“Təhrim” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir.
  2. Allah (bu cür hallarda) andlarınızdan xilas olmağın yolunu sizə aydınlaşdırmışdır. Allah sizin rəhbərinizdir. O, biləndir, müdrikdir.
  3. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə bir sirr verdi. Ancaq o, həmin sirri yaydıqda Allah Peyğəmbərinə bunu xəbər verdi. O da bunun bir qismini zövcəsinə bildirib digər qismini saxladı. Peyğəmbər bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O buyurdu: “Bilən və xəbərdar olan Allah xəbər verdi!”
  4. (Ey Peyğəmbərin iki zövcəsi,) əgər Allaha tövbə etsəniz, (sizin xeyrinizə olar, çünki) hər ikinizin qəlbi haqdan sapmışdır. Əgər Ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki, heç nə edə bilməzsiniz). Çünki Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçılarıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır.
  5. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, hicrət edən dul qadınlar və bakirə qızlar verə bilər.
  6. Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Ona Allahın verdiyi əmrlərə (heç vaxt) asi olmayan (əmrindən əsla çıxmayan), buyurulanları yerinə yetirən amansız və güclü mələklər nəzarət edir.
  7. Ey kafir olanlar! Bu gün üzr diləməyin. Çünki ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

————————————————————————————

“Təhrim” surəsinin ümumi məzmunu: Bu surə dörd hissədən ibarətdir: 1. Peyğəmbərin (s) bəzi həyat yoldaşlarının ona qarşı kələk qurması. 2. Bütün möminlərə ailənin təlim-tərbiyəsinə diqqət yetirmək və günahlardan tövbə etmək göstərişinin verilməsi. 3. Kafir və münafiqlərə qarşı cihad. 4. Möminlər üçün iki əməlisaleh olan və iki əməlisaleh olmayan qadının misal çəkilməsi.[1]

1-5. Ayələrin nazilolma səbəbi: Sünni və şiə məzhəbinin təfsir, hədis və tarix kitablarında bu ayələrin nazilolma səbəbləri ilə bağlı çoxlu sayda hədis və rəvayət yer almışdır. Onların arasında ən məşhur və münasib olanı budur: Peyğəmbər (s) bəzən həyat yoldaşlarından olan Cəhşin qızı Zeynəbin yanına gedərkən Zeynəb ona bal yedizdirərmiş. Bu xəbər Aişəyə çatanda çox narahat olur. Aişə xanım Peyğəmbərin (s) digər xanımı Həfsə ilə belə qərara gəlirlər ki, Peyğəmbər (s) onların yanına hər dəfə gəldikdə dərhal ondan “sən məğafir şirəsi yemisən?”[2] – deyə soruşsunlar[3]. Çünki Peyğəmbər (s) ağzından və ya paltarından xoşagəlməz qoxu gəlməməsi üçün çox çalışar, əksinə, xoş ətir qoxusu verməyə səy göstərərmiş. Bir gün də Peyğəmbər (s) Həfsənin yanında olarkən o, adəti üzrə bu sözü yenə də deyir. Peyğəmbər (s): “Mən məğafir yeməmişəm, Cəhşin qızı Zeynəb yanında olarkən bal yemişəm. And içirəm ki, bir daha bal yeməyəcəyəm. Ancaq sən bu barədə heç kəsə bir söz demə.” – deyə cavab verir. Həfsə dözməyib bu sirri Aişə xanıma açır, sonradan bunun bir kələk olduğu ortaya çıxır. Peyğəmbər (s) bərk narahat olur, bu ayələr nazil olur və Peyğəmbərin (s) evində bir daha belə bir hadisənin təkrar edilməməsi ilə bağlı göstəriş verilir. Bəzi rəvayətlərdə bu hadisədən sonra Peyğəmbərin (s) bir ay öz həyat yoldaşlarından uzaq durduğu, hətta onları boşayacağı ilə bağlı şayiə gəzdiyi, qadınların da bu xəbərdən qorxuya düşüb peşman olduqları qeyd edilmişdir.[4] Bəzi təfsirçilər bu nazilolma səbəbini və bu barədə olan rəvayətləri tənqid etmiş və onlara iradlar bildirmişlər.[5]

  1. Ailənin təlim-tərbiyəsi: Bu ayədə insanın öz ailə və övladları qarşısında böyük məsuliyyət daşıdığı qeyd edilmişdir. Ər imkanı daxilində onların təlim-tərbiyəsinə çalışmalı, onları günahdan çəkindirməli, yaxşı əməllər etməyə çağırmalı, təkcə qida təminatı ilə kifayətlənməməlidir. Dövrümüzdə ailələrdən kənarda fitnə-fəsad və günahın baş alıb getdiyi bir şəraitdə onların təsirlərinin qarşısını almaq üçün ailənin təlim-tərbiyəsi əsaslı və dəqiq şəkildə tənzimlənməlidir. Deyilənə görə bu ayə nazil olanda səhabələrindən biri Peyğəmbərdən (s) soruşur: Ailəmizi Cəhənnəm odundan necə qoruyaq? Peyğəmbər (s) buyurur: “Onlara Allahın əmrlərini əmr et, qadağan etdiklərini qadağan et. Əgər sənə itaət göstərsələr, deməli, onları qorumusan, yox əgər itaət göstərməsələr, vəzifənə əməl etmisən.” Möminlərin əmiri İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Özünüzə və ailənizə yaxşılıq öyrədin, onları ədəbləndirin.”[6]

 

  1. Ey iman gətirənlər! Allaha xalis və səmimi tövbə edin. Ümid var ki, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri xar etməyəcəyi gündə Rəbbiniz günahlarınızdan keçsin və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən hərəkət edəcəkdir. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu tamamla və bizi bağışla. Sən hər şeyə qadirsən!”
  2. Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların yeri Cəhənnəmdir. Ora necə də pis aqibətdir!
  3. Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bu ikisi ilə (iki peyğəmbərlə) olan əlaqələrinin (Allahın əzabı qarşısında) onlara heç bir faydası olmadı. Onlara: “Daxil olanlarla birlikdə oda daxil olun!” – deyildi.
  4. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi.
  5. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və kitablarını təsdiq etdi və Allahın fərmanına itaət göstərənlərdən oldu.

—————————————————————————————

  1. Allaha xalis və səmimi tövbə edin: Allah-taala əvvəlki ayədə möminlərə özləri və ailələrini Cəhənənm odundan xilas etmək göstərişi verir. Bu ayədə isə Cəhənnəm odundan xilas olmağın yolunu göstərir. Xilas olmağın birinci yolu günahdan tövbə etməkdir. İnsanı oddan xilas edən tövbə hər cəhətdən xalis olmalı, motivasiyası Allahın əmri, günah qorxusu (günahın ictimai və dünyəvi nəticələri deyil, axirət qorxusu) olmalıdır. Habelə bu tövbə insanı hər zaman Allaha asi olmaqdan saxlamalı, günaha dönüşünün qarşısını alan bir tövbə olmalıdır. Tövbə əslində, bir daha etməmək qərarı ilə edilən günaha peşmançılıqdır, habelə xəsarəti aradan qaldırıla bilən işin xəsarətinin aradan qaldırılmasıdır. Bağışlanma diləmək üçün onun sözlə ifadəsi də bu mənanı izhar etmək üçündür. Ümumiyyətlə, tövbənin beş şərti var: günahı tərk etmək, peşmançılıq, gələcəkdə onu bir daha etməməyə qərarlılıq, keçmişdəki xəsarətin aradan qaldırılması və bağışlanma diləmək.[7] Bir nəfər Peyğəmbərdən (s) “xalis tövbə nədir?” – deyə soruşduqda həzrət belə cavab vermişdir: “Bəndə keçmiş günahlarından peşman olur, sonra Allahdan üzr istəyir, bu, sinədən çıxan süd bir daha geri qayıtmadığı kimi, bir də günaha dönməməkdir.”[8] Bu incə ifadə onu göstərir ki, xalis tövbə insanda keçmişə qayıdış yolunu tamamilə bağlayacaq çevriliş yaradır. Çox vaxt insanda sapmalar baş verir, ancaq geriyə dönüş qapıları tamamilə bağlı olarsa, bir də geri dönməz və dönmək fikrindən daşınar. Buna görə də İslamın təlim-tərbiyə məktəbində tövbə ən mühüm tərbiyəvi əhəmiyyəti olan vasitələrdən hesab edilir. Quran da məhz bu cəhəti qabardaraq özlərini islah etmələri, keçmişdəki xəsarətlərini aradan qaldırmaları üçün bütün günühkarları bu qapıdan daxil olmağa çağırır. İmam Səccad (ə) “tövbəkarlarin minacatı”nda Allaha belə xitab edir: “Ey mənim Allahım! Sən elə bir varlıqsan ki, bəndənin üzünə rəhmət qapısı açıb adını tövbə qoyaraq buyurmusan: “Allaha xalis və səmimi tövbə edin”. Bəs bu qapı açıldıqdan sonra o qapıdan daxil olmağı unudanların üzrü nə olacaq?”[9]
  2. Nuh və Lutun zövcələri –əməlisaleh olmayan iki qadın: Allah-taala bu ayədə İslam peyğəmbərinin (s) sirrinin ifşa edilməsi və onun narahat olmasına səbəb olan hadisənin qəhrəmanları olan iki qadına xəbərdarlıq edir ki, peyğəmbər zövcəsi olmaq onların cəzalanmasına mane ola bilməz. Necə ki, Nuhun (ə) və Lutun (ə) həyat yoldaşları xəyanət etdikləri üçün onların bu peyğəmbərlərlə olan əlaqəsi kəsilmiş, əzaba düçar edilmişlər. Bu ayə həm də bütün möminlər üçün bir xəbərdarlıqdır. Onlar günah etdikləri halda Allahın dostlarına qarşı olan sevgiləri onların əzaba düçar olmasına mane ola bilməz. Nuhun (ə) və Lutun (ə) həyat yoldaşlarının günahı onda idi ki, düşmənlərlə əlbir olub evlərinin sirrini düşmənə verirdilər. Bundan başqa onlar iffətə zidd olan heç bir səhvə yol verməmişdilər.[10]
  3. Fironun həyat yoldaşı Cənnətin ən üstün xanımlarındandır: Fironun həyat yoldaşının adı Asiya, atasının adı isə Müzahim olmuşdur. Asiya Musanın (ə) sehrbazlar qarşısındakı möcüzəsini gördükdən sonra iman nuru qəlbinin dərinliklərinə nüfuz edir və o andan etibarən Allahın elçisinə iman gətirir, ancaq imanını gizli saxlayır. Firon onun imanından xəbər tutduqda dəfələrlə onu bu işdən çəkindirməyə çalışır. Bu əzmkar xanım isə Firona tabe olmur. Nəhayət, Fironun əmri ilə onun əllərini və ayaqlarını mismarlayır, günəşin altında uzadır və sinəsinin üstünə böyük bir daş qoyurlar. Asiya ömrünün son anlarında belə dua edir: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Ən üstün Cənnət xanımları dörd nəfərdir: Xüveylə qızı Xədicə, Mühəmməd qızı Fatimə, İmran qızı Məryəm və Müzahimin qızı və Fironun həyat yoldaşı Asiya.”[11]

 

[1] Nümunə, c.24, səh.267

[2] Məğafir Hicazda Ğurqut adlı ağacdan axan və xoşagəlməz qoxusu olan bir ağacın şirəsinə deyilir.

[3] Bu hadisəni Aişə xanım özü nəql etmişdir. Bu plan kitablarda xanımın özünə istinadən nəql edilmişdir.

[4] Nümunə, c.24, səh.271

[5] Daha ətraflı məlumat üçün bax: əl-Mizan, c.19, səh.352

[6] Nümunə, c.24, səh.293

[7] Nümunə, c.24, səh.289

[8] Əl-Mizan, c.19, səh.357

[9] Nümunə, c.24, səh.295

[10] Nümunə, c.24, səh.300

[11] Nümunə, c.24, səh.304