“Təğabun” surəsi
Rəhman və Rəhim Allahın adı ilə!
- Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.
- Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür.
- O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəkilə saldı. Son dönüş də Onadır.
- Göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.
- Daha öncə kafir olmuş və etdikləri böyük günahların cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır.
- Bu, ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə (bizim kimi) insanlarmı doğru yol göstərəcəklər?” – deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın ehtiyacı yoxdur. Allah ehtiyacsızdır, tərifəlayiqdir.
- Kafirlər heç vaxt dirildilməyəcəklərini sanırlar. De: “Xeyr, Rəbbimə and olsun ki, siz hamınız dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər barədə sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”
- Elə isə Allaha, Onun elçisinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
- O gün (Allah) hamınızı toplanma günü (Qiyamət günü) bir yerə toplayacaq. Həmin gün xəsarət və peşmançılıq günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur.
——————————————————————————–“Təğabun” surəsinin ümumi məzmunu: Bu surə ümumi məzmun və forma baxımından “Hədid” surəsinə çox bənzəyir. Sanki həmin surənin xulasəsi təəssüratı yaradır. Bu surədə möminlər Allah yolunda xərcləməyə həvəsləndirilir, onlara iman, cihad və Allah yolunda xərcləməyə mane olduğu ehtimal edilən problemlərə görə qüssələnməmələri tövsiyə edilir. Çünki onların qarşılaşdıqları bütün problemlər Allahın iznilə baş verir,[1] Allah onlardan xəbərdardır, həmin çətinliklərin mükafatını hesaba alır.
- Ehtiyacsız Allah: Bir qüdsi hədisdə belə deyilir: “Ey Mənim bəndələrim! Siz Mənə ziyan və xeyir verə bilməzsiniz. Əgər əvvəldən axıra qədər insanlar və cinlər ən pak qəlbə malik olsalar da, Mənə itaətdə zərrə qədər artım olmaz, əgər əvvəlindən axırına qədər insanlar və cinlər ən pis qəlbə malik olsalar da, Mənə itaətdə zərrə qədər əskilmə olmaz. Ey bəndələrim! Əvəvlindən axıra qədər insanlar və cinlər bir meydana toplaşıb, hər nə istəsələr və Mən onların istədiyi hər şeyi versəm də, xəzinələrimdən heç nə əskilməz. Bu, bir kəndirin dənizdən aldığı rütubətə bənzəyir. Ey bəndələrim! Mən sizin əməllərinizi hesaba alıb sonra sizə qaytarıram. Kim xeyirlə qarşılaşsa, Allaha şükür etsin, kim başqa bir şeylə qarşılaşsa, yalnız özünü məzəmmət etsin!”[2] Məhdud bir bənzətmə ilə desək, biz günəşdən enerji alan ağac və bitkilər kimiyik. Bizim günəşə ehtiyacımız olduğu və ondan enerji aldığımız halda, aləmləri işıqlandıran günəşin onlara heç bir ehtiyacı olmur.[3]
- Allaha, Onun elçisinə və ona nazil etdiyimiz nura iman gətirin: Quranın nura bənzədilməsi ayələrdə rast gəlinən haldır. “Biz onu nazil etdik” forması bu faktı təsdiq edir. Baxmayaraq ki, Əhli-beyt (ə) imamlarına istinad edilən çoxsaylı hədislərdə bu ayədə “nur” deyilərkən imam nəzərdə tutulduğu qeyd edilmişdir. Bu izah bəlkə də bununla bağlıdır ki, imam Quranın əməli təcəssümüdür. Məhz buna görədir ki, Peyğəmbər (s) və imamlara (ə) danışan Quran deyilmişdir. Həmin hədislərin birində İmam Baqirin (ə) belə buyurduğunu görürük: “Onlar möminlərin qəlbinə işıq və nur bəxş edən şəxslərdirlər.”[4]
- Təğabun günü: Qiyamət udanla uduzanın tanınacağı gündür. Həmin gün dünya həyatındakı ticarətdə kimlərin ziyana uğradığı məlum olacaq. Həmin gün Cəhənnəm əhli Cənnətdəki boş yerləri görüb təəssüflənəcək, Cənnət sakinləri də Cəhənnəmdə boş qalmış yerlərini görüb sevinəcəklər. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “Cənnətə daxil olan elə bir bəndə olmayacaq ki, daha çox şükür etməsi üçün pislik edəcəyi təqdirdə odda olacağı yeri ona göstərməsinlər. Cəhənnəm oduna daxil olan elə bir bəndə olmayacaq ki, daha çox həsrət çəkməsi üçün yaxşılıq edəcəyi təqdirdə Cənnətdə qərarlaşacağı yeri ona göstərməsinlər.”[5] Qiyamətin bu cür adlandırılmasını başqa aspektlərlə də izah etmişlər. Belə ki, kafirlər həmin gün uduzduqlarını, həyat ticarətində ziyana uğradıqlarını, ömürlərinin qiymətli sərmayəsini ucuz qiymətə satdıqlarını, nəticədə, əbədi və pak həyatdan məhrum olduqlarını görəcəklər. Başqa bir izaha görə mömin və kafir olmasından asılı olmayaraq, məhşərdə olan hər kəs ziyana düşdüyünü hiss edəcək. Möminlər təəssüflənəcəklər ki, nə üçün daha çox əməl etmədilər, kafirlər də təəssüflənəcəklər ki, nə üçün əməlisaleh olmadılar. Hər iki qrup əslində, Qiyamət gününü layiqincə qiymətləndirmədikləri üçün təəssüflənəcək. Bəziləri bu təəssüf və peşmançılığın insanları haqq yoldan sapdıran təkəbbürlülərə və onlara tabe olan azğınlara aid olduğunu qeyd etmişlər. Belə ki, insanları haqq yoldan sapdıranlar davamçılarını dünyapərəstliyə səsləmək və axirət inancından çəkindirib aldatdıqları, ardıcılları da təkəbbürlü rəhbərlərinə tabe olalaraq onları aldatdıqları, təkəbbür dənizində daha çox batmalarına, onların azğınlıqlarının daha da artmasına, nəticədə daha çox əzaba düçar olmalarına səbəb olduqları üçün təəssüflənəcəklər. Deməli, hər iki qrup bir-birini aldatmış, bir-birinə aldanmışdır.[6]
- Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
- Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.
- Allaha və Onun elçisinə itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) elçimizin vəzifəsi yalnız açıq bir təbliğdir.
- Allah! Ondan başqa heç bir məbud yoxdur. Möminlər yalnız Allaha təvəkkül etsinlər.
- Ey iman gətirənlər! Zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan qorunun! Lakin onları əfv etsəniz, göz yumsanız və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.
- Var-dövlətiniz və övladlarınız yalnız bir imtahan vasitəsidir. Böyük mükafat isə Allah yanındadır.
- Nə qədər bacarırsınızsa, Allahdan qorxun, qulaq asıb itaət edin və Allah yolunda xərcləyin ki, (bu) sizin üçün daha yaxşıdır. Nəfsinin xəsisliyi və hərisliyindən qorunanlar nicat tapanlardır.
- Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir.
- O, qeybi də, aşkarı da biləndir, qüdrətlidir, müdrikdir.
—————————————————————————————-
- Bütün müsibətlər Onun iznilə baş verir: Şübhəsiz ki, bu dünyadakı bütün hadisələr Allahın iznilə baş verir. Feili tövhid prinsipinə əsasən varlıq aləmində heç nə Allahın iradəsindən kənarda baş vermir. Sadəcə, müsibətlər təsəvvürlərdə daim sual yaratdığı üçün ona xüsusi diqqət yetirilmişdir. Burada ortaya belə bir sual çıxır: bu müsibətlərin çoxunun səbəbi zülmkarların zülmü, bizim səhlənkarlığımız və səhvlərimizdir. Bunlar da Allahın izni ilə baş verir? Qeyd etməliyik ki, Quranda müsibətlərdən bəhs edən ayələrin məcmusundan müsibətlərin iki yerə bölündüyünün şahidi oluruq: 1. Həyatın ayrılmaz bir parçası olan və insanın cüzi də olsa rolu olmadığı müsibətlər. Ölüm-itim və təbiətlə bağlı olan bir sıra hadisələr. 2. İnsanların müəyyən mənada rol oynaqdığı bəlalar. Quranda birinci qrup hadisələrin Allahın iradəsi ilə baş verdiyi, ikinci qrup hadisələrin isə insanların öz əməllərinin nəticəsində baş verdiyi buyurulur. Buna görə də heç kəs bütün bəlaların Allah tərəfindən baş verdiyini iddia edib zalımlar qarşısında sükut etməməli, mübarizədən əl çəkməməli, habelə xəstəlik, yoxsulluq və cəhalətin qarşısını almaqdan imtina etməməlidir. Təbii ki, insanın özünün rol oynadığı müsibətlərdə də Allahın izni və icazəsi şərtdir. Əgər Allah istəməsə, istənilən səbəb öz təsirini itirər.[7]
14-15. Bəzi həyat yoldaşlarınız və övladlarınız sizin düşmənlərinizdir: Bu ayənin xitab obyekti möminlər olduğu üçün ayənin məzmunundan belə başa düşülür ki, bəzi həyat yoldaşları və övladların mömin həyat yoldaşı və ata ilə düşmənçiliyinin səbəbi məhz onların imanıdır. Bəzi övladlar və həyat yoldaşları onları imandan və saleh əməllərdən, Allah yolunda xərcləməkdən çəkindirir, küfr diyarından hicrət etmələrinə mane olur, onları küfrə, xəsislik, Allah yolunda xərcləməmək kimi günahlara vadar edirlər. Bəzi vaxtlar həyat yoldaşına və övladlarına qarşı ifrat sevgi insanı camaatın malını qəsb etməsinə və ya haram yolla qazanc əldə etməsinə səbəb olur. Allah-taala bu ayədə möminlərə buyurur ki, bu cür həyat yoldaşları və övladların səhvlərinə göz yumun, ancaq ehtiyatlı olun ki, sizi həlak etməsinlər, onların sevgisi sizin əbədi bədbəxtliyinizə səbəb olmasın.[8] Sonra 15-ci ayədə Allah-taala mal-dövlətin və övladların yalnız imtahan vasitəsi olduğunu buyurur. Ümumiyyətlə, Allah insanın tərbiyələnməsi üçün adətən onu qaynar imtahan kürələrinə salır. Sadəcə, bu iki vasitə, yəni övlad və mal-dövlət ən mühüm imtahan vasitələridir. Çünki var-dövlətin cazibəsi, övladlara qarşı sevgi insanı Allahın razılığı ilə onların razılığının ayrıldığı məqamlarda çətin vəziyyətdə qoyur. “İnnəma” ədatı məhdudlaşdırıcı məna ifadə edir. Bu da onu göstərir ki, qeyd olunan iki vasitə daha çox imtahan mövzusu olur. Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Sizlərdən heç biri “imtahandan Allaha sığınıram” deməsin. Çünki hər hansı formada sınanmaq qaçılmazdır. Ancaq kimsə Allaha sığınmaq istəyirsə, haqq yoldan sapdıran fitnələrdən sığınsın. Allah-taala “var-dövlətiniz və övladlarınız yalnız bir imtahan vasitəsidir.” – deyə buyurmuşdur.”[9] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Hər bir ümmət üçün bir imtahan vasitəsi var. Mənim ümmətimin imtahan vasitəsi mal və sərvətdir.”[10]
[1] Əl-Mizan, c.19, səh.307
[2] Nümunə, c.24, səh.25
[3] Pəyame-Quran, c.3, səh.50
[4] Nümunə, c.24, səh.193
[5] Nümunə, c.24, səh.194
[6] Əl-Mizan, c.19, səh.314
[7] Nümunə, c.24, səh.198
[8] Əl-Mizan, c19, səh.220
[9] Nümunə, c.24, səh.206
[10] Əl-Mizan, c.19, səh.322