bir nəfərin ölümü ilə nəticələnəcəyindən, buna görə də mənim Misiri tərk edib Mədyənə gedəcəyimdən, uzun illər vətəndən ayrı düşəcəyimdən xəbərsiz olmuşam[4]. Əslində, Musa (ə) burada peşman olduğunu söyləmir. Çünki həmin vaxt zülmə məruz qalmış bir məzluma yardım göstərmişdir. Həzrət Musa (ə) burada demək istəyir ki, o, iki nəfərin mübahisəsinə müdaxilə edərkən məqsədi Fironun adamını öldürmək olmamış, məzlumu müdafiə edərkən qarşı tərəfin ölümünə səbəb olacağından, nəticədə, başına iş açacağından xəbərsiz olmuşdur. Daha ətraflı məlumat almaq istəyənlər “Qəsəs” surəsinin 15-16-cı ayələrinin şərhinə baxa bilərlər.
- İsrail oğullarının bəndəlik neməti: 18-19-cu ayələrdə qeyd edilir ki, Firon Musanı (ə) uşaq vaxtı etdiyi yaxşılıqların əvəzində nankorluq etməkdə ittiham edir. Əslində, Firon Musanı (ə) və İsrail oğullarını özünün köləsi hesab edir, Musaya (ə) etdiyi yaxşlığı köləsinə qarşı lütfkarlıq kimi qiymətləndirirdi. Həzrət Musa (ə) ona belə cavab verir: Sən İsrail oğullarını kölə etməyini boynuma minnət qoyursan? Sənin mənə qarşı lütfkarlıq hesab etdiyin və nankorluqda ittiham etdiyin nemət deyil, mənim və İsrail oğulları üzərindəki zorakı hökmranlığındır. Ümumiyyətlə, insanları zorla kölə etmək necə nemət ola bilər?[5]
- Musanın (ə) əsası ilə bağlı işlədilən müxtəlif ifadələr: Bu ayədə Musanın əsasının “suban”a (əjdahaya – böyük ilana), “Nəml” surəsinin 10-cu və 31-ci ayələrində “cann”a (cəld və sürətlə hərəkət edən kicik ilana), “Taha” surəsinin 20-ci ayəsində isə “həyyə”yə (ilana) çevrildiyi qeyd edilmişdir. Bu müxtəliflik sual doğurmaya bilməz. Əslində, burada elə də anlaşılmaz bir şey yoxdur. Bu fərqlilik iki aspektdən izah edilə bilər: 1. Ola bilsin ki, bu ifadələrlə həmin ilanın müxtəlif vəziyyətlərinə işarə edilmişdir. Yəni əsa əvvəlcə kiçik və nazik birilana çevrilmiş, yavaş-yavaş böyümüş, nəhayət, əjdaha şəkli almışdır. 2. Bu ifadələrin hər biri ilanın ayrı-ayrı xüsusiyyətlərini ifadə edir. Belə ki, “suban” onun böyüklüyünü, “cann” sürətini və çevikliyini, “həyyə” isə onun canlı olduğunu ifadə edir[6].
- Əgər sehrbazlar qalib gəlsələr, onlara tabe olaq”.
- Sehrbazlar gəldkdən sonra Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
- Dedi: “Bəli! Belə olacağı təqdirdə sizi yaxın adamlardan edəcəyəm”.
- Musa sehrbazlara dedi: “Nə atacaqsınızsa, atın!”
- Onlar iplərini və əsalarını yerə atıb dedilər: “Fironun qüdrətinə and olsun ki, biz, mütləq, qalib gələcəyik!”
- Sonra Musa əsasını atdı və (əsa) qəfildən onların bütün yalançı ləvazimatlarını uddu.
- Sehrbazlar dərhal səcdəyə qapandılar
- (və) dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –
- Musanın və Harunun Rəbbinə!”
- (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o, sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı dara çəkdirəcəyəm”.
- Dedilər: “Zərər yoxdur, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
- Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin günahlarımızı bağışlayacağına ümidvarıq”.
- Biz Musaya: “Gecə vaxtı bəndələrimi (Misirdən) apar. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.
- Firon şəhərlərə səfərbərlik məmurları göndərdi.
- Onlar, həqiqətən, kiçik bir dəstədir.
- Onlar bizi qəzəbləndirmişlər.
- Biz hamımız döyüşə hazırıq”.
- Biz onları bağlardan və çeşmələrdən çıxartdıq;
- xəzinələrdən və gözəl qəsrlərdən də.
- Beləcə, Biz İsrail oğullarını onların varisi etdik.
- Onlar İsrail oğullarını təqib etdilər, günəş üfüqdən qalxan vaxtı onlara çatdılar.
——————————————————————————————
- Yaxınlıq ən böyük mükafatdır: Firon sehrbazlardan: “Nə istəyirsiniz, mal, yoxsa vəzifə?” – deyə soruşur. Bu da onu göstərir ki, Fironun yaxın adamlarından olmaq o dövrün ən böyük mükafatlarından biri hesab edilmişdir. Əslində, insanın arzu etdiyi gücə yaxınlaşmasından böyük mükafat ola bilməz. Haqq yoldan sapmışlar Firona yaxın olmağı ən yüksək mükafatlardan hesab etdikləri kimi, allahpərəstlər də Allaha yaxınlıqdan böyük mükafat olmadığını düşünürlər, hətta Cənnəti bütün nemətləri ilə birlikdə Onun pak zatının bir cilvəsinə dəyişirlər. Buna görə də ən böyük mükafata layiq görülməli olan şəhidlər etdikləri böyük fədakarlıq müqabilində ən böyük mükafat olan Allaha yaxınlıq mükafatına layiq görülürlər. “Rəblərinin yanında” ifadəsi bu həqiqəti açıq şəkildə ifadə edir. Təmizürəkli möminlər də ibadətlə məşğul olarkən fikirlərində tutduqları yeganə şey Allah-taalaya yaxın olmaqdır[7].
- İxtiyari iman işığında sevərək hərəkət etmək: Sehrbazların ruhunda baş verən dəyişiklik bir anın içində onların qatı zülmətdən göz qamaşdıran işığa çıxmasına, Firondan gözlədikləri bütün mənfəətlərdən imtina etməsinə, hətta canlarının belə təhlükə qarşısında qalmasına hazır olmalarına səbəb oldu. Bütün bu cəsarətli addımlar ona görə idi ki, onlar bilikli və savadlı adamlar idilər və bilikləri sayəsində haqqı batildən ayıra bildilər, nəticədə, haqqın tərəfinə keçdilər. Onlar yolun qalan hissəsini ağılla getmədilər, eşq yolunu qət edən miniyə mindilər. Gülün qoxusu onları elə məst etmişdi ki, özlərini unutmuşdular. Buna görə də Fironun ən şiddətli təhdidləri qarşısında əzmkarlıq nümayiş etdirdilər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Hər bir qəlb mərhəmətli Allahın əlindədir. Əgər istəsə, onu doğru yola yönəldər, əgər istəsə, onu haqq yoldan sapdırar.” Təbii ki, Allahın istəyi bəndənin hazırlığından qaynaqlanır. Uğurun bəxş edilməsi və əldən alınması səbəbsiz olmur[8].
- İsrail oğulları Misirin hakimi oldular? Bir qrup təfsirçi bu ayəyə əsasən hesab edir ki, İsrail oğulları Misirə qayıdıb hakimyyət başına keçdilər və bir müddət burada hökmranlıq etdilər. Bəziləri hesab edirlər ki, Firon və tərəfdarları həlak olduqdan sonra onlar müqəddəs torpaqlara üz tutdular, ancaq bir müddətdən sonra Misirə qayıdıb burada hakimiyyəti ələ aldılar. Musanın (ə) Allahın böyük peyğəmbəri olduğunu nəzərə alsaq, ehtimal edə bilərik ki, hökuməti tamamilə süquta uğramış və İsrail oğullarının əlinə keçmiş bir ölkəni, özü də uzun illər yüz minlərlə İsrail oğlunun yaşayıb mühiti ilə yaxından tanış olduğu bir məmləkəti tamamilə tərk edib ora ilə bağlı heç bir qərar qəbul etməmək, əvəzində səhraya üz tutmaq Musa (ə) kimi bir peyğəmbər üçün təsəvvüredilməzdir. Deməli, vəziyyət iki haldan xaric deyil: ya İsrail oğulları hamılıqla Misirə qayıdıb dövlət yaratdılar, ya da onların bir qrupu Musanın (ə) əmri ilə orada qalıb bu proqramı həyata keçirdi. Əks halda, ayələrdə Firon tərəfdarlarının çıxarılması və İsrail oğullarının varis edilməsi anlaşılmaz qalır[9].
- İki dəstə bir-birini gördükdə Musanın səhabələri: “Biz yaxalandıq!” – dedilər.
- (Musa) dedi: “Xeyr, şübhəsz ki, Rəbbim mənimlədir. Tezliklə mənə doğru yolu göstərəcəkdir!”
- Biz Musaya: “Əsanı dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, hər bir hssəsi nəhəng bir dağ kimi oldu.
- O birilərini (Fronun qoşununu) də ora yaxınlaşdırdıq.
- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- O birilərini isə suya qərq etdik.
- Bu hadisədə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Çünki haqqı axtarmırdılar).
- Sənin Rəbbin məğlubedilməzdir, rəhimlidir.
- Onlara İbrahimin əhvalatını da oxu.
- Bir zaman o, öz atasına və tayfasına dedi: “Nəyə ibadət edirsiniz?”
- Onlar dedilər: “Biz bütlərə ibadət edir və hər gün onlara tapınmaqda davam edirik”.
- O dedi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi?
- Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
- Onlar dedilər: “Biz yalnız ata-babalarımızın belə etdiyini görmüşük”.
- O dedi: “Siz davamlı olaraq nəyə ibadət etdiyinizi gördünüzmü –
- həm siz, həm də ulu babalarınız?
- Onların hamısı mənim düşmənimdir, təkcə aləmlərin Rəbbi istisnadır.
- O Rəbb ki, məni yaratmış və davamlı olaraq doğru yola yönəldir.
- O Rəbb ki, məni yedirdir və içirdir;
- O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
- O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
- O Rəbb ki, haqq-hesab (Qiyamət) günü xətalarımı bağışlayacağına ümidvaram.
- Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
—————————————————————————————
- Dəniz kimi bir çay: Quranda Allahın əmri ilə Musanın (ə) İsrail oğullarını dənizdən keçirdiyi dəfələrlə qeyd edilmişdir. (Bax: Yunus – 90, Taha – 77, Şuəra – 63, Duxan – 24). Bəzi ayələrdə isə çaydan keçirdiyi buyurulmuşdur. (Bax: Taha – 78, Qəsəs – 40, Zariyat – 40). Görəsən dəniz və çay deyilərkən nə nəzərdə tutulur? Görəsən çay deyiləkən Misirin su mənbəyi hesab edilən böyük Nil çayı, yoxsa Qırmızı dəniz nəzərdə tutulur? Bəzi təfsirçilər burada Qırmızı dənizin nəzərdə tutulduğunu iddia edirlər. Əlimizdə olan Tövratda da Qırmızı dəniz qeyd edilmişdir. Lakin faktlar Nil çayı olduğunu deməyə əsas verir. Çünki ərəb dilində “bəhr” geniş ərazini əhatə edən bol suya deyilr. “Yəmm” də bu mənanı ifadə edir. Buna görə də hər iki sözün Nil çayını ifadə etməsinin heç br maneçiliyi yoxdur[10].
- Xəstənin şəfası Onun əlindədir: Bu ayəni oxuduqdan sonra ortaya belə br sual çıxa bilər ki, əgər möminin şəfası Allahın əlindədirsə, həkimə müraciət etməyə, dərmandan istifadə etməyə nə lüzum var? Bu dünyanın səbəblər və vasitələr aləmi olduğunu, hadisələrin maddi və ya mənəvi vasitələrlə idarə edildiyini nəzərə alsaq, sualın cavabı aydın olur. İmam Sadiq (ə) buyurmuşdur: “Allah işləri vasitə və səbəblər olmadan icra etmək istəmir”. Əslində, xəstələrin şəfa tapmasında rolu olan dərman və həkim kimi vasitələr ilahi şəfanın şərtləridir. Çünki Allah şəfa təsirini onlara bəxş etmişdir. Buna görə də biz xəstəliyin müalicəsinə çox böyük önəm verməliyik. Ancaq bir məsələni də xüsusilə diqqət mərkəzində saxlamalıyıq ki, məhdud səbəb və vasitələrin şəfa göstərəcək gücü və yerləri Allahın istəyindən asılıdır. Allahın istəyi ilə bu vasitələrin heç bir təsiri olmaya bilər. Bu zaman Allahın istəyinə boyun əymək lazımdır[11].
- Peyğəmbərlərin tövbəsi və bağışlanma diləməsi: Bu məsələyə “Bəqərə” surəsinin 128-ci ayəsinin şərhində toxunmuşuq.
- Hər şeydən əvvəl hökm istəmək: Hökm hikmətlə eyniköklü söz olmuşdur. Hikmət haqqa elm və bilik yolu ilə çatmaq, saleh əməlləri və mövcudatı tanımaqdır. Başqa sözlə desək, hikmət harada və hansı libasda olmasından asılı olmayaraq, haqqı tanıdacaq meyar və dəyərlərin tanınmasına deyilir. Əlbəttə, hökm hikmətdən daha üstün məna yükünə malikdir. Hökmdə məlumatla bərabər onun icrasına hazır olmaq da var. Nəfsani istəklərə tabe olmadan çıxarılan xətasız və doğru qərarları da bu tərifə əlavə edə bilərik. Hər halda İbrahm (ə) hər şeydən əvvəl Allahdan hakimiyyətlə müşayiət olunan dərin və düzgün bilik istəmişdir. Çünki heç bir əməl proqramı belə bir bazisi olmadan mümkün deyil. Bundan sonra İbrahim (ə) layiqli bəndələrə qovuşmağı Allahdan istəmişdir ki, bununla da əməli hikmətin yönlərinə işarə etmşdir. Duanın birinci hissəsi nəzəri hikmətə aid olduğu halda, ikinci hissəsi əməli hikməti ifadə edir[12].
- Gələcək ümmətlər arasında mənə doğru danışan dil qismət elə!
- Məni nemətlərlə dolu Cənnətin varislərindən et!
- Atamı (əmimi) bağışla! Çünki o, azanlardandır.
- Onların dirildiləcəyi gün məni utandırma, rüsvay etmə!
- O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
- Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
- Cənnət müttəqilərə yaxınlaşdırılar.
- Cəhənnəm də azğınlar üçün aşkar olar.
- Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
- Allahdan başqa (tanrılarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud kimsə onların dadına çata bilərmi?”
- O zaman onlar azğın ibadət edənlərlə birlikdə Cəhənnəmə atılarlar,
- İblisin bütün qoşunları da habelə.
- Onlar orada höcətləşərək deyərlər:
- “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
- Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq.
- Bizi ancaq günahkarlar azdırdı.
- Bizim nə şəfaətçilərimiz,
- nə də canıyanan bir dostumuz var!
- Kaş yenidən qayıda biləydik, möminlərdən olaydıq!”
- Bu hadisədə bir əlamət (ibrət) vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidr, rəhimlidir.
- Nuh tayfası elçiləri (peyğəmbərləri) yalançı saydı.
- Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz?
- Həqiqətən, mən sizin üçün etibar ediləsi bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin.
- Mən bunun əvəzinə sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbinə aiddir.
- Allahdan qorxun və mənə itaət edin!”
- Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənə inanaq?”
—————————————————————————————-
- İbrahimin (ə) düz danışan dili: İbrahim (ə) bu duası ilə Allahdan sonrakı əsrlərdə nəslindən düz danışan bir övladının olmasını istəyir. Yəni İbrahim (ə) qəlbində olanları söylədiyi kimi, övladının da İbrahimin (ə) qəlbində olanları insanlara çatdırmasını diləyir. Gələcəkdə nəslindən Allah dinini təbliğ etmək, insanları tövhid və təkallahlıq dininə çağırmaq üçün bir övladı olmasını dua edir. Bəzi təfsirçilər hesab edir ki, İbrahim (ə) bu duasında İslam peyğəmbərini (s) nəzərdə tutmuşdur. Belə ki, Peyğəmbər (s) özü də hədislərinin birində buna işarə edərək buyurmuşdur: “Atam İbrahim duasında məni nəzərdə tutmuşdur”. Quranın bir neçə yerində Peyğəmbərin (s) dininin elə İbrahimin (ə) dini olduğunun qeyd edilməsi bu faktı təsdiq edir. Kəbə binasını tikdikdən sonra həzrət İbrahim (ə) və İsmailin (ə) etdiyi duanın məzmunu da bunu deməyə əsas verir: “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin və onları təmizləsin!” (Bəqərə-129). Bəzi hədislərdə “düz danışan dil” deyilərkən möminlərin əmiri İmam Əlinin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir[13]. Əgər biz İmam Əlinin (ə) dinin möhkəmlənməsi və tövhid şüarının davam etməsində ifa etdiyi rol haqqında düşünsək, Peyğəmbərlə (s) yanaşı onun da düz danışan dil olduğunu qəbul edərik.
- Sağlam qəlb: “Sağlam qəlb” deyilərkən bütün xəstəliklərdən, əxlaqi qüsurlardan uzaq qəlb nəzərdə tutulur. Hədislərdə “sağlam qəlb” haqqında çox məlumat verilmişdr. “Sağlam qəlb”in nə olduğunu bilmək üçün bir neçə nüansa diqqət yetirmək lazımdır: 1. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Şirk və tərəddüd olan hər bir qəlb tənəzzülə məruz qalır”. 2. Maddiyyata və dünyaya bağlılıq insanı həqiqət yolundan sapmağa və günaha sürükləyr. Çünki “dünyanı sevmək bütün günahların qaynağıdır”. Deməli, “sağlam qəlb” dünya məhəbbətinin olmadığı qəlbdir. Başqa bir hədisində İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: ““Sağlam qəlb” dünya sevgisindən azad olan qəlbdir”. 3. “Sağlam qəlb” yalnız Allahın olduğu qəlbdir. İmam Sadiq (ə) bu ayənin mənası haqqında soruşan şəxsə belə cavab vermişdir: ““Sağlam qəlb” Allahdan başqasının iştrakı olmadan Allahla görüşən qəlbdir.” Bir məsələni də xüsusilə qeyd etməlyik ki, bu məqamlarda qəlb deyilərkən ruh və can nəzərdə tutulur. Hədislərdə qəlb, onun sağlamlığı, bəlaları və bəlalara qarşı mübarizə üsullarından çox danışılmışdır. Bütün bunların məcmusundan belə məlum olur ki, İslam hər şeydən əvvəl fikri, etiqadi və əxlaqi prinsiplərə əhəmiyyət verir. Çünki insanın bütün əməli proqramları onlardan qaynaqlanır. Belə ki, ürəyin sağlam olması cismin sağlam olmasına, xəstə olması isə bütün üzvlərin xəstəlməsinə səbəb olur. Çünki bədənin bütün hüceyrələrinin qidalanması qan vasitəsilə gerçəkləşir. Qan isə bədənin bütün nöqtələrinə ürək vasitəsilə paylanır. İnsanın həyat proqramlarının da sağlam və ya qeyri-sağlam olması etiqad və əxlaqın sağlam və qeyri-sağlam olduğunu göstərir[14].
- Cənnət yaxınlaşır: Maraqlıdır ki, ayədə “təqvalılar Cənnətə yaxınlaşdırılar” deyil, “Cənnət təqvalılara yaxınlaşdırılar”, – deyə buyurulmuşdur. Bu da təqvalı insanların çox əzəmətli və böyük olduğunu göstərir[15].
- (Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
- Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş anlayaydınız!
- Mən iman gətirənləri qovan deyiləm.
- Mən yalnız açıq-aşkar bir qorxudanam”.
- Dedilər: “Ey Nuh! Əgər (sözlərinə) son qoymasan, daşqalaq ediləcəksən”.
- Dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
- Mənimlə onların arasına ayrılıq sal, məni və mənimlə birlikdə olan möminləri qurtar!”
- Biz onu və onunla birlikdə olanları (insan və cürbəcür heyvanlarla) dolu gəmidə xilas etdik.
- Qalanlarını isə suya qərq etdik.
- Bunda açıq-aydın bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhimlidir.
- Ad tayfası da elçiləri yalançı saydı.
- Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz?
- Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin!
- Mən bunun əvəzinə sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim haqq və mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- Siz hər bir hündürlükdə əbəs yerə bir əlamətmi qurursunuz?
- Sanki əbədi qalacaqsınız deyə gözəl və möhkəm qəsrlərmi tikirsiniz?
- Kimisə cəzalandırdığınız zaman qəddarlar kimi cəzalandırırsınız?
- Allahdan qorxun və mənə itaət edin!
- Bildiyiniz nemətlərlə sizə yardım edən Allahdan (Onun əmrinə qarşı çıxmaqdan) qorxun.
- O, sizə heyvanat və oğul-uşaqla yardım etdi.
- (Üstəlik) bağlar və çeşmələr də əta etdi.
- Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
- Onlar (Ad qövmü) dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
—————————————————————————————–
111-114. Dinin yayılmasında yoxsulların rolu: Bu ayələr haqqında araşdırma apardıqda məlum olur ki, o dövrün imkanlı kafirlərinin təfəkkürünə qruplaşma ruhiyyəsi hakim kəsilmişdir. Buna görə də onlar yoxsul sinfinə aid olanları dəyərsiz və aşağı insanlar hesab etmişlər. Onlar üçün dəyər meyarı var-dövlət, paltar, ev, gözəl və bahalı minik vasitəsi olmuşdur. Bu təfəkkür sahibləri zadəgan sinfində az, yoxsul sinfində daha çox müşayiət edilən təmizlik, təqva, haqpərvərlik və yüksək insani keyfiyyətlərdən xəbərsiz qalmışdılar. Əlbəttə, kafirlərin sözügedən tənələrinə təkcə Nuh (ə) deyil, bütün peyğəmbərlər, o cümlədən İslam peyğəmbəri də məruz qalmışdır. Eyni tənələrə hətta bu dövrün haqq rəhbərləri də məruz qalırlar. Ətraflarında yoxsul və zəiflərin olmasını kafirlər onlara nöqsan tuturlar. Halbuki bununla onlar özləri də bilmədən haqq rəhbərlərini tərifləmiş, təmsil etdkləri məktəbin düz olduğunu təsdiq etmiş olurlar[16]. Tarixi araşdırmalar da göstərir ki, peyğəmbərlərin çağırışlarının qəbulu və onların gətirdkləri dinin yayılmasında yoxsullar öndə getmişlər. Bu gün də dini mərasimlərdə, məscidlərdə, anım mərasimlərində, moizə, xütbə, dini məktəblərdə yoxsulların və orta təbəqənin nümayəndələrinin daha çox təmsil olunduğu müşahidə edilir[17].
- Dünyanın dəbdəbəli qəsrləri axirətin ağır yüküdür: Bir gün İslam peyğəmbəri (s) bir yerdən keçirmiş, gözü yol kənarında olan bir saraya sataşır. “Bu nədir?” – deyə soruşur. Səhabələr onun səhabələrdən birinə aid olduğunu deyirlər. Peyğəmbər (s) evin sahibi gələnə qədər gözləyir. Həmin şəxs gəlib salam verir, amma Peyğəmbər (s) üzünü çevrir… Ev sahibi üzünü ətrafında olan adamlara tutub deyir: “And olsun Allaha, Peyğəmbərin (s) məndən narazı olduğunu görürəm. Bilmirəm nə etmişəm”. Səhabələr deyirlər: “Peyğəmbər sənin təmtəraqlı evini görüb narahat oldu”. Ev sahibi gedib evini yerlə bir edir. Bir gün Peyğəmbər (s) həmin yolla gedərkən qəsrin yerində olmadığını görüb soruşur: “Buradakı evə nə oldu?” Hadisəni ona danışırlar. Peyğəmbər (s) buyurur: “Hər bir evin zəruri olan hissəsindən artığı Qiyamət günü öz sahibinə ağır yükdür.” Bu və bənzər hədislərdən İslamın israfa yol verilmiş, insanı qafil edən tikililərlə bağlı baxışı, onlara qarşı olması aydın olur. İslamda xüsusilə, evsiz-eşiksizlərin, ev-eşiyə ehtiyacı olanların yaşadığı yerlərdə məğrur və Allahdan xəbərsiz təkəbbür əhlinin tikdiyi qəsrlər kimi tikililər tikilməsinə icazə verilmir. Diqqət çəkən məqam budur ki, Allahın rəsulu (s) bu humanist məqsədin gerçəkləşməsində zor tətbiq etməmiş, belə bir tikilinin uçurdulmasına göstəriş verməmiş, əvəzində etik bir reaksiya ilə (üzünü turşutmaq və etinasızlıq göstərməklə) öz məqsədinə çatmışdır[18].
- Mübahisə və münaqişədə rəhmsizlik: Ayədə Ad qövmünün çirkin xüsusiyyətlərindən birinə, yəni mübahisə və münaqişə zamanı edilən rəhmsizliyə işarə edilmişdir. Həzrət Hud (ə) onlara belə buyurur: Kimsə cəzaya səbəb olacaq bir səhvə yol verə bilər. Ancaq siz haqq və ədalət çərçvəsindən çıxmamalı, ən kiçik cinayətə ən ağır cəza forması ilə qarşılıq verməməli, qəzəbləndiyniz vaxt insanların qanını axıtmamalı, qılınc çəkib onların üstünə düşməməlisiniz. Bu, zalımların və həddi aşanların işidir[19].
- Bu, yalnız və yalnız əvvəlkilərin metodudur.
- Biz əzaba əsla düçar olmayacağıq”.
- Onlar Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir.
- Səmud tayfası elçiləri yalançı saydı.
- Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Təqva yolunu tutmursunuz?
- Mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm.
- Allahdan qorxun və mənə itaət edin.
- Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- Elə bilirsiniz burada olan nemətlər içində son dərəcə arxayınlıqla həmişəlik qalacaqsınız?
- Bu bağlar və bulaqlarda,
- əkinlər, meyvələri dəymiş və şirin olan xurmalıqlar içində?
- Dağlardan evlər yonacaq və onlarda rifah içində yaşayacaqsınız?
- Allahdan qorxun və mənə itaət edin!
- Həddi aşanların əmrinə tabe olmayın.
- Onlar yer üzündə fəsad törədir və islahat aparmırlar”.
- Dedilər: “(Saleh!) Sən ovsunlanmışlardansan (ağlını itirmisən).
- Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bir əlamət göstər”.
- Dedi: “Bu, dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş gündə su içmək haqqınız vardır.
- Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
- Nəhayət, onlar dəvəyə hücum edib onun diz vətərini kəsdilər, sonra da əməllərindən peşman oldular.
- Əzab onları yaxaladı. Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir.
————————————————————————————
151-152. İsrafçılıqla yer üzündə fəsad törətməyin əlaqəsi: İsrafçılıq yaradılış və şəriət qanunu ilə müəyyən edilmiş həddin aşılmasına deyilir. Məlumdur ki, istənilən doğru sistemdə istənilən təcavüz və həddi aşma pozuntuya və parçalanmaya səbəb olur. Başqa sözlə desək, fəsadın mənbəyi israf, israfın nəticəsi fəsaddır. Əlbəttə, “israf” sözü bir çox mənalarda işlədilir: bəzən yemək və içmək kimi sadə kontekstlərdə, bəzən intiqam və qisas məsələlərində həddin aşılması, yalanla nəticələnən mühakimələr, şəkk-şübhə ilə nəticələnən inanclar, təkəbbür, üstün tutma, istismar və nəhayət, bütün günahlar kontekstndə işlənir. Buradan da israfçılıqla fəsad arasında hansı əlaqənin olduğu aydınlaşır. Bəzi böyük təfsirçilər hesab edirlər ki, varlıq aləmi vahid bir sistemdir, hətta bəzən hissələri arasında müşahidə edilən ziddiyyətlə harmoniya təşkil edir. Bu sistem doğru hədəflər istiqamətində hərəkətdədir və hər hissəsi üçün müəyyən bir hərəkət trayektoriyası mövcuddur. İndi əgər bu hissələrdən biri öz hərəkət orbitindən çıxsa, yanlış istiqamətə yol alsa, onunla dünyanın digər hissələri arasında problem yaranacaq. Əgər bu həddi aşmış intizamsız hissəni öz həqiqi orbitinə qaytara bilsələr, çox yaxşı olar, əks təqdirdə, onu məhv etməlidirlər ki, sistem onun üçün müəyyən edilmiş şəkildə hərəkətinə davam etsin. İnsan da fitrət əsasında öz orbiti üzrə hərəkət etsə, varlıq sistemi ilə harmoniya təşkil etsə, onun üçün təyin edilmiş xoşbəxt hədəfə çatar. Ancaq həddini aşsa, fəsad yolunda addımlasa, Allah ona qulaqburması verər, ona çətinliklərlə xəbərdarlıq edər. Əgər bunların heç bir təsiri olmasa, fəsad varlığının dərinliklərinə işləsə, Allah əzab göndərərək yer üzünü onun varlıq çirkabından təmzləyər. Bununla da Allahın bu ayələrdə israfı fəsadla eyni sırada qərarlaşdırmasının mənası aydın olur[20].
- Allah rəsuluna atılmış böyük iftira: “Sehr” sözündən düzəlmiş “musəhhər” cadu olunmuş adam deməkdir. Kafirlərin inancına görə sehrbazlar bəzən sehr edərək insanların ağlını başlarından alırlar. Onlar bu iftiranı təkcə Salehə (ə) deyil, digər peyğəmbərlərə də yaxırdılar. İslam peyğəmbəri (s) də bu cür iftiradan yan keçə bilməmişdir. “Furqan” surəsinin 8-ci ayəsində belə deyilir: “Zalımlar: “Siz ancaq cin vurmuş bir adamın ardınca gedirsiniz” – dedilər. ” Onlar hesab edirdilər ki, ağıllı adam mühitin rənginə uyğunlaşan, cəmiyyətlə ayaqlaşan, bütün fəsadlara bulaşmış şəxsdir. Əgər ilahi və inqilabçı bir şəxs yanlış inancları və sistemləri aradan qaldırmaq üçün qiyam etsəydi, onu dəli, cinli və sehrlənmiş adlandırardılar[21].
- Günahkarın tərəfdarlarının onun günahına ortaq olması: Möminlərin əmiri İmam Əli (ə) buyurmuşdur: “Ay camaat, hər hansı işə razı və ya narazı olmaq mükafat və cəzanın əhatə dairəsinin artmasına səbəb olur. Belə ki, Səmudun dəvəsini bir nəfər kəsdi, ancaq Allahın əzabı onların hamısını yaxaladı. Çünki hamı əmələ razılıq vermişdi.”[22] Deməli, məktəb və fikir bağlılıqları insanların talelərini birləşdirir[23].
- Lut qövmü də elçiləri yalançı saydı.
- Qardaşları Lut o zaman onlara dedikdə ki: “Təqva yolunu tutmursunuz?
- Mən sizin üçün etibar ediləsi bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin!
- Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- Doğrudanmı siz insanlardan yalnız kişi cinsinə yaxınlıq edir
- və Rəbbinizin sizin üçün yaratdığı cütlərinizi tərk edirsiniz? Həqiqətən, siz həddi aşanlarsınız”.
- Dedilər: “Ey Lut! Əgər (sözlərindən) əl çəkməsən, mütləq, çıxarılanlardan olacaqsan!”
- Dedi: “Mən sizin əməllərinizin qatı düşmənyəm.
- Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
- Biz onu və onun bütün ailəsini xilas etdik.
- Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
- Sonra o birilərini məhv etdik.
- Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis yağış imiş!
- Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir.
- Əykə əhalisi peyğəmbərləri yalançı hesab etdi.
- O zaman ki, Şüeyb onlara dedi: “Təqva yolunu tutmursunuz?
- Həqiqətən, mən sizin üçün etibar ediləsi bir elçiyəm.
- Allahdan qorxun və mənə itaət edin!
- Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- Ölçüyə tam riayət edin və başqalarını ziyana salmayın.
- Düz tərəzi ilə çəkin.
- İnsanların haqqını az qoymayın və yer üzündə fəsad törətməyə çalışmayın.
————————————————————————————–
165-166. Eynicinslilərin çirkin əməllərinin acı nəticələri: Şübhə yoxdur ki, cinsi pozğunluq insan cəmiyyətlərində meydana gələn ən təhlükəli pozğunluqlardandır. Çünki bütün əxlaq normalarını öz zərərli kölgəsi altına alır, insanlarda ülvi hisslərin pozulmasına səbəb olur. Homoseksuallıq İslam dinində o qədər çirkin əməl sayılır ki, İslam hüququnda onun cəzası tərəddüd etmədən edam göstərilmişdr. İmam Rza (ə) bir hədisində homoseksuallığın haram edilməsinin fəlsəfəsini belə izah etmişdir: “Kişinin kişiyə, qadının da qadına haram edilməsinin səbəbi budur ki, bu davranış Allahın yaratdığı qadın və kişi təbiətinə ziddir. Belə ki, əgər kişilər və qadınlar öz həmcisnlərinə meyl göstərsələr, insanların nəsli kəsilər, ictimai həyatı fəsad bürüyər, dünya dağılar.” İslam peyğəmbəri (s) bir hədisində belə buyurmuşdur: “Eynicinslililərə meyl göstərənlər Cənnətin qoxusunu almayacaqlar.” İmam Əlinin (ə) hədislərinin birində homoseksuallıq küfr həddində təqdim edilmişdir. Hətta homoseksuallığın ən aşağı hədlərinə meyl göstərən şəxsləri də şiddətli əzab gözləyir. İslam peyğəmbərinin (s) hədislərinin birində belə deyilir: “Oğlan uşağını ehtirasla öpən şəxsə Qiyamət günü Allah oddan bir yüyən taxar.”[24]
181-182. Çəkidə aldatmaq: Satarkən az çəkmək, tərəzidə aldatmaq, çəki və hesabda kələk gəlinməsinə qarşı mübarizəyə Quranda xüsusi önəm verilmişdir. Hətta məsələyə o qədər önəm verilir ki, varlıq aləmində bu sistem yaradılış sistemi ilə bir sırada qərarlaşdırılır: “Göyü ucaldıb tərəzi və qanun qoydu ki, tərəzidə həddi aşmayasınız. İnsafla çəkin və çəkini əskiltməyin.” (Rəhman surəsi-7-9). Bu ayələrdə çəki və hesabda ədalətə riayət etmənin kiçik deyil, çox əhəmiyyətli bir mövzu olduğuna, hətta bütün dünyaya hakim olan nizam-intizam və ədalət prinsipnin bir hissəsi olduğuna işarə edilmişdir. Ümumiyyətlə, haqq-ədalət, nizam-intizam və hesab-kitab varlıq aləminə hakim kəsildiyi kimi, hər yerdə və hər şeydə əsas və həyati əhəmiyyətə malikdir. Buna görə də sözügedən prinsipdən uzaq düşmək təhlükəlidir. Xüsusilə çəkidə aldatmaq alqı-satqının əsas şərti hesab edilən etibar və inam sərmayəsini məhv, iqtisadi sistemi alt-üst edir. Bir məsələni də xüsusilə qeyd etməliyik ki, çəkidə aldadanlar hüquqi cəhətdən alıcılara borcludurlar. Buna görə də onların tövbəsi, hətta aldatdıqları adamları tanımasalar belə, mənimsədiklərini geri qaytarmayınca tövbələri əsla qəbul olmaz. Sahibi tanınmayan mala gəlincə, həmin məbləğ haqqın qaytarılması adı ilə mal sahibinin adından yoxsula verilməlidir. Çəkidə aldatmağın mənası çox genişdir, vəzifəni yerinə yetirərkən istənilən növ laqeydlik və səhlənkarlığa da şamil olur. Belə ki, bu hökm az iş görən fəhlə, yaxşı dərs deməyən müəllim, vaxtında iş başında olmayan, işinə can yandırmayan işçiyə də şamil olur və onları da eyni aqibət gözləyir[25].
- Sizi və əvvəlki nəsilləri yaradandan (əmrinə qarşı gəlməkdən) qorxun!”
- Dedilər: “Sən yalnız və yalnız ovsunlanmışlardansan.
- Sən də bizim kimi bir insansan. Səninlə bağlı qənaətimiz yalnız budur ki, sən yalançılardasan.
- Əgər, doğru danışanlardansansa, göydən başımıza daşlar yağdır”.
- (Şüeyb) dedi: “Rəbbim sizin gördüyünüz işlərdən daha yaxşı xəbərdardır”.
- Nəhayət, onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
- Bu hadisədə bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi.
- Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir.
- Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
- Onu əmanətdar Ruh endirib –
- sənin qəlbinə ki, qorxudanlardan (xəbərdar edənlərdən) olasan.
- (Onu) açıq-aydın ərəb dilində (nazil etdi).
- Şübhəsiz ki, onun haqqında keçmiş ümmətlərin kitablarında da məlumat verilmişdir.
- İsrail oğullarından olan alimlərin ondan yaxşı xəbərdar olması bunlar üçün yetərli dəlil deyilmi?
- Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik
- və o, bunu onlara (ərəblərə) oxusaydı, ona iman gətirməzdilər.
- Biz Quranı günahkarların qəlbinə belə (açıq-aydın şəkildə) salarıq.
- Onlar ağrı-acılı əzabı öz gözləri ilə görməyənədək ona inanmazlar.
- (Əzab) onlara özləri də hiss etmədən, gözlənilmədən gələcəkdir.
- Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
- Bizim əzabımız üçünmü tələsirlər?
- Bizə xəbər ver, əgər onlara illərlə bu həyatdan pay versək,
- sonra vəd olunduqları əzab onlara yetişsə,
—————————————————————————————
- Kölgəli günün əzabı: “Zullət” kölgə salan bulud parçasına deyilir. Təfsirçilərin bir çoxu bu ayəni təfsir edərkən yazırlar ki, Şüeybin (ə) qövmünün yaşadığı ərazini yeddi gün yandırıcı isti bürüdü, heç külək əsmədi. Qəfildən göydə bir bulud parçası peyda oldu, külək əsdi. İnsanlar evlərindən çölə tökülüşərək buludun kölgəsinə toplaşdılar. Bu vaxt buluddan qulaq batıran ölümcül bir ildırım qopdu. Onun ardınca oraya toplaşanların başına od yağdı, yer silkələnməyə başladı, hamısı həlak oldu. Bilirik ki, ildırım buludla yer arasındakı güclü elektirik mübadiləsinin nəticəsində baş verir. İldırım qorxulu səsə malikdir, bəzən baş verdiyi ərazidə böyük şimşək və titrəyişlə müşayiət olunur. Quranın müxtəlif surələrində Şüeybin (ə) qövmünə göndərilmiş əzabla bağlı hamısı bir həqiqəti əks etdirən müxtəlif ifadələr işlənmişdir. “Əraf” surəsinin 91-ci ayəsində “rəcfət” (titrəyən yer), “Hud” surəsinin 94-cü ayəsində “səyhət” (gurultulu səs), bu ayələrdə isə “kölgəli günün əzabı” ifadəsi işlədilmişdir[26].
- Ruhul-əmin (əmanətdar ruh): Ruhul-əmin deyilərkən vəhy mələyi, yəni Cəbrail (ə) nəzərdə tutulur. Çünki “Bəqərə” surəsinin 97-ci ayəsində də vəhyin onun tərəfindən gətirildiyi buyurulmuşdur: “De: “Cəbrailin düşməni (əslində, Allahla düşməndir. Çünki) o, Allahın əmri ilə Quranı sənin qəlbinə nazil edir.” Başqa bir yerdə ona Ruhul-qudus deyilmişdir (Bəqərə – 87). Allahın Cəbraili (ə) Ruhul-əmin adlandırmasının səbəbi onun Allahın əmrlərini Peyğəmbərə (s) çatdırarkən əmanətdar olduğunu, Allahın sözünü qəsdən, bilmədən, səhvən və ya unudaraq dəyişmədiyini, təhrif etmədən çatdırdığını göstərməkdir[27].
198-199. Etnik təəssübkeşlik: Şübhə yoxdur ki, insan aid olduğu torpaq, qəbilə və ya xalqa qarşı sevgi bəsləyir. Onun öz torpağına, xalqına və millətinə olan sevgisi eyib deyil, əksinə, onun sosial münasibətlərində qurucu rol oynayan amildir. Ancaq bu sevginin də bir həddi var. Əgər həddi aşsa, dağıdıcı, destruktiv və zərərli olar. Bəyənilməyən milli və etnik təəssübkeşlik ifrat sevgiyə aiddir. Qohum, qəbilə, xalq və vətənin ifrat dərəcədə müdafiəsi tarix boyu bir çox müharibələrə, xurafat və çirkinliklərin xalq və qəbilənin adət-ənənəsi adı altında digər xalqlara ötürülməsinə səbəb olmuşdur. Bu ifrat müdafiə və tərəfdarlıq bəzən elə bir həddə çatır ki, qəbilənin ən çirkin adamı insanın gözündə gözəl, başqa qəbilənin ən gözəl adamı isə insanın gözündə çirkin görünür. Başqa sözlə desək, etnik təəssübkeşlik insanın ağıl, fikir, düşüncə və dərrakəsinin üzərini örtən, doğru mühakimə yürütməyə mane olan cəhalət və eqoizm pərdələrindən biridir. Təəssübkeşlik bəzi xalqların arasında daha güclüdür. Təəssübkeşliyi şöhrət tapmış bu ayələrdə də işarə edilən bir qrup ərəb buna bir misaldır. Cahiliyyət dövrünün ərəblərinin təəssübkeşliyi elə bir həddə olmuşdur ki, hətta Quran başqa bir xalqa gəlmiş olsaydı, ona əsla iman gətirməzdilər. Hədislərdə də təəssübkeşlik pislənilən və məzəmmət edilən xüsusyyətlərdən biri kimi təqdim edilmişdir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Qəlbində xardal dənəsi boyda təəssübkeşlik olan şəxsi Qiyamət günü Allah cahil ərəblərlə bir tutacaq.” İmam Sadiq (ə) bu ayəni izah edərkən buyurmuşdur: “Əgər Quran qeyri-ərəbə nazil olsaydı, ərəblər ona iman gətirməzdilər. Ancaq Quran ərəblərə nazil oldu, qeyri-ərəblər ona iman gətirdi. Bu, qeyri-ərəblər üçün bir üstünlükdür.”[28]
- Dünya ləzzətindən olan nəsiblərinin onlara heç bir faydası olmayacaq.
- Biz heç bir kəndi qorxudanları olmadan məhv etmədik.
- Xəbərdar edib, xatırlamaları üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
- Bu ayələri şeytanlar və cinlər endirmədi.
- Onlar buna layiq deyillər və (buna) qüdrətləri də çatmaz.
- Çünki onlar (səmavi xəbərləri) dinləməkdən kənarlaşdırılmışlar.
- Allahla yanaşı heç bir tanrını çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan.
- Yaxın qohumlarını qorxut!
- Qanadlarını sənə tabe olan möminlər üçün aç!
- Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
- Yenilməz qüdrət və rəhmət sahibi olan Allaha təvəkkül et!
- O, səni (ibadət etmək üçün) duranda da görür,
- səcdə edənlər arasında etdiyin hərəkəti də.
- Odur eşidən və bilən Allah!
- Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
- Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
- Onlar eşitdiklərini (başqalarına) təlqin edərlər və əksəriyyəti yalançıdır!
- Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
- Onların hər vadidə sərgərdan gəzdiyini görmürsənmi?
- Və etmədikləri sözləri danışdıqlarını (görmürsənmi)?
- Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqları zaman özlərini (və möminləri) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yerin hara olduğunu tezliklə biləcəklər.
—————————————————————————————-
210-212. Qurana qarşı başqa bir iftira: Bu ayədə Quran düşmənlərinin bəhanə və ya qəbuledlməz iftiralarından birinə cavab verilir. Onlar deyirdilər: Mühəmmədin (s) cinlərdən biri ilə əlaqəsi var və bu ayələri ona həmin cin öyrədir. Halbuki Quranda bu ayələrin aləmlərin Rəbbi tərəfindən nazil edildiyi dəfələrlə təkrarlanır. Əsasən, haqq, ədalət, təqva, təmizlik, paklıq və istənlən şirkdən uzaq durmağa çağırışdan ibarət olan Quranın məzmunu ayələrin Şeytan fikrləri və cinlərin təlqinləri ilə əsla oxşar olmadığını göstərir. Şeytanlar və cinlərin işi yalnız fitnə-fəsad və şərdən ibarətdir, Quran isə xeyir və islahat kitabıdır. Bundan başqa, cinlərin belə bir qüdrəti yoxdur. Əgər onların belə bir qüdrəti olsaydı, Quranın nazil olduğu mühitdə şeytanlarla əlaqəsi olan kahinlər kimi insanlar onun mislini gətirə bilməli idilər. Halbuki onların hamısı bunda aciz idilər. Acizlikləri onların gücləri fövqündə olan bir varlıq tərəfindən göndərildiyini sübuta yetirir. Digər tərəfdən kahinlər özləri etiraf edirdilər ki, Peyğəmbər (s) dünyaya gəldikdən sonra onlarla əlaqəsi olan şeytanların səmavi xəbərlərlə olan əlaqəsi tamamilə kəsilmişdir. Quranın digər ayələrindən də məlum olur ki, şeytanlar daha çox göylərə qalxır, qulaq asır, mələklər arasında danışılan xəbərləri bəzən öz dostlarına çatdırırdılar. Lakin Peyğəmbərin (s) zühurundan sonra dinləməyə tamamilə son qoyuldu və bu əlaqə kəsildi. Bunu müşriklər özləri də bilirdilər. Əgər bilməsəydilər də, Quran onlara xəbər verdi[29].
- Yaxın qohumların çağırılması: İmam Əli (ə) buyurmuşdur: “Bu ayə nazil olanda Allah rəsulu (s) həmin vaxt sayları təxminəən qırx nəfərə çatan Əbdülmüttəlib övladlarını çağırıb buyurdu: “Sizlərdən hansınız mənim qardaşım, varisim, arxam, məndən sonra mənim vəsim və sizin aranızdakı canişinim olar?” Bu sözü onların hər birinə ayrıca dedi, hamısı da təklifi rədd etdi. Nəhayət, sözü mənə ünvanladı. Mən dedim: “Ey Allahın elçisi! Mən hazıram”. Bu vaxt üzünü Əbdülmüttəlib nəslinə tutub ded: “Ey Əbdülmüttəlibin övladları! Bu, mənim varisim, arxam və məndən sonra aranzıdakı canişinimdir. Sonra toplaşanlar istehza ilə gülüb qalxdılar və Əbutalibə dedilər: “Sənə əmr edəcək ki, bu oğlan uşağının əmrinə tabe olub ona itaət edəsən.”[30]
224-227. İslamda şeir və şairlik: Şübhəsz ki, şeir təbi və şairlik bacarığı insanın digər bütün istedadları kimi, düzgün istiqamətə yönəldiyi, ondan müsbət şəkildə istifadə edildiyi zaman qiymətli olur. Əgər ondan insanların etiqad və əxlaq özüllərini dağıtmaq, fəsada, anarxiyaya çağırış üçün istifadə edilərsə, insanlar onunla puçluğa, mənasızlığa, xəyalpərəstliyə sövq edilərsə və ya ondan məzmunsuz məşğuliyyət kimi istifadə edilərsə, qiymətsiz, hətta zərərli olar. İslam da bu istiqamətin hədəflərini, strategiyalarını və nəticələrini qiymətləndirir. Bir qrup səhabə mübarək ramazan gecələrinin birində sözü şer və şairliyin üstünə gətirdiyi vaxt İmam Əli (ə) buyurdu: “Bilin ki, əməl meyarınız dindir, sizi qoruyan vasitə təqvadır, bəzəyiniz ədəbdir, abrınızı qoruyan vasitə səbirdir.” Şeir, əslində, vasitədir, onun qiymət meyarı istifadə edildiyi məqsəddir. Bəzən bu vasitə elə həddə çatdırılmışdır ki, fəsad və destruktivliyin əsas amilinə çevrilmişdir, bəzən bir xalqı və milləti qaniçən və əzazil düşmən qarşısında elə cəsur etmişdir ki, rəşadətli döyüşçülər düşmən ordusunun sıralarını dağıdaraq qəlbini parçalamışlar. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bizim haqqımızda bir beyt şeir desə, Allah Cənnətdə onun üçün bir ev inşa edər.”[31]
[1] Nümunə, c.15, səh.179
[2] Nümunə, c.15, səh.185-188
[3] Mənşuri-cavid, c.12, səh.69
[4] Əl-Mizan, c.15, səh.261
[5] Əl-Mizan, c.15, səh.264
[6] Nümunə, c.15, səh.216
[7] Nümunə, c.15, səh.222
[8] Nümunə, c.15, səh.238
[9] Nümunə, c.15, səh.239
[10] Nümunə, c.15, səh.247
[11] Təfsiri-mövzui, c.6, səh.378; Pəyame-Quran, c.3, səh.342; Ətyəbül-bəyan, c.10, səh.44
[12] Nümunə, c.15, səh.261
[13] Əl-Mizan, c.15, səh.286
[14] Nümunə, c.15, səh.273
[15] Nümunə, c.15, səh.268
[16] Nümunə, c.15, səh.282
[17] Ətyəbül-bəyan, c.10, səh.60
[18] Nümunə, c.15, səh.293
[19] Nümunə, c.15, səh.294
[20] Nümunə, c.15, səh.307
[21] Nümunə, c.15, səh.311
[22] Nəhcül-bəlağə, 192-ci xütbə
[23] Nümunə, c.15, səh.314
[24] Nümunə, c.15. səh.320
[25] Nümunə, c.15, səh.111
[26] Nümunə, c.15, səh.340
[27] Əl-Mizan, c.15, səh.316
[28] Nümunə, c.15, səh.53
[29] Nümunə, c.15, səh.363
[30] İləlüş-şəraye, c.1, səh.170
[31] Nümunə, c.15, səh.381